Bu gün Yuri Qaqarinin anım günüdür
Nəyə görə Ginnesin rekordlar kitabında planetin ilk kosmonavtı kimi Qaqarinin yox, Vladimir İlyuşinin adı göstərilib?
Kosmosa ilk uğurlu uçuşu ilə yalnız o vaxtkı Sovet xalqlarının deyil, bütün dünyanın heyrət və sevincinə səbəb olaraq, milyonların rəğbətini, sevgi və məhəbbətini qazanmış Yuri Qaqarinin kosmik şücaəti nəinki bu günümüz, hətta gələcək əsrlər üçün də inkaredilməzdir və onun əbədi şöhrətinə heç nə xələl gətirə bilməz. O, uca fəzalara kosmik “yürüş” edərək, Yerə sağ-salamat qayıtmış ilk kosmonavtdır. Ancaq Y.Qaqarindən də əvvəl, ilkin olaraq kosmosa uçan, lakin o zamankı ballistik raketlərin texniki nasazlıqları, qüsurları üzündən uçuşu başa çatdıra bilməyən bəxtsiz təyyarəçi-kosmonavtlar da olub.
Bu haqda bizimlə söhbətində Sumqayıtın tanınmış mühəndislərindən və müəssisə rəhbərlərindən biri olmuş, hazırda Moskva vilayətində yaşayıb-işləyən 65 yaşlı həmyerlimiz Süleyman Hüseynov danışıb.
Onu Moskvaya bağlayan isə vaxtilə - 1993-cü ildə fərqlənmə diplomu ilə bitirdiyi Rusiya hökuməti nəzdindəki Moskva Xalq Təsərrüfatı Akademiyasında təhsil alması və həmin təhsil ocağında Rusiyanın gələcək baş naziri Sergey Kiriyenko ilə qrup yoldaşlığının səmimi dostluğa çevrilməsi olub. İstedadlı kimyaçı-mühəndis olmaqla yanaşı 10-dan artıq povest və şeirlər kitabının müəllifi olan Süleymanın Moskvada növbəti kitabının nəşri ilə bağlı ziyafətdə dostu Sergey onu məşhur təyyarəçi-kosmonavt Yuri Malışevlə tanış edib. Həmin tanışlıq sonralar dostluğa çevrilən zaman Süleymanın kosmik uçuşlarla bağlı suallarına və marağına cavab olaraq kosmonavt ona artıq “sekretno” qrifi, qadağaları götürülmüş bəzi sirləri açıb. Məhz həmin sual-cavabların, söhbətlərin davamı olaraq onlar sonradan kosmosa ilk dəfə uçmaq riskini öz üzərinə götürmüş kosmonavtlardan birinin həlak olduğu yeri ziyarət ediblər.
Doğrudanmı, Yuri Qaqarin kosmosa uçmuş ilk kosmonavt yox, həlak olmuş yoldaşlarından fərqli olaraq Yerə sağ-salamat qayıtmış ilk kosmonavtdır? Kosmik fəzanın İnsan tərəfindən öyrənilməsi və fəthi ilə bağlı saysız-hesabsız araşdırmalar və mülahizələr bəzən çox təzadlı, paradoksal olsa da, onlar müəyyən həqiqətlərin üzə çıxarılmasında müstəsna əhəmiyyətə malikdir.
Hələ 2001-ci ildə SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının azərbaycanlı sədri, general-leytenant, Sosialist əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı Kərim Kərimov iki xarici Akademiyanın həqiqi üzvü, texnika elmləri doktoru, professor Əbülfəz Babayevlə söhbətində o zaman bizə məlum olmayan bir sirri açıb söyləmişdi. Belə ki, II dünya müharibəsi qurtarar-qurtarmaz İ.Stalinin göstərişi ilə SSRİ-nin kosmosla məşğul olan bir elmi-tədqiqat qrupu almanların istehsalını başa çatdırmaqda olduqları, lakin məğlubiyyətin qaçılmazlığı ilə üzləşdikləri ərəfədə sovetlərin əlinə keçməməsi, onların bundan faydalanmaması üçün doğrayıb dərin bir gölə atdıqları “FAU-2” raketinin qalıqlarını toplamaq məqsədilə qışın soyuğunda suya girməyə məcbur olmuşdular. Məqsəd həmin dağıdılmış qırıqlar əsasında Sovet raketlərinin, kosmik gəmilərinin yaradılmasını və təkmilləşdirilməsini təmin etmək və sürətləndirmək, kosmosa ilkin olaraq sovet adamının uçuşuna nail olmaq idi (Böyük tarixi qələbənin sevinci ilə sovetlərin “başının qarışmasından” məharətlə istifadə edən amerikanlar müharibə zamanı müttəfiqləri olmuş SSRİ-ni qabaqlayaraq, “FAU-2”-nin baş aviakonstruktoru Verner Fon Braunu özünün 400 nəfərlik tədqiqatçı alim və konstruktorlar komandası ilə, bütün texniki avadanlıq və sənədlərlə birgə Almaniyadan gizli şəkildə çıxarıb ABŞ-a aparmağa nail olmuşdular).
Və təbii ki, belə bir tələskənliyin, gizli olmasına çalışdıqları “yarışma”nın nəticəsi idi ki, artıq 1957-ci il oktyabrın 4-də ilk sovet süni peyki kosmosa qaldırılmışdı. Bundan sonra bir-birinin ardınca müxtəlif canlıların, o cümlədən itlərin də kosmosa uçuşu təşkil edilərək, çəkisizlik şəraitində onların özlərini necə aparması, belə bir şəraitdə canlıların orqanizmlərinin tibbi-funksional dəyişikliklərə məruz qalıb-qalmadıqları araşdırılır, analoji vəziyyətin insana təsiri, kosmosda adaptasiya və yaşama xüsusiyyətləri öyrənilirdi. Təəsüf ki, bir-birinin ardınca kosmosa göndərilmiş 6 itin hamısının aqibəti uğursuzluqla nəticələnmişdi – heyvanlar müxtəlif səbəblərdən tələf olmuşdu.
Həmin dövrlərdə şərti olaraq “OKB-456” adlandırılan Xüsusi Konstruktor Bürosunun mühəndis-eksperimentatoru, lakin Rusiyanın rəsmi olaraq “tanımaq istəmədiyi” Mixail Rudenkonun hər zaman məsuliyyəti və dəqiqliyi ilə seçilən “İnterfaks” agentliyinə verdiyi müsahibəsinə əsasən 1957-59-cu illərdə Kapustin-Yar kosmodromundan müxtəlif vaxtlarda sınaqşı-təyyarəçilər Aleksey Ledovski (1 noyabr 1957), Sergey Şiborin (1 fevral 1958) və Andrey Mitkov (1 yanvar 1959) tərəfindən idarə olunan ballistik raketlər buraxılmış və onların hər üçü raketlərdəki texniki çatışmazlıqlar üzündən həlak olmuş, lakin bu barədə dövlət səviyyəsində heç bir rəsmi məlumat verilməmişdi. Həmin suborbital uçuşlar zamanı kosmonavtların Yer ətrafında dövrə vurmaları yox, müəyyən bir parabola üzrə (Yer yarımkürəsi üzərində) uçuşları nəzərdə tutulmuşdu. Maraqlıdır ki, hər üç uçuş üçün təsadüfi bir gün yox, xüsusi olaraq məhz ayın 1-i əlamətdar gün kimi seçilmişdi (hətta özündən əvvəlki yoldaşları kimi uğursuzluğa düçar olaraq həlak olmuş təyyarəçi-sınaqçı Mariya Qromovanın da raket mühərriki ilə uçan orbital təyyarə prototipində səmaya qalxması üçün seçilən gün də 1959-cu il iyunun 1-i idi). Bu isə Sovetlər tərəfindən kosmosa uçuşun məhz belə bir “uğurlu”, yaddaqalan gündə həyata keçirilməsinin nəzərdə tutulduğunu göstərir. Daha bir fakt bu uçuşların adi təyyarə sınağı yox, kosmik uçuşa cəhd olduğunu təsdiq edir. Belə ki, A.Ledovskinin uğursuzluğa düçar olmuş uçuşundan cəmi 4 ay keçdikdən sonra S.Şiborinin də həlakı raket mütəxəssislərini yenidən səhvə yol verməmək üçün texniki qüsurları tələsməyərək aradan qaldırmağa məcbur etmişdi. Lakin daha çox müddət - 11 ay keçdikdən sonra 1959-cu ilin ilk gününü kosmos tarixinə “qızıl hərflərlə” yazmağa çalışan SSRİ bu dəfə də uğursuzluğa düçar olur.
Bəlkə bu faktlar doğru deyil, kosmosa uçuş prosesində, rusların “neştatnı” situasiya adlandırdıqları heç də gözlənilməz olan hallar baş verməyib? Yox, rus mətbuatının da artıq etiraf etdiyi kimi, belə hallar az olmayıb. Hətta 1960-cı ilin oktyabrında SSRİ-nin o zamankı rəhbəri N.Xruşşovun Amerikaya səfəri ərəfəsində Moskvanın diplomatik korpusunun xətti ilə 27 sentyabrda dünyada hamını “silkələyə biləcək” bir hadisənin baş verəcəyinə işarə edilərək, o “əzəmətli” günü narahatlıqla dolu gözləmə atmosferi yaradılmışdı. Hətta Qərb kəşfiyyatı sovet kosmik gəmilərinin uçuşlarının izlənməsi üçün SSRİ-nin Atlantik və Sakit okeanlarda müvafiq mövqe tutduqlarını da müəyyən etmişdi. Həmin ərəfədə Qərb ölkələrindən birinə qaçmış “vətən xaini” olan sovet dənizçisi də təsdiq etmişdi ki, həqiqətən Moskva kosmosa raket buraxmağa hazırlaşır. Ancaq sovetlərin əsas teleqraf agentliyi olan SİTA-nın həmin günlərdə bununla bağlı heç bir məlumat verməməsi Qərb mətbuatında SSRİ-nin kosmik proqramının növbəti dəfə faciə ilə nəticələnməsi barədə xəbərlərin yayılmasına səbəb olmuşdu. Və yalnız çox illər ötdükdən, SSRİ dağılaraq, bir çox gizli arxivlər açıldıqdan sonra aydın oldu ki, həqiqətən 1960-ci ilin 26-27 sentyabr günlərində Moskva kosmosa uçuş planlaşdırırmış, lakin pilotsuz-kosmonavtsız. Ancaq ilk dəfə olaraq Marsı öyrənmək üçün nəzərdə tutulmuş “1M” planetlərarası avtomatik stansiyasının hətta Yerətrafı oirbitə çıxarılması üçün gostərilən iki cəhdin heç biri “Molniya” daşıyıcı raketinin qəzaya uğraması nəticəsində baş tutmamışdı.
4 fevral 1961-ci ildə də oxşar uğursuzluq baş vermişdi. Venera planetinə çatdırılmalı olan digər planetlərarası avtomatik stansiya Yerətrafı orbitdəcə “ilişib” qalmışdı. Sovet hökuməti bu uğursuzluğu rəsmən etiraf etmək istəmədiyindən SİTA tərəfindən bütün dünyaya guya ağır bir süni peykin orbitə çıxarılması, nəzərdə tutulmuş “elmi-texniki proqramın” yerinə yetirildiyi barədə yanlış informasiya yayılmışdı.
Belə olduqda qeyri-ixtiyari sual doğur: əgər böyük bir ölkə səviyyəsində bütün dünyaya düşünülmüş bir şəkildə dezinformasiya yayılırdısa, inanmaq olarmı ki, 1957-ci ildən 1961-ci ilin aprelinədək heç bir pilotlu kosmik uçuş həyata keçirilməyib və adları çəkilən kosmonavtlar həlak olmayıb? Əlbəttə ki, yox!
Həm dünya, həm də müasir Rusiya mətbuatında Yuri Qaqarindən əvvəl müxtəlif vaxtlarda kosmosa məşhur Sovet aviakonsruktorunun oğlu Viktor İlyuşinin (7 aprel 1961-ci il), SSRİ-nin ilk kosmonavtlar dəstəsinin üzvü, 24 yaşlı Valentin Bondarenkonun (1961-ci ilin martında), Gennadi Mixaylovun və digərlərinin uçduğu, lakin onların da faciəli şəkildə həlak olduqları qeyd edilir. Qərb mətbuatı hələ 1960-cı il mayın 15-də (ilk Sovet gəmi-süni peyki “1 KP” orbitə çıxarılarkən), daha sonra isə həmin ilin noyabrında və 1961-ci il fevralın 4-də İtaliyanın Torre-Berte şəhərindən olan iki radio həvəskarları qardaşlarının 22 meqahers tezlikdə kosmosdan insan ürəyi döyüntülərinin telemetrik siqnallarını qəbul etmələri barədə xəbərlər yaymışdı. Qardaşlar hətta köməyə çağıran həyəcanlı insan səsləri də eşitmişdilər. Deyilənə görə həmin səs rusların kinayə ilə “mifik kosmonavt” adlandırdıqları Gennadi Mixaylovun səsi imiş...
Özündən əvvəl digərlərinin planetin başı üzərinə qalxdıqlarını, lakin kosmosa uçuş zamanı həlak olduqlarını Yuri Qaqarin öz tarixi uçuşundan 2 gün əvvəl – 1961-ci ilin 10 aprelində ailəsinə, həyat yoldaşına yazdığı məktubda da dolayısı ilə, ancaq çox açıq-aydın şəkildə təsdiq edir. Əvvəlki uçuşların ölümlə nəticələndiyini bildiyindən idi ki, məktub ilk uçuşun, “kosmos pioneri” olmağın sevincini, qürurunu əks etdirməkdən daha çox pessimist ruhda yazılaraq, vida məktubu, vəsiyyət xarakteri daşıyırdı.
7 abzasdan ibarət məktubun yalnız ikisi nikbin notlarla yazılmışdır. Sonrakı abzasın ilk cümlələri isə belədir: “Mən bu texnikaya tamamilə inanıram. O məni darda qoymamalıdır. Ancaq olur ki, adam düz yerdə də yxılır, boynu sınır. Burda da nəsə ola bilər. Ancaq mən özüm buna inanmıram”. Daha sonra isə Y.Qaqarin tam qəmli notlara keçir: “Hər halda nəsə olarsa, sizdən, xüsusilə də, Valyuşa, səndən xahiş edirəm ki, özünüzü dərddən öldürməyin. Axı, bu, həyatdır və heç kəs sabah onu maşın vurub-əzəcəyindən sığortalanmayıb”. Və birbaşa vəsiyyətə keçərək, həyat yoldaşından canından artıq sevdiyi qızları Lenanı və Qalanı qorumağı, onları yeni cəmiyyətə - “kommunizm”ə layiq əsl insan kimi tərbiyə etməyi xahiş edir. Və qeyd edir ki, bu məsələdə dövlət sizə kömək edəcəkdir (bunu belə bir əminliklə yazması da təsdiq edir ki, uçuş faciə ilə nəticələnərdisə, ailəsinə hər cür kömək ediləcəyi barədə ona qabaqcadan məlumat verilmişdi - R.O.). Əgər bir şey baş verərsə, sən bu haqda sonacan bilməlisən”.
“...sonacan bilməlısən”. Məgər bu, Y.Qaqarinin baş verə biləcək qəzada özünün həlak ola biləcəyinə işarə deyidilmi? Yazdıqlarından özü də təşvşə düşərək, etiraf edir: “Məktubum daha çox matəmli oldu”. Düzdür, o, yoldaşını tam məyus etməmək üçün bir-iki kəlmə xoş sözlər də əlavə edərək, özünün düz və şərəflə yaşadığını yada salır, əfsanəvi təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı V.Çkalovdan misal da çəkir: “Əgər olmaq lazımdırsa, birinci ol!”.
Məktubun sonluğu da kədərlidir, vəsiyyətin davamıdır: “Valeçka, sən imkan daxilində mənim valideynlərimi də unutma, onlara köməklik elə. Məndən onlara salam söylə və de ki, qoy onlar məni bağışlasınlar ki, bu haqda heç nə bilmirdilər, əslində heç bilməməli idilər də... Sağ olun, mənim əzizlərim. Sizi bərk-bərk qucaqlayıb öpürəm!”
Y.Qaqarinin əvvəlki kosmonavtların faciəlı ölümlərinin xofu ilə özünün də kosmosa səfərindən sağ qayıdacağına ümidinin çox az olduğunu ailə başçısı, evin sevilən kişisi olaraq, ürəkağrıdıcı tərzdə heç bir kişinin özünə rəva bilmədiyi ağır bi “güzəştə” getmək məcburiyyətində qalması da təsdiq edir: “Sən isə öz həyatını, vicdanın sənə necə diqtə edirsə, necə lazım bilirsənsə, elə də qur. Mən sənin üzərinə heç bir öhdəlik qoymuram və bunu etməyə hüququm da yoxdur” - məktubda hətta belə bir ifadə də var
Bəli, Moskva kosmosa əvvəl uçanların faciəli şəkildə həlak olduqlarını bütün dünya üçün necə ciddi-cəhdlə gizlətməyə, ört-basdır etməyə çalışsa da, bu yazıda deyilənlər və xüsusilə də Y.Qaqarinin “vəsiyyətnaməsi” acı həqiqəti bütün aydınlığı ilə göstərir.
***
12 aprel – Ümumdünya Kosmonavtika günüdür. Təkcə SSRİ-nin deyil, bütün dünya xalqlarının sevincinə, heç olmasa bir-neçə gün eyni sevinc ətrafında birləşmələrinə, şadyanalıq etmələrinə səbəb olmuş həmin əlamətdar günü bəşəriyyətə, heç şübhəsiz ki, artıq əfsanəyə çevrilmiş, gənc, gülərüz rus siması ilə yaddaşlarda qalmış Yuri Qaqarin bəxş etmişdir. İnsanlığın kosmosa aparan çətin, ağır yolunda bütün faciələrdən, itkilərdən sonra, nəhayət ki, onun uçuşu uğurlu sonluqla başa çatmalı idi və belə də oldu! Bu şərəfli missiyanın yerinə yetirilməsində misilsiz xidmətləri olmuş insanların, ilk növbədə isə rus aviasiyasının banisi K.Siolkovskinin, akademik S.Korolyovun, Yuri Qaqarinin və azərbaycanlı “kosmos rəhbəri” Kərim Kərimovun adları isə kosmos tarixinə qızıl hərflərlə həkk olundu!
2014