Biədəb ədəbi redaktə - GİZLİ ƏDƏBİYYAT

Biədəb ədəbi redaktə - <span style="color:red;">GİZLİ ƏDƏBİYYAT
15 iyul 2015
# 07:30

Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının Gözəl məsləhət yazısını təqdim edir.

“Azərnəşr”də işlədiyim 16 il müddətində ora gəlib-gedənlər arasında son dərəcə qəribə, bəzən hətta maraqlı adamlar görmüşəm. Çox vaxt onların gəlişinin məqsədini anlamaq olmurdu. Bilmirəm, ya bina hər yerə yaxın, rahat yerdə idi, ya da bu işin təməli elə əvvəldən belə qoyulmuşdu. Elə görürdün qapı açıldı, ağlına belə gətirmədiyin, yaxud ən az gözlədiyin bir nəfər (əksərən, əlbəttə ki, qələm əhli) içəri daxil oldu. Gələnlərin çoxu ya çay, nərd dəlisi olardı, ya da sadəcə mırt vurmaq, vaxt öldürmək həvəskarı. Nadir halda bunların heç biriylə arası olmayan, üzündəki narazı, saymazyana ifadəylə iştah küsdürən kəslər də olurdu ki, içəri girib baş işarəsiylə yüngülcə salam verərək dinməz-söyləməz düz eyvana yollanırdılar. Bilmirəm o uzun eyvanda nə var idi. Görürdün, birisi ciddi tərzdə bir neçə dəfə eyvanda o baş-bu başa gedib ortada durdu, diqqətlə küçəni gözdən keçirməyə başladı, sonra gəldiyi kimi də susqun və pərişan halda tələsik çıxıb yox oldu. Niyə gəldi, kimə, nəyə baxdı və niyə getdi – bilmək olmurdu.

Çalışdığım “Bədii ədəbiyyat” redaksiyasını doğma məkanı sayan və iki-üç aydan bir bura baş çəkməyi özünə borc bilən ziyalılardan biri də tərcüməçi Mehdi Mirkişiyev idi. Mirkişiyev əlli yaşlarında, şıq geyinməyi xoşlayan, üzündən təbəssüm və nikbinlik əskik olmayan, xoş xasiyyətli, güclü yumor hissinə malik ortaboy bir kişi idi. Hər gəlişində ya kiminləsə yalnız bir tas nərd oynayıb, udub, gülə-gülə gedərdi, ya da çox əcaib bir əhvalat danışıb hamımızı mat qoyar və bu təsirdən çıxmamızı gözləmədən özü də için-için gülərək otağı tərk edərdi.

Mirkişiyevin qəribə nərd oynamaq üsulu var idi. Əvvəla, oyun zamanı üzündən bilmək olmurdu, vəziyyəti yaxşıdı, ya pis. Çünki həmişə gülümsünür, halını pozmurdu. Bir də ki, işi yaxşı getdi, ya pis, mütləq Mirzə Müştaqın adını çəkib rəqibi karıxdırardı (Mirzə Müştaq çox-çox əvvəllər “Azərnəşr”də işləyirmiş, özü də dəhşətli nərdbaz imiş. Vəssəlam... – Ü.K.). Məsələn, belə: “Bax bu yerdə Mirzə Müştaq belə oynayardı, deyib əlindəki daşı şappıltıyla bir xanəyə dürtərdi. Qarşısındakı çox vaxt qəti başa düşməzdi Mirzə Müştaq kimdi və bu adi oyunda nə kəramət var. Ancaq hər şappıltıda Mirzə Müştaqın adını eşidərək əksər halda səksəkəyə düşüb uduzardı.

Yaşımız arasında böyük fərq olsa da Mirkişiyevin mənimlə xüsusi münasibəti və zarafatı var idi. Heç yadımdan çıxmaz, şöbəyə işə düzəldiyim bir-iki həftə olardı. Yazı masam lap otağın girəcəyində idi. Gələn birinci məni görürdü. Bir gün qapı açıldı. Mirkişiyev, ona çox yaraşan boz plaşında, həmişəki kimi bir əli cibində içəri daxil oldu. Məni görüb gülümsündü. Qalxıb salamlaşdım.

- Hə, burdasan?! – dedi Mirkişiyev, - lap yaxşı...

Sonra birdən ciddiləşib hüzn dolu baxışla gözlərini masaya zillədi, bir az susdu. Sonra asta-asta:

- Rəhmətlik Mirzə Müştaq da sənin yerində otururdu. Yaxşı kişi idi. Elə bu stolda keçindi. Aparıb basdırdıq... – dedi.

Soyuq tər basdı məni. Amma bir söz demədim. Bir dəfə evimizdə qonaq olmuşdu. Bir də, yaxşı kişi idi.

Mirkişiyev iki-üç həftə keçmiş bir də gəldi otağımıza. Yenə həmişəki kimi durub görüşdüm. Hal-əhval tutduq. Yer göstərdim. Oturmadı. Əlini çiynimə qoyub dedi ki, gəl çıxıb bir siqaret çəkək. Siqaretimi götürüb onunla dəhlizə çıxdım. Nizami bağına açılan pəncərənin qabağında dayanıb siqaret çəkməyə məşğul olduq. Mirkişiyev söhbətə belə başladı:

- Ehtiyatlı ol, nəşriyyat ağır yerdi, adamın başına qəribə işlər gəlir.

Dedim, Mehdi müəllim görəsən burada daha hansı hadisənin şahidi olub. Dərin bir qüllab vurub, siqareti asta-asta dodağından ayırdı, iki şax barmağının arasında yuxarıda saxlayıb çox ciddi dərzdə dedi:

- Böyük bir roman tərcümə eləmişdim. Burda çıxmalıydı. Tərcümənin əlyazmasını elə sizin otaqda oturan bir redaktora vermişdilər. Redaktor başlayır oxumağa, gəlib çıxır təxminən belə bir cümləyə. Adlar indi dəqiq yadımda deyil. Tutaq ki yazmışam, “Əli Vəlinin əlini sıxdı”. Redaktor, gözünə döndüyüm, cümləni nəyə görəsə anlamır, çox çək-çevirdən sonra bir hərfi dəyişmək qərarına gəlir. Cümlə belə alınır: “Əli Vəlinin əlinə sıxdı”. Xülasə bu qəbil düzəlişlə tərcümənin redaktəsi bitir. Roman mətbəədən dolanıb gəlib düşür bir yaşlı korrektorun əlinə. O da oxuya-oxuya nəhayət çatır həmin cümləyə. Bir şey başa düşmür və başını bulaya-bulaya son sözdəki “x” hərfini “ç” ilə əvəz eləyir. Mətləbə dəxli olmayan, tərbiyəsiz bir cümlə əmələ gəlir. Yaxşı ki, son anda tərcüməni “hi, hi” gözdən keçirmişəm, yoxsa “hi, hi” kitab elə çıxacaqdı, - deyib iki-üç dəfə də “hi, hi” eləyə-eləyə güldü və - yaxşı mən getdim, işin avand, amma ehtiyatlı ol, - söyləyib kefi kök halda çıxıb getdi.

Mən indiyəcən bilmirəm, Mirkişiyev o vaxt bir yerdə işləyirdi ya yox. Amma işləmirdisə və gülə-gülə belə xoş əhvalla keçinirdisə, igid adamdı.

# 2005 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #