Dünyanı bədbəxt edən yeni din

Dünyanı bədbəxt edən yeni din
31 may 2016
# 16:14

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX əsr” məqaləsinin on birinci hissəsini təqdim edir.

Onuncu hissəni burdan oxuya bilərsiz.

Humanizmin yeni «dini»

«Səmaları və ruh metafizikasını unudub, maddi aləmə diqqət yönəltmək, insanı və təbiəti daha dərindən öyrənmək… Ən əsas, insanı… Daha doğrusu insanın maddi, fizioloji varlığını…

Hətta metafizikanı, ruhaniyyatı da insandan kənarda mövcud olan yox, məhz insanın düşüncəsinin məhsulu kimi təqdim etmək…»

Klassik Humanizmin əsas şüarlarını təqribən bu cür ifadə etmək olar.

Axı İnsan bütün kainatın mərkəz nöqtəsində dayanır. «Homo – insan» ali hakim varlıqdır, dünyanın aparıcı iradə sahibidir və bu varlıq «humanus – insanpərvər» olmalıdır…

Nədənsə, məşhur Roma filosofu Senekanın «Errare humanum est» ifadəsi yada düşür - Cəhv etmək insana xasdır… Səhv etmək, yanılmaq…

Deməli, əslində «Humanizm» ikili xarakterə malik və səhv etməyə meylli olan «insan düşüncəsi»nin dünyada hakim mövqeyə qaldırılmasına start vermiş oldu…

Bu, ikili xarakterə malik düşüncənin ruporu, ideoloji silahı da təbii ki, dəyişməliydi…

Və rupor rolunu da, eynən bu cür ikili (bir üzü işıqlı, bir üzü qaranlıq) təbiətə malik olan «mədəniyyət» – ilk növbədə fəlsəfə və ədəbiyyat oynamağa başladı…

Həmin fəlsəfə və ədəbiyyat ki, əsrlər boyu əski müdriklər ona ehtiyatla yanaşmış - ya ideoloji sahədən uzaq saxlamağa çalışmış, ya da ideologiyanın (teologiyanın) xidmətçisi kimi istifadə eləmişdilər.

Lakin antroposentrizmin teosentrizmlə (fizikanın metafizikayla) mübarizəyə qalxması və onu sıxışdırması prosesi fəlsəfə və ədəbiyyatın da müstəqil əqlin məhsulu olaraq, ideologiyanı (dini) əvəz etməyə çalışmasıyla müşayət olunurdu…

Əslində «humanist» antroposentrizminin mahiyyətində məhz bu istək dayanırdı - Hansısa metafizik informasiya daşıyıcısı olan ideologiyaları məhz insanın özünün əqlinin məhsulu olan təfəkkür məhsullarıyla əvəzləmək…

Çünki metafizikanın, mistikanın, «səmavi»liyin inkarı şəraitində yaranan boşluğu nə iləsə doldurmaq lazım idi ki, bu funksiyanı öz üzərinə fəlsəfə və ədəbiyyat götürmüş oldu.

Beləliklə, mədəniyyət (fəlsəfə, ədəbiyyat, incəsənət) məzlumluq həyatına son qoyub metafizik teologiyanın, səmavi ideologiyanın qəddar əsarətindən çıxdı… Ancaq məhz bu proses zamanı qəribə transformasiya müşahidə edildi – məzlum hakimiyyəti ələ alıb, özü zalıma çevrildi…

Din, teologiya getdi, ancaq «mədəniyyət» özü bir dinə çevrildi…

Və öz bütlər qalereyasını yaratdı… Ancaq bu barədə bir az sonra…

Fəlsəfi ədəbiyyat və ya ədəbi fəlsəfə

Çoxşaxəli və geniş olan «Mədəniyyət» məfhumunu yazının bu hissəsində çox işlədirəm. Hətta Qərb tarixinin elmi-texniki inkişafını da mən mədəniyyətin bir hissəsi kimi qəbul eləməyə üstünlük verirəm. Axı həm mədəniyyət sahələrinin inkişafı, həm də elmi-texniki inkişaf eyni təfəkkür istiqamətinin məhsulu olub…

Ancaq zənnimcə bu məfhumun əsas aparıcı qüvvəsi olaraq fəlsəfəni və ədəbiyyatı xüsusi qeyd etməliyik. Çünki hər bir ideya cərəyanının lokomotivi rolunu mətn, yazı oynayır. Humanizmlə başlayan İntibah mədəniyyəti və onun sonrakı inkişaf mərhələlərində də, mədəniyyətin aparıcı qüvvəsi bu iki söz sənəti olub. Fəlsəfə müəyyən təfəkkür tərzini formalaşdırıb, ardıyca ədəbi əsərlərdə şərh olunub, daha sonra bu ideyanın «söz»ə sığışmayan emosional, hissi qavrayışını incəsənətin başqa sahələri – musiqi, rəssamlıq, teatr və başqa sənət növləri təmin edib... Bu səbəbdən də, bütün qatarı analiz etməkdən daha çox lokomotivi dərindən öyrənməyimiz daha vacibdir… Qərbin ədəbiyyat tarixinə fikir versək, görərik ki onu fəlsəfə tarixindən ayırmaq mümkün deyil. Filosoflar ədəbi əsərlər yazıb, ədiblər filosofluq edib…

Bu məqamda isə yenə də ikili yol qarşısında qalırıq – fəlsəfə, yoxsa ədəbiyyat? Bunları nə dərəcədə bir birindən ayırmaq və ya eyniləşdirmək mümkündür?

Bu xüsusda çoxsaylı rəylər mövcuddur, lakin mən elə düşünürəm ki, teologiyanın kənara çəkildiyi məqamda ədəbiyyat fəlsəfədən daha üstün mövqedə olub… Daha doğrusu, ədəbiyyat fəlsəfəni də «ədəbiyyatlaşdırıb»… (elə müasir dövrümüzdə özümüzə də çox tanış olan «ədəbi-fəlsəfi düşüncələr» ifadəsini nümanə gətirmək olar. )

Gəlin Avropanın fəlsəfə tarixinə fikir verək. İlahi, metafizik həqiqətlərin təfəkkür meydanından sıxışdırılıb çıxarıldığı məqamda, hər cür dəyər daha çox zahiri gözəlliyə əsasən verilib ki, bu da sırf bədii dəyərləndirmə metodudur…

Dünyəvi həqiqət isə, nisbi, şərti olmaq kimi bir əhəmiyyətli xüsusiyyətə malikdir... Maddi aləmdə insanların sayı qədər həqiqətlər mövcuddur. Və təbii ki, «həqiqət»i dediyini iddia edənlərin əksər fikirləri bir-biriylə ziddiyyət təşkil edib… Bu da auditoriyanı çaşdıq salıb, seçim çətinliyii yaradıb…

Məhz buna görə də səmanı unudub yerə zillənən insanların nəzərində mütləq həqiqəti yavaş-yavaş zahiri estetika əvəz eləməyə başlayıb…

Əlbəttə, fikrim mübahisəli görünə bilər. Axı elə «tanrısız dünya»nın da özünün dərin mənaları, ağır mövzuları var, heç də bütün fəlsəfə, mədəniyyət, ədəbiyyat zahiri forma gözəllikləri üzərində qurulmayıb…

Qətiyyətlə deyə bilərəm ki, Qərb mədəniyyətinin yaydığı ən böyük illüziyalarından biri də məhz budur – zahiri estetika arxasında gizlənən illüzor dərinliklər… Bu isə ilğımdan başqa bir şey deyil…

Gəlin belə bir müqayisə təsəvvür edək. Dindar bir cəmiyyətdə hansısa bir ədib İlahi həqiqətləri inkar edən çox gözəl, çox estetik bir ədəbi-fəlsəfi əsər yazır… Əlbəttə ki, bu əsərdəki bədii gözəlliklər, estetik dəyərlər dindarların beynindəki həqiqi iman hissiylə üst-üstə düşmədiyinə görə, ruha heç bir təsir etməyəcək, heç gözəllik kimi də qəbul edilməyəcək… İnam, əqidə bu estetik təsirin qarşısında sədd olacaq… Həm də bu sədd funksiyası təkcə İlahi iman məsələsinə aid deyil… Ümumiyyətlə, həqiqiliyinə tam əmin olmadığımız istənilən bir hal, və ya hadisə barədə yazılan ən ali estetik əsəri də ruhumuz qəbul etməyəcək. Daha doğrusu, sadəcə gözəl bir yalan kimi qavrayacaq, bu gözəllik onun həqiqilik effektini artıra bilməyəcək…

İndi isə alternativ bir variant təsəvvür edək. Görəsən, həqiqiliyini yoxlaya bilmədiyimiz qeyri-empirik informasiyaya ruhumuzun və əqlimizin münasibəti necə olur? Hansı kriterilərlə qiymət veririk?

Estetika və həqiqət

Yenə Avropa tarixinə qayıtmaq istəyirəm. Budur, vahid Tanrı ideyası yavaş-yavaş kənara sıxışdırılır və bu vaxta qədər bəşərin suallarına teologiyadan gələn cavablar da kompetent deyilmiş kimi kənara atılır…

Suallar isə qalır, öz cavabını tələb edir… Cavablarda kasadlıq yoxdur. Əvvəl bir suala bir cavab vardısa, sonradan insanın hər sualına onlarla, hətta yüzlərlə cavab qoyulur…

Bəs insan hansını qəbul edir? O yerdə ki empirika köməyə gəlir, orda induksiya yolu ilə fərdi təcrübələrin nəticələri ümumiləşdirilir. O yerdə ki empirik təcrübələr mümkün deyil, orada deduksiya irəli çıxır, rasional təfəkkür tərzi fəaliyyətə başlayır…

Və insan da təcrübi cəhətdən sınaqdan keçirilə bilməyən qeyri-empirik məsələlərdə seçim edərkən, rasional məntiq baxımından daha gözəl, daha estetik və daha bədii təqdim edilən cavabları qəbul edir…

Bu minvalla ədəbi-estetik dəyərləndirmə ön plana çıxır.

Elə gündəlik həyatımızda, məgər belə hallarla az rastlaşırıq?

Bir nəfər insanın yalançı olduğunu bilirik, lakin o, hər dəfə öz yalanını rasional məntiqi cəhətdən elə gözəl, elə peşəkar, elə inandırıcı səviyyədə ört-basdır edir ki, onu yalançı bildiyimizə görə özümüzü danlayaraq, yalan danışdığını bilə-bilə hətta ona inanmağa meyllənirik…

«Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı, məsələni məncə bir başqa cür izah etmək lazımdır – Oğru elə gözəl, elə inandırıcı bağırdı ki, doğrunun bağrı yarıldı.

Burada «gözəl» və «inandırıcı» məfhumlarının biri rasional məntiqə, biri isə estetikaya işarədir. Deməli, «inandırıcılıq» (məntiq) və «gözəllik» (estetika) birləşəndə, insanların «ali həqiqət» barədə fikir və düşüncələrinə hakim ola bilər…

Ancaq bir şey var – məntiqi inandırıcılıq hələ həqiqət demək deyil… Nədənsə, məhz bu məqamda ədəbiyyat nəzəriyyəçilərinin ədəbi əsərdə şərh olunan hadisə ilə bağlı dedikləri bir maraqlı fikri xatırladım – rus dilində bu ifadə daha dəqiq səslənir, çünki onlarda bu iki sözün kökü eynidir.

Fikir isə belədir – «isskustvo doljno bıt ne pravdoy, a maksimum pravdopodobnoy». (Sənət həqiqi yox, maksimum inandırıcı olmalıdır.)

«Pravda» sözü ilə «pravdopodobnıy» sözləri eyni kökdəndir. Lakin biri həqiqəti, digəri həqiqətə maksimum dərəcədə bənzəyəni ifadə edir. Bu «həqiqətə bənzəyən»isə reallıqda həqiqət ola da bilər, olmaya da bilər. Yəni, onun həqiqi olub olmamağı artıq heç kimə maraqlı deyil, əsas şərt «həqiqətə maksimum bənzəməyi»dir.

Burda yenə də gəlib Jak Bodriyarın «simulyakr»larının üzərinə çıxırıq… Əgər mütləq, vahid «həqiqət» inkar edilərək əlimizdən gedibsə, onda nəyinsə ali həqiqətə nə dərəcədə yaxın olduğunu necə müəyyən etmək olar? Orjinalı olmayan surət (kopya)?

Yenə də quyruğunu dişləyən ilanla üz-üzə qalırıq.

Bəs belə situasiyada seçimi necə edirik? Yalnız və yalnız zahiri estetika vasitəsiylə…

Təkrar edirəm, o fikri, təfəkkürü, rəyi ki, empirik yolla təcrübədən keçirmək mümkündür, onda məsələ bir qədər rahatlaşır… Lakin tərslikdən insanın içindəki ədəbi sualların heç birinə empirik cəhətdən yanaşmaq mümkün deyil… Tutalım, dünyanın və ya insanın necə yarandığı barədə deyilən fikir və fərziyyələrin hansını empirik cəhətdən təcrübədən keçirə bilərik? Heç birini…

Bəs deyilən hipotezlərdən hansı ürəyimizə yatır, hansı həqiqət kimi qəbul olunur? Əlbəttə ki,məntiqi cəhətdən inandırıcı və gözəl olanı…

«Məntiqi inandırıcılıq» keyfiyyətinin də etibarsız «simulyakr» xarakterli illüziya olduğunu yuxarıda qeyd etdik, deməli son vasitə yalnız və yalnız zahiri estetika , bədiiyyatdır…

Kölgədəkilər

Müasir Qərbin təfəkkür tarixinə diqqət edəndə bizə elə gəlir ki, hər şeyi bilir və hamını tanıyırıq. Kitablarda onlarla filosofun adı çəkilir, onların yaratdıqları ziddiyyətli fəlsəfi sistemlərin, təfəkkür cərəyanlarının, paradiqmaların mahiyyəti açıqlanır, oxşar və fərqli cəhətləri izah edilir…

İndi isə belə bir sual – görəsən Qərbin təfəkkür yaradıcıları elə bizim tanıdıqlarımızla məhdudlaşırdı? Bəli, ilk baxışdan elə görünə bilər ki, olanlar elə bunlardı. Axı onilliklər boyu hər yerdə eyni fəlsəfələr barədə danışılıb…

Yox, elə deyil. Əslində Qərbdə bizim tanıdıqlarımızdan on dəfə, iyirmi dəfə çox filosoflar, təfəkkür adamları yaşayıb ki, hər biri öz dünyagörüşü olub; hər biri dünyanın mahiyyətini bir cür izah edib; hər biri insanın varlığını bir istiqamətdə araşdırıb; hər biri öz paradiqmasını, təfəkkür sistemini qurub…

Ancaq biz onların çoxunun heç adlarını da eşitməmişik. Niyə? Çünki onların təfəkkür sistemləri rasional məntiq baxımından inandırıcı deyildi və bədii cəhətdən gözəl təqdim olunmurdu.

Tanıdığımız məşhur filosoflar isə bunun öhdəsindən gələ bilmişdilər.

Tomas Mor, Rotterdamlı Erazm kimi klassik humanistlərdən tutmuş Jan Pol Sartr, Alber Kamyu kimi müasir ədib-filosofları hətta bir kənara qoyub, sırf fəlsəfi mətnlərlə məşğul olan onlarla, hətta yüzlərlə filosofun əsərlərinə də diqqət edəndə, çox yüksək bədii keyfiyyətlər, sözün ən estetik təqdimini görməmək mümkün deyil. Misalçün, Nitşenin yaradıcılığı ilə tanış olan hər bir orta statistik ədəbiyyat adamı onun fəlsəfədən əlavə nə qədər böyük ədəbi istedada, bədii zövqə, həssas mətn duyumuna, analitik təfəkkürə malik olduğun etiraf edəcək…

Eyni sözü, Ziqmund Freydə, Karl Qustav Yunq, Erix Fromm, Jak Bodriyar va sairləri kimi psixoloq-filosoflara da şamil etmək olar…

Bu insanlar öz sistemlərini rasional məntiqi cəhətdən inandırıcı və estetik bədii-dəyərlər baxımından gözəl təqdim edə bilmişdilər…

Burada bir maraqlı detal ortaya çıxır. Bəlkə hansısa bir filosofun fəlsəfi sistemində bu ikisindən biri yoxdur?

Onda belə hal baş verir. Əgər fəlsəfi sistem rasional məntiq baxımından inandırıcı olsa da, bədii keyfiyyətlərdən, zahiri estetikadan məhrumdursa, bunu fəlsəfə elmi akademik səviyyədə qəbul edir, lakin geniş oxucu kütləsi üçün əl çatmaz və ağır olur, ziyalı kütlələrinə o qədər də təsir eləmir… Tutalım, Hegel kimi…

Yaxud əksinə, əgər bir filosofun qurduğu sistem, paradiqma rasional məntiq baxımından inandırıcı görünmürsə, lakin zahiri estetika, bədiiyyat baxımından ali keyfiyyətlərə malikdirsə, belə filosofları geniş kütlə adətən maraqla qarşılayır, lakin elmli-savadlı, akademik dairələr «qeyri-elmi» kimi dəyərləndirir, elmilikdən məhrum edərək sıxışdırıb «ezoterika» müstəvisində yerləşdirirlər… Niyə? Çünki gözəldi, amma inandırıcı deyil…

Əslində isə diqqətlə baxsaq, ezoterika ilə elmi fəlsəfə arasında fərq bundadır ki, fəlsəfə xadimləri öz yalanlarını rasional məntiq baxımından düzgün, inandırıcı təqdim edə bilir. Ezoteriklər isə bunu bacarmırlar… Bu baxımdan götürəndə, ezoterika sanki öz gözəl yalanını həqiqət kimi təqdim eləməyi bacarmayan, fəlsəfə isə buna nail olan ƏDƏBİYYATLARDIR.

Şəxsən mənim qəti qənaətim budur ki, son əsrlərdə «səmavi-metafizik vəhdətdən həqiqəti»ndən imtina edən fəlsəfə kəsrət (çoxluq) yoluna düşərək, sadəcə ədəbiyyatın bir qoluna çevrilib. Onların yaratdıqları bütün fəlsəfi əsərlər, qurduqları təfəkkür sistemləri sırf ədəbiyyat qanunlarıyla yaradılıb və kütləyə də eyni cür təsir edib. Hərçənd ki, həqiqəti bəyan etdiklərini bildirən bir çox filosoflar ədəbiyyatı «yalançı»lıqda ittiham ediblər, lakin dərindən analiz edəndə , görürük ki, özləri də tənqid etdikləri «ədəbi yalan» metodundan istifadə etməkdən başqa bir yol tapmayıblar…

Bədii təsvirlərin əlvanlığı, müxtəlif bədiiyyat vasitələrinin istifadəsi, təşbehlər, mübaliğələr, ironiyalar, peşəkar söz oyunları və sair kimi ədəbi vasitələrin fəlsəfi mətnlərdə təzahür etməsi, məncə ədəbiyyatın fəlsəfəni işğal etməsi kimi də qəbul edilə bilər…

Və yaxud, fikrimizi başqa cür ifadə edək – səmadan yorulan fəlsəfə yerin ədəbiyyat dəyərləri səviyyəsinə düşməli oldu…

Bir başqa variant – mütləq vahid həqiqətdən əlini üzən fəlsəfə tək qalmamaq üçün ədəbiyyatı özünə silahdaş seçdi, onunla birləşdi…

İntibah dövrünün Humanizmindən üzü bu tərəfə yaranan ədəbiyyata fəlsəfə desək, yaxud fəlsəfəni ədəbiyyat adlandırsaq, heç nə dəyişməz. Çünki fərq yalnız adlarda qalıb… Mahiyyət eynidi…

Ədəbi həqiqət

İntibah humanizmindən başlayaraq, Qərbdə bütün müasir təfəkkür sistemlərinin, fəlsəfələrin ədəbiyyatlaşmasının nəyi pisdi ki, soruşa bilərsiz? Axı ədəbi-fəlsəfi düşüncə tərzi insan təfəkkürünün inkişafının bir nəticəsi deyilmi? Əvvəllər fəlsəfə «teologiya dövlətinin məmuru» idi, lakin sonra əl-qolunu bağlayan zəncirləri qırdı, öz rəhbərini məhv edib azad oldu, ədəbiyyat kimi sərbəstləşdi… Hətta İmmanuil Kant fəlsəfədə təxəyyülün vacib yerini ciddi şəkildə bəyan eləməklə fəlsəfənin ədəbiyyatlaşmasını daha da rəsmiləşdirdi… Bu, daha yaxşıdı axı, yenə deyə bilərsiz… Qoy fəlsəfə ədəbi-bədii çalar kəsb eləsin. Bununla da zahirən öz gözəlliyini, inandırıcılığını, maraqlılığını bir qədər də artırmış olur, buna görə də fəlsəfənin oxucu auditoriyası genişlənir…

Bəli, yenə də, gəlib maraqlılıq və gözəlliyin üstünə çıxırıq.

«Həqiqət» isə keçir on beşinci plana…

Halbuki, minilliklər boyu bəşər düşüncəsində «həqiqət» anlayışı zahiri maraqlılıq, inandırıcılıq və gözəllik məfhumlarıyla eyniyyət təşkil eləməyib. Əksinə, vahid ilahi həqiqət zahiri gözəllik və maraqlılıqla ziddiyyət təşkil edib ki, əvvəlki fəsillərdə bu xüsusda yazmışdıq…

Gözəl yalanlar sənəti

Ədəbiyyat həqiqətlə tam zidd mövqedə dayanan bir sistemdir. Niyə? Məgər məlum deyilmi ki, ən ali bədii dəyərə malik o ədəbi əsər hesab olunur ki, öz yalanını peşəkarlıqla ən ali həqiqət kimi qəbul etdirə bilsin… Bu ki, gün kimi məlumdur. Hamımız da ədəbiyyata həmişə bu cəhətdən qiymət vermişik. Ədəbiyyat, poeziya müstəvisində gözəl deyilmiş yalanları ən ali keyfiyyət nümunəsi kimi saymırıqmı?

Elə müasir dövrümüzdə də, həqiqəti açıq demək funksiyasını publisistikaya ötürmüşük, ədəbiyyatı isə yalanı həqiqət kimi «yedirtmək» üçün saxlamışıq…

(Əlbəttə, realizm tərəfdarları qətiyyətlə etiraz edə bilər, ancaq bu xüsusda fikirlərimizi realizmin yalanlarına həsr olunmuş fəsildə izah edəcəyik.)

Bəli, məhz haqqında danışdığımız bu keyfiyyətlərinə görə, qədim dövrlərdə ali müdriklər, övliyalar, müqəddəslər - bir sözlə, əski cəmiyyətlərin ideoloji bazasını mühafizə edən şəxslər ədəbiyyat (həm də bütün mədəniyyət) xadimlərinə həmişə cəmiyyətin şıltaq, ərköyün övladları kimi baxıblar. Fəaliyyətlərinə müəyyən meydan veriblər, lakin ifrata varan kimi cilovu çəkiblər…

Axı niyə ədəbiyyatı (mədəniyyəti) sərbəst buraxmağa qorxublar?

Fakt bundadır ki, bütün ədəbiyyat, incəsənət fəaliyyəti insan şüurunun, psixikasının işıq-qaranlıq sərhədlərində baş verib. Niyə? Çünki ədəbiyyatın və incəsənətin bütün sahələri əksər hallarda yaradıcı insanın hiss və duyğularının, fikir və düşüncələrinin həssas nöqtələrində gəzişmələrə bənzəyir. Hisslərlə oynayır, ruhları silkələyir, duyğular qaynadır, emosiyaları oyadır…

Əski müdrikləri ən çox narahat edən də, ədəbiyyatın, incəsənətin ən çox bu tərəfi olub. Axı bütün səmavi əqidələr insan hisslərinin məhz cilovda saxlanılmasına, imanın hökmlərinə tabe edilməsinə çalışıb. Misalçün, islam əxlaqında nəfsin hiss və istəkləri ovçunun cilovda saxladığı itlərə bənzədilib… Əgər ovçunun qolu güclü olsa, itləri cilovda saxlayar, əgər əks proses baş versə, itlər harda leş iyi alsalar, ovçunu öz ardıyca sürüyərlər…

Bir başqa təşbeh… Bəzi İrfan alimləri insanın hiss və duyğularını ovsunçunun kisədə gəzdirdiyi ilanlara bənzədir… Əgər düzgün idarə edə bilsə, ziyanı dəyməz, idarə edə bilməsə, nəzarətdən buraxsa, ilanlar ilk növbədə ovsunçunun özünü zəhərləyib öldürər…

Bəs tütək? Bax, bu təşbehdə tütək məhz ədəbiyyatın və incəsənətin simvolu kimi çıxış edir…

Bu tütək öz müsiqisiylə ilanları yarımyuxulu vəziyyətə gətirib yatızdıraraq ovsunuya tabe edə bilər, lakin musiqi düz seçilməsə, ilanları vəhşiləşdirə də bilər….

Təkrar-təkrar haqqında danışdığımız ikili təsir də məhz bundadır. Eyni tütəyin musiqisi həm həyat, həm də ölüm bəxş edir… Nizaminin «İskəndərnamə»sindəki kimi… (Romantizm cərəyanının tənqidinə həsr olunmuş bölümdə, bunu geniş izah edəcəyik.)

Eyni sənət nümunəsi kimlərdəsə müsbət enerji, rahatlıq yaratdığı kimi, bir başqalarında vəhşilik, qəzəb yarada bilər… Eyni poeziya kimlərinsə daxilinə işıq gətirər, kimlərisə işıqdan məhrum edir… Sənət gözəldir, əgər insanın daxilindəki şeytani enerjinin mənbəyinə toxunmursa… Nağıllarımızda həmişə qıfıllı qalan qırxıncı otaq kimi…

Yaradıcılıq psixologiyasıyla məşğul olan müasir dünya alimlərinin əsərlərində bu mətləblər geniş izah olunur, mənim çox dərinə getməyimə ehtiyac yoxdur. Məqsədim başqa fikirdir. Ədəbiyyatın və incəsənətin məhz belə keyfiyyətlərini nəzərə alan əski müdriklər bu «şıltaq ilanlar»ı nəzarətdə saxlamaqçün çox fikirləşiblər, üsullar axtarıblar…

Bəzi radikallar, puritanlar bu xüsusiyyətlərinə görə, ümumiyyətlə ədəbiyyatı və incəsənəti inkar ediblər. Daha liberal müdriklər isə estetika, gözəllik meylinin insan ruhundan gəlmə bir xüsusiyyət olduğuna görə, tam inkarı qəbul etməyiblər, ən optimal variantı ədəbiyyatın və incəsənətin işıqlı inama, ilahi ideyaya xidmət etməsində görüblər.

Elə Quranın özündə, şairlərlə bağlı məşhur ayəni xatırlasaq, kifayət edər. Orda şairlərin bəzi mənfi xüsusiyyətləri tənqid edilir, lakin sonda bir çıxış yeri qoyulur – Əlləziynə… Onlardan başqa ki, haqq yolunu tutublar…

«Əlləziynə» ifadəsi bizim xalqın dilində artıq çoxdan zərb məsələ çevrilib…

Yəni bütün bu dediyim vasitələr uzun əsrlər boyu ədəbiyyatın, incəsənətin yarada biləcəyi mənfi təsirləri neytrallaşdırmaqçün düşünülüb. Ancaq bizə beləmi izah olunub? Əsla…

Uzun illər boyu belə təqdim olunub ki, ədəbiyyat xadimləri (incəsənət adamları) həmişə sözün düzünü dediyinə görə, cəmiyyətin yuxarı təbəqələri onları bəyənməyib, susdurmağa çalışıb, əziyyət verib, zindanlarda çürüdüb… Yəni, «həqiqətpərəst dil»ləri ədəbiyyat adamlarının başına bəla olub… Bu tip qarşılıqlı münasibətlər sistemində «sözün düzünü deyən ədiblər» müsbət qəhrəman, «cəmiyyətin ali təbəqələri» isə təbii ki, mənfi qəhrəman qismində təqdim edilib…

Bu «mənfilər»in içinə ən ali hakimlərdən tutmuş orta məmurlara qədər, ali ruhanilərdən tutmuş sıravi dindarlara qədər hamı daxil edilib… Kimlərsə həqiqəti deyən dili susdurmaqçün ona zülm verib, kimlərsə onu anlamadıqlarına görə… Hətta əksər hallarda, xalq kütlələri də bu mənfilərin sıralarında yer alıb, çünki cahil olub, avam olub, ali hakim təbəqələrin fitvasına uyub «həqiqəti deyən söz sahibləri»nə zülm veriblər, yaxud da laqeyd qalıblar, dəstək olmayıblar...

Həqiqəti deyən bəlakeş tənha şair (yazıçı, ədib) obrazı indiyə qədər istismar olunur və etiraf edək ki, bu obrazın arxetipə çevrilməyinə elə özümüz də çox çalışmışıq. Axı bu obrazın cazibə dairəsində qalmaq biz qələm adamlarına çox rahatdı…

İndi isə gəlin bir qədər dərindən araşdıraq, görək ədiblərin düşüncəsinə, fəaliyyətinə qoyulan məhdudiyyətlər və hətta qoluna vurulan zəncirlər həmişəmi haqsız yerə olub? Və ya bütün bu təzyiqlər sadəcə, hamının həqiqətdən qorxması səbəbindənmi baş verib?

Zənnimcə yox…

(Özüm də ədəbiyyat adamı olduğuma görə, bu xüsusda söz deməklə, sanki öz oturduğum budağı mişarlayırmış kimi görünə bilərəm. Amma zərər yoxdur. Özünətənqid də müasir dövrün atributlarından biridir…)

Şair və icma

Ədəbiyyat tarixinə həsr olunmuş kitabların hamısını açıb qabağımıza töksək, bircə nəfər də mənfi qəhrəman tapa bilmərik. Bütün əski söz adamları yalnız və yalnız müsbət kimi təqdim olunur…

Bəlkə bir-iki nəfər barəsində hansısa mənfi çalarlı fikirlə rastlaşa bilərik, bunlar da şairliklə bərabər cəmiyyətdə hansısa ali mövqe tutan insanlar olub və onlar barəsində deyilən mənfiyə bənzər fikirlər də, şairliklərindən daha çox mənsəblərinə aid olub…

Niyə? Doğurdanmı tarix boyu bütün ədiblər, şairlər az qala imam-peyğəmbər kimi saf təmiz olublar, bütün fikir və düşüncələri yalnız və yalnız «həqiqət» olub?

Axı bunu heç rasional düşüncə də qəbul eləmir? Bu qədər çoxluq başdan-başa müsbət, pozitiv ola bilməz…

Bəs onda niyə bizə belə təqdim olunur?

Çünki bizim oxuduğumuz kitabların hamısı son yüzilliklərin məhsuludur və ədəbiyyatın fəlsəfəni udaraq «yeni dövrün dini» funksiyasını ələ keçirməsindən sonra yazılıb. Heç bir əqidə isə öz mürşidlərinin gözdən salınmasını qəbul edə bilməz. Əksinə, onların mənfi sifətlərinin də ört-basdır edilməsinə, rəzalətlərinin birtəhər əsaslandırılmasına , haqq qazandırılmasına çalışacaq…

Hər din, hər ideologiya özünün bütlər qalereyasını saf, təmiz saxlamağa çalışır… Axı bu bütlərin diliylə öz ideyalarını minlərin, milyonların beyninə yeridir…

(Eyni sözü digər incəsənət xadimləri, hətta alimlər barədə də demək olar. Bu bütlər qalereyasında onların da öz məxsusi yerləri var.)

Son yüzildə isə vəziyyət zahirən bir qədər dəyişdi. Haqqında danışılan bütləri tam təmiz saxlamağın mümkünsüzlüyü ortaya çıxandan sonra, təbliğat belə quruldu ki, bəli, bu dahi insanların da çoxsaylı mənfi xüsusiyyətləri olub, lakin bu, onları dəyərdən salmır, əksinə, adi insana bir qədər də yaxınlaşdırır… Əslində onlar da bizim kimi insanlar idi, lakin bununla bərabər dahi təfəkkür sahibi idilər.

Mənəvi keyfiyyətləri o qədər də yüksək olmayan dahi təfəkkür sahibləri… (Elə bunun özü paradoks deyilmi? – dahi şəxsiyyət və böyük mənəviyatsızlıq.)

Qələm öz əlimizdə olandan sonra, hər şeyi istədiyimiz kimi təqdim eləmək nə çətindi ki?

Qələmin ədəbiyyat xadimlərinin əlinə keçməsi isə məhz Humanizm təfəkkürünün formalaşmasından sonra başladı… Əlində qələm olan insan isə ilk olaraq keçmişi dəyişməyə başladı. Daha doğrusu, keçmişi gələcək üçün özünün istədiyi formaya salmağa…

Qələbə qazana bildimi? Əlbəttə…

Məgər son əsrdə bütün səmavi, sakral mətnlərə, ilahi kitablara bir ədəbi nümunə baxışı formalaşmayıbmı? Məgər bu mətnlər barədə söhbət edərkən, üstünlüyü sırf ədəbi-bədii analizə vermirikmi? Onları az qala ədəbiyyat kitablarına salmırıqmı?

Niyə? Çünki biz də humanizmin «insanlaşmaq», «insanlaşdırmaq» filtrindən keçmişik. Bütün metafizik informasiyaları da, insan məhsulu olan ədəbi material kimi qəbul edirik…

Bəli, insanlaşmışıq, əfsus ki, adamlığımızı itirmək xətrinə…

Son yüzilliklərdə ədəbiyyatın «keçmişi dəyişmək cəhdləri»ni yazımızın sonrakı hissələrinə saxlayıb, diqqətimizi öncə işlətdiyimiz iki kəlmənin üstünə yönəltmək istəyirəm…

Hansı kəlmələr? Adam və insan…

Adəmdən insana doğru

Cəmiyyətimizin geniş təbəqələri arasında sorğu aparsaq görərik ki, Humanizm ifadəsi yalnız və yalnız müsbət təsir oyadır… Mənasını da soruşsaq, çoxluq bu məfhumu əsasən rəhm, mərhəmət, ürəyiyumşaqlıq anlayışları ilə bağlayacaq. Və bütün bu terminləri «insanpərvərlik» məfhumunda birləşdirəcək…

««Humanizm» insanın özünün öz yaşam formasını və mənasını müəyyən etməyə hüquq verən demokratik, etik həyat mövqedir. Humanizm teist yanaşma tərzindən uzaqdır və insan həyatına hansısa fövqəltəbi, metafizik yanaşmanı qəbul eləmir…»

Bu, müasir tərifidir. Başqa bir tərifə nəzər salaq.

«Humanizm bir proqressiv həyat mövqeyi olaraq, bütün fövqəlbəşəri, səmavi inamları inkar edir; insanın özünüifadəsi və bəşəriyyətə daha çox xidmət etməsi məqsədiylə etik, demokratik həyat sürmək bacarığına və öhdəliyinə inamı ifadə edir…»

Terminin başqa müasir tərifləri də vardır ki, məzmunca oxşar olduğuna görə təkrar etməyəcəm və bu akademik cümlələri qısaldıb sadələşdirməyə çalışacam…

Humanizm cərəyanı bu fikri təbliğ edir ki, materialist, rasional düşüncəli insan səmavi qüvvələrin köməyi və təsiri olmadan da, dünyada normal demokratik, etik, xoşbəxt cəmiyyət yarada bilər. Bir şərtlə ki, insanların hamısı haqqında danışılan humanist, demokratik, etik dəyərlərə sahib olsunlar.

Gözəl xulyadır. Və zaman göstərdi ki, Qərbin bütün təfəkkür sahiblərinin çabaları bəşəriyyəti bu xülyanın reallaşmasına bir addım da yaxınlaşdıra bilmədi…Bir çox «Qərb krizisşünaslar»ı isə özbaşına qalıb, az qala bütün dünyanı məhv etmək kimi şeytani güc toplayan müasir «insan»ın rüşeyminin məhz İntibah dövrünün Humanist fəlsəfə tərəfindən atıldığını bəyan edirlər.

Bizim Şərq dillərində maraqlı bir linqvistik məqam var. Müasir dövrdə bəlkə də çoxumuz buna diqqət etmirik. Ancaq diqqət etməyimiz vacibdir.

«İnsan» sözü ilə «adam» sözü sinonim kimi işlənir. Hətta bəzən insan daha böyük, daha əzəmətli kimi görünür… Əslində isə, məfhumların mahiyyəti tamam başqadır.

İnsan sadəcə varlıqdır. Dünyəvi, fizioloji varlıq. Adam sözü isə təbii ki, Adəm peyğəmbərin adıyla bağlıdır, kökü gedib Ədəm sözünə çıxır. Bəşər övladına da bəni-Adəm demişik…

Və əslində bəni-Adəm insandan daha üstün sayılıb. Yenə də dilimizdəki bəzi ifadələrə fikir verək – Filankəs adamlıqdan çıxıb, adamlığını itirib, adamlığı yoxdu; irad tutanda deyirik, adamlığın olsun; yaxud, bəsdi, adam balasısan, özünü adam kimi apar, adam olmadın…

İndi isə rəsmi ədəbi dilimizə diqqət edək. Müşahidə edirik ki, ədəbi dilimizdə bir çox yerlərdə adam sözünü insan sözüylə əvəz etməyə çalışıblar.

İnsanlıq dərsi; insan kimi yaşamaq; insan oğlu və sair… İnsan termininin daha çox təbliği də son əsrdə gedən prosesdir ki, Avropadakı həmin məşum humanizmin bizə çatan dalğasının bəhrəsidir. Lakin bu dalğa ədəbi-mədəni dairələrə müəyyən təsir göstərsə də, xalqın minillər ərzində formalaşan dilinə çox da sirayət edə bilməyib. Danışıq dilində adam məfhumu insanı hələ də üstələməkdə davam edir.

Axı adam sözü bizə səmavi, metafizik müstəvidən gələn Adəmin övladları olduğumuzu daim xatırladır və bizi də bəni-Adəm olaraq, hərdən bir səmalara nəzər salmağa çağırır… Başqa sözlə desək, hər bir fərd özünü ilahi-səmavi bir şəcərənin davamçısı hesab edir…

İnsan isə dediyimiz kimi, sırf fizioloji, maddi varlıqdır. Metafizik, səmavi mahiyyətdən uzaq dayanan və heyvanatın bir hissəsi olan adi məxluq…

Və təbii ki, bütün səmaviliklərin, metafizik müstəvinin inkarı şəraitində «fizioloji insan» səmavi «bəni-Adəmi»-Adəm övladını əvəz etməliydi…

Humanizm insaniyyətin ali dərəcəyə qaldırılması idi, lakin adamlıq metafizikasından məhrum olmaq hesabına…

Və bu gün Qərbin «krizisşünasları»nı qorxudub vahiməyə salan «müasir insan» da, bütün «insani humanist dəyərlər»ə malik olsa da, məhz adamlığını (Adəmliyini) itirmiş varlıqdır…

Adəmliyini itirdiyinə görə də təhlükəlidir… Ən əsas da özü üçün…

Deməli, belə nəticəyə gəlmək olar ki, Adəmliyimizi bərpa eləmək üçün bizim ilk addımımız «Humanizm» məfhumunu unutmaq olmalıdır…

Humanist olmayaq, RƏHMAN VƏ RƏHİM olaq. Bunların fərqi olduqca böyükdür.

İlahi mahiyyətiylə səciyyələndirilən və bizə Allahın bəxş etdiyi nemət kimi qəbul etməli olduğumuz bu sifətlər sırf «insani Humanizm»dən qat-qat yüksəkdə dayanır.

Adəmliyin insanlıqdan yüksəkdə dayandığı kimi…

İnsanlığın ölçülərini insan özü təyin edir. Ona görə də burda çoxluq, kəsrət var. Az qala insanların sayı qədər…

Adəmliyin məzmununu Allah müəyyən edib, ona görə də burda vəhdət, yekdillik var.

Vəhdət isə həmişə kəsrətdən üstün olub…

# 2231 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #