Bethovenin əlini öpdüyü dahi bəstəkar

Bethovenin əlini öpdüyü dahi bəstəkar
30 aprel 2014
# 07:30

Kulis.Az bəstəkar Jozef Haydn haqqında məqaləni təqdim edir.

Bəstəkarın uşaqlığı

O, dünyaya gəlişi ilə musiqidə yeni bir işıq yandırmış oldu. 1732-ci ilin 31 mart günündə (bəzi mənbələrdə bir aprel) dünyaya gələn Franz Cozef o günə qədər heç eşidilməmiş olan Haydn soyadını bütün dünyaya tanıtdı. Şən, zarafatcıl, dəcəllik etməyi sevən uşaq idi. Haydn ailəsinin kasıb yuvalarında sevincə həqiqətən böyük ehtiyac var idi. Kədər və ölüm Avstriyanın Rohrau şəhərindəki birmərətəbli bu daxmanın daimi qonağı idi. Haydnın atasının ilk həyat yoldaşından olan on iki uşağından altısı körpə vaxtı ölmüşdü. Atasının ikinci evliliyindən olan digər beş uşağından da heç biri yaşamadı.

Bəstəkarın yaradıcılığı

Anasıyla atasının Sepperl adını verdikləri Franz Cozef hələ kiçik yaşında olarkən qeyri-adi musiqi qabiliyyətiylə diqqət çəkmişdi. Musiqi müəllimliyi edən bir qohumunun sayəsində Haydn Rohraunun on iki mil məsafəliyində yerləşən Hainburq Katolik Kilsəsinin xoruna daxil oldu.

Altı yaşındakı xor üzvü üçün "böyük şəhər" musiqi, dəcəllik və aclıqla dolu bir yer idi. Müxtəlif dini mahnılar öyrənərək musiqi savadını artırmağa davam edən Haydnın ən böyük əyləncələrindən biri xor oxuyan zaman qarşısındakı uşaqların başındakı parikləri dartıb onları əsəbiləşdirmək idi. "Cinayət" başında yaxalanan zaman isə döyülürdü. Haydn qısa zaman içində bir-birilə yola getməyi mümkün olmayan iki qonşunu bir dam altında birləşdirməyi bacardı. Bu yola getməyən qonşular - boş mədə və qayğısız, şən ürək idi.

Bir gün Hainburq prospektlərində keçiriləcək mərasimə hazırlanan zaman şəhər barabançısı xəstələnir. Mərasim günü baraban çalanı Haydn əvəz edir. Cılız bədənli uşaq barabanın altında itirdi. Amma bu, onun baraban çalmağına mane ola bilmirdi. Baraban çox ağır və böyük olduğu üçün Haydndan daha iri və güclü-qüvvətli bir uşaq barabanı daşıyırdı. Haydn isə onun yanında gedib barabana vururdu.

Qısa müddət sonra Haydnın musiqi qabiliyyəti Vyanada Cohann Corc Ruetterin diqqətini çəkdi. Hainburqa qabiliyyətli uşaq axtarmaq üçün gələrkən baraban hekayəsini eşitmişdi. Bu vaxt o, Haydnın mahnı oxumaq qabiliyyətini də yoxladı. Aldığı nəticə onu təəccübləndi. Sadəcə səsini titrədərək mahnı oxumaması onu məyus etmişdi. Bunu Haydandan soruşan zaman isə aldığı cavab belə olur: "Müəllimimizin edə bilmədiyi işi mən necə edim?". Reutter ağıllı və sevimli uşağı Vyanaya aparır. Ona ölkənin ən böyük kilsəsinin xorunda dini mahnılar oxutdurmaq üçün lazım olanları öyrədir. Bu kilsənin xorunda çalışan uşaqların bütün ehtiyacını kilsə qarşılayırdı. Onlar da riyaziyyat, din, musiqi, yazmaq və oxumaqdan başqa heç nə ilə maraqlanmırdı. Təkcə ara-sıra Vyanada varlıların evinə konsert verməyə göndərilirdilər.

Burada isə ev sahibi ürəyiaçıq olanda uşaqlara mətbəxdə süfrədən artıq qalan yeməklər verilirdi. Kilsədə uşaqların ancaq aclıqdan ölməmələrini təmin edəcək miqdarda yemək verilirdi. Daha doğrusu Avstriyanın ən böyük kilsəsinin xorunda çalışan uşaqlar burada səfil və pərişan həyat sürürdü. Haydn on yeddi yaşında olarkən Reutter ilə arasında yaranan anlaşılmazlıq səbəbindən oranı tərk edir. Kimsəsiz idi və cibində beş qəpiyi belə yox idi. Haydna qalmaq üçün yer lazım idi.

Rohrauya dönməyi düşünürdü. Amma orada da atası gündən-günə böyüyən ailəsinin ağır yükü altında əzilirdi. Haydn Vyanada qalıb aclıqdan ölməyi seçdi. Amma yaxşı təsadüflər onu ölümdən xilas edə bildi. Köhnə yoldaşlarından tenor Spanglerlə rastlaşdı. Bu gənc adam çox kasıb olmasına baxmayaraq, Haydna evində yatacaq yer göstərdi və bir az pul qazanana qədər yemək verdi.

Haydnın özünü xilas etməsi elə də çətin olmadı. O dövrdə Vyana musiqi şəhəri idi. İş saatları sona çatanda xalq küçələrdə mahnı oxuyur, gecə yarısına qədər rəqs edirdi. Gənc və yaşlı fərq etmədən hərə əlinə bir çalğı alıb küçə-küçə gəzməyə adət etmişdi. Haydn da əlinə skripka alıb küçələrdə gəzməyə başladı. Qələbəlik yerlərə gedir, skripka çalır, beləcə cibinə bir neçə qəpik yığa bilirdi. Gənc qızlar onun çevik hərəkətlərinə, skripka çalmasına heyran idi. Qış aylarında da skripka çalaraq, varlıların məclisləri üçün rəqs parçaları bəstələyərək pul qazanırdı .

Yəqin Haydnın doğulduğu gecə uğur gətirən ulduzlardan biri göydə parlamışdı. Bu ulduz onu daima doğru yola aparırdı. Altı yaşından onun qabiliyyətini kəşf edən müəllimlə qarşılaşmışdı, səkkiz yaşında Reutterin himayəsinə girmişdi, onun sayəsində musiqi savadını artırmışdı. On yeddi yaşında Spanglerlə qarşılaşıb, onun köməyi ilə ölümdən xilas olmuşdu. İyirmi iki yaşında da Vyananın məşhur müəllimlərindən Nikolo Porpora ilə tanış oldu. O günə qədər Haydn ciddi musiqi təhsili görməmişdi. Müəllimlərinin köklü məlumatları olmadığı üçün Haydna sadəcə bildiklərini öyrətmişdi. Amma indi vəziyyət tamamilə dəyişirdi. Nikolo Porpora ona musiqi haqqında bilmədiklərinin hamısını öyrədə bilirdi. Haydnın bu ciddi müəllimdən dərs almaq üçün pul ödəməyə imkanı yox idi. Buna görə onun yanında xidmətçi kimi çalışmağa məcbur oldu. Haydn, müəlliminin paltarlarını təmizləyir, parikini darayır, hirsli zamanlarında onu sakitləşdirməyə çalışır, söyüşlərini sanki eşitmirmiş kimi hərəkət edib ondan musiqi məlumatları qapmağa çalışırdı.

Porporanın köməyilə Haydn özünə çox faydalı olacaq başqa dost qazandı. Avstriyalı zadəgan Baron Karl Cozef von Fürnberg otaq musiqisinə maraqlı idi. Gənc Haydnı da bəstəkar və skripkaçı olaraq yanında işə götürdü. Haydn onun yanında çalışan zaman on səkkiz kvartet bəstələmişdi. Bu musiqi növünü Haydn yeni kəşf etmişdi. Daha sonra da kvartetlər onun məşhur simfoniyalarının təməli olacaqdı.

Haydn yenə uğur ulduzunun köməyilə Baron von Fürbergdən Qraf Maksimilian Morzindən sonra Şahzadə Esterhazinin yanında işə başladı. Son vəzifəsi gənc bəstəkarın peşə həyatını möhkəm təməllər üzərində qurmasını təmin etmişdi. Haydn Esterhazinin sarayına gələn zaman özünü tamamilə şahzadənin əmrlərinə verməyi qəbul etmişdi. Sarayda oturacaq, şahzadənin istədiyi əsərləri bəstələyəcək, o nə vaxt əmr etsə konsert verəcək, yeməyini isə digər xidmətçilərin yanında yeyəcək. Bütün fədakarlıqların qarşılığında Haydn səssiz, sakit iş otağına qovuşmuşdu. Bəstəkar Esterhazi ailəsinin yanında otuz il qaldı. Həyatının ən parlaq, ən məhsuldar dövrünü burada keçirdi. Haydn Esterhazilərin sarayına köçəndən bir il sonra Şahzadə ölür, yerinə isə Şahzadə Nikolas keçir. Gənc Şahzadə Haydnı öz sarayına gətirir, ödənişini artırır və orkestrini inkişaf etdirməyi təmin edirdi. Orkestr üzvləri daim yanında olduğu üçün Haydn yeni bəstələdiyi əsərlərin sınağını dərhal edə bilirdi. Hansı notları çalmasının uyğun olacağını tapması da asan olurdu. Bu cür çalışmaq Haydnın çox xoşuna gəlirdi. Qısa zamanda hər cəhətdən qüsursuz əsərlər yarada bilməsini də orkestr üzvlərinin daima yanında olmasına borclu idi. Sosial vəziyyətinin pisliyini isə evliliyi kimi boyun bükərək qəbul etmiş, "taleyin işi" olaraq mənimsəmişdi. "Başqa birinin köləsi olmaq həqiqətən çox ağrılıdı, amma Tanrının istəyinə də qarşı gələ bilmərəm" deyirdi. Esterhazi ailəsinin fərdləri musiqilə məşğul olan qullarına daima çox yaxşı davranırdı. Nikolas Esterhazi Haydna dayanmadan əsər bəstələməyini əmr edirdi. "Zamanın ayağını qırmalısan" deyə məsləhət verirdi. Şahzadə Nikolas "bariton" adı verilən simli alət çalmaqda usta idi. Haydn bu alət üçün 200-ə yaxın əsər bəstələmişdi.

Estarhazi Haydnın ödənişini artırandan sonra onun sarayında xüsusi dərslər verməyinə də bir söz demirdi (Şagirdlərindən bir də gənc Bethoven idi). Haydn musiqini sevirdi, vəziyyətindən məmnun idi, ən əsası isə bütün insanları sevirdi. Orkestrində çalışanlara ata kimi davranırdı. Onlar da bəstəkara "Ata Haydn" deməyə adət etmişdi. Haydn sadə həyat yaşayırdı. Boş zamanlarında balıq tutur, gəzir, hərdənbir də ova çıxırdı. Qohumlarına, dostlarına tez-tez pul göndərir, arvadının bütün kaprizlərinə gülümsəyərək boyun əyirdi. Amma bu müddət əsər bəstələməyinə də davam edir.

Sözünü şahzadəyə simfoniyası ilə çatdırdı

Canlı və oynaqlığına baxmayaraq Haydnın bəstələdiyi əsərlərdə insanın ürəyini ağrıyla sıxan kədərli hava var idi. Qızıl qəfəsdə mahnı oxuyan bülbülün yalvarışlarını xatırladırdı onun bəstələri... Haydn səyahət etməyi çox sevdiyi halda müdiri onun Vyanaya qədər getməsinə belə icazə vermirdi. Bir dəfə Haydn şahzadədən Vyanaya getmək üçün icazə istəmiş, müdiri isə onun istəyini qəbul etməmişdi. Haydn bundan çox kədərlənir və "Vida simfoniyası"nı bəstələyir.

Qış mövsümü gəlmək üzrə idi. Orkestr üzvlərinin hamısı evləri, ailələri üçün darıxmışdı. Lakin şahzadə inadından əl çəkmir, onları sarayında bir müddət də həbs şəraitində saxlamağa qərarlı idi. O, bir axşam dostlarını konsertə dəvət edir. Konsertin son hissəsində Haydn yeni bəstələdiyi "Vida simfonayası"nı ifa edir. Dinləyicilər simfoniyanın o günə qədər dinlədikləri əsərlərə heç bənzəmədiyinin fərqinə varır. Amma onları əsərin sonunda daha böyük sürpriz gözləyirdi. Əsərin birinci hissəsi kədərli halda davam edir. Nəfəsli alətlərdən çıxan səslər dərdli insanın daxili ağrılarını xatırladırdı. Üçüncü hissədə isə baritonlar birdən coşub hirsli bir adamın ətrafındakılara üsyan etməyini xatırladan formada davam etdi. Sonra birdən-birə baritonların hamısı sakitləşdi və yenə ağır mahnı başlandı. Mahnı bitəndə musiqiçilərin hamısı baritonlarının başındakı şamı söndürüb yavaşca salondan çıxır. Sonda salonda iki skripkaçı ilə Haydn qalır. Skripkaçılar gedəndə isə Haydn yerində oturur və şahzadənin bu jesti necə qarşılayacağını maraqla gözləyirdi. Bir az sonra şahzadə simfoniyanın mənasını anladığını və sabahı gün hamısının tətilə gedə biləcəklərini deyir.

Haydn üçün Vyanaya etdiyi səfərləri cənnəti ziyarət etməkdən fərqsiz idi. Gözəl yeməklər, gözəl musiqi və yaxşı dostlar arasında keçən günlər ona yuxu kimi gəlirdi. Bəzən sarayda təklikdən, kimsəsizlikdən ürəyi sıxılırdı. Vyanadan geri dönəndə sarayın sakit havasına öyrəşə bilmir, bu həyata çox dözə bilməyəcəyini düşünürdü, lakin qısa zaman sonra bu hiss keçirdi...

Qısa müddət içində Haydn özünü sarayın səssizliyinə öyrəşdirə bildi. Yeni əsərlər bəstələməsi ona daha yaxşı təsir bağışlayırdı. Zarafatlarını belə musiqinin köməyi ilə etməyə özünü öyrəşdirmişdi. İş zamanı, məsələn, konsertlərində dinləyicilərin çoxunun yuxuya getdiklərinin fərqinə varanda onları yuxudan oyatmaq məqsədiylə "Sürpriz simfoniyası"nı (Bu simfoniya "Litavranın zərbəsi ilə" də tanınır) bəstələmişdi. Başdan sonuna qədər ağır, yuxu gətirən tempdə davam edən simfoniyanın son hissəsində birdən-birə coşğulu hissəyə keçilirdi. Bu zaman dərin yuxuya gedənlərin hamısı oyanıb, yerindən sıçrayırdı.

Bəziləri Haydn üçün "simfoniyanın atasıdır" deyirlər. Amma çoxları bunu doğru hesab etmir. Çünki 1744-ci ildə, Haydn hələ on iki yaşında olanda Parisdə simfoniya bəstələyən musiqiçilər var idi. Sonrakı il isə alman bəstəkarları bu yeni musiqi növünü mənimsəyə bilmişdi. O dövrdə simfoniya üç hissədən ibarət idi. Bir neçə il sonra isə simfoniyaya dördüncü hissə əlavə olundu. Haydn yetkinlik yaşına çatan zaman Avropanın böyük şəhərlərindəki bəstəkarlar yüzlərlə simfoniya bəstələmişdi. Haydn isə bu yeni musiqi növünü inkişaf etdirmək, daha da seviləcək formaya salmağa çalışmış və bunu bacarmışdı. Amma bəziləri düşünür ki, Haydnın min bir əziyyətlə bəstələdiyi simfoniyalar Motsart, Bethoven kimi bəstəkarların simfoniyalarının yanında sönük qalır.

Bəlkə Haydn simfoniyanın atası deyildi, amma Motsartın musiqisinin atası sayılırdı. Motsart da uşaqlıq illərində "Ata Haydn"ın musiqisinə heyran olmuş və onun izi ilə getmək istəmişdi. Daha sonra Estarhazinin sarayındakı konsertlərdə o da piano çalmış, ilk bəstələrindən bir qismini Haydna ithaf etmişdi. Haydna gəldikdə o, gənc heyranını övladı kimi sevir, onu dəstəkləyirdi. Motsartın gənc yaşda və ən məhsuldar çağında həyata gözlərini yumub kasıblar qəbiristanlığında basdırılmasına çox kədərlənmişdi. Başlanğıcda Motsart Haydnın bəstələrinin təsiri altında qaldığı halda sonradan Haydn Motsartın əsərlərindən ilham alaraq yeni əsərlər meydana gətirmişdi.

Bəstəkar həmçinin "kvartetin atası" hesab olunur. Onun 100-dən artıq kvartet, 104 simfoniya, triolar, fortepiano sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindən sayılır.

Sevdiyi qızın bacısıyla evləndi

1760-ci il Haydnın musiqi və şəxsi həyatında dönüş nöqtəsi oldu. O il Haydn həm yaxşı boss, həm də yaxşı iş tapmışdı. Bir müddətdən sonra Vyananın məşhur parik ustalarından olan Cohann Peter Kellerin gənc və gözəl qızı ilə maraqlanırdı. Amma Haydn ona evlənmə təklif edəndə qız monastıra girməyi qərarlaşdırdığını deyərək təklifdən imtina etdi. Keller bəstəkara böyük qızının onunla evlənməyi qəbul edə biləcəyini dedi. Beləcə Haydn sevdiyi qızın böyük bacısı ilə evlənmək üçün hazırlıqlara başladı. Lakin təəssüf ki, Kellerin qızı Haydnın incə ruhunu anlayacaq, onun dahiliyini təqdir edəcək xüsusiyyətlərə malik deyildi. Bu baxımdan Haydnın evlilik həyatı heç vaxt xoşbəxt olmadı. Bəstəkar ildən-ilə daha anlayışsız olan qadınla həyatını paylaşmaq məcburiyyətində qaldı.

Bəstəkarın ölümü

Haydn, hər səhər işə başlamazdan əvvəl Tanrıya o gün özünə qabiliyyət verməsi üçün dua edərdi. İşləri yaxşı gedəndə Tanrının ogünkü duanı qəbul etdiyinə, pis gedəndə isə duanı qəbul etmədiyinə inanırdı. Tanrının onu keçmişdə işlədiyi günahlara görə cəzalandırdığını düşünürdü. Ömrünü Tanrıya və Şahzadə Estarhaziyə xidmət edərək keçirirdi. Amma 28 sentyabr 1790-cı ildə Şahzadə Estarhazinin ölümündən sonra Haydn saraydakı vəzifəsini itirdi. Nə yaxşı ki, Şahzadə ona ildə beş yüz dollar məbləğində pul ödənməsini vəsiyyət etmişdi.

Haydn iki dəfə Londona getdi, Oksford Universitetində fəxri doktorluq aldı. Gənclik illərində olanda bu müvəffəqiyyət onu çox sevindirirdi, amma Haydnın artıq belə şeylərdən zövq alacaq yaşı keçmişdi. Bəstəkar 66 yaşında məşhur ingilis şairi Miltonun "İtən Cənnət" şeirindən ilhamlanaraq "Yaradılış" əsərini bəstələdi. Əsər dünyanın, günəşin, ulduzların yaradılışını izah edirdi.

Haydnın 76-cı doğum günündə dostları bəstəkara gözəl mərasim hazırlamışdı. Artıq heç yerə gedə bilməyəcək halda olan bəstəkarı təkərli arabasında oturdaraq "Yaradılış" əsərinin sədaları altında məclisə apardılar. Dinləyicilər arasında Haydnın şagirdlərindən olan Bethoven də var idi. Haydn salona girəndə dinləyicilərin hamısı ayağa qalxdı, bəstəkarı gur alqışladı. Konsertin sonunda yenə təkərli arabasında çölə çıxarılan zaman Bethoven Haydnın əlini öpdü.

Bəstəkarın uzun, sakitliklə dolu həyatı sona çatmaq üzrə idi. Amma tale onu səssiz-sədasız ölməyinə imkan vermədi. "Sürpriz simfoniyası"nın bəstəkarını sürpriz ölüm gözləyirdi. 10 May 1809-cu ildə Napoleonun orduları Vyana qapılarına gəlmişdi. Şəhər bombalanan zaman biri də Haydnın evinin yaxınlığına düşdü. Bombardmandan sonra Haydn yataq xəstəsi oldu. Üç həftə sonra hər şey bitmişdi. Bəstəkar 31 may günündə, ölüm döşəyində: "Bu bərbad döyüş mənim də sonumu gətirdi" deyərək həyata gözlərini yumdu...

# 3751 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #