Onu ilk dəfə Xristofor Kolumb içmişdi-Şokolad haqqında bilmədiklərimiz

Onu ilk dəfə Xristofor Kolumb içmişdi-<span style="color:red;">Şokolad haqqında bilmədiklərimiz
23 aprel 2014
# 07:30

Dünyanın ən sevilən şirniyyatlarından olan şokolad tropik kakao ağacının toxumlarından hazırlanır. Müasir şokoladın tərkibinə daxil olan 4 əsas komponent bunlardır; kako yağı, kakao tozu, şəkər tozu və şokoladı yumşaq edən, asan dişləyə bilmək üçün qatılan lesitin maddəsi. Ona əsas dadı və ətri kakao yağı verir.

Şokolad necə yaranıb?

Qədim tarixə malik şokolad əvvəllər soyuq içki kimi istifadə olunurdu. Bu içkini ilk dəfə Cənubi Amerikanın omellər tayfası dadıb, vətəni də buradır. Onlar şokolada "kakava" deyirdilər. Burada məskunlaşan astek tayfaları öz başçıları üçün şokolad hazırlayırdı. Onlar üyüdülmüş, toz halına salınmış kakao ağacının paxlalarına su əlavə edərək şokolad içkisi düzəldirdi. Asteklər şokolada "çikolatl" deyirdilər. Bu sözün isə mənası "turş, acı içki" deməkdir. Onlar bəzən bu içkiyə istiot və başqa ədviyyatlar da qatıb soyuq halda içirdilər. Şirin olması üçün isə ona sürtgəcdən keçirilən təzə buğda dənələri və bal əlavə edilirdi. Qədim yunanlar şokoladı "teobroma", yəni "Allahların qidası" adlandırıb.

100 kakao paxlasına 1 qul almaq olardı

Şokolad bizim eranın 600-cü ilinə qədər ilkin tərkibini saxlayıb. Onun inkişafına isə mayya tayfası təkan verib. Bütpərəstlər o vaxt şokoladın çox qiymətli içkiyə çevrilməsinə səbəb olub. Mayya hinduları Mərkəzi Amerikadakı Yukatan yarımadasında yaşayırdı. Onların zamanında kakao ağacı əkilmirdi. Yabanı şəkildə bitən kakao ağacının məhsulu kifayət qədər deyildi. Kakao paxlası isə çox baha idi. Müqayisə üçün deyək ki, 100 kakao paxlasına 1 qul almaq olardı. Beləcə mayya hinduları kakao plantasiyaları salmağa başlayır. Məhsul ildən-ilə artdıqca qiyməti də aşağı düşməyə başlayır və çoxları üçün əlçatan olur.

Şokoladı dadan ilk avropalı Xristofor Kolumb olub

XVI əsrdə ispaniyalı səyyah Xristofor Kolumb və Ernan Kortes Mərkəzi Amerikanın kəşfindən qayıtdıqda özləri ilə bir içki də gətirir. Bu içki şokolad idi. Kortes düşünür ki, şokolad ona öz vətənində yüksək mövqe qazandıra bilər. Elə düşündüyü də həqiqət olur. Kakao paxlaları və kakao istehsalı üçün nəzərdə tutulan avadanlıq dolu gəmilər İspaniya sahillərə yan alır. Ölkə üçün əsl kəşf baş verir. İspanlar bir müddət şokoladın saxlanma qaydasını sirr saxlayır. Amma bu sirri uzun müddət gizlətmək olmur. Belə ki, Mərkəzi Amerikaya səyahət edən italiyalı dəniz səyyahı Françesko Kareti orada şokoladın hazırlanma qaydasını öyrənir. İspanlardan fərqli olaraq, italiyalılar onun reseptini gizlətmir. XVII əsrdə ekzotik ərzaq sayılan kartof, qarğıdalı və qırmızı istiotla birgə şokolad da əhalinin çox xoşuna gəlir. Şokolad İspaniyadan Avropanın digər ölkələrinə çox baha qiymətə satıldığı üçün onu yalnız varlılar ala bilirdi. Amma XVII əsrin əvvəllərində qaçaqmalçılar Hollandiya bazarlarını şokoladla doldurur.

"Şokolad vaxtı" axşam saat 8-i göstərirdi

İlk şokolad zavodu 1657-ci ildə Londonda tikilib. Hətta bu şəhərdə ingilis elitasının yığıldığı "Şokolad evləri" yaranmağa başlayır. Onlardan ən məşhuru 1893-cü ildə açılan "Uaytın evi" sayılırdı.

İngiltərədə şokoladla vaxt ölçülürdü, yəni "şokolada gəlin" deyəndə "Sizi axşam saat 8-də gözləyirik" nəzərdə tutulurdu. Kakao paxlasından kakao yağının çəkilməsi ilə şokolad tarixində inqilab baş verdi. Çünki şokoladı artıq yalnız içki kimi deyil, həm də bərk halda istehsal etmək mümkün oldu. 1700-cü ildən ingilislər şokolada süd əlavə etməyə başladı. Fransaya birinci dəfə şokoladı 1615-ci ildə III Filippin qızı Anna Avstriyskaya gətirdib. Burada da çox sevilən şokoladı bazar ertəsi, çərşənbə və cümə axşamı kral sarayında verməyə başlayırlar. Kral XIV Lüdoviqin icazəsi ilə ilk şokolad mağazasını David Şa açır.

1674-cü ildə şirniyyat aləmində inqilab baş verir. Belə ki, şokolad əsasında rulet və pirojnalar hazırlanır. Astek metodu ilə hazırlanan şokolad həm çox baha, həm də əziyyətli idi. İşçilər dizi üstə oturaraq paxla ovurdular. Amma bu zaman saxta məhsullar da hazırlamaq mümkün olurdu. Badam kütləsinə bir az kakao qatılaraq şokolad adı ilə satılırdı. Dübisson 1732-ci ildə altdan isidilən hündür stol icad edir, bu da şokolad istehsalının artmasına yardımçı olur.

İsveçrə şokolad istehsalı hesabına "şokoladlar ölkəsi"nə çevrilir

İlk şokolad plitkası XIX əsrdə düzəldilib. Bu üsul İspaniyadan İtaliyaya köçən və 1819-cu ildə burada ilk şokolad mağazası açan Fransu-Lui Kaye tərəfindən tətbiq olunub. Bütün Avropada məşhurlaşan qozlu şokoladı isə 1828-ci ildə Amede Koler icad edib. İsveçrə şokolad istehsalı üzrə böyük sənayesi hesabına "şokoladlar ölkəsi"nə çevrilir. XX əsrin əvvəllərində ingiltərəli Con Mars indi də məşhur olan "Mars" şokoladını satışa buraxır. 1991-ci ildə İngiltərədə Şokolad Cəmiyyəti yaradılır. Şokolad o qədər sevilir ki, hətta onun üçün muzeylər, salonlar da yaradılır. Məsələn, Barselonadakı muzeyin kolleksiyası şəhərin görməli yerlərinin şokoladdan hazırlanan kiçik maketlərdən ibarətdir.

Almaniya apteklərində şokolad ümumi qüvvətləndirici vasitə kimi satılırdı

Bəzi məlumatlara görə, şokolad insanın əhval-ruhiyyəsini artırır. Amma onun tərkibində olan teobromin bir çox heyvanlar üçün zərərlidir (it, pişik, xüsusilə də at və tutuquşu). Teobromin adamı zəhərləmir, çünki insan orqanizmində tez həll olunur. Qeyd edək ki, XVII əsrin 70-ci illərində Almaniya apteklərində şokolad ümumi qüvvətləndirici vasitə kimi satılırdı. Müasir dövrdə də şokoladın insan sağlamlığına təsiri ilə bağlı tədqiqatlar aparılır. Bəzi tədqiqatçılar düşünür ki, şokolad immuniteti artırır. Digərləri isə onun sağlamlığa heç bir xeyir vermədiyini deyir.

Əsl şokolad necə müəyyən edilir?

Əgər mağazalarda şokolad plitkasında 25-30% kakao paxlası göstərilibsə, aşağı keyfiyyətli, 35-40% orta, 40-45% isə yaxşı göstərici sayılır. Kakao paxlalarının faizi 45-dən 60-dək olursa bu, əsl şokoladdır. Şokoladın tərkibindən kakao tozu nə qədər bol olarsa o, bir o qədər ətirli, tünd olur və bu cür şokolad daha yüksək qiymətləndirilir. Şokoladın tərkibində kakao 50%-dən artıq olduqda onu acı, 40%-dən çox olanda isə qara adlandırırlar. Südlü şokoladın tərkibində 35-40% kakao və təbii vanilin miqdarı kifayət qədər olduqda yaxşı hesab olunur. Şokoladın ağ olmasına səbəb odur ki, şokolad plitkasının əsasını kakao yağı təşkil edir, kakao yağı isə ağ rəngdə olur. Ona quru süd və şəkər tozu əlavə etdikdə isə ağ rəngli şokolad alınır. Qara şokolad da kakao yağından hazırlanır, amma ona tünd rəng verən kakao tozu əlavə edilir. Şokoladın müxtəlif növləri var. Məsələn, bittər şokolad (yəni, qara), ağ, südlü, vanilli, desert üçün, acı-şirin, adi, qənnadı plitkaları, şirin plitka, diabetik şokolad.

# 5315 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #