Layihə-Osmanlı sultanları
Kosovo çölündəki ağır məğlubiyyət bütün Balkanların və Şərqi Avropanın qapılarını Osmanlı türkmən axınçılarının üzünə açmışdı. Vəziyyəti dəyərləndirən macar kralı Siqzmund və Bolqar kralı İvan Şişman təcili tədbir görülməsi üçün Avinyonda və Vatikanda oturan papalara müraciət etdilər. Fransaya bağlı olan Avinyon papası Bonifasi türklərə qarşı səlib yürüşü elan etdi və nə qədər qəribə də olsa, bir-biriləri çəkişən Avropa dövlətləri birləşmiş qüvvələri türklərin üzərinə yollamağa və şərqdən gələn müsəlman-türk bəlasından birdəfəlik qurtulmağa qərar verdilər. 1396-cı ildə fransız hersoq Jan de Neverin rəhbəri olduğu Qərbi Avropanın birləşmiş qüvvələri Macarıstan kralı Siqzmundun rəhbərliyi altında olan Şərqi Avropa qüvvələri ilə Buda şəhərində birləşdi və Dünay çayı üzərində yerləşən Nikopol şəhərini mühasirəyə aldılar. Xaçlıların ordusunun sayı yüz əlli mini ötürdü.
Xaçlıların kəşfiyyat dəstələrinin verdiyi məlumata görə, İldırım Bəyazid İstanbulu mühasirəyə almışdı və əsas qüvvələr Anadolunun fəthi ilə məşğuldu. Səlibçilər hesab edirdilər ki, onlar Bəyazidin əsas qüvvələri ilə ancaq bir-iki aydan sonra üz-üzə gələcəklər. Nikopolu alıb Osmanlı torpaqlarının içərisinə doğru irəliləməyi və Ədirnə qarşısında Bəyazidi məğlub edib Anadoluya doğru irəliləməyi planlaşdırırdılar. Nikopol qalasının komendantı Dədə bəy isə artıq qalanı təslim etmək üçün səlibçilərlə danışıqlar aparırdı.
Bəyazidin kəşfiyyat dəstələri isə sultana xaçlı ordusunun hərəkəti istiqaməti haqqında xəbər verirdi. Xaçlılar Nikopolda düşərgə qurduqları zaman artıq Bəyazid çoxdan İstanbuldan mühasirəni yarıb yola çıxmışdı. İldırım qırx minlik ordusu ilə bir gündə üç günlük yol qət edirdi. Əsas qüvvələrin Anadoludan ayrılması üçün zamana ehtiyacı vardı. Buna görə də düşmənin qarşısını almalı və əsas qüvvələrinin gəlməsi üçün vaxt qazanmalıydı.
1396-cı ilin 25 sentyabrında gecə xaçlılar və Nikopol şəhərinin sakinləri yarısı bir bağırtı eşitdilər: «Dədə bəy, mən Sultan Bəyazid xanam. Qalanı təslim etməyəcəksən. Allahın izni ilə sabah böyük zəfərə çatacağıq».
Səhəri gün sabah dumanı çəkiləndə xaçlı ordusu gözlərinə inana bilmədi. Bəyazidin ordusu qarşıdakı təpəliklərdə mövqe tutaraq onları üç tərəfdən mühasirəyə almışdı. Qorxmazlığı ilə ün salan hersoq Jan de Never cəngavərlərini düşərgədən çıxarıb türklərin üzərinə yürüdü.
Osmanlı ordusunun ilk sıralarını təşkil edən axınçılar cinahlara çəkilməklə geriləməyə başladı, xaçlılar elə bildilər ki, türklər qaçmağa hazırlaşır. Xaçlı cəngavərlərin ağır süvariləri irəli atılanda təpələrin üstündə yeniçəri birlikləri və yüngül türk süvariləri ilə üzləşdilər. Bir saatdan sonra cinahlara çəkilən axınçılar düşmən ətrafındakı dairəni bağlayaraq xaçlıların böyük ordusunu mühasirəyə aldılar. Artıq günortaya qədər xaçlı ordusu tamamən darmadağın olunmuşdu. Macar kralı Siqzmund ordunun bir hissəsini götürüb döyüş meydanından qaçmağı bacarmışdı.
Fransa və İngiltərə ordusunun böyük bir hissəsi qırılmış, yerdə qalanlar isə türklərə əsir düşmüşdülər. Əsirlərin içində başda hersoq Jan de Never olmaqla Qərbi Avropanın sanlı əsilzadələri vardı. Əsirlərin sayı otuz minə çatırdı.
Səhəri gün İldırım Bəyazid ordugah boyunca xəndək qazılmasını əmr etdi. Əsirləri xəndəklərin önünə gətirdilər və doğrayıb xəndəklərə atdılar. Bəyazid heç kimə aman vermədi. Sultan bu qanlı qətliamı xaçlıların keçdiyi ərazilərdə böyük qırğınlara yol vermələri ilə əlaqələndirdi. Yalnız əsilzadə cəngavərlər üçün fransız kralından böyük fidyələr alındı və onlar sərbəst buraxıldılar.
Bu döyüş tarixə Nikopol savaşı kimi düşdü. Və sonuncu səlib savaşı oldu. Avropa cəngavərləri bir daha müqəddəs savaş elan etmədilər.
Nikopol savaşından sonra İldırım Bəyazidin təşəxxüsü yerə-göyə sığmadı. Bundan sonra Bəyazid bütün Avropanın qorxulu röyasına çevrildi. Bəyazid Ankara çölündə Teymura əsir düşdükdən sonra Avropa rahat nəfəs aldı.
Taxta keçər-keçməz qardaşını öldürdü
Kosovo çölündə atası Sultan Muradın şəhid düşməsiylə hakimiyyəti ələ keçirən Bəyazid taxt-tacın qanuni varisi deyildi. Sultan Muradın varisi Anadoludakı ordulara rəhbərlik edən və atası səfərdə ikən taxtda oturan böyük qardaşı Yaqub Çələbi idi.
Bəyazid Serb despotu Lazarı Kosovo çölündə məğlub edib atasının intiqamını almaqla oradakı ordunun biətini alsa da, bütövlükdə əxi təkyələri və Anadoludakı birliklər Yaqub Çələbinin tərəfindəydilər, varis kimi onu görürdülər. Kosovadakı ordugahda baş vəzir Əli Paşa ilə məsləhətləşmələrdən sonra Sultan Muradın adından Yaqub Çələbiyə məktub göndərildi və o təcili Kosovadakı ordugaha çağırıldı. Qardaşı yoldaykən Bəyazid Kosovada Serb despotu Lazarın qızı Mariya Oliveri ilə möhtəşəm toy etdi. Toydan sonra Dəspinə xatun adını olan serb kralının gözəl qızı bundan sonra İldırımın ən sevimli qadını olacaqdı.
Atasının şəhadətindən bixəbər olan şahzadə Yaqub Çələbi Kosovadakı ordugaha gəldikdən sonra Bəyazid onunla görüşmədi belə. Yol yorğunu olan taxt-tac varisi çadırında istirahət edərkən içəri girən fərraşlar onu boğdular.
Şahzadə Yaqub Çələbi ordu və dövlət içində böyük nüfuza sahibdi, onun öldürülməsi orduda üsyana səbəb oldu. Yeniçərilər və axınçılar Bəyazidin hakimiyyətini tanımaqdan imtina etdilər.
Bəyazid bütün günahı sədrəzəm Əli Paşanın üzərinə qoydu və dövlətin idarə edilməsində xüsusi çəkiləri olan üləmalar məclisində onu bu işə Əli Paşanın sövq etdiyini bildirdi. Əxi təkyələri məcburiyyət qarşısında Bəyazitin xanədan taxtına oturmasına razılıq versələr də, yeniçərilər Yaqub Çələbinin intiqamının alınması üçün sədrəzəm Əli Paşanın edam olunmasını tələb edirdilər. Vəziyyət doğurdan kritikdi və Bəyazid ya güzəştə getməli və nüfuzunu itirməli, ya da taxtını itirməliydi. Bəyazid dövlət xəzinəsinin yarısının yeniçərilərə və axınçılara paylanmasını əmr etdi. Böyük bəxşişdən məmnun qalan əsgərlər Bəyazidə biət etdilər. Bir neçə aydan sonra isə Bəyazid üsyanın başında duran şəxslərin başını qopararaq öz avtoritetini tam təmin etdi.
Balkan problemləri
Kosova çölündə Balkan ölkələrindən gələn elçiləri qəbul edən Bəyazid onların üzərinə böyük vergilər qoydu. Lazarın oğlu Bəyazidin vassalı elan olundu, yeni serb kralı öz itaətini və sədaqətini sübut etmək üçün bacısı Oliveranı Bəyazidə verdi.
Bəyazid xristianların güclənməsinin qarşısını almaq üçün axınçı bəylərini Bosniya, Makedoniya və Bolqarıstana yolladı. Axınçılar Çexiya və Macarıstan sərhədlərinə qədər irəlilədilər. Bəyazid özü Ədirnədəydi və orda yeni, böyük tikintilərə start vermişdi.
Bəyazid Balkanları, Bolqarıstan, Macarıstan və Çexiyanı ancaq 1396-cı ildəki sonuncu səlib yürüşündən sonra tam olaraq öz xanədanına bağlaya bildi.
Anadolunun fəthi
Uzun müddət Osmanlı ordusunun Rumelində qərar tutması, Bəyazidin bütün diqqətini Balkanlar və Konstintinopola yönəltməsi Sultan Murad zamanında yenilən Anadolu bəyliklərinin yenidən dirçəlməsinə yol açmışdı. Anadoludan gələn üsyan səsləri Bəyazidi Anadoluya dönməyə məcbur etdi. Artıq demək olar ki, bütün Anadolu bəylikləri özünün müstəqilliyini elan etmişdi. Bəyazit Konstintinopolun mühasirəsini dayandırıb ordunu ildırım sürəti ilə Anadoluya keçirdi. Qış olmasına baxmayaraq sürətlə irəliləyərək Aydınoğulları, Saruhanoğulları, Germiyanoğulları, Menteşeoğulları ve Hamitoğulları bəyliklərini ortadan qaldırdı. Qərb bəyliklərini birdəfəlik yox etdi. Konya Qaraman bəyi, Çandar oğulları bəyi və Qazı Bürhanəddin arasında ona qarşı böyük ittifaq yaratdıqlarını eşitdi. Öncə Konyanı mühasirəyə aldı. Şəhəri bir neçə gün içində fəth etdi. Qaraman bəyi Alaəddin bəy yenidən sədaqət andı içdi və onun torpaqlarının böyük hissəsi əlindən alındı. Daha sonra isə Çandaroğullarının üzərinə yeriyən Bəyazid 1392-ci ildə bu bəyliyi də ləğv etdi.
Qazı Bürhanəddinin qüvvələrinin üzərinə böyük oğlu şahzadə Ərtoğrulu göndərdi. Qırxdilim adını alan həmin savaşda şahzadə öldü. Qazı Bürhanəddinin axınçıları Anadoluyu yağmalayanda Bəyazid oğlunun intiqamını almadan geri dönməyə məcbur oldu. Macarlar Rumeli torpaqlarına girmişdilər.
5 il sonra Bəyazid yenidən Anadoluya girirkən artıq Qazı Bürhanəddin həyatda yoxdu. Bu üzdən sultan bütün yenidən üsyan edən Qaraman bəyinin üzərinə tökdü. Konya bir daha mühasirəyə alındı və Qaraman bəyi əsir alındı. Bir zamanlar atası Sultan Muradın canını bağışladığı Qaraman bəyi Alaəddin bəyi edam etdirdi. Qaramanda 10 mindən artıq insanı öldürən Bəyazid bəyliyə son verildiyini elan etdi və Alaəddin bəyin arvadı, bacısı Mələk xatunu uşaqları ilə birlikdə Bursaya yolladı. Qaraman bəyliyini ortadan qaldırmaqla Bəyazid demək olar ki, Anadolunu birbaşa öz torpaqlarına bağladı. Artıq demək olar ki, bəylik dönəmi bitmişdi. Teymurun Anadoluya girişi ilə bəyliklər yenidən dirçələcək, amma Sultan Məhmət dönəmində birdəfəlik ortadan qaldırılacaqdılar.
Konstantinopolun mühasirəsi
Bəyazidin əsas hədəfi Konstantinopolu fəth etməkdi. Sultan iki dəfə Şərqi Roma imperiyasının paytaxtını mühasirəyə aldı. Hər ikisində hadisələrin gedişi onu mühasirəni qaldırmağa məcbur etdi.
Bolqarıstanın fəth edən Bəyazid 1393-cü ildə Konstantinoplu mühasirəyə aldı. Öncə Bosforun Asiya sahilində Anadoluhisarı inşa etdi. Mühasirəni tam olaraq həyata keçirmək üçün axınçılar Yunanıstana girdi. Bir neçə il içində Bizans imperiyasının Avropa torpaqları işğal olundu. Artıq Konstantinoplun mühasirəsini başa çatdırmaqda ikən İldırım xaçlı ordusunun Dunay üzərindən irəlilədiyini duydu. Şəhərin mühasirəsini qaldırıb xaçlıların üzərinə yürüyən Sultan Nikopolda möhtəşəm qələbə qazandı.
Xaçlıları məğlub edən Bəyazid yenidən Konstantinopla doğru yönəldi. Əlindəki qüvvələrlə Konstantinoplu fəth etmək istəyən Bəyazid yeni çətinliklə üzləşdi. Bizans donanması türk donanmasından çox güclü idi və bu da şəhərin fəthini imkansız hala gətirirdi. Dardanel boğazında baş verən döyüşdə türk donanması yenildi və faktiki olaraq Konstantinoplun fəthi imkansız hala gəldi. Buna baxmayaraq Bəyazid şəhərin mühasirəsini daha 6 il davam etdirdi. Artıq Bizansın ehtiyatları tam olaraq tükənirdi, Bizans imperatoru təslim olmağa hazırdı. Ancaq Bəyazid Əmir Teymurun onun torpaqlarına girməsi, Sivasa doğru irəliləməsi xəbərini aldı. Sultan artıq müqaviməti qırılan şəhərdən əl çəkib Anadoluya qayıtmağa məcbur oldu. Teymurun Anadoluya gəlişi ilə Bizans imperiyasının ömrü daha 50 il uzandı.
Əyyaş Sultan
Nikopol savaşından sonra Bəyazidin qüruru yerə-göyə sığmadı. Avropanın dizlərini yerə gətirən sultan içki düşkününə çevrilmişdi. Onun sarayında şərab su kimi axır və paşalar öz sultanlarından geri qalmaq istəmirdilər. Artıq xanədanın ədəb-ərkanı belə qalmamışdı. Bəyazidin sarayında homoseksualizm adi hala çevrilmişdi. Paşalar və qazılar Şərqi Avropadan gətizdirdikləri yeniyetmə oğlanlarla yatır və eyş-işrətdən başları ayılmırdı.
Osmanlı sarayı Bəyazidin hakimiyyətinin son illərində Roma imperatorlarının sarayından demək olar ki, heç nə ilə fərqlənmirdi. Osmanlı torpaqlarında Osman Qazi zamanından gələn ədalət prinsipləri yoxa çıxmışdı. Ədalətin gözətçiləri olan qazılar rüşvət alır, eyş-işrətlə məşğul olur və rüsvayçı hərəkətlərə yol verirdilər. Hər zaman sərxoş olan Sultanı isə ancaq hərbi qələbələr maraqlandırırdı. Bəyazid ölkənin içindən bixəbərdi və vəziyyətin bu şəkil alması təkyə şeyxlərini ciddi narahat edirdi. Teymurun Anadoluya girməsindən bir az öncə təkyə şeyxləri Sultanla Ədirnədə görüşdülər və xanədandakı vəziyyəti ona anlatdılar. Şeyxlər həmçinin vəziriəzam Çandarlı Əli Paşanın vəzifədən alınmasını məsləhət gördülər.
Bəyazid ölkədəki durumu şeyxlərin dilindən öyrənib çox qəzəblənir. Sultan qazıları Ədirnəyə çağırıb sədrəzəm Əli paşa ilə birlikdə bir çadıra yığır və onları yandıracağını bəyan edir. Həmin çadırda dövlətin bütün önəmli şəxsləri bir həftə diri-diri yanacaqları anı gözlədilər. Bəyazid isə onları bir həftədən sonra azad edir, bundan sonra eyş-işrətə qarışan hər bir paşa və qazını öldürəcəyini bildirir. Buna baxmayaraq sultan özü əyyaşlığını davam etdirir.
Ankaraya gedən yol
Bütün Asiyanı atının dırnaqlarına ayaqlatdıran Əmir Teymurun bütün yürüşlərinin tək hədəfi vardı-Böyük İpək Yolunu öz nəzarəti altında saxlamaq. Teymur bütün savaşlarını Böyük İpək Yolu üzərində aparırdı. İstər Qızıl Ordanı yer üzündən silməsi, istər Toxtamışın arxasınca Moskvaya qədər gedib, şəhəri yandırması, istərsə də o dönəmə qədər tarixin ən böyük meydan savaşı olan Ankara savaşı Teymurun Böyük İpək Yoluna sahib olmaq istəyindən doğurdu.
Teymurun hədəfi Osmanlı torpaqları deyildi. Əmirin hədəfindəki torpaqlar daha çox Misir torpaqlarıydı. Osmanlı şimaldan Aralıq dənizinə sahib çıxmışdı, Teymur isə cənubdan Aralıq dənizinə gedən yolları əlində saxlamağa çalışırdı. Ona görə də Teymur Sultan Bəyazidin Avropaya yürüşlərinin davam etdirməsinə qarşı deyildi.
Lakin Teymurun Misir planları Osmanlı xanədanın siyasi qazancına uyğun deyildi. Bəyazid özü Misiri ələ keçirməyi düşünür və artıq müttəfiqi olmasına baxmayaraq Misir məmlük sultanlarının Anadoludakı torpaqlarını fəth edirdi. Üstəlik Teymurun Anadolu ərazilərinə yaxınlaşması, Bəyazidin ləğv etdiyi Anadolu bəyliklərini yenidən ayağa qaldırırdı. Belə bir şəraitdə Bəyazid Avropada fəthlərini davam etdirə bilməzdi. Son nəticədə Osmanlı xanədanı ana yurd olaraq bildiyi Anadolunu itirərdi. Ona görə də Bəyazidin «atam» deyə müraciət etdiyi Əmir Teymurun qəvi düşməni Qara Yusif ondan sığınacaq istədiyi zaman, sultan bu sığınacağı verməkdən imtina etmədi.
Teymur uzun illərdi ki, türkmən bəyi Qara Yusifi hər yerdə təqib etsə də, onu ələ keçirə bilmirdi. Son olaraq Qara Yusif Əmirin şəxsi ilxısını qaçırıb Azərbaycan sultanı Əhməd Cəlairiyə sığınmışdı. Teymur Təbrizi mühasirəyə alıb, şəhərdə daşı-daş üstündə qoymasa da, Qara Yusif və Əhməd Cəlairi mühasirəni yarıb qaçmağı bacarmışdılar. Qaçqınlar Sivasa gələrək Osmanlıdan sığınacaq istəmiş və bu sığınacağı da almışdılar.
Osmanlı xanədanını yenmək üçün başqa bir nədən də vardı. Uzun illərdir ucsuz-bucaqsız Asiya çöllərini atının dırnaqları ilə didik-didik edən Əmir nəhayət Böyük Türk Xaqanı adını almaq üçün Şərqə doğru, Monqolustan və Çinə səfər etməyi düşünürdü.
Teymur özünün şəxsi düşməni hesab etdiyi Qara Yusifi Bəyaziddən tələb etdi. Bundan başqa torpaqları əlindən alınmış Anadolu bəylərinin torpaqları geri verilməli və Bəyazid oğlanlarından birini Teymurun yanına girov kimi yollamalıydı.
Şərtlər həddindən artıq ağırdı və sultan təbii ki, Əmirə rədd cavabı verdi. Bu artıq ortada olan dostluq münasibətinin pozulması anlamına gəlirdi. Bəyazid Əmir Teymurun düşməninə sığınacaq verməklə, özünü Əmirin dostu deyil, düşməni olduğunu göstərmişdi.
Qarabağda qışlayan Əmir Teymur baharda beş yüz minlik ordusu ilə İraqa doğru yürüyüb Bağdadı fəth etdi. Ordan Suriyaya doğru irəliləyən fateh Səmərqənddə nəvəsi Sultan Məhəmmədə yeni qüvvələrlə Ərzincana doğru irəliləməyi əmr etdi. Sultan Məhəmməd üç yüz minlik ordu ilə Ərzincana doğru hərəkət etdi, Əmir Teymur öz ordusu ilə Suriyadan Misirə doğru yönəldi. Misiri fəth edib geri dönəndə Anadolu torpaqlarını yandırıb-yaxan Teymur Sivas önündə Sultan Məhəmmədin ordusu ilə birləşdi.
Sivasın fəth xəbərini alan Bəyazid Konstatinoplun fəthini yekunlaşdırmağı düşünürdü. Təhlükəyə hər zaman ildırım sürəti ilə reaksiya verən və doğru qərarlar verməyi bacaran Bəyazid Teymura elə də əhəmiyyət vermirdi. Sultanın iti ağlı içkinin nəticəsində korlanmışdı. Həmçinin Konstatinoplun fəthini bitirmədən Teymurla üz-üzə gəlmək istəmirdi. Bəyazid öz gücünə o qədər əmindi ki, Teymurun 800 minlik ordusunun onun torpaqlarına girməsini və onun torpaqlarının sərhədlərini davamlı olaraq fəth etməsini belə təhlükə kimi görmürdü.
Əmirin bölgədəki hərəkətlərinə həddindən artıq gec və yavaş reaksiya verən Bəyazid Teymurun onun torpaqlarını yandırması xəbərini aldıqda nəhayət onu qarşılamaq üçün yola çıxdı. 1402-ci ildə o zamanın iki ən böyük ordusu Ankara çölündə, Çubuq obasında üz-üzə dayandılar.
Tarixin ən böyük meydan savaşı
İldırım Ankara çölünə yetişəndə Teymurun ordusu dağınıq halda idi. İldırım adına uyğun hərəkət etmişdi. O, yarım milyonluq ordunu çox sürətlə hərəkət etdirmişdi, Teymur onu gözləmirdi belə. Üstəlik Teymur Bəyazidi cənub qərbdən gözləyərkən, Bəyazid şimaldan gəlmişdi.
Çubuqlu obasında məskunlaşan Teymurun böyük ordusu istirahətlə məşğuldu. Atlar otlaqlara buraxılmışdı, əsgərlər dincəlirdilər. Teymur çaşıb qalmışdı. O, Bəyazidin bu qədər sürətlə hərəkət edəcəyini gözləmirdi.
Osmanlı sərkərdələri fürsəti dəyərləndirib dərhal hücuma keçməyi istəsələr də, Bəyazid demək olar ki, tərksilah vəziyyətdə yaxaladığı Teymura hücum etməmişdi. Qürurlu Sultan «Hər şey adətlərə uyğun olacaq», deyərək ordugahını qurmuş və səhəri ova çıxmışdı.
Savaş beş gündən sonra baş verdi. 28 iyul 1402-ci ildə hardasa milyon yarım insandan ibarət iki ordu üz-üzə gəldi. Teymurun tərəfində torpaqları əlindən alınmış Anadolu bəyləri də döyüşürdü. Döyüş səhər tezdən başladı və 14 saat davam etdi.
İldırımın yeniçəriləri mərkəzdən Teymur ordusuna hücum edirdi, Teymur isə cinahlardan Bəyazidin ordusunu mühasirəyə aldı. Günortadan sonra Bəyazidin ordusunun xas birliklərindən olan, soyca çağataylara daha yaxın olan qaratararlar Bəyazidə xəyanət edərək Teymurun tərəfinə keçdilər. Artıq savaşın taleyi həll olunmuşdu. Axşam tərəfi şahzadələr Süleyman Çələbi, Məhmət Çələbi və sədrəzəm Əli paşa mühasirəni yararaq döyüş meydanını tərk elədilər.
Bəyazid ətrafındakı 20 minlik qüvvə ilə Çataltəpədə savaşmaqda davam edir, qaranlıq düşəndə mühasirəni yarmağı düşünürdü. Amma Teymur Bəyazidin sağ ələ keçirilməsi üçün çağatay ordusunu Çataltəpəyə hərəkət etdirdi. Dayanmadan vuruşan sultanın üzərinə böyük bir ağ parça atdılar və onu əsir götürdülər.
Ankara savaşı beləcə sona çatdı. Dövrün iki böyük fatehi üz-üzə gəldi və daha təcrübəli, heç bir zaman qəzəbiylə hökm verməyən Əmir Teymur bu savaşı qazandı. Savaşda Bəyazidin iki oğlu şəhid oldu. Daha iki oğlu-şahzadə Musa və Mustafa əsir alınmışdı. Əsirlərin içində Bəyazidin sevimli xatunu, serb gözəli Dəspinə xatun da vardı.
Bundan sonra Anadoluda 11 illik Fitrət dövrü başladı. Bəyazidin oğulları taxt-tac uğurunda 11 il savaşdılar və sonunda Sultan Məhmət qazandı.
Əsirliyi və ölümü
Bəyazidin əsirliyi və ölümü ilə bağlı bir çox əfsanələr dolaşmaqdadır. Bir çox tarixçilər Teymurun İldırımı çox yaxşı qarşıladığını, özüylə eyni səviyyədə tutduğunu yazırlar. Bəzi tarixçilər isə Teymurun İldırımı qəfəsdə saxladığını deyirlər. Bir neçə xristian tarixçisi Teymurun qələbə ziyafətində Dəspinə xatunun qonaqlara qulluq etdiyini və sonradan həmin ziyafətdə zorlandığını iddia edirlər. Hətta Bizans tarixçiləri bu zorlanmanın Bəyazidin gözləri qarşısında olduğunu və buna dözə bilməyən qürurlu sultanın başını qəfəsin barmaqlıqlarına çırparaq intihar etdiyini bildirirlər.
Lakin bütün bu faktlar o dönəmin müsəlman tarixçiləri tərəfindən qeyd olunmayıb və hesab etmək olar ki, xristian tarixçiləri qərəzlidirlər.
Faktdır ki, Teymur öz əsirini qəfəsə salmazdan əvvəl onu aylarla öz yanında saxlayıb və Bəyazid Teymurun düşərgəsində tam sərbəst olub. Lakin Teymurun Bəyazidi Səmərqəndə aparmaq niyyətini duyduqdan sonra sultan qaçmağa cəhd edib və yaxalanaraq qəfəsə salınıb.
Bəyazidin ölüm səbəbi ilə bağlı ciddi fikir ayrılıqları var. Güman edilir ki, azad olunacağını güman edən Bəyazid Səmərqəndə aparılacağını duyunca uğursuz qaçışından sonra, qəhrindən ölüb. Hətta 43 yaşında olan əsir sultanın zəhər içib öldüyü də iddia olunur.
Osmanlı xanədanının dördüncü sultanı Bəyazid xan 1403-cü ildə martın 8-də bu dünyadan köçüb. Bəyazidin ölümünü eşidən Teymurun çox kədərləndiyi bildirilir. O Sultanın nəşinin mumiyalanaraq oğluna verilməsini və Bursaya aparılıb orda atasının yanında dəfn olunmasını istəyir. 1404-cü ildə Bəyazidin nəşi oğlu Musa Çələbi tərəfindən Bursaya gətirilir və onun üçün inşa edilən türbədə dəfn olunur.
Bəyazidin Teymura məğlub olması Avropada əfsanəyə çevrildi, intibah dövrünün bir çox yazarları, rəssamlar və bəstəkarlar bu mövzuya müraciət etdi.
Səltənəti
Bəyazidin səltənəti 13 il sürdü. O, 13 il ərzində 19 savaşa qatıldı, və Ankara savaşından başqa bütün savaşları qazandı. Osmanlı xanədanının ən böyük sultanlarından biridir. Teymurla müharibə olmasaydı, indiki İstanbulu fəth edəcəkdi. Həddindən artıq qürurlu olması və həyatının son dönəmlərində içkiyə həddindən artıq aludəçiliyi hakimiyyətinin son dövrlərində doğru qərarlar verməsinə mane olmuşdu. Buna baxmayaraq, Bəyazid Avropanın tanıdığı ən böyük fatehlərdən biri idi.