Süleyman Rüstəm Əbülhəsəni necə aldatdı? - GİZLİ ƏDƏBİYYAT

Süleyman Rüstəm Əbülhəsəni necə aldatdı? - <span style="color:red;">GİZLİ ƏDƏBİYYAT
10 iyun 2018
# 16:30

Ülfət Kürçaylı

Böyük rus alimi D.S.Lixaçovun dediyinə görə “Millətin dünyada mövcudiyyətinin mənası onun təkrarsız mədəniyyətə malik olmasındadır”. Yəni, bənzərsiz mədəniyyəti olmayan, yaxud başqalarından heç nəyi ilə seçilməyən bir millət yaşamasa da olar. Lakin millətin özünəməxsus mədəniyyət yaratması azdır, başlıcası onun əlində olanı göz bəbəyi kimi saxlaya bilməsi və bunu gələcək nəslə və bütün dünyaya nümayiş etdirə bilmək qabiliyyətindədir. Millətin ortaya qoyduğu bütün maddi və mənəvi abidələr sırasında məşhur şəxsiyyətlərinin qoyub getdiyi əsərlərlə yanaşı, həm də onların həyatları ilə bağlı maraqlı hadisələr, müxtəlif məqamlarda söylədikləri qeyri-adi deyimlər və zarafatlardır. Bütün mədəni xalqlar belə edirlər. Beləliklə, başlayaq...

Ülfət Kürçaylı

Əbülhəsənin Moskva televiziyası ilə hansı əsərindənsə bir parça verilir. Bu vaxt özü də Moskvada imiş. Bundan xəbər tutan şair Süleyman Rüstəm bir baş yollanır SSRİ Dövlət Televiziya Komitəsinə. Gəlib deyir ki, mən Azərbaycan yazıçısı Əbülhəsənəm, gəlmişəm qonorarımı almağa. Amma pasportum yanımda deyil, unutmuşam. Süleyman Rüstəmi aparırlar komitə sədrinin yanına. Ölkənin abırlı vaxtları imiş. Sədr baxıb görür qarşısındakı ciddi bir adamdır, yaxasında da Sosialist Əməyi Qəhrəmanı ordeni. Başlayır işçiləri danlamağa ki, bəs yaxşı iş görmürsüz, əl boyda kağız istəməkdənsə, bu boyda kişiyə baxıb utanın. Sonra Süleyman Rüstəmi qucaqlayıb üzr istəyir, deyir, gəlişinizə həmişə şadıq, əziyyət çəkmisiniz, elə indi hər şeyi yoluna qoyarıq.

Xülasə, Süleyman Rüstəm öz qolunu çəkib, bir ətək pulu götürür və düz gəlir Əbülhəsənin yanına. Görüşüb öpüşdükdən sonra deyir ki, Əbülhəsən, qardaş, televiziyada hər şeyi gördüm, eşq olsun sənə, bütün Moskva səndən danışır, sən bizim fəxrimizsən. Mən bu işi belə qoya bilmərəm. Axşam filan saatda, filan restoranda qonağımsan. Təbiətcə sadəlövh və duyğusal olan Əbülhəsən lap kövrəlir, əvvəlcə razı olmur, amma Süleyman Rüstəm də əl çəkmir və axırda kişini birtəhər yola gətirir. Sevincindən əl-ayağı əsən Əbülhəsəni bir də təbrik edib bağrına basandan sonra ondan ayrılıb üz tutur SDL-ə (Mərkəzi Ədəbiyyatçılar Evi). Bu, Moskvada elə bir yer idi ki, iti azmış hər cür şairi, yazıçını burada tapmaq olardı. Dörd divarı Antokolski, Voznesenski, Yevtuşenko kimi məhşur yazıçı və şairlərin imzaları bəzəyirdi. Ucsuz-bucaqsız ölkənin hər yerindən bura gələn məşhur adamlar burda görüşür, çay, qəhvə içir, söhbət edir, vaxt keçirirdilər. Süleyman Rüstəm daxil olub İvandan, Petrovdan əlinə keçəni dəvət eləyir Əbülhəsənə dediyi restorana, özü də qabaqcadan ora gedib başlayır tədarük görməyə.

Axşam deyilən vaxtda Əbülhəsən restorana daxil olub görür otuz-qırx nəfər hazır yeyən səbrsizliklə onun yolunu gözləyir. Başda da Süleyman Rüstəm. Çoxunun üzünü ilk dəfə görür. Hərə yanında dəxli olmayan bir-iki adam da gətiribmiş. Məclis qızışır, tost-tosta calanır, verilişi görən də, görməyən də ağız dolusu danışır. Hamı bu “qeyri-adi” hadisəni sensasiya adlandırır. Araq şüşələri boşaldıqca, “Tabaka”lar didilib-gəmirildikcə vəcdə gəlmiş rus klassikləri əllərində badə valaylaya-valaylaya yaxınlaşıb Əbülhəsəni də, Süleyman Rüstəmi də o üzündən-bu üzündən öpür, tərif yağışına qərq edirlər. Qardaşlığa, dostluğa, ədəbiyyata, sənətkarlığa, ucalığa, dağa, düzə, itə, pişiyə deyilən tostların sayı-hesabı olmur. İki-üç saatlıq yeyinti-içintidən sonra hamısı “bravo” deyə-deyə, oxuya-oxuya çıxıb gedirlər. Süleyman Rüstəm işi belə görəndə durub banketin pulunu verir. Baxır ki, Əbülhəsənin qonorarından beş-on manat qalıb. Onu da basır kişinin cibinə ki, bəs, qardaş, qürbət yerdəsən, ehtiyacın-zadın olar, utanma, xərclə. Əbülhəsən kövrəlib ağlayır, qucaqlaşa-qucaqlaşa bir-birindən tutub gedirlər.

Səhəri Əbülhəsən gəlir Televiziya Komitəsinə. Dünənki adamlara yaxınlaşıb deyir, mən Əbülhəsənəm, Azərbaycandan gəlmişəm, qonorarımı istəyirəm. Əbülhəsən pasportdan tutmuş SSRİ Yazıçılar İttifaqının kitabçasına kimi cibində nəyi varsa ortalığa qoyur. Çaş-baş qalan işçilər onu da aparırlar sədrin yanına. Sədr görür budəfəki Əbülhəsən balaca, pota, bığlı, ordensiz-zadsız bir kişidi. Deyir, ayıb olsun, adam öz həmyerlisinin puluna göz dikməz. Əbülhəsən yenə cibindəkiləri çıxarıb göstərir. Sədr mat qalır, qonorar sənədini qoyur Əbülhəsənin qabağına, deyir, bəs dünən hörmətli bir adam gəlib qonorarı aldı, özü də həm deputat idi, həm də Sosialist Əməyi Qəhrəmanı. Əbülhəsən imzanı görən kimi tanıyır və dünənki vur-çatlasının səbəbini anlayır...

Bir il Süleyman Rüstəmlə küsülü qalır.

Amma xasiyyətcə çox narahat adam olan Əbülhəsən bu uzun ayrılıq müddətində özünə heç cür yer tapa bilmir. Uşaq kimi təmiz, kin-küdurətdən uzaq olduğu üçün öz qələm dostuyla barışığa bəhanə gəzir. Bunu bilən və dost-aşnası ilə zarafat etməkdən doymayan Süleyman Rüstəm bu işi də belə yarımçıq qoya bilməzdi.

Xoş bir yaz günü keçmiş Kommunist küçəsi ilə qalxan şair gəlib çatır Əbülhəsənin o vaxt yaşadığı binanın qabağına. Əlüstü göz gəzdirib görür ki, Əbülhəsənin balkonundan bir qara qoç ona baxır. Daha gözləmir, haradansa bir tanış tapıb zəng elətdirir dostuna. Özü də tapşırır ki, rus dilində danışsın. Həmin adam da telefonda çığıraraq deyir, yoldaş Ələkbərzadə, sizi Mərkəzi Komitədən narahat edirlər. Bu nə biyabırçılıqdır, səhərdən mələşmə səsindən işləyə bilmirik. Şəhərin mərkəzində də qoyun saxlayarlar?! Beş dəqiqə vaxt veririk, o qara şeyi rədd eləyin ordan!

Əbülhəsən kəkələyə-kəkələyə qoyununa qahmar çıxmaq istəyir, vallah mələyən bizim qoyun deyil, iki gündü yazığın heç səsi çıxmır. Onun sözünü kəsib deyirlər, boş-boş danışma, oturmusuz içəridə, bayırdan xəbəriniz yoxdu, şəhər dəyib bir-birinə, şikayət əlindən oturmaq olmur burda. Axırıncı dəfə xəbərdarlıq edirik.

Süleyman Rüstəm bu işi də yoluna qoyub yenə özünü çatdırır Əbülhəsən yaşayan binanın altına. Başını qaldırıb görür balkon boşdu. Başa düşür ki, qoyun məhşər ayağındadır. Gedib ağlına gələn kəslərə zəng vurur ki, bəs gözünüz aydın, axır ki, Əbülhəsənlə barışdıq. Kişi bu münasibətlə qonaqlıq verir. Tapşırdı sənə də deyim, axşam buyurarsan. Özü də hərəyə on-on beş dəqiqə fərqlə müxtəlif vaxtlar deyir. Sonra gedib evində bir-iki saat istirahət eləyir və işin hasilə yetdiyi bir vaxtda yollanır Əbülhəsəngilə. Qapı açılır... Süleyman Rüstəmi gördükdə Əbülhəsən gözlərinə inanmır. Özünə gələndə inildəyib sarılır onun boynuna. Ətrafı bürüyən və hər bir xiridarın ağlını apara bilən qovurma iyi Süleyman Rüstəmi də kövrəldir və “qardaş, neyləyim, daha dözə bilmədim” deyib içəri daxil olur.

İki köhnə dost qol-boyun olub keçirlər süfrə başına. Qoyun əzalarından hasilə gələ bilən hər cür şey yavaş-yavaş gəlir ortalığa, böyür-başındakı naz-nemətiylə bir yerdə. “Can, can” deyə-deyə o bunun sağlığına içir, bu onun, o bunun ağzına bir loxma qoyur, bu onun. Amma bu ülviyyət, bu mehribanlıq uzun çəkmir. Əbülhəsən görür hər beş-on dəqiqədən bir ağlına belə gəlmədiyi adamlar təşrif gətirir evlərinə. Əvvəlcə “əşşi, bu nə yaxşı gündü” deyib bir sevinir, amma say iyirmi-otuzu keçəndə və otaqda artıq adam əlindən tərpənmək çətinləşəndə işin nə yerdə olduğunu və kimdən keçdiyini başa düşür, qeyzlə üzünü tutur Süleyman Rüstəmə ki, əzzim-əzzim, sən də əclafsan, sənin dostların da!

Bir azdan bütün məclis küçə ilə gedə-gedə başlarına gələni müzakirə eləyir. Süleyman Rüstəmlə Əbülhəsən isə növbəti dəfə bir müddət küsülü qalmalı olurlar.

# 2139 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #