“Step” hansı türk sözündən yaranıb?

“Step” hansı türk sözündən yaranıb?
17 fevral 2015
# 12:56

Çərşənbələrin mifoloji kökləri

İnsan ömründə qış fəsli digər fəsillərə nisbətən problemlidi. Qışın ağırlığı, şaxtalar, qar-qaramat təbii ki, insan məişətində müəyyən çətinliklər törədir. (Bunlara geniş izah əlavə etmək olar). Amma insan daxilən, könülcə yaza, yaşıllığa, təbiətə daha çox bağlı olduğundan, bəlkə də qışın tez keçməsini daim arzulayır, günbəgün günləri sayır. Bu ağır vaxt (təqribən 3 aylıq bir dövr) müəyyən bölümlərlə bölgülənir.

Qışın ilk dövrü böyük çilə adlanır, qırx gün ömrü olur. Bu qırx günü addamaq, keçmək özü də, həm rəmzi məna ifadə edir, həm də ağırlığın böyük hissəsi keçilmiş olur. Elə çilə sözü də ağırlıq mənasındadı. Qədim türk düşüncəsində çilə çıxarmaq kimi ayin də keçirilir. Bu da ağırıığı dəf eləmədi, qışdan qurtuluş mərasimidi.

Sonra gəlir kiçik çilə. Bu, 20 günlük vaxtdı. Təqribən fevralın 20-də başa çatır. Vaxt baxımdan kiçikdi, azdı, ancaq qışın ağırlığının çoxu bu vaxta düşür. Bunun da səbəbləri çoxdu. Bu vaxtlar insan daha çox yorğun olur, zəifləyir, mal-qaranın azuqəsi azalır, çətinlik çoxalır. Odu ki, kiçik çilənin çıxmasını da günbəgün gözləyir, izləyir.

Kiçik çilədən sonra boz ay başlayır. Boz ay təqribən bir aylıq vaxtdı.

Qışdan sayılsa da amma, vaxtın üzü yazadı. Yaz isə Novruzla başlayan bir vaxtdı, tarixdi. Təbii ki, insan özünü yaza çıxarmalı, dünyanın təbiətin təzələndiyi bir vaxta yetirə bilməlidi. Bu təzə vaxta çatmaq, həm də bir murazdı. Təbii ki, boz ayın da çətinlikləri, ağırlıqları olur. Odur ki, bu ağırlıqları, çətinlikləri dəf eləyə bilmək üçün 30 günlük vaxt özü də hissələrə bölünür. Bu hissələr çərşənbələrlə sıralanır.

Çərşənbələr özü də sınaqlı günlərdi… Həm fiziki, həm təbiət hadisələri baxımından, həm də mifoloji yöndən. Hər çərşənbəni adladıqca insan özünü yaza yaxınlaşmış kimi hiss eləyir, çünki çərşənbələri adladıqca, əslində boz ayın ağırlıqlarını addamış olursan. Bu mənada çərşənbələr daha çox mifoloji və fəlsəfi mənada qəbul olunmalıdı.

Azərbaycan folklorunda çərşənbələrin sırası belə verilir: su, od, torpaq, yel. Bu sıra bir çox mətbuat səhifələrində, teleradio verilişlərində istənilən şəkildə qarışdırılır, təhrifə yol verilir. Bu ünsürlərin sıralanması dinimizin baş kitabı Quranda da öz əksini tapıb. Bu sıralanma klassik ədəbiyyatımızda, şifahi ədəbiyyatımızda da, düşüncəmizdə də ifadə olunub. Aşıq Ələsgər yaradıcılığında da bu sıralanma «Abi atəş, xaki, bad» kimi verilir. Bu sıralanma klassik yazılı ədəbiyyatımızda, aşıq yaradıcılığında sıxı-sıxı təsdiqini tapıb.

Alimlik eləyib, çəkişmələr Osmanlı demiş, söz konusu olamaz. Bu dördlük-dörd ünsür hər şeydən əvvəl dünyanın yaranma formulasıdı… Yəni, dünya bu dörd ünsür üstə bərqərardı ki, ilk oyanış məhz ilk çərşənbə üstə düşür. Bu isə mifoloji və folklor düşüncəmizlə təsbit olunur. Bu ünsürlərdən biri yoxsa, həyat yoxdu. İndi digər uzaq planetlərdə bu dörd ünsür axtarılmadadı.

Çərşənbələrə gəldikdə isə əzəl su çərşənbəsidi, yəni, suya istilik gəlir, böyük dəryalar, dənizlər dibindən isinir. Qışın lap oğlan çağında qalın buz bağlamış çayların buz qatı üstündə buğlanma, buxarlama (elə bil çay nəfəs alır) başlayır. Ətrafda isə dondurucu şaxtadı. Məhz bu gün su çərşənbəsi gününə təsadüf eləyir. Şaxta ilk olaraq dərya dibində sınar.

Sonra cəmi bir həftəyə təbiətə bir istilik gəlir, od ünsürü özün göstərir, günəş daha çox görünür. Üçüncü həftə torpaq qızır, ilk cücərtilər görünür, beləliklə, yerə nəfəs verilir: bu o deyən sözdü ki, daha əkin, səpin işini aparmaq olar, torpağa nə atılsa bitəcək. Amma bir həftə gözləməyə ehtiyac var.

Qədim türklər çölə “isitip” deyərdilər, rus dilindəki «step» sözü burdan qaynaqlanır, isitip qıpçaq ağzında ən xoş sayılan sözlərdəniydi. Nədən ki, türk özünü torpaqdan ayrı hiss eləyə bilmirdi. Torpaq isinibsə cana gəlib deməkdi. Torpağın canlanması həyat deməkdi. Əkin, səpin, biçin beləcə sıralanırdı. Sonra yaylaq həyatı başlayırdı. Bu Novruzdan sonranın işləri sırasındaydı.

Çərşənbələr el ağzında müxtəlif adlarla da adlanır. İlk su çərşənbəyə əzəl çərşənbə də deyilir, yəni – birinci, ilk.

İkinci çərşənbəyə çox bölgələrdə küllü çərşənbə, kül çərşənbəsi də deyilir. Bu da odla, od çərşənbəsiylə uyğun gəlir, belə ki, axşamdan yanan ocağın qoru kül altda səhərəcən qalır.

Üçüncü çərşənbədə torpağın oyanması özünü büruzə verir, yer buğlanır.

Dördüncü çərşənbə yel çərşənbəsi ilin-ayın axır çərşənbəsi də adlanır ki, bu da ayinlərlə, rituallarla ifadə edilir: insanlar sevinir, ağır qışdan çıxmalarını bayram eləyir, bir-birinə qonaq gedir. Çünki artıq insan yazla üzbəüzdü. Bu şadlıq, şadyanalıq Novruz bayramıyla ən yüksək səviyyədə öz ifadəsini tapır.

Bu günlər həm də olduqca sınaqlı günlərdi. Bizim mifoloji düşüncəmizə görə ilin-günün axır çərşənbə gecəsində bir anlığa axar sular dayanır, atlar kövsək vurur. İnsanlardan bu hadisəni görən olsa bütün arzuları gerçəkləşər-deyərlər.

Çərşənbələr dediyimiz kimi, yaza açılan qapılardı, bu qapılardan keçə-keçə gəlib Bayrama çıxırıq. Ta qədimlərdən Novruza Bayram deyilib. Türk düşüncəsində ən böyük Bayram Novruzdu.

Bayram yeli çardaqları yıxanda

Qar altınnan novruzgülü çıxanda…

Yel, külək, hava dünyanın düzənini dəyişir, yeni era başlayır, qış qaramat yellə, küləklə üfürülüb, sovrulub gedir. Bu yelə Novruz yeli, həm də puçur yeli də deyilir.

Hər çərşənbə maraqlı, mifoloji məna kəsb eləyən rituallarla ehtiva olunur.

İndi daha çox dörd ünsür barədə bildiklərimizi söyləyək.

Su dünyanın başlanğıcıdı. Su həyatın özüdü. Dilimizin böyük “Kitabı-Dədə Qorqud” dastanında deyildiyi kimi «Su Tanrı didarın görüb», su Tanrı üzündən axandı. Suyun yaranışıyla dünyanın əzəli başlayıb. Su çərşənbəsi günü suyun qapıları açılar, niyyətlər tutar, diləklər yetər. Əbəs deyil ki, su duaların çatdığı yerə çatar, duaların getdiyi səmtə axar. Su çərşənbəsi axşamı qızlar bulaqdan su gətirər, mərasim keçirər, suya iynə atar, gələcəklərini təyin eləməyə çalışar. Bulaqdan belə su gətirməyə «qaradinməz» deyərlər. Bu ritual dinməzcə ifadə olunar.

Mövlanə Aşıq Ələsgərin məşhur «Çərşənbə günündə, çeşmə başında» misrasıyla başlayan qoşqusu bu ritualı ifadə eləyir. Oğlan nə qədər qaş-göz eləsə də qız dillənmir, eləcə qaşını oynadıb, gözüylə gülür, özgəsinin eşqiylə «qaradinməz» suyuna gəldiyin bildirir.

Dediyimiz kimi,iİkinci çərşənbəyə od çərşənbəsi deyillər. Nədən ki, odun oyanmasıyla bəllənir. Bütün çərşənbələriniz mübarək olsun. Bu alqış da yeni yaranış üstədi. Nədən ki, ilk qədəmləri insanlıq ta əskilərdən mübarəkləyir, xoş qarşılayır, bir də ona görə ki, diləkləri tutsun, arzuları yetsin deyə. Yazımız, novruzumuz, bayramımız xeyirli gəlsin. Düşmən tapdağında qalan yurdlarımızdan düşmən ayağın kəsək, sel, su olub axıdaq, od olub şaxıyaq, yandıraq, torpaq olub ayaqları altdan qaçası olaq.

Od-varlığın başında duran dörd ünsürün ikincisidi dedik. Od –Günəşin varlığını ifadə eləyir. Od-Günəş həyatın nüvəsidi, insanın ruhunun yaşadıcısıdı, ruhun özüdü. Od olmasa tüstü çıxmaz deyiblər. Bu ifadə həyat, yaşayış formulasıdı.

Bu baxımdan dədələrimiz, babalarımız oda Tanrı kimi baxıblar. Bu böyük gələnəyi od çərşənbəsi adında yaddaşdan-yaddaşa ötürə-ötürə yaşadıblar. Odun bir adı, bir ifadəsi ocaqdı, ocaq isə evdi, eşikdi, yurddu, beşik içidi.

Odun ən böyük funksiyalarından biri qoruyuculuğudu, yuyuculuğu, təmizləyiciliyidi. Odda yuyunmaq oddan keçməkdi. Ta əski çağlardan qədim türk xaqanalıqlarında araya təşrif buyuran elçilər oddan keçirilərdi, daha doğrusu iki od arasından keçiriləndən sonra niyyətləri bilinərdi, yəni pis niyyət oddan keçə bilməzdi, iki od arasından keçmək, keçirilmək böyük mətləbiydi. «İki od arasında qalmışam» kimi deyim çox mətləbləri aşkarlayır.

Elə od üstündən atlanmaq bu çərşənbənin ən uğurlu, sınaqlı, içi olan rituallarındandı. Od adamı içən təmizlər, xəstəliklərdən, azar-bezardan artlar.

Bu səbəbdəndi ki, odla bağlı deyimlərimiz yüzlərcədi; «Odla oynamaq olmaz», «Biriniz od olanda, biriniz su olun», «Odu yağla yox, suyla söndür»

“Filankəs ağzınnan od püskürür” o deməkdi ki, canımızda, qanımızda od var, od diriliyimizdi. Sağlam insan bədəninin hərarəti 36,6 dərəcədi. Deməli insan bədənində od, hərarət əsasdı. Odlu-odlu danışmaq da odu, hərarəti ifadə eləyir. «Elə bildim başımnan od çıxdı». Adam haqsızlığa düçar olanda belə deyər.

Dilimizdə bir alagül qarğış da var:

«A başı oddu»

Od çərşənbəsini ötürmək boz ayın ikinci çətinliyindən xilas olmaqdı. Əslində çərşənbələr bayram deyil, böyük bayrama keçidlərdi.

Bayaq dedik ki, bəzi bölgələrdə od çərşənbəsinə kül çərşənbə də deyillər. Bunun da izahı günəşin hərarətinin artmasıdı. Axşamdan kül altda qalan köz səhərəcən diri qalar, sönməz, yəni. Bu da yaşayışın ən böyük artributlarındandı. Deməli od cana gəlib canlanıb.

Hər çərşənbə öz sınanmış rituallarıyla bəllənər dedik. Od çərşənbəsinin də özünə aid xüsusiyyətləri var. Bu çərşənbədə daha çox ərgən oğlanlar bəxtlərin sınayar. Su çərşənbəsi daha çox qızlarındı, deyimini qəbul eləsək, od çərşənbəsi daha çox oğlanlarındı.

Dedik ki, bu çərşənbə daha çox kül altda odun qalmağıyla bəllənər. Eldə-obada belə bir mərasim keçirilər. Od çərşənbəsi axşamı kül altda qalan qor üstə kömbə bişirilər, bu kömbəyə küllü kömbə deyirlər. Özü də həddən artıq duzla başa gələr. Bəzi bölgələrdə bu kömbə «duzluca» adlanar.

Nə başınızı ağrıdım, axşam çökəndə ərgən oğlanlar küllü kömbə yeyərlər ki, gecə yuxuda bərk susasınlar. Elə dedikləri, bildikləri kimi də olur. Gecə yuxuda hansı qızın əlindən su alıb içsələr, elə butaları da o ağgün görmüş olar.

İnsan bədəninin böyük bir hissəsi torpaqla bağlıdı. Torpaqda olan bütün minerallar insan bədəninin əsasını təşkil edir. Dəmir, mis, sink, yod, alüminium, kalsium, maqnezium, daha nələr. Qanda, canda, hüceyrələrdə bu minerallardan birinin miqdarı azalırsa xəstəliklər baş qaldırır. Hələ qədim mifoloji inanclara görə torpaq, yer ana; göylər, daha doğrusu od isə ata başlanğıcını ifadə eləyirdi.

Odu ki, yaşayışda Torpaq əsas amildi. Torpaq çərşənbəsi sıralanmada üçüncüdü. Müxtəlif bölgələrdə ayrı-ayrı adamların dilində düşüncəsində bəzən bu sıralanma yer dəyişməyə uğrayır. Qoy olsun. Bu da böyük faciə deyil. Folklorun çox variantlı olmağı da şərtlərdəndi. Amma unutmaq olmaz ki, folklor böyük elmdi, elmlə bağrı-badaşdı.

Yel çərşənbəsi sonuncu çərşənbədi dedik. Bu çərşənbə eldə-obada ilin ayın sonuncu çərşənbəsi kimi qeyd edilir, yel çərşənbəsiylə, həyat başlayır, bütöv təbiətə nəfəs verilir. Dini inancda deyildiyi kimi insana Tanrı tərəfindən “Ol” deyə nəfəs verilib.

Bütün çərşənbəmiz xeyir gətirsin, yazımız uğurlu gəlsin.

Tahir Talıblı

# 2510 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #