Kulis.az tanınmış publisist Akif Şahverdiyevin Azərbaycan Xalq Cümhuriyyəti ordusu ilə bağlı araşdırmasını təqdim edir.
1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə ordunun qurulması hökumətin diqqət mərkəzində idi. Azərbaycan xalqının taleyi qurulacaq ordudan çox asılı idi. Odur ki, məqsədə çatmaq üçün ölkənin bütün imkanları səfərbər edilmişdi. Əlbəttə, o vaxtkı ordunun yaranmasından danışarkən, AXC tarixini, həmin dövrdəki ictimai-siyasi vəziyyəti yaxşı bilməli və düzgün qiymətləndirməliyik. Bunun üçün kifayət qədər sənədlər, xatirələr, kitablar var. Sadəcə, obyektiv münasibət bəsləmək, düzgün təhlil etmək və doğru nəticə çıxarmaq lazımdır. XX əsin ikinci onilliyində ordunun yaranması və fəaliyyəti hərb tariximizdə yeni bir mərhələ idi. Qeyd edək ki, milli hərbi qüvvələrimizin yaradılması tarixi zərurət kimi meydana çıxanda hələ dövlət müstəqilliyimiz əldə edilməmişdi. Amma dövlət müstəqilliyinin elan edilməsi ərəfəsində bu, zəruri bir məsələyə çevrilmişdir. Artıq o zamanlar, yəni 1917-ci ilin əvvəllərindən məlum olmuşdu ki, çar üsul-idarəsinin sonu yaxınlaşır. Bir halda ki, çarizm devriləcək, onda imperiya daxilində olan xalqlar da öz müqəddəratını həll etməli olacaqlar. Bundan başqa, dini zəmində ayrı-seçkilik yaradılır, çar dövründə erməni və gürcülərdən fərqli olaraq azərbaycanlılar orduya xidmətə aparılmırdılar. Ona görə də istiqlal mübarizəsi aparan sələflərimiz milli tərkibli silahlı qüvvələrin yaradılmasını vacib hesab edirdilər. Bəli, milli hərbi strukturların təşkil edilməsi 1917-ci ilə təsadüf edir. Çarizmin devrilməsilə Rusiyada yaranan Müvəqqəti Hökumət Zaqafqaziyadakı idarəetmə orqanlarının fəaliyyətinə son qoydu. Sonuncu rus çarı II Nikolayın əmisi böyük knyaz Nikolay Nikolayeviç tərəfindən idarə olunan Qafqaz canişinliyi ləğv edilərək yerində Xüsusi İdarə Komitəsi yaradıldı. 1917-ci il mart ayının 9-da Müvəqqəti hökumət tərəfindən yaradılmış komitəyə Dövlət Dumasının yerli üzvləri də daxil edilmişdilər. Ölkəni xalq tərəfindən seçilən komissarlar idarə etməyə başladı. Şəhərlərdə bələdiyyə idarələri xalqın nümayəndələrinin əlinə keçmişdi. Yelizavetpolda (Gəncədə) İcraiyyə Komitəsinə X.Xasməmmədov, Lənkəranda isə A.Talışınski rəhbərlik edirdi. Fevral inqilabından sonra Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradılmışdı. Onların arasında ən nüfuzlusu olan Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi ki, o da 1917-ci il mart ayının 29-da yaradılmışdır. Bu şuranın Müvəqqəti İcraiyyə Komitəsinin tərkibində milli-azadlıq hərəkatı liderlərindən olan M.Ə.Rəsulzadə, F.Xoyski, A.Topçubaşov kimi şəxslər var idi. İcraiyyə komitəsinin sədri M.Hacınski idi. 1917-ci il aprel ayının 15-20-nə qədər Bakıda keçirilmiş Qafqaz müsəlmanlarının qurultayında da milli tərkibli hərbi strukturların təşkili ideyası irəli sürüldü və səfərbərlik imkanlarını müəyyənləşdirmək üçün müsəlmanların siyahıya alınması məqsədilə xüsusi büro yaradıldı. Həmin ilin iyul ayında Gəncə şəhərinə xidməti ezamiyyətə göndərilən polkovnik Süleyman bəy Əfəndiyev burada öz vəzifəsini yerinə yetirməklə bərabər Gəncə Müsəlman Milli Komitəsinin köməyi ilə şəhərdə hərbi kurs təşkil etdi və orada 150 nəfərə hərbi işin ilkin vərdişlərini öyrətməyə başladı. Mənbələrin verdiyi məlumata görə bu dövrdə Qafqazda rus ordusunun tərkibində 150 min erməni xidmət keçmiş, Andronik və Nazarbekov kimilərinin rəhbərliyi altında 50 minə kimi erməni könüllüsü türk ordusuna qarşı döyüşlərdə iştirak etmişdilər. 1917-ci il noyabr ayının 5-də Gəncədə Qafqaz müsəlman hərbçilərinin I qurultayı keçirildi. Dekabr ayının 5-də Tiflisdə Türkiyə ilə Rusiya arasında müharibənin dayandırılması ilə bağlı müqavilə imzalandı. İlk silah-sursatların əldə edilməsi Dekabr ayının 11-də Zaqafqaziya komissarlığı tərəfindən Müsəlman Korpusunun yaradılması barədə dekret qəbul edildi. General-leytenant Əliağa Şıxlinski korpus komandiri təyin olundu. Müsəlman Korpusunun hərbi təchizatı, demək olar ki, yox idi. Odur ki, bir çıx vasitələrdən istifadə olunaraq qismən də olsa çətinliklə silah-sursat əldə etmək mümkün oldu. Bakı milyonçularından H.Z.Tağıyev və Ş.Əsədullayevin oğlanları da Müsəlman Korpusunda xidmət etdiklərindən onların vasitəsi ilə maddi köməkliklər edilirdi. Rusiya və başqa ölkələrdə yaşayan azərbaycanlı gənclər könüllü yazıldıqları dəstələrə özləri ilə silah da gətirirdilər. Ən çox silah isə Türkiyə ərazisindən geri çəkilən rus ordusunun döyüşçülərindən alınmışdır. Məsələn, Şəmkir (Şamxor) yaxınlığında hərbi eşalonların birindən 20 ədəd top, 70 ədəd pulemyot, 15 min tüfəng müsadirə edilmişdir. “Milyutin” gəmisində İrandan qayıdan rus əsgərlərindən isə 6 ədəd pulemyot, 3 min tüfəng, 85 min patron, 10 yeşik bomba alındı.
Müsəlman Korpusunun zabitlərinin böyük əksəriyyətini ruslar təşkil edirdi. Korpusun tərkibində general Talışinski, general Mençukov, polkovnik Əmənulla Mirzə Qacar, polkovnik Hacıbəyli kimi nümunəli zabitlər xidmət edirdilər. Məhz bu zabitlərin ardıcıl təşkilatçılıq işi ilə Müsəlman Korpusu az da olsa müəyyən nəticələrə nail oldu, Azərbaycan Cümhuriyyəti Ordusunun formalaşması üçün özül rolunu oynadı. Dost müdaxiləsi Bakıda daşnak-eser və bolşevik birləşmələrinin tabeliyində olan qoşunlar Hacıqabul ətrafındakı döyüşlərdə Müsəlman Korpusunu məğlubiyyətə uğratdıqdan sonra (1918-ci ilin aprel ayında) yaranmış vəziyyətin ağırlığı milli qüvvələri çıxış yolu tapmağa vadar etdi. Artıq hamı gözünü qərbə - Türkiyəyə tərəf dikmişdi.
N.Yusifbəyli bu məsələyə münasibətini belə bildirirdi: “Yalnız Azərbaycanı deyil, bütün Zaqafqaziyanı işğal edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə qaydaya sala bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim düşmənimizlə birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və fəlakət gətirir. Vəziyyətin belə olduğu halda, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. İstiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər, mən bu məsələ haqqında birinci danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazımdır. Çox fərəhli haldır ki, bizim işlərə müdaxilə edəcək xarici qüvvə bizimlə dost və qardaş olan Türkiyədir. Bəlkə bu, bizim qonşularımızın xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur”. (Baykara Hüseyn. Azərbaycan istiqlal müharibəsi tarixindən. Bakı, 1992. səh. 231).
Azərbaycanda cərəyan edən proseslər Türkiyənin özündə də narahatlıqla izlənilirdi. Zaqafqaziyanın bütün müsəlmanlarını dərinləşməkdə olan anarxiya və bəlalardan xilas etmək üçün hələ 1918-ci ilin fevral ayında Türkiyənin Hərbiyyə naziri Ənvər Paşa 6-cı ordu komandanlığına “Dağıstan, Türküstan və Rusiyaya bağlı islam məmləkətlərinin möhtac olduğu yardımı yaxından yapmaq, yardım və təşkilatı idarə etmək” üzrə bir Qafqaz İslam Ordusu qurulması fikrini irəli sürmüş və fikrin həyata keçirilməsi üçün qardaşı Nuru bəylə Şövkət bəyin bölgəyə göndərilməsini məqsədəuyğun bilmişdi (Teşkıran Cemalettin.Geçmişten günümüze Karabağ meselesi.Ankara,1995. s.101). Ancaq Zaqafqaziyada təkcə daxili siyasi qüvvələr deyil, bu bölgədə marağı olan beynəlxalq qüvvələr qarşı-qarşıya gəlmişdilər. Hətta I Dünya müharibəsində müttəfiq cəbhədə çıxış edən Almaniya ilə Türkiyə də Zaqafqaziyaya münasibətdə eyni mövqedə dayanmırdılar. Öz maraqlarının həyata keçirilməsi naminə Almaniya Türkiyənin Azərbaycana hərbi yardım göstərməsinə, Bakının azad edilməsində iştirakına heç də birmənalı yanaşmırdı.
Əslində, buradakı maraqlarına görə bu iki dövlət qarşı-qarşıya gəlməli olmuşdu (Erdağ(Akgül) Nilgün.Milli mücadile döneminde Kafkaz cümhuriyyetleri ile ilişkiler (1917- 1921).Ankara,1994. s.36). Azərbaycana hər hansı bir hərbi yardımın göndərilməsi üçün Türkiyə ona qarşı yönəldilmiş olan xarici təzyiqlərin də müqavimətini qırmalı idi. Almaniya tərəfindən mövcud olan belə bir təzyiq və narahatlığa son qoymaq və eyni zamanda Azərbaycanda gözlənilən köməyi həyata keçirmək üçün məsələnin başqa ölkələrdə qıcıq doğurmayacaq həlli yolu elan edildi. Bildirildi ki, Azərbaycanda türk hərbi mütəxəssislərinin və Azərbaycan könüllülərinin iştirakı ilə “İslam Ordusu” yaradılacaqdır (Erdağ(Akgül) Nilgün.Milli mücadile döneminde Kafkaz cümhuriyyetleri ile ilişkiler (1917- 1921). Ankara,1994. s.39). Nuru Paşa bu ordunun komandanı təyin edilməklə ona tapşırılmışdı ki, Azərbaycanın ordusunu yaratsın və bu ordu vasitəsilə Bakı şəhərinin bolşeviklərdən təmizlənməsini təmin etsin . Nuru Paşa 1918-ci il fevral ayının sonunda təyyarə ilə Mosula gəldi. Mart ayının 25-də isə Azərbaycana göndərilmək üçün müəyyənləşdirilmiş 20-dək türk zabiti Mosula gəlib özlərini Nuru Paşaya təqdim etdilər. Aprel ayının 8-də bu heyət Mosuldan hərəkət edib Rəvandüz, Savucbulaq, Təbriz yolu ilə Zəngəzura, oradan da Gəncəyə gəldi. May ayının 25-də Gəncəyə çatan Nuru Paşa burada öz qərargahını yaratdı (Birinci Dünya Harbinda Türk Harbi Kafkaz cebhesi.3- cü ordu harekatı.Cild II, Ankara, 1993. s.553). Gəncəyə yetişən kimi Nuru Paşa dərhal Müsəlman Korpusunun vəziyyəti, onun tərkibi, şəxsi heyətlə komplektləşdirilməsi səviyyəsi, hissələrin dislokasiyası ilə tanış oldu. Həmin tanışlıqdan sonra o belə bir qənaətə gəldi ki, bu qüvvə ilə Bakının bolşeviklərdən təmizlənməsi qeyri-mümkündür və bu barədə o, öz fikirlərini Türkiyə qoşunlarının Baş komandanlığına da çatdırdı. Məhz belə bir mürəkkəb vəziyyətdə Azərbaycan xalqının həyatında tarixi bir hadisə baş verdi.
1918-ci il may ayının 28-də fəaliyyətini dayandırmış Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasının üzvlərindən təşkil edilmiş Milli Şura Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Hərbi böhran isə dərinləşməkdə davam edirdi. Ona görə də belə bir vaxtda Hərbi Nazirliyin formalaşdırılmasına xeyli vaxt və vəsait ayrılması məqsədəuyğun bilinmirdi. O biri tərəfdən isə dövlət müstəqilliyi elan ediləndən sonra 1918-ci il iyun ayının 4-də Batumda Azərbaycanla Türkiyə arasında dostluq müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə əsasən, Azərbaycan hökuməti Nuru Paşadan xahiş etdi ki, Azərbaycan Ordusunun təşkilində rəhbərliyi öz üzərinə götürsün (Mərkəzi Dölət Arxvi, F.2918 siy.I, iş 1, v.45). Müstəqil Azərbaycanın həyatında mühüm əhəmiyyətə malik olan bu müqavilə Azərbaycana türk hərbi qoşun hissələrinin göndərilməsinin mümkünlüyünü də nəzərdə tuturdu. Nuru Paşa Müsəlman Korpusunun vəziyyəti ilə tanışlıqdan sonra Türkiyə qoşunlarının Baş komandanlığına göndərdiyi məktubunda bildirmişdi ki, türk qoşun hissləri Azərbaycana gəlməsə, burada genişlənən bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaqdır. İyun ayının 4-də imzalanan müqavilədən sonra Türkiyənin Şərq Ordular Qrupu komandanı Vəhib Paşa Nuru Paşanın Qafqaz İslam Ordusunu gücləndirmək haqqında təkliflərini həyata keçirmək üçün hüquqi imkan əldə etdi və 5-ci diviziyaya Azərbaycana yola düşmək barədə göstəriş verildi.
Həmin vaxt 5-ci diviziyanın tərkibinə 9-cu, 10-cu və 13-cü Qafqaz piyada alayları, 2-ci süvari alayı, iki diviziondan ibarət olan bir topçu alayı, istehkam, rabitə, tibb hissələri və səyyar hospital daxil idi. (Birinci Dünya Harbinda Türk Harbi Kafkaz cebhesi.3- cü ordu harekatı.Cild II, Ankara, 1993. S.555-556). Diviziyanın komandiri general Mürsəl Paşa idi. Azərbaycana getmək göstərişi alan kimi diviziyanın hissələri dərhal hərəkətə başladılar. Diviziyanın hissələrinin hərəkətinin mühafizəsini təşkil etmək və Gürcüstan ərazisindən alman qoşunlarının ehtimal oluna biləcək hücumunun qarşısını almaq üçün iyun ayının 6-da mayor Zehni bəyin komandanlığı altında olan 2-ci süvari alayı Qazax və Gəncə arasında mövqe tutdu. Ondan sonra mayor Cəmil Cahid bəyin komandanlığı altında olan 9-cu Qafqaz alayı Azərbaycan ərazisinə daxil oldu. İki tabor, bir pulemyot bölüyü və iki dağ topundan ibarət olan bu alay iyunun 4-də Cəlaloğludan hərəkət edərək, iyunun 7-də Qazaxa, 9-da isə Gəncəyə çatdı (Birinci Dünya Harbinda Türk Harbi Kafkaz cebhesi.3- cü ordu harekatı.Cild II, Ankara, 1993. s.556).
Bəzi türk mənbələrində 5-ci diviziyanın şəxsi heyətinin sayı 6 min, Azərbaycan hissələrinin şəxsi heyətinin sayı 10-12 min göstərilir (Erdağ(Akgül) Nilgün.Milli mücadile döneminde Kafkaz cümhuriyyetleri ile ilişkiler (1917- 1921). Ankara,1994. s.40). Ancaq yuxarıdakı rəqəmlərin cəmlənməsi və 9-cu alayla 2-ci süvari alayının əlavə edilməsi 5-ci diviziyanın sayının 7 mindən az olmadığını güman etməyə əsas verir. Ordumuzun rəsmən elan olunması 1918-ci il iyun ayının 26-da hökumətin qərarı ilə Müsəlman Korpusu “Xüsusi Azərbaycan Korpusu” adlandırıldı (Mərkəzi Dövlət Arxivi,F 2894 siy 1, iş 12,v.12). Hökumətin həmin tarixli başqa bir qərarı ilə isə Xüsusi Azərbaycan Korpusunun qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya rəisi səlahiyyətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi ( Mərkəzi Dövlət Arxivi,F 2894 siy 1, iş 12,v.13). Türkiyədən gələn qoşun birləşmələri və hissələri də təşkilati baxımdan Xüsusi Azərbaycan Korpusunun tərkibinə daxil idi. Bu məsələ korpus komandiri Ə.Şıxlinskinin əmrində də təsbit olunmuşdur. Korpus komandirinin 27 iyun 1918-ci il tarixli, 189 saylı əmrində göstərilir ki, 5-ci türk diviziyası 3-cü nişançı diviziya adı altında Xüsusi Azərbaycan Korpusunun tərkibinə daxil edilmişdir (Mərkəzi Dövlət Arxivi,F 2918 siy 1, iş 1, s.45).
Azərbaycan Korpusunun tərkibində məlumdur ki, əvvəldən iki diviziya var idi. Struktur dəyişikliyindən sonra 5-ci türk diviziyası bu korpusun 3-cü diviziyasına çevrildi. Bütün qoşunlara komandanlığı isə Nuru Paşanın rəhbərliyi altında olan Qafqaz İslam Ordusunun qərargahı edirdi. Bütünlükdə Müsəlman Korpusunun qüvvələri ilə türk qoşun hissələri üç dəstədə qruplaşdırıldılar. Əsas dəstə Bakı-Tiflis dəmir yolu boyunca hərəkət etməli idi. Bir dəstə Şimalda, Göyçay-Şamaxı və Bakı xətti boyunca döyüş aparmaq, bir dəstə isə cənuba Muğana doğru irəliləmək vəzifəsi almışdı (Tokarjevskiy E.A. İz istorii inostrannoy intervendsii i qrajdanskoy voynı v Azerbaydjane. Baku, 1957 s. 110). Döyüş yolu iyun ayının 18-də Müsüslü yaxınlığında da Türk-Azərbaycan və bolşevik qoşunları arasında döyüş baş verdi.
Qafqaz Qırmızı Ordusu 21-ci taborunun 2 bölüyü döyüş tapşırığını yerinə yetirərkən Türk-Azərbaycan döyüşçüləri ilə qarşı-qarşıya gəldilər. Bolşevik qoşunlarının döyüşçüləri heç bir müqavimət göstərə bilməyərək öz mövqelərini tərk etmək məcburiyyətində qaldılar. Qaraməryəm ətrafındakı uğursuz döyüşün nəticələri Qafqaz İslam Ordusunun komandanlığı tərəfindən ciddi təhlil olundu, vəziyyətin düzəldilməsi üçün yollar arandı, hissələrin idarə edilməsini gücləndirmək üçün iyun ayının 20-də 5-ci diviziyanın bütün qərargahı Göyçaya köçürüldü. Son döyüşdəki uğursuzluqdan sonra şəxsi heyət arasında əhval-ruhiyyənin aşağı olması ilə bərabər sursat çatışmazlığı da hiss olunmaqda idi (Birinci Dünya Harbinda Türk Harbi Kafkaz cebhesi.3- cü ordu harekatı.Cild II, Ankara, 1993. s.559). İyun ayının 21-də 5-ci diviziyanın komandiri, Nuru Paşanın adına yazdığı raportda növbəti döyüşə hazırlaşmaq üçün ən əvvəl məhz sursat və mərmi ehtiyaclarının ödənilməsinin zəruriliyini bildirdi. Həmin raportla tanış olduqdan sonra Nuru Paşa 5-ci diviziyanın komandirinə aşağıdakı məzmunda əmr göndərdi: “Bütün ümid 5-ci Qafqaz diviziyasının bolşevik qüvvələrini məğlub etməsindədir. Zaman daha artıq gözləməyə müsaid deyil. Geridən təzə qüvvə gələcəyinə dair bir işarə də yoxdur. Diviziyanın geridə qalan qüvvələri 1918-ci il iyunun 23-24-də toplanış məntəqəsinə yetişə biləcəkdir. İyunun 26-na qədər toplanan könüllülər də diviziyaya göndəriləcəklər. 1918-ci il iyunun 27 və ya 28-də hücum edilə bilər. Buna görə də hazırlıq görülməlidir” (Birinci Dünya Harbinda Türk Harbi Kafkaz cebhesi.3- cü ordu harekatı.Cild II, Ankara, 1993. S.555-556). Beləliklə, Göyçay və Qaraməryəm ətrafında iyunun 27-30 arasında davam edən döyüşlər Qafqaz Qırmızı Ordusu hissələrinin məğlubiyyəti ilə başa çatdı və bu hissələr Ağsuya tərəf sıxışdırıldı. Beləliklə, Göyçay-Qaraməryəm döyüşündən sonra hər iki tərəf növbəti döyüşlərə ciddi hazırlıq görmüşdü. Türk-Azərbaycan qoşunları Müsüslünün şərqi və Ağsu-Qaraməryəm xətti boyunca mövqe tutmuşdular. Qafqaz İslam Ordusunun komandanlığı yaxın vaxtlarda Şamaxının azad edilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoymuşdu. Bu məntəqəyə Bakının üzərinə hərəkət etmək üçün əsas dayaq məntəqəsi kimi baxılırdı. Ancaq Şamaxıya çatmazdan qabaq İslam Ordusu komandanlığı Kürdəmir-Ağsu xəttinə çıxmağı planlaşdırırdı. Kür çayının mənsəbi bolşevik qüvvələrindən azad edildi. Bolşevik hərbi gəmilərinin Kür çayı ilə yuxarıya doğru irəliləməsinin qarşısının alınması üçün onun mənsəbində bir neçə gəmi və barj batırıldı. Əlavə olaraq Bankədə 2 pulemyot və bir topla təchiz edilmiş bir bölük piyada saxlanıldı. Bolşevik qüvvələrindən 4 pulemyot, 63 tüfəng, 100 sandıq patron, mərmi və digər ləvazimat hərbi qənimət kimi ələ keçirildi .
Türk-Azərbaycan qoşunlarının uğurları genişləndikcə Qırmızı Ordu hissələrinin məğlubiyyətini bolşevik liderləri müxtəlif səbəblərlə, o cümlədən daşnakların satqınlığı və müqavimət göstərmədən vaxtından qabaq geri çəkilməsi ilə bağlayırdılar. Salyan-Bankə ətrafındakı döyüşlərin nəticələri bu amillə bağlandığı kimi, Şamaxı ətrafındakı böyük məğlubiyyət də daşnak qüvvələrinin etibarsızlığı ilə əlaqələndirildi. Əslində isə, Azərbaycanın bolşevik-daşnak qüvvələrindən təmizlənməsində çox böyük əhəmiyyəti olan bu uğurun qazanılması Şərq cəbhəsi komandanlığının həyata keçirdiyi əsaslandırılmış hücumun məntiqi nəticəsi idi. Avqustun 1-də Şimal qrupu Bakı üzərinə hücumu davam etdirdi. Onun zərbə qüvvəsi dəmir yolu boyunca hündürlüklərdə mövqe tutmuş döyüşən Qırmızı Ordu bölmələrinə qarşı istiqamətlənmişdi. Gərgin döyüşün gedişində Şimal qrupu saat 14.30-da Qurd qapısındakı ən yüksək hündürlüyü ələ keçirdi. Avqustun 1-də axşam Türk-Azərbaycan qoşun hissələri aşağıdakı xətt üzrə mövqe tutmuşdular. Cənub qrupu Ələtdə idi. 13-cü və 10-cu Qafqaz türk alayları Qurd qapısı dağı və Hacıhəsən kəndi xəttində yerləşmişdilər. 60-cı piyada taboru Xırdalan yaxınlığında, 38-ci piyada alayının 1-ci taboru ilə 2-ci türk süvari alayı bir səhra topu taqımı ilə Sumqayıt stansiyasında, cəbhənin ehtiyatını təşkil edən 38-ci piyada alayının 2-ci taboru ilə Azərbaycan Korpusunun Ləzgi süvari alayı Güzdəkdə dayanmışdılar. Avqustun 2-də Şimal qrupunun bütün hissə və bölmələrinə Bakı üzərinə hücumu davam etdirmək, Cənub qrupuna isə Heybət stansiyasına gəlib çatmaq tapşırığı verilmişdi.(Mehman Süleymanov. Azərbaycan Ordusu (1918- 1920), Bakı, “Hərbi nəşriyyat”, 1998.s.118).
Avqustun 5-də saat 4.25-də Bakı şəhəri üzərinə növbəti hücum başlandı. Böyük sürət və qızğınlıqla genişlənən döyüşün ilk anları Türk-Azərbaycan qoşunları üçün uğurlu oldu. Güclü zərbəyə davam gətirə bilməyən “Sentrokaspi” qüvvələri geri çəkildi. Tezliklə Bayıl ələ keçirildi və birləşmiş qoşunlar həm Bibiheybətə, həm də Qurd qapısından şəhərə doğru xeyli irəlilədilər.
Almanlar Bakı neftinə yol tapmaq üçün Rusiyanın bolşevik hökuməti ilə də gizli danışıqlar aparırdı. Həmin danışıqların nəticəsi kimi 1918-ci il avqust ayının 27-də Almaniya ilə Sovet Rusiyası arasında Brest müqaviləsinə əlavə saziş imzalandı. Sazişdə tərəflərin Bakıya və Bakı neftinə olan qarşılıqlı razılaşmaları da öz əksini tapmışdı. Bununla bağlı 14-cü maddədə deyilirdi: “Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı üçüncü bir dövlətə heç bir yardım göstərməyəcəkdir. O, təsir göstərəcəkdir ki, Qafqazda üçüncü dövlətin hərbi qüvvələri Kür çayının mənsəbindən Petropavlovsk kəndinə qədər, Şamaxı qəzasının sərhədləri boyunca Əyrioba kəndinə qədər, Bakı, Şamaxı və Quba qəzaları sərhədləri boyunca Bakı qəzasının şimal sərhədlərində dənizə qədər olan ərazilərə keçməsin. Rusiya Bakı vilayətində neft çıxarılması və istehsalını bütün imkanları daxilində artıracaqdır, hər ay çıxarılan neftin dörddə bir hissəsini, lakin yaxın vaxtlarda razılaşdırılacaq müəyyən miqdardan az olmamaq şərtilə Almaniyaya verəcəkdir” (Həsənov. C. Azərbaycan beynəlxalq münasibətlər sistemində,1918- 1920, s.119). Avqust ayının 26-da saat 16-da imzalanan əmrdə göstərilirdi ki, Türk-Azərbaycan qoşunları artıq Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndlərini tutmuşlar. Fatmayı kəndində topçu batareyası yerləşdirilmişdi. Maştağa kəndində, Hökməli kəndində, habelə Şabandağ yüksəkliyindəki mövqelər möhkəmləndirilirdi. Bakı şəhəri üzərinə hücum sentyabrın 13-dən 14-nə keçən gecə saat 01.00-da başladı. 5-ci Qafqaz diviziyasının 9-cu Qafqaz alayı Bakı-Şubanı yolunun cənubundan, 56-cı piyada alayı isə bu yolun şimalından şəhərə doğru hərəkət etmək əmri aldı. Saat 03.30-da düşmənin ilk mövqeləri artıq ələ keçirilmişdi.
Qafqaz İslam Ordusunun komandanlığı qərarlaşdırmışdı ki, sentyabrın 15-də Bakı şəhərinə hücum artilleriya hazırlığı ilə davam etdirilsin. Bundan sonra 5-ci Qafqaz diviziyası sol qanadı Ermənikənddən keçmək şərti ilə şəhərə daxil olub onun qərb hissəsini ingilis-erməni silahlılarından təmizləməli idi. Şəhər tutulandan sonra orada qayda-qanunun yaradılması üçün bir piyada alayı və iki dağ top batareyası saxlanılmalı, diviziyanın qalan hissələri isə geri çəkilərək Xırdalan ətrafında toplanmalı idi. 15-ci piyada diviziyası isə sağ cinahı Ermənikənddən keçməklə şimal və şimal-şərq istiqamətindən hərəkət edib Qara şəhəri ələ keçirməli və qayda-qanunun bərpası üçün burada bir piyada alayı və bir dağ top batareyası saxlamalı idi. Qalan qüvvələr Bakının kənarında cəmləşdirilməli idi. Sentyabrın 15-də gündüz Bakıda İran, Amerika, İsveç, Danimarka konsullarının vasitəsilə şəhərin hakimiyyət orqanları və 5-ci Qafqaz diviziyasının komandanlığı arasında danışıqlar aparıldı və şəhər orqanlarının nümayəndələri qarşısında qeyd-şərtsiz Bakını təslim etmək tələbi qoyuldu (Yüseer Nazir. Birinci Dünya Savaşında osmanlı ordusunun Azerbaycan və Dağıstan harekati.Ankara,1996. s.121). Qan bahasına çalınmış qələbə “Azərbaycan” qəzeti özünün 15 sentyabr 1919-cu il tarixli baş məqaləsində Bakı şəhərinin bir il əvvəl azad edilməsi ilə bağlı belə yazırdı: “Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasını müstəqilliyin, həqiqətən, əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik. Bu gün bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyi əleyhinə deyil, həm də Zaqafqaziyanın türk xalqlarının fiziki mövcudluğuna qarşı yönəldilmiş xətərnak təhlükənin ləğv edildiyi gündür” (“Azərbaycan” qəzeti, 15.09.1919). Sentyabrın 16-da səhər Bakı ətrafında 5-ci Qafqaz diviziyasının və 15-ci piyada diviziyasının rəsmi-keçidi oldu. Rəsmi keçidi qəbul edən Şərq ordular qrupunun komandanı Xəlil Paşa türk döyüşçülərinə Bakı şəhərinin bolşevik-eser-daşnak əsarətindən xilas edilməsi üçün göstərdikləri şücaətə görə öz minnətdarlığını bildirdi . Azərbaycan xalqının imdadına yetmiş olan türk qoşunlarının qətiyyətli mübarizəsi, vəzifə borclarına sədaqətlə yanaşması nəticəsində Bakı şəhəri işğaldan azad edildi. Şəhər əhalisi türk qoşunlarının fədakar mübarizəsini sevinc və ruh yüksəkliyi ilə qarşıladı, Azərbaycan azadlığı, Bakı şəhərinin işğaldan qurtulması yolunda şəhid olmuş türk əsgərlərini və zabitlərini böyük ehtiramla yad etdi. Onların öz canlarını qardaş xalqın yolunda fəda etmələri azərbaycanlıların minnətdarlıqla andığı tarixi xatirədir. Təkcə Bakı şəhərinin azad edilməsi zamanı türk hərbçilərindən 800-1000 nəfər şəhid olmuşdu. Avqust ayı ərzində 1130 türk hərbçisi şəhid olmuşdu ki, onlardan 30 nəfəri zabit idi.
Akif Şahverdiyev