Peyğəmbərin nişan verdiyi türk hökmdarı

Peyğəmbərin nişan verdiyi türk hökmdarı
23 yanvar 2013
# 08:15

«Ya bu şəhər məni alacaq, ya da mən bu şəhəri”

Fateh Sultan Məhməd

1444-cü ildə Osmanlı xanədanı tarixində görünməmiş bir hadisə baş verdi. Xanədanın 6-cı hökmdarı II Sultan Murad xan hakimiyyətdən əl çəkdi, 12 yaşlı oğlu Məhmədi taxta oturdan Murad xan onun bəylərbəyi olduğu Manisaya yollandı. O, burada ölümünü gözləyəcək, vəsiyyətinə görə Bursada atalarının yanında dəfn olunacaqdı. Amma tale onu ikinci dəfə taxta çıxaracaq və Sultan Murad taxtda keçinəcəkdi...

«Ata, sənə əmr edirəm …»

II Sultan Murad xanın sağ ikən taxtdan əl çəkməsinin səbəbi tarixçilər tərəfindən tam olaraq açılmır. Qəbul olunmuş versiyaya görə savaşlardan yorulan Sultan qərbdə və şərqdə sülhü bərqərar etdiyini düşünərək dincəlmək istəmişdi.

Ancaq kiçik yaşlı oğlunun avtoritetinin aşağı olması imperatorluqda iki tirəlik yaradır. Sultan Muradın baş vəziri və demək olar ki, dövləti idarə edən sədərəzəm Xəlil Paşa Sultanla Məhmətin lələsi Şəbahəddin Paşa arasındakı qarşıdurma dövləti zəiflətmişdi. Üstəlik Sultan Məhməd Azərbaycandan gələn bir hürufi şeyxinin təsiri altına düşmüşdü. Qərbdə də hərəkətlilik yaranmışdı. Sultanın kiçik yaşlı olmasını və hakimiyyətdəki boşluğu fürsət bilən Şərqi Avropa kralları Osmanlıya qarşı birləşmişdilər. Macar kralı Ladislasın rəhbərliyi ilə Balkan dövlətlərinin bir çoxunun, həmçinin Polşa ilə Çexiyanın da qatıldığı xaçlı ordusu Osmanlı torpaqlarına doğru irəliləyirdi.

Vəziyyətin çox çətin olduğunu görən sədərəzəm Xəlil Paşa Ədirnədəki savaşa qarşı olan hürufiləri qırmaq əmri verir. Bir neçə gün içində Ədirnədə 7 mindən artıq hürufi evi yandırılır və 10 minə qədər hürufi öldürülür. Bundan sonra sədrəzəm Sultan Murada məktub yazaraq taxta dönməsini xahiş edir. Sultan Murad imtina edir və bu zaman Sultan Məhmət atasına məktub yazır: «Ata, əgər Sultan sənsənsə, o zaman gəl və ordunun başına keç. Yox, əgər Sultan mənəmsə, o zaman sənə əmr edirəm, ordunun başına keç və kafirləri yen».

Oğlunun əmrinə əsasən Murad xan yola düzəlir. Ordusuyla Ədirnəyə gəlir və ordan düşmən üzərinə yürüyür. Tarixə Varna savaşı kimi düşən bu meydan döyüşünün uğurla başa çatmasında Sultan Muradın sərkərdəlik məharəti çox böyük rol oynayır. Qalib kimi Ədirnəyə dönəndə sədərəzəm Xəlil Paşa onu Sultan kimi qarşılayar. Buna baxmayaraq taxtda oğlunun qalmasını istəyən Sultan Murad geri, Manisaya dönür.

Süleyman Çələbinin oğlu Orxan Çələbi atasının öldürülməyindən sonra Konstatinopola sığınır və Bizans imperatorunun vassalığını qəbul edir. Orxan Çələbi Məhmədin avtoritetinin olmamağı səbəbindən Bizans ordusu ilə Osmanlı torpaqlarına girdi və taxta iddiasını ortaya qoydu.

Lələ Şəbahəddin Paşa Orxan Çələbini məğlub etdi və şahzadə yenidən Bizansa sığındı. Düşmənlərin məğlub edilməsinə baxmayaraq sədərəzəm Xəlil Paşa Sultanla Şəbahəddin Paşa arasındakı qarşıdurma hər gün böyüyürdü. Buna görə sədərəzəm Xəlil Paşa yeniçəriləri üsyana qaldırır, onlar Sultan Muradın taxta dönməsini tələb edirdilər. Sədərəzəm Xəlil Paşa Sultan Murada məktub yazaraq dövlətin yaşaya bilməyi üçün taxta dönməsini israrla xahiş edir.

Sultan Murad taxtdan ayrılmasından 2 il sonra yenidən taxta dönür. 14 yaşlı Sultan Məhməti Manisaya, paşalarını isə sürgünə yollayır. Sultan Murad daha 5 il taxtda oturacaq və Məhməd o öldükdən sonra taxta dönəcəkdi.

Sultanlığının ikinci dönəmi başlayır

Sultan Muradın ölüm xəbəri Manisaya çatanda Məhməd, bəylərinə «Məni sevən arxamca gəlsin», deyərək atına sıçramışdı. Məhmədin sürətlə hərəkət etməsi çox önəmli idi. Çünki ölüm xəbərini gətirəcək adamı sədərəzəm Xəlil Paşa Sultan qatırla yola salmış, vaxt itkisinə səbəb olmuşdu. Bu üzdən taxtın digər varisləri Ədirnəyə çatmadan Məhməd taxta yetişməli və hakimiyyəti əl keçirməli idi .

1451-ci ildə ikinci dəfə taxta oturan Məhmədin 19 yaşı vardı. Birinci dəfə taxtı itirdikdən sonra özünü hökmdarlığa tam olaraq hazırlamışdı. Uşaq vaxtı elm öyrənməyə həvəsli olmasa da taxtını itirdiyi 5 il müddətində bir çox elmləri öyrənmiş və gənc olmasına baxmayaraq dövrünün ən məlumatlı şəxslərindən birinə çevrilmişdi. Bundan başqa qılınc oynatmaq məharəti ilə hər kəsi heyran edirdi. Ən əsası siyasətdə səbrin nə qədər vacib olduğunu öyrənmişdi.

Taxta oturduqdan sonra Sultan Məhməd paşalarını sürgündən qaytardı. Buna baxmayaraq sədərəzəm Xəlil Paşa baş vəzir kimi qaldı. Xəlil Paşa Osmanlı xanədanına çox böyük xidmətləri olmuş Çandarlı ailəsindən çıxmışdı. Onlar Osmanlı övladlarından sonra ən nüfuzlu ailə idi. Bundan başqa Xəlil Paşa yeniçərilərin arasında böyük nüfuzu vardı, yeniçəri komandanları ona sadiqdilər. Ona görə də birinci hakimiyyəti uğursuz olmuş və ordu içində heç bir nüfuzu olmayan Sultan Məhmədin sədərəzəm Xəlil Paşanı vəzifədən alması dövlət içində təlatümlərə səbəb ola bilərdi. Bu, Sultan Məhmədin onsuz da zəif olan avtoritetini daha da zəiflədə bilərdi. Artıq Məhmədin 12 yaşı yoxdu və dövləti necə yönəldəcəyini hər kəsdən yaxşı bildirdi.

Peyğəmbərin müjdələdiyi sərkərdə

Yeni sultanın beynində tək bir şey vardı. Əcdadı Sultan Bəyazidin həyata keçirmək istədiyi, ancaq nail olmadığı bir işin öhdəsindən gəlmək. Hələ Manisada ikən Sultan Məhmədin bütün fikri Konstantinopolun fəthinə yönəlmişdi. I Sultan Muradın vaxtından Osmanlı torpaqları içində bir ada kimi qalan Bizansın möhtəşəm paytaxtının fəthi bütün islam hökmdarlarının xəyalı idi. Bu həm Avropada ticarəti tam olaraq nəzarətdə saxlamaq üçün önəmliydi, həm də peyğəmbərin müjdəsini verdiyi böyük sərkərdə olmaq Osmanlı sultanları üçün vaz keçilməz bir şərəfdi. Çünki Məhəmməd peyğəmbər hələ Bizansa Allahın elçiliyini bəyan etdiyi ilk məktubunu yazdırarkən söyləmişdi: «Bir gün, bir islam sərkərdəsi Konstantinopolu fəth edəcək. O sərkərdə Allah qatında ən böyük sərkərdə olacaq».

Hakimiyyətə gəldikdən sonra Bizans elçilərini qəbul edən Sultan Məhməd imperatora ümid verdi, buna baxmayaraq elçilər sarayı tərk etdikdən sonra Rumeli hasarının çəkilməsini əmr etdi. Avropa sahilində çəkilən bu divar boğazlardan keçən bütün gəmiləri osmanlılara xərac vermək məcburiyyəti qarşısında qoymuşdu. Bundan əvvəl boğazların Asiya hissəsində İldırım Bəyazid «Anadoluhasar»ı çəkdirmişdi. Rumeli hasarı 6 min işçi tərəfindən 2 aya inşa olundu və hasarın inşası Bizans imperatorunda dəhşətli təşviş yaratdı. Tək Bizans imperatoru deyil, həmin vaxtlarda Aralıq dənizinə hökm edən və Avropa ticarətinə nəzarət edən Genuya və Venetsiya da ciddi narahat olmağa başlamışdı. Çünki hər iki sahildə qüllələrdə yerləşdirilən toplar asanlıqla gəmiləri vurmağa qadir idi və artıq türklərin izni olmadan boğazlardan gəmi keçə bilmirdi.

Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi. Papa köməklik qarşılığında ortodks Bizans kilsəsinin kotlik məzhəbinə keçməsini istədi. Xalqın və Bizans ortodoks kilsəsinin ciddi etirazına baxmayaraq imperator bu şərtləri qəbul etdi. Amma Roma papasının Qərbi Avropa dövlətlərinə çağırışı heç bir nəticə vermədi. Avropanın böyük dövlətləri üçün Bizans yad idi və Bizans kilsəsi onlara görə müsəlmanlar qədər kafirdilər. Hətta İkinci Səlib yürüşü zamanında yol üstü Konstantinopola girən səlibçilər şəhəri yağmalamış, demək olar ki, bütün şəhər sakinlərini qılıncdan keçirmişdilər. Yalnız Səlahəddin Əyyubinin yaxınlaşması Bizansı xilas etmiş və səlibçilər şəhəri tərk edərək Yerusəlimə doğru irəliləmişdilər.

Bizansı mühasirəyə almamışdan öncə Sultan Məhmət Anadoluya doğru yönəldi. Öncə Bizansın təbii müttəfiqi olan Qaraman bəyliyi təhlükəsiz hala gətirilməliydi. Osmanlı ordusu Konyaya çatanda Qaraman bəyi İbrahim bəy sülh müqaviləsi imzalanmasını istədi və bu istək qəbul olundu. Müqaviləyə əsasən Qaramanoğulları Konstantinopolun fəthində Osmanlı ordusunun yanında yer alacaqdı. Konstantinopolun fəthini başa vurduqdan sonra Fateh Məhməd Sultan yenidən Qaramana geri dönəcək, 200 ilə yaxın Osmanlı xanədanının əsas rəqibi, qorxulu röyası olan Qaraman bəyliyinə bir dəfəlik son qoyacaqdı. Bunun üzərinə ələvi qaramanlılar Azərbaycana gələcək və burda Səfəvi dövlətinin yaranmasında böyük rol oynayacadılar.

1000 illik Bizans imperiyası tarix olur

Artıq Məhmədin qarşısındakı tək hədəf Konstantinopolun fəthiydi. Qaramandan geri dönən sultan dövlət divanını toplayır. Məşvərətdə ancaq bir məsələ ilə müzakirə aparılır: Bizansın fəthi. Sədərəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı çıxır. Paşaya görə, birinci, onlar Konstantinopolu fəth edə bilməyəcəklər və bu da osmanlının bölgədəki avtoritetinə ciddi ziyan vuracaqdı. Digər tərəfdən, hətta Konstantinopol fəth edilsə belə, bundan sonra Avropa dövlətlərinin xaçlı yürüşü baş verəcək və Osmanlı böyük savaşa sürüklənəcəkdi. Bəzi tarixçilərin iddiasına görə divandan öncə Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir.

Lələ Şəbahəddin Paşa və Zaqaros Paşa Sədərəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmadılar. Qarşıdurma son həddə çatsa da, divan Konstantinopolun mühasirəyə alınmasına qərar verdi. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq görən Sultan Məhməd Anadoludakı və Ədirnədəki qüvvələrin Konstantinopola doğru hərəkət etməyi əmrini verdi. Həmin vaxt Osmanlı ordusu dünyanın ən inkişaf etmiş ordusuydu. Sultan özü top düzəldilməsində iştirak edir, yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top ustası olan macar Urban Osmanlılarla işləyirdi, o dövrün «Şah»ı adlanan ən böyük topu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü il tarixində Ədirnədən hərəkət etdi. Sultan Məhməd hələ 21 yaşına çatmamışdı.

120 minlik ordu (müxtəlif mənbələrdə say fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-da top səslərinə top səsinə oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.

Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması məğlub oldu. Bu durum Sultan Məhmədi özündən çıxardı. Sultan atını dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.

20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı günü-gündən artırdı. Divan məşvərəti hətta mühasirənin qaldırılmasını təklif etsə də, Məhməd bir mənalı olaraq təklifi geri çevirdi. Sultan “Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq»-, deyərək divanı bitirdi.

Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Məhməd normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.

Son hücumu Zaqaros Paşa başlatdı. Türk ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi. May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması halaldı.

Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh Sultan Məhməd şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca: «Bundan sonra taxtım İstanbuldur», deyərək Aya Sofiyanın əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu. Fatehin 21 yaşı vardı.

Fəthin nəticələri

Konstantinopolun fəthi dünya tarixində çox ciddi dəyişikliklərə səbəb oldu. Sultan Məhməd Bizans ortoks kilsəsinə sərbəstlik versə də, yunan əhali şəhəri tərk edərək Yunanıstana və Rusiyaya üz tutdular. Ortodks kilsə Rusiya kilsəsini ələ alaraq idarə etməyə başladı. Tarixi boyunca türk təbəəsi olan ruslar yeni yunan ideologiyası ilə gücləndilər və öz xanədanlarını üçüncü Roma imperiyası elan etdilər. Yüz ildən sonra rus işğalları qədim türk torpaqları olan Sibirə və Volqaboyuna qədər uzanacaq, 300 il sonra isə Türküstan rus çarlarından asılı vəziyyətə düşəcəkdi. Bu dünya üzərində türk hegemoniyasının sonunun başlanğıcı olacaqdı.

Konstantinopolun fəthi türklərin Qərbdə böyük uğuru kimi dəyərləndirilsə də, bu fəthin nəticəsində yeni bir dünya imperatorluğu yarandı. Rus imperiyası hər yerdə türklər üçün ən böyük maneəyə çevrildi. İki yüz il sonra Qərb Osmanlının qarşısında gücsüz durumda olsa da, məhz Rusiya ilə ağır müharibələr bu imperiyanı zəiflədəcək və bu müharibələr sonunda xanədan Avropanın əsas güc mərkəzi statusunu itirəcəkdi.

Fateh xristianlığı öyrənir

Konstantinopolun fəthindən dərhal sonra Sultan Məhməd İstanbulun və Osmanlı imperiyasının yenidən təşkilinə başladı. Məqsədi yeni müsəlman-xristian ortodoks imperiyasını yaratmaqdı. Yeni imperiyanın ideoloji təməli dini və mili kosmoplitizmə dayanacaqdı. Gələcəkdə məhz bu kosmopolitizm imperiyanın inkişafını durduracaqdı. Çünki dövlət mili xarakterini itirəcəkdi. Xristianlığı daha yaxından öyrənmək istəyən Sultan Məhməd ortodoks kilsənin yeni lideri patriarx Gennadi ilə dəfələrlə müzakirələr aparmış və xristianlıqla müsəlmanlıq arasındakı ortaq nöqtələri birləşdirməyə cəhd göstərmişdi. Avropada Sultan Məhmədin xristianlığı qəbul etmək fikri yaranmış və Papa II Piy Fatehə məktub yazaraq onu xristianlığa dəvət etmişdi. Bütün bunlar sonradan Fatehin gizli xristian olması barədə dedi-qoduların yaranmasına səbəb olmuşdu.

Çandarlı Xəlil Paşanın edamı

İstanbulun fəthindən sonra tutduğu qeyri-müəyyən mövqeyə görə Çandarlı Xəlil Paşa dövlət və yeniçərilər arasındakı nüfuzunu itirdi. Sultan Məhməd, vəziyyəti qiymətləndirən və birinci taxta çıxışından sonra onu taxtdan endirən, ikinci səltənət vaxtında bütün işlərinə müxalif olan qüdrətli sədrəzəmi həbs etdirdi. Qırx günlük həbsdən sonra divan sədrəzəmin edamına qərar verdi.

Çandarlı Xəlil Paşa Ədirnədə edam olundu. Öncə gözlərinə mil çəkildi və bir neçə gündən sonra, 1453-cü ilin 10 avqustunda kor edilmiş Paşanın başı kəsildi. Xanədanın ikinci ailəsi statusunu daşıyan Çandarlılar uzun müddət hakimiyyətə yaxın buraxılmadılar. Və yeni sədrəzəmlər əsasən xristian əsilli oldular.

Fateh Qərbə yönəlir

İstanbulun fəthindən bir müddət sonra serblər, macarlar və digər Balkan dövlətləri yenidən itirdikləri torpaqları geri qaytarmağa cəhd edirdilər. Buna görə də Fateh 1454-57-ci illər arasında Serbiyaya səfərlər etdi. Sonuncu səfərdən sonra Osmanlı axınçıları bütün serb torpaqlarını ələ keçirdilər. Serb dövləti ləğv olundu, yeni sancaqbəyliyi quruldu. Bununla da 350 illik dövlətçilik institutları itirildi. Bundan sonra türk axınçılar Moraviya və Yunanıstana istiqamətləndilər və hər iki dövlət öz suverenliyini itirdilər. Bölgəyə böyük bir türk ordusu yerləşdirildi. Fateh Qərb torpaqlarında problemlə üzləşmək istəmirdi və buna görə də artıq Balkan dövlətlərinin suverenliyi tamamən ləğv edilirdi.

Venetsiyanı və başqa italyan şəhərlərini vergiyə bağlayan Fateh Qərbdə təhlükəsizliyini tam təmin edərək Anadoluya istiqamətləndi. Sultan xanədanın qorxulu röyası olan Anadolu bəyliklərini ləğv etməkdə qərarlıydı. Babası İldırım Bəyazidin savaş texnikasını və siyasi zəkasını mənimsəyən Fateh Anaoluda üsyançıların olmasını istəmirdi. Buna görə də Qaramanoğulları, Çandaroğulları, Aydın oğulları, Qazı Bürhanəddinoğulları və başqa bəyliklər sürətlə ləğv olundu. Osmanlılara tabeçilik istəməyən bir çox bəyliklər Anadolunu tərk edib Azərbaycana köçürdülər. Onların arasında Qaramnoğulları və Qazı Bürhanəddinoğulları üstünlük təşkil edirdi. 1477-ci ildə Fateh Krım xanlığını özünə tabe etdirdi. Xan Sultan Məhmədə biət andı içdi. Yunanların kiçik Trabzon imperatorluğu da işğal olundu və Qaradəniz bir türk dənizinə çevrildi.

Anadoludan geri dönən Fateh yenidən Balkanlara doğru hərəkət etdi. Fatehin hədəfi Romaya gedən yoldakı maneələri aradan qaldırmaqdı. Buna görə də Sultan bütün Bosniyanın fəth olunmasını əmr etdi. Bosniya kralı Osmanlının hakimiyyətini tanısa da, şeyxülislamın fitvası ilə edam olundu. Bundan sonra Fateh Bosniya sancaqbəyliyi yaratdı. Türk idarəçilər xalqla çox ədalətli davrandığına görə bir müddət sonra boşnakların hamısı müsəlman dinini qəbul etdi. Balkanlar Osmanların əsas qalasına çevrildi. Bosniyadan Hersoqovinaya girən türklər burada da yeni sancaqbəyliyi yaratdılar.

Fateh həmçinin qurudakı əsas rəqibi Macarıstanı geri oturmağa vadar etmiş və macarlara ağır vergi kəsmişdi. Dənizdə isə Venetsiya ilə 16 il sürən savaşlardan sonra sülh əldə olunmuş və Osmanların Aralıq dənizində hökmranlığı başlamışdı.

Son səfərə hazırlıq və ölümü

1481-ci ildə Fateh böyük səfərə hazırlaşmaq üçün Anadoluya getdi. Fateh heç bir Osmanlı sultanında olmayan gücə sahibdi. O dövrünün ən böyük ordusunu hazırlayır və yeni səfərin detalların heç kimlə bölüşmürdü. Fatehin hansı istiqamətə səfər edəcəyi bu günə qədər tarixçilərin ən böyük mübahisə mövzusudur. Ehtimal olunan bir neçə marşrut var. Daha çox İtaliya və Misir marşrutlarının üzərində dayanırlar.

Bu bir faktdır ki, Fateh Sultan Məhməd ömrünün son illərini İtaliya və Romanı fəth etmək xəyalları ilə yaşayıb. Bunun üçün 1480-ci ildə o, Rodos adasını almağa cəhd etmiş, lakin adanın müdafiəsi demək olar ki, sındırıldığı zaman maraqlı bir hadisə baş vermişdi. Orduya komandanlıq edən Mahmud Paşa adada yerləşən «Hospitalier» Ordeninin (İonit Ordeni) zəngin xəzinəsinin hamısının Sultana aid olduğunu və Rodosun yağmalanmayacağını elan etdikdən sonra ordu içində döyüşə olan həvəs itmişdi. Əks-hücuma keçən ionitlər türk ordusunu yenmişdi. Ona görə də Fatehin son səfərinin məhz Rodos və Romaya edildiyi qənaəti daha böyükdür.

Digər versiyaya görə, Məkkəni ələ keçirmək istəyən Sultan, əsas maneəni-Misir məmlük dövlətini işğal etmək istəyirmiş. Bundan başqa Fatehin İrana, Ukrayna çöllərinə, Orta Asiyaya səfər edəcəyi ilə bağlı təxminlər var. Ordugahın məhz Anadoluda, Gəbzədə yerləşməsi tarixçiləri doğurdan böyük çətinliklərə salıb və salmaqda davam edir. Buna görə də səfərin Romaya ediləcəyi ehtimalı ilə razılaşmayanlar çoxdur. Amma o da faktdır ki, 1480-ci ildə Fateh İtaliyaya öncül dəstə göndərmiş və onun yolladığı kiçik ordu Otronto şəhərini alaraq burda böyük bir ordunun İtaliyanın içərilərinə girə bilməsi üçün körpü inşa etmişdilər.

Sultanın Gəbzədə ordugahda zəhərlənərək öldürülməsi belə deməyə əsas verir ki, düşmənləri Fatehin son səfərindən ciddi narahatlıq keçirirmiş. 1481-ci il mayın 9-da Fateh müəmmalı şəkildə öldü. Alman tarixçisi Frans Babinger Venetsiya arxivlərində tapdığı sənədlərə əsaslanaraq bildirir ki, Fatehi zəhərləyiblər. Fakt isə odur ki, Sultanın ayağındakı şişi müalicə etmək üçün həkim ona dərman verib, bundan sonra Sultanın halı pisləşib və Osmanlının ən böyük Sultanı son nəfəsini verib.

Fatehin zəhərlənməsi ilə bağlı iki versiya var. Birinci versiyaya görə, Fatehi venetsiyalılar zəhərləyib. Onu zəhərləmək üçün isə Sultanın əvvəllər xristian olmuş italyan əsilli baş həkimi Yaqub Paşanı (xritian adı maestro Lakoppo) ələ alıblar. Digər bir versiyaya görə isə, Sultanın Azərbaycan və İrana hücum edəcəyindən ehtiyat edən vəzir Məhməd Paşa Qaramanlı Sultanı öldürmək və onun yerinə kiçik qardaşı Cem Sultanı gətirmək üçün Sultanın həkimlərindən biri olan Lari Əcəmini ələ alıb.

Sultan öldükdən sonra bütün Avropa rahat nəfəs aldı. Papa Avropada bayram elan etdi və Fateh Sultan Məhmədin öldürülməsi şərəfinə, Avropanın xristian əhalisinin qurtuluşu naminə kilsə zənglərinin 3 gün dayanmadan çalmasını əmr etdi.

Fateh Sultan Məhmədin şəxsiyyəti

Fateh hərbi qələbələri və siyasi dühası ilə Osmanlı imperiyasını super güc etdi. Osmanlı dövləti 300 il ərzində Avropanın və Asiyanın ən qüdrətli dövlətlərindən biri oldu və bu təbii ki bu Fateh Sultanın təməlini qoyduğu böyük yüksəlişin nəticəsi idi.

Budan başqa o, dövrün ən savadlı şəxsiyyətlərindən biri idi. Uşaqlıq illərində Məhmədin müəllimləri ondan çox şikayətçi olmuşdu. Buna görə də atası Sultan Murad oğlunun tərbiyəsi üçün dövrünün böyük üləması Molla Giraniyə bir dəyənək vermiş, lazım gələrsə, Məhmədi bu dəyənəklə döyməyi əmr etmişdi. Buna baxmayaraq Məhməd elmə birinci dəfə taxtdan enməsindən sonra maraq göstərmiş və Guranidən bütün elmləri öyrənmişdi. O, 7 dil bilirdi və müəllimləri içində xristian alimlər də vardı. Sultan Məhməd latın qrafikasını bilən ilk Osmanlı sultanıdır. Onun rəssamlığa və şairliyə böyük həvəsi vardı. Şerlərini «Avni» imzası ilə yazırdı. Hazırda Topqapı muzeyində rəsmləri və latın qrafikasında yazdığı şerlərin qaralamaları sərgilənməkdədir. Bundan başqa Fateh gözəl mühəndisdi, o özü top və körpü layihələri hazırlayır və onları inşa etdirdi. Rum eli divarının da Fatehin layihəsi əsasında inşa etdiyi bildirilir.

Fateh Sultan Məhməd həmçinin dövrünün ən böyük islam alimlərindən biri hesab olunurdu. Onun irfani elmə bələdliyi dövrünün ən böyük islam və xristian dini liderlərinin savadından geri qalmırdı. Çoxlu sayda məktəblər açdırmış, getdiyi yerlərdə məscidlər inşa etmişdi. Dövlətin idarə olunması üçün «Qanunnamə» hazırlamışdı.

Fatehin uzun boylu, dolu yanaqlı, qırmızı-ağ rəngli, qartal burunlu, uzun qollu birisi olduğu bildirilir. Çox böyük sərkərdə və strateq idi. Savaşlara birbaşa özü rəhbərlik edirdi. 30 illik səltənəti zamanında 25 səfərdə olmuşdu. Bütün savaşlarını qalibiyyətlə başa vurmuşdu. Atasından aldığı 900 000 kvadrat kilometrlik ərazini 2.214.000 kvadrat kilometrə çatdırmışdı. Hakimiyyəti boyunca ona 14 sui-qəsd edilmişdi. Babingerin yazdığına görə venetsiyalıların hazırladıqları sonuncu sui-qəsddən qurtula bilməmişdi. Öz doktoru Yaqub Paşa tərəfindən məlum olmayan zəhər axırına çıxmışdı.

Öləndə 49 yaşı vardı. 30 mart 1432-ci ildə doğulmuşdu. Anasının yəhudi əsilli olduğu güman edilən kölə qız Huma Xatundu. Sultan Muradın 4-cü oğlu idi. Özündən böyük iki qardaşı o hələ uşaqkən vəfat etmişdi. 7-ci Osmanlı sultanı idi.

# 9517 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #