Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür. Kulis bu münasibətlə yazıçının qızı Yaqut Sabirqızının “Ziyarət” yazısını təqdim edir.
Maşın mikrorayondan tərpənib şəhərin şimalına doğru istiqamət götürdü. Sürücü təzə-təzə sükan arxasına keçən gənc bir oğlan idi. Yollara yaxşı bələd deyildi. Yanında atası, arxa oturacaqda anası və qardaşı oturmuşdular. Təzə deyəndə altı-yeddi ay idi ki, almışdılar maşını. Gənc oğlan sürətli maşın istəyirdi – “Opel”, “Mersedes”. Onların qiyməti baha idi. Ata onu əvvəlcədən başa salmışdı: “Oğlum, əgər alsaq bu sənin və bizim ailənin birinci maşını olacaq. Mən sürət yığan maşını alıb sənə verə bilmərəm. Özü də ikinci əldən. Onu elə gətirib evin qabağına qoyandan sonra səhərisi görəcəksən ki, orası çatışmır, burası çatışmır. Mənim o qədər vaxtım, imkanım, əsəbim yoxdur ki, maşın emalatxanalarında sərf eləyim. Ona görə də hər şeyin təzəsi. Mən gözümü açandan atamın maşını olub. İki-üç il sürüb. Elə ki, bir yeri nasazlayıb, tez düzəltdirib satıb, təzəsini alıb”. Gənc oğlan çar-naçaq verilən öyüd-nəsihətə qulaq asıb razılaşmalı oldu. Və onlar “KİA” maşın mağazasından “KİA picanto” markalı avtomobil aldılar. İndi həmin maşınla şəhərin şimal çıxışına doğru şütüyürdülər. Gəlin izləyək, görək onların yolu harayadır?
Şəhərin şimal çıxışı, Bakı-Sumqayıt yolunun üstündə bir Binəqədi kəndi yerləşir. Onlar həmin kəndin yoluna burulmalı idilər. Vaxtilə bu yolla Novxanı bağlarına, çimərliyinə çox getmişdilər. O zaman buralar çöl-biyabanlıq idi. İndi yol boyu və eni bir qarış tikilməmiş, boş yer qalmamışdı. İnsanlar bu çöldə öz abad, axarlı-baxarlı kəndlərində, rayonlarında tapmadıqları xoşbəxtliyi tapmışdılar. Yenə də söhbət gəlib sosial məsələyə dirəndi...
Bir neçə il əvvəl sahibsiz heyvanlar dolanan bu yiyəsiz düzənliklərdə indi evlər ucaldılmış, qızıla bərabər qiymətə minmişdi.
Amma yolçuların yolu nə Binəqədi kəndinə, nə də Novxanı bağlarındakı çimərliyə idi. Onların yolu Binəqədi məzarlığına idi.
Bir-neçə ay bundan əvvəl maşının arxa oturacağında oturan qadının atası rəhmətə getmişdi. Hərçənd qəzetlər uzun sürən xəstəlik yazmışdılar, amma ata ayaq üstə idi. Axır zamanlar küskün gəzirdi. Öz sevdiyi guşəsi olan iş otağına getmirdi. Həmişə deyirdi ki, məni yazmaq saxlayır. Axırıncı əsərlərində də dünyadan getmiş dost-tanış xatırlanır, onlarla görüşmək, söhbətləşmək arzusu ilə əlləşirdi. Özünə də “uyuq” adı vermişdi. Qızı bütün bunları duyur, onu, atasını narahat edən arzular, istəklər, nisgilləri hiss edirdi. Əvvəllər, atasıgilə gedəndə qapı açılır, ata divanda, ya kresloda otursa da, dərhal onları qarşılamağa çıxır, nəvələrinin və qızının hər gəlişini böyük sevinclə qarşılayır, gözləri yaşarırdı. Axır bir ayda isə ata mətbəxdə yemək stolunun arxasında oturub mətbəxin pəncərəsindən sanki çöldə qaynayan, həyat timsalı olan şütüyən maşınlara baxır, o şütüyən həyatdan özünü kənarda, təcrid olunmuş hiss edirdi. Bu pəncərə onun üçün var ilə yox arasındakı axırıncı halqa idi. Gələnlərlə laqeyd salamlaşıb çəkilirdi yataq otağına. Bəli, bu sonun başlanğıcı idi. Qızı belə fikirləşirdi. Amma bu sonun belə tez gələcəyini heç ağlına da gətirmirdi. O, atasının möhkəm iradəsinə inanırdı. Əgər o istəməsə ölümə də təslim olmayacaq. Ancaq özü istəsə bu dünyadan çıxıb gedəcəkdi.
Maşın Binəqədiyə döndü. Arxa oturacaqda oturan ananın, dünyasını dəyişən kişinin qızının fikirlərində isə uşaqlığı, ağlı kəsəndən atasının ona aldığı ilk arxası açıq ayaqqabıdan tutmuş, ta yetkinlik çağına və axır gününə qədər ona göstərdiyi qayğıları, sonra atanın cavanlığı, orta yaşları və yaşlı vaxtları canlanırdı. Bu qədər güclü, əqidəli, haqqı-ədaləti qiymətləndirən bir insanın bu dünyanın haqsızlıqlarından, pisliklərindən, namərdliyindən bezib, bu dünyadan əlini üzüb getməsi gerçək bir həqiqət idi. Eynilə qəhrəmanları kimi. Doğrudan da böyük bir tragikomediya yaşayan bu yer kürəsinin ciddi bir əsər yaratmayacağını bilib, əlini bu dünyadan üzüb getdi.
Maşının ön oturacağında oturan ata yolu gənc sürücüyə göstərirdi: “Qabaqda ehtiyatlı ol, avtobusu keçəndən sonra sola, düz, sola, indi düz”. Hə, gəlib, indi onlar üçün çox qərib olan məzarlığa çıxdılar. Binəqədi məzarlığı yaşayış yeri ilə qaynayıb-qarışmışdı. Bir yanda qəbiristanlıq, ortada çox dar maşın yolu, o biri yanda da yenicə tikilmiş yurdlar, evlər.
Arxa oturacaqdakı qadın uşaqlıqda qəbiristanlığa getməsini xatırladı. Onların əvvəllər şəhər qəbiristanlığında dəfn olunanları yox idi. Şəhərdə ölənləri də rayona aparırdılar. Hər yay rayona tətilə gedəndə nənə, baba məzarını ziyarət etmək üçün onlar Qalalı qəbiristanlığına çatana qədər istidə piyada, üzücü yol gedirdilər. Əmisi uşaqları, valideynlər və şəhərdən gələnlər... Rayon evləri qurtarırdı. Günün altında dikə çıxmaq, üzüntüdən canı boğazına gələn, qorxusundan cıqqırığın çıxartmayan balaca qız bu ziyarətin nə vaxt bitəcəyini gözləyir, burdan qayıdıb rayondakı rəfiqələri ilə necə oynayacağı barədə düşünürdü. Qəbir üstündə yaşlılardan betər ağlayan, vay-şivən qoparan əmisi uşaqlarına təəccüblə baxır, yalnız baş daşlarındakı şəkillərdə qoca baba və nənəni görəndə onların doğrudan da bu torpağın altında olduqlarına inanırdı. Şəhərə qayıdanda isə elə bilirdi ki, nənə ilə baba da evlərinə qayıdıblar.
İnsanlar həmişə qəbiristanlıqdan qorxublar. Amma gör bu zəmanədə dirilər nə qədər qorxuludurlar ki, insanlar qəbiristanlıqda yurd salıblar. Çünki, ən ziyansız, dinc elə qəbiristanlıqdakı ölülərdir.
Binəqədi məzarlığının girişində bir-iki ağsaqqal çöməlib, təzə qəbir yerinin yarıtikilmiş hörgüsünün üstündə oturmuşdular. Bir yığın uşaq da onların yanında bir qıraqda əyləşib onlardan yaşda böyük olan oğlanın əlindəki telefonda oynadığı oyunu izləyirdilər. Uşaqlar qəbiristanlığa daxil olan maşını görən kimi əllərində su qabları maşının dalınca götürüldülər.
Qabaq oturacaqda oturan ata yenə göstəriş verdi: “Düz sür, qabaqdan sola və yuxarı”. Gənc sürücü əməl elədi. Bir azdan onlar təzə məzara çatdılar. Qəbrin üstü götürülməmişdi. Qıraqları hasar hörülmüş, balaca ala qapı qoyulmuşdu. Bu da atanın təzə və son məkanı. Ata cavan vaxtı, hələ ölümdən çox uzaq olanda, rayonda kimsə rəhmətə gedəndə, yas yerinə gedib gələndən sonra ailəsinə bildirmişdi: “Mən öləndə məni Ağoğlanın döşündə dəfn edərsiniz. Üstünə də bir qaya parçası qoyarsınız”. Bunu o, bir zamanlar qara mərmərin təzə dəb düşdüyü vaxt demişdi.
Əllərində su qabı maşının arxasıyla qaçan uşaqlar “Kim tez çatdı müştəri onundur!” – devizi ilə indi gəlib onlara çatdılar. Molla “Yasin” oxuyurdu. Uşaqlar, ona məhəl qoymadan, bir-birinə macal vermədən “Su gətirək”, “Buranı sulayaq” – deyə bir-birinə aman vermirdilər. Üst-başı toz, cırcındır içində onlar gözlərini ziyarətə gələnlərə dikmişdilər. Ailənin kiçik oğlu ehmalca işarə etdi ki, molla “Yasin”i bitirəndən sonra onlarla məşğul olacaqlar. Nənə, baba qəbrinin üstündə təəccüblə ağlayanlara baxan balaca qızın böyük prototipi qadın qəhərini içində boğa bilməyib, göz yaşlarını axıdırdı: “Hə, bax indi ağlayarsan, adamı yandıranda elə ağlayar ki...”
“Yasin” də bitdi, molla ilə də halallaşdılar. Ürəkləri boşaldı, hər şeylə barışdılar. Bu dünyanın pisliklərindən bezən ata burada dinc uzanmışdı. Çox qəribə bir hissdir. Qəbir üstündə elə bilirsən ki, o evdədir. Burda boşluqdur. Burda yoxdur, yox!!!
Ailənin kiçik oğlunun yay tətillərini evlərinin yaxınlığında iş tapmış bu balaca məktəblilərin haqlarını verməklə başı qarışmışdı. Qadın isə bu uşaqları tanımışdı. Onlar atasının sonuncu hekayələrindən “Yol çörəyi”nin qəhrəmanları - iki xalaoğluna bənzəyirdilər. Böyük Vətən Müharibəsi illərində çörəkpulu üçün satılmağa verilən kilim və mis qazanın dalınca rayondan ucqar kəndə ac-susuz, piyada gedən iki uşaq və indi yenə də çörəkpulu dalınca qəbiristanlıqda özlərinə iş tapan suçu, alaqçı, zibil təmizləyən məktəblilər.
Pulu alandan sonra: “Xala, halal eləyirsiniz?” - deyən uşağı az qaldı bağrına basıb çirkli üzündən öpsün. Balaca oğlan elə doğma və yaxın idi ki. Elə bil atası bu sadə qəbiristanlıqdan da canlı bir əsər yaratmışdı...
Gələnlər asta-asta maşına doğru getdilər. İndi bura onlar üçün o qədər simsar, doğma və yaxın idi ki, bir daha qayıdacaqları təskinliyi ilə geriyə yol aldılar. Ata tək deyildi. O, öz dünyasıyla birlikdə idi.