Karl Marks: “Kommunizm qurmaq rusları qırmaqdan başlayır”

Karl Marks: “Kommunizm qurmaq rusları qırmaqdan başlayır”
6 mart 2013
# 11:15

Dünyanı dəyişdirən şəxsiyyətlər –LAYİHƏ

PROLETARİATIN İBLİS RUHLU PEYĞƏMBƏRİ – KARL MARKS

Birinci yazı.

II yazı

«İnanmıram ki, kimsə mənim kimi bütün ömrü boyu puldan yaza və pula bu qədər ehtiyacı ola».

Karl Marks

Mili kimliyinə nifrət edən yəhudi

Marksı 1845-ci ildə fransız radikalları ilə əlaqələrinə görə Parisdən sürgün edirlər. O, ailəsini götürüb Brüsselə gəlir. Engels də onun arxasınca Brüsselə gəlir və dostlar burda Hegeli tənqid edən «Alman idelogiyası»nı yazırlar. Bundan əvvəl isə qəzetdən atıldıqdan həmən sonra Marks «Yəhudi məsələsi barədə» adlı məqalə yazır. Məqalə dərc olunduqdan sonra məlum olur ki, Marks özünün yəhudi kökəninə bütün qəlbi ilə nifrət edir. Həmin məqalə dərc olunduqdan sonra onu «özünə nifrət edən yəhudi» adlandırırlar.

Yüz il sonra bütün Avropada yəhudiləri soyqırıma məruz qoyan Hitler bir dəfə etiraf etmişdi ki, onda yəhudilərə olan acımasız nifrəti məhz gənclik illərində oxuduğu Marksdan yaranıb.

Marks daha sonrala rda yəhudi qanı daşımasına baxmayaraq antisemitizmi müdafiə edirdi. «Bütün qəlbimlə yəhudi inancına nifrət edirəm», deyə o yazırdı. O özünü doğurdan alman olaraq hiss edirdi. Onu tanıyanlar bildirirdilər ki, Marks tez-tez dodaqları arasında «Biz almanıq», deyə pıçıldadığını bildirirlər. O da Hitler kimi yəhudiləri «zəli», «qansoran » adlandırır və açıq şəkildə bildirirdi: «Almanlar ruslardan daha təmiz qanlıdır, ruslar isə yəhudilərdən». Sonradan onun bu sözləri alman rasizminin əsas şüuarına çevriləcək, lakin irqçilər bu sözlərin Marksa aid olduğunu heç bir zaman etiraf etməyəcəkdilər.

Marksa görə yəhudilərin ancaq bir Allahı vardı: Pul. Kommunizmin yol göstərəni hesab edirdi ki, yəhudizmdən doğan xristian dini sonradan yenidən yəhudiləşib. Bu üzdən avropalıların Allahı da pula çevrilib. Marks «Yəhudi məsələsi barədə» məqaləsində yazırdı: «Cəmiyyəti xilas etmək üçün yəhudiləri cəmiyyətdən təcrid etmək lazımdır».

Bu «Allah ölüb», deyən Nitsşenin hayqırtısı deyildi, dünyanın irqlərə görə sosial təbəqələər bölməyi tələb edən nasizmin şüuarı idi.

Marks kommunist hərəkatının lideri olur

1847-ci ildə Marks və Engelsi gizli fəaliyyət göstərən «Ədalət İttifaqı» təşkilatı öz sıralarına dəvət etdi. Dəvət qəbul olundu və Jenni də daxil olmaqla Marks və Engels bu radikal təşkilatın üzvü oldular. Tezliklə dostlar təşkilatın adını dəyişdirib «Kommunistlərin İttifaqı» qoydular və solçu alman emiqrantlarının əksəriyyəti bu təşkilata üzv oldular. Çox qısa zamandan sonra təşkilatın liderləri Marks və Engelsdi və məhz bu ikili 1848-ci ilin fevralında «Kommunist Partiyasının Manifesti»ni dərc etdirərək bütün dünyaya Kommunist hərəkatını elan etdilər. Məşhur «Manifest»in elan olumasıyla dünyanın inkişaf yönü dəyişdi. Tam 150 il bütün dünyada kommunizm kabusu dolanacaq, SSRİ-nin iflasına baxmayaraq, həl ədə dolanmaqda davam edəcəkdi. Və belə görünür ki, Marks və Engelsin elan etdikləri siniflərin savaşı hələ bundan sonra da davam edəcək.

Almaniyada redaktor olaraq çalışırkən Marks iqtisadiyyatı çox zəif bildiyinin fərqinə varır. Bundan sonra Parisdə demək olar ki, əsas vaxtını iqtisadiyyatı öyrənməyə sərf edir. Kommunist dövlətinin iqtisadiyyatının necə idarə olunması onun üçün bir nömrəli məsələyə çevrilir. Və Marks «Kapital»ı yazmağa başlayır.

1848-ci il inqilabı başladığı zaman Marks Brüsseldə həbs olunur və Belçika hökuməti ondan ölkəni tərk etməyi tələb edir. O yenidən Parisə qayıdır. Parisdə Marksı borclu olduğu adamlar təqib etməyə başlayır və qısa müddətdən sonra o, Almaniyaya qayıdıb Kölndə yerləşir. Orda Marks «Neue Rheinische Zeitung» qəzetini təsis edir və burda yazdığı məqalələrdə Avropada baş verən inqilabların dərin təhlilini verir. Bir il belə keçmədən qəzet bağlanır və alman hökuməti Marksdan ölkə sərhədlərinin kənarına çıxmağı tələb edir. Avropada sərgərdan dolaşmaqdan bezən Marks Engelslə məsləhətləşib Londona köçməyə qərar verir. Artıq o, Avropa kommunistlərinin lideridir. Buna baxmayaraq Marksların həyatı dəhşətli yoxsulluq içində keçir. Onun bütün gəliri təsadüfi qəzetlərdə yazdığı məqalələrdən əldə etdyi qonorardan və Engelsin yardımlarından ibarət olur.

1849-cu ildə Marks Londona gəlir və ölənə qədər burda yaşayır. Marks «Kapital» da daxil olmaqla bütün əsas əsərlərini Londonda yaradır. 1864-cü ildə o, Engelslə birlikdə «Beynəlxalq fəhlə Asossasiysı»nı (I İnternasional) təsis edir. I İnternasional bütün Avropada və ABŞ-da fəhlə sinfinin təşkilatlanması olur. 1872-ci ildə Paris Kommunasının məğlubiyyətindən sonra I İnternasional Nyu-Yorka köçür. 4 ildən sonra Maksın bütün etirazlarına baxmayaraq 1876-cı ildə buraxılır. Marks qalan bütün 5 illik ömrü boyu təşkilatı bərpa etməyə cəhd edir. Ancaq onun ölümündən 6 il sonra Avropanın aparıcı sol partiyaları tərəfindən II İnternasional təsis edilir və yenə də Marks təşkilatın şəriksiz lideri elan olunur və marksizm II İnternasionalın əsas təməlini təşkil edir.

1867-ci ildə Engelsin maddi dəstəyi ilə «Kapital»ın birinci cildi dərc olunur. Artıq yorulmuş və demək olar ki, «Dünya inqilabı» ideyasına inamını itirən Marks sonrakı iki cildin nəşrindən imtina edir. Engels Maksın ölümündən sonra «Kapital»ın 2-ci (1885) və 3-cü cildini (1894) nəşr etdirir.

Marksın Dünya İnqilabı teoriyası

Marksın proletariat diktaturası və kommunizm ideyası utopik sosialistlərdən və Robespyerin yakobinçilər klubunda etdyi çıxışlardan törəmişdi. Lakin Marks qətiyyətlə utopik sosializmi rədd edirdi. Kommunizmin qələbəsi üçün əzilən sinif, fəhlə sinfi birləşməli və bütün dünyada inqilab edərək hakimiyyəti ələ keçirməliydi. İdeyanın birinci fazası bütün dünyada proletariat diktaturasının yaradılması idi. Proletariat diktaturası dövlət terroru vasitəsi ilə digər sinifləri ortadan qaldıracaq, mülkiyyət hüququ ortadan qaldıracaq. Daha sonra dövlət ləğv olunacaq və hüquq bərabərliyinin təmin olunduğu bir cəmiyyətdə şüur bərabərliyi yaradılacaqdı.

Əslində Marksın və ondan əvvəlki alman solçu filosoflarının irəli sürdüyü şüur bərabərliyinin yaradılması ideyası Marksın irəli sürdüyü dialektik qanunauyğunluğa ziddi. Çünki kommunizmin yaradılması üçün şüur bərabərliyi nə qədər vacib bir faza idisə, şüur bərabərliynin yaradılması prosesi bir o qədər cinayətkar xarakterli idi.

Marks şüur bərabərliyinin təmin olunmasını dialektikaya buraxsa da (bunun üçün nə qədər zaman tələb olunduğunu təxmin belə etmək mümkün deyil) onun ardıcılları bu prosesi zorakı yolla aparmağın tərəfdarı olaraq çıxış etməyə başladılar. Təbii ki, bu ortaya atılan teoriyanın reallaşdırılması üçün axtarılan yol idi.

Amma insanların şüur bərabərliyini zorakı yolla, kütləvi terror və kütləvi sterilizasiya vasitəsi ilə həyata keçirmək, heç bir halda insanlara vəd olunan cənnəti verə bilməzdi. Bu bir aksiomadır ki, kommunizm heç də insanların hüquq və mülkiyyət bərabərliyi ilə yaranmır. Məhz şüur birliyinin yaranması ilə meydana çıxır. Bunun üçün insanda bir çox psixoloji amillər rol oynasa da, əsas amil tamah və hakimiyyət hərisliyi idi. Yəni insan öz təbiətinin təməlini təşkil edən bu neqativ duyğulardan imtina etməliydi.

Marksın irəli sürdüyü dünya inqilabı teoriyası bu baxımdan əslində rədd etdiyi utopik sosializmin təkrarı idi. Sadəcə Marks inqilab, zorakılıq və kütləvi terror vasitəsi ilə kommunizmi yaradacaq mühiti formalaşdırmağı təklif edirdi və bu ideya praktikada böyük iflasa uğradı. Bu gün marksistlər bir ağızdan bildirirlər ki, Lenin marksizmi təhrif etdiyinə görə kommunizm ideyası iflasa uğradı və bütün hallarda kommunizm bəşəri bir ideya olaraq ictimai quruluşların son fazasıdır.

Əslində Lenin Marksın ancaq dünya inqilabı teoriyasından imtina etmişdi. Lenin kommunizmin tək bir ölkədə tətbiq oluna biləcəyini irəli sürərək Rusiyada kommunizmi inşa etməyə qalxmışdı. Onları ayıran yalnız bu idi.

Dövlət terroru məsələsində isə Lenin qətiyyən Marksa qarşı çıxmamışdı və məhz Marksın teoriyası üzərində dövlət terroru tətbiq etməyə başlamışdı. Sonrada hakimiyyət maniyasına qapılan Stalin terroru məhz proletariata və partiyaya qarşı yönləndirmişdi.

Nə qədər qəribə olsa da, Marksın ideologiyası onun bütün qəlbi ilə nifrət etdiyi Rusiyada praktikada həyata keçirilməyə başlamışdı. Bu sanki Tanrının istehzasıydı.

Marks bir dəfə Engelsə demişdi: «Mən yəhudilərə daha çox nifrət edərdim. Ancaq inqilabı onlar edəcəklər». Rusiyada məhz peyğəmbərin dediyi kimi olmuşdu.

Marksın rusafobiyası

Marksizm və nasizm arasındakı fərq bir tük qədər nazik və bir o qədər iti neştərdir. Marksın qeyri-Avropa xalqlarına olan münasibəti heç də Hitlerin münasibətindən fərqlənmir. Sovetlərin nəzarəti altında olan ərazilərdə Kommunist Partiyası iflas edənə qədər Marksın həyatını tədqiq eləmək yasaqlanmışdı. Hətta Marksın həyatından kino çəkmək belə qadağandı.

Bunun bir səbəbi kommunizmin peyğəmbərinin heç də ideal olmaması idisə, digər səbəbi Marksın dəhşətli dərəcədə rusafob olması idi. Marksın ruslara olan nifrəti yəhudilərə olan nifrətindən daha dəhşətli idi. Yəhudilərdən iyrənməyən Marks ruslardan iyrəndiyini gizlətmirdi.

I İnternasionalda dünya anarxistlərinin lideri Bakuninin iştirakı Marksın ən böyük psixoloji probleminə çevrilmişdi. Marks açıq şəkildə Bakunindən iyrəndiyini nümayiş etdirir, onunla əl sıxışmır və onun oturduğu yerdən ən uzaq nöqtədə otururdu. Bir dəfə Marksın alçaldıcı və təhrikedici ironiyalarına dözə bilməyən Bakunin ona hücum etmişdi. Ancaq Bakununi I İnternasionaldan xaric etdirdikdən sonra Marks rahatlıq tapmışdı.

Marksın Bakuninə bu münasibəti heç də ideoloji fikir ayrılığından əmələ gəlmirdi. Eyni münasibəti Marks Gertsenə qarşı da sərgiləyirdi. Bir dəfə Londonda mitinqdə Gertsenə söz verilirkən Marks qəzəblə buna qarşı çıxır. Bunun səbəbini isə Gertsen özü yazır: «Marks dedi ki, o, məni tanımır, mənə qarşı şəxsən heç bir iradı yoxdur. Amma mən rus olduğuma görə təşkilat komitəsi məni xaric etməlidir. Əks təqdirdə o, Marks Təşkilat Komitəsini tərk edəcək». Yəni Marks Gertsenə sadəcə rus olduğuna görə nifrət edirdi. Bundan sonra öz əsərlərində dəfələrlə Gertseni «rus-kalmık qanlı ilan», «mənhus moskvit» adlandırıdı. «Slavyanlar Avropanın bədənində bəd şişdilər» deyə Marks yazırdı. Ona görə ruslar inkişaf etmiş insanlara aid deyildilər, sadəcə tatarlardan törəmiş quldular və hər zaman da milli psixologiyalarına qul psixologiyası hakim olacaqdı.

Məhz Marksdan ilham alaraq Engels yazırdı: «Yaxın zamanlarda baş verəcək Dünya müharibəsində tək istismarçı siniflər və sülalələr deyil, həmçinin istimarçı xalqlar da yox olacaq ki, bunu ancaq inkişaf olaraq dəyərləndirmək olar». Məhv olacaq xalqların siyahısında isə birinci yerdə ruslar gəlirdi. Çünki Avropanın jandarmı rolunu üzərinə götürən Rusiya Marksa görə inqilabın bir nömrəli düşməni idi. Lakin Marksın ruslara və yəhudilərə olan tükənməz nifrəti patoloji xarakter daşıyırdı və əsasən onun irqçi baxışları ilə bağlıydı.

Buna görə də onu sözün tam mənasında beynəlmiləlçi adlandırmaq heç də doğru olmazdı. Marksın beynəlmiləlçiliyi daha çox arilərlə kifayətlənirdi və demək olar ki, bu məsələdə o, Hitlerdən daha çox nasist idi. Marks bütün gücü ilə Avropa güclərini Rusiyaya qarşı savaş açmağa və rusları yer üzündən silməyə çağırırdı. Dünya inqilabını təmin etmək və kommunizmi qurmaq üçün Marksa görə bu vacib şərtdi.

1924-cü ildə Lenin öldükdən sonra Marksın nəşinin Londondan Moskvaya gətirilməsi və Leninlə birlikdə Mavzoleyə qoyulması ideyası qaldırılırkən, Marksın nəvələri qəzəblə Moskvanın bu qərarına qarşı çıxdılar. Onlar babalarının ruslara nə qədər nifrət etdiklərini yaxşı bilirdilər.

Borcla yaşanan ömür

O bütün ömrü boyu heç bir zaman onda olmayan puldan və heç tanımadığı proletariatdan yazdı. Evlənənə qədər əyyaş və dələduz həyatı keçirən Marks evləndikdən sonra çox ağır həyat yaşamağa başladı. Gənc ailə ilk günlərdən dolanışıq problemləri ilə üzləşdi. Marks bütün ömrü boyu ancaq bir dəfə maaş aldı. Baş redaktor olaraq çalışdığı zaman “Hess”dən aldığı ilk və son maaşı yeni evlənməsinə baxmayaraq Bauerlə içmişdi. Ondan sonra isə ailəninin sərgərdan həyatı başlamışdı. Bu şəhərdən o şəhərə köç edən ailənin əsas problemi kirayə pulunu verə bilməmələri idi. Trirdən Parisə, Parisdən Brüsselə, Brüsseldən yenidən Parisə. Ordan Kölnə, yenidən Parisə və nəhayət Londona…

Ailə bəzən eyni şəhərdə beş-on dəfə mənzil dəyişdirirdi. Buna səbəb kirayə pulunu verə bilməmələri və borcdan qaçmaları idi. Bəzi araşdırmaçılar Marksın tez-tez yer dəyişməsini heç də onun təqib olunması ilə əlaqələndirmirlər. Sadəcə Karl borclu olduğu adamlardan qaçırdı. Marks bir dəfə borc aldığı adamın yanına ikinci dəfə Jennini, üçüncü dəfə isə Yelena Delmutu yollayırdı. Sonra kimdən daha borc ala biləcəyini, daha doğrusu kimə hələ «ata» biləcəyini təyin edib hərəkətə keçirdi. Daha sonra isə borcu verə bilmədikdə vəziyyətdən çıxış yolu olaraq həmin şəhərdən qaçmağı görürdü.

1850-ci ildə o Londonda olarkən Engelsə yazırdı: «Mən bir həftədir ki, evdən çıxa bilmirəm. Çünki üst paltarımı lombarda qoymuşam. Mənim arvadım xəstədir. Balaca Jenni də həmçinin. Nelena da qızdırır. Mən həkim çağıra bilmirəm. Çünki həkimə verməyə və dərman almağa pulum yoxdur. Axırıncı on gündə bizdə çörək və kartofdan başqa yeməyə heç bir şey olmayıb».

Onu həmişə bu vəziyyətlərdə sadiq Engels qurtarırdı. Engels öz ailə biznesindəki səhmlərini satıb onlara pensiya alana qədər ailə Londonda bir neçə dəfə mənzil dəyişdirmişdi. Ancaq pensiya aldıqdan sonra Markslar bir daha ünvanlarını dəyişdirmədilər və sərgərdan həyatını bitirən Marks normal yaradıcılıqla məşğul olmağa başladı. Bəlkə də Engelsin ayırdığı pensiya olmasaydı, «Kapital»ın heç birinci cildi də yazılmayacaqdı.

Nə qədər kasıb, hətta dilənçi vəziyyətində yaşamasına baxmayaraq əlinə pul keçən kimi Marks özünə «burjua keyfi» verirdi. Dövrünün ən böyük iqtisadçısı olmasına baxmayaraq o heç bir zaman iş axtarmırdı. Bütün beyni dünya proletariat inqilabını yaratmaqla məşğuldu. Bir dəfə əlinə düşən pulu birjada oynayaraq 400 funt sterlinq udmuşdu. Bu o dövr üçün çox böyük puldu. Amma Marks həmin pulu bir neçə günə sərf etmişdi. Engelsə isə demişdi ki, hərdən bir uşaqlara bayram vermək lazımdır. Anasından qalan mirasa isə silah alaraq «Paris Komunası» üçün yollamışdı.

Bir dəfə o zarafatla demişdi: «Fikirləşmirəm ki, kimsə mənim kimi bütün ömrü boyu puldan yaza, və pula bu qədər ehtiyacı ola». O pula nifrət edirdi. Amma digər tərəfdən pul onun üçün fetişə çevrilmişdi.

«Mavr»ın son illəri

Tanrı sanki Karl Marksı lənətləmişdi. O bütün ömrünü dəhşətli kasıbçılıqla yaşamış və dərdləri başından aşmışdı. Evləndiyi gündən Tanrı onu güldürməmişdi. Bəlkə də ona görə ki, Tanrının bütün ideyalarını tanrısızlaşdırmışdı. Və Tanrı kommunizm teoriyasını terror və qanla sulamışdı. O heç bir zaman kommunizmi yaradacaq proletariatı tanımamışdı. O bütün ömrünü illuziyalarda yaşamışdı və özünü yer üzündə Tanrını öldürəcək bir peyğəmbər olaraq görürdü. Elə buna görə də yaxınları onu «mavr» adlandırırdı.

Marksın həyatının son illəri faciələrlə dolu oldu. 1854-cü ildə ailə vəba xəstəliyinə tutulur. 1860-cıildə isə Jenni çiçək xəstəliyinə tutur. Sifəti tamamən eybəcərləşmiş Jenni ümidlərini itirsə də, Karl günlərlə onun başı üstündə duraraq ona ümid verir, durmadan Jennini sevdiyini söyləyir və nəhayət onu ayaq üstünə qaldırır. Çiçək xəstəliyindən ölməyən Jenni daha 20 il yaşayır. Marks doğurdan da Jenni ilə nəfəs alır. 1881-ci ildə Jenni qaraciyər xərçəngindən ölür. Marks dəhşətli depressiya keçirir və Jennini Engels dəfn edir. Dəfndən sonra Engels yazır: «Mavrın anası öldü».

Jenninin ölümündən sonra böyük qızı Jenni intihar edir. Bu artıq Marksı tükəndirir. Ailəsinə və uşaqlarına böyük sevgi ilə bağlanan Marksı qızının intiharından sonra artıq proletariat və dünya inqilabı maraqlandırmır.

Artıq peyğəmbər olmaqdan vaz keçir. Heç bir şeyə ümidi qalmayan proletariat peyğəmbəri saqqalını qırxdırır. Saqqalının qırxdırmamışdan əvvəl son dəfə şəkil çəkdirir. (İndi hamımızın tanıdığı Marksın məşhur saqqallı şəkli məhz proletariatdan üz döndərmək haqqında verdiyi qərardan sonra çəkilib).

Marks Jenninin ölümündən iki il sonra 1883-cü ildə dəhşətli əzablarla öldü. Onunu bütün bədəninin dəhşətli yaralar basmışdı və proletariatın peyğəmbəri hələ diriykən çürüyürdü.

Engels «Mavr»ı Jenninin yanında, Haygeyt qəbirstanlığında dəfn edir. Bir neçə ildən sonra Yelena Delmutu da Marksın yanında dəfn edən Engels dostunu a ilk bioqrafiyasını yazdı.

1895-ci ildə Engels də boğazındakı xərçəngdən öldü. 1898-ci ildə isə Marksın daha bir qızı – Eleanora intihar etdi. Marksın Delmutdan olan oğlu Fredrikin oğlu isə 1933-cü ildə Almaniyaya gəlib gestapoda qulluq etməyə başlayır. O, Engelsin familyasını daşıyır və 1943-cü ildə Rusiyada əsir düşərək öldürülür…

Bir tərəfdə dünyanın əzilən siifi proletariat, digər tərəfdə isə burjua. O, bütün şüurlu həyatı boyu burjuy kimi yaşamaq, proletariat olaraq hökm etmək istəyirdi….

Amma bütün dünyanı saran xəyalət oldu…

# 8055 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #