Allah Hitleri bağışlayar

Allah Hitleri bağışlayar
16 aprel 2013
# 12:59

Rəfiqə Məmmədova

Bu dəfəki mövzum məşhur Nürnberq tribunalıdır. Nasist Almaniyası rəhbərlərinin mühakimə olunduğu böyük 1945-ci il məhkəməsi. “Nürnberq prosesi” kitablarının VII cildindəki “Müttəhimlərin son sözləri” bölməsi çox maraqlı, bir o qədər də məyusedicidir.

Kimlər ittiham olunurdu orda? Almaniyanın reyxmarşalı, konslagerlər ideyasının müəllifi, nasist Almaniyasının sağ qalan ən önəmli siması – Hermann Görinq, Xarici İşlər Naziri, yaraşıqlı hərbçi, Molotov – Ribbentrop paktının iştirakçısı Yoaxim Von Ribbentrop, sülh müqaviləsi təklifiylə 1941-ci ildə şəxsi təyyarəsiylə Şotlandiyaya uçan və sülh əvəzinə Çörçilin əmriylə həbs edilən Rudolf Hess və daha kimlər.

Məhkəməni SSRİ, ABŞ, Fransa və Böyük Britaniyadan müəyyən olunan nümayəndələr aparırdı. Hər ölkədən bir baş hakim, bir müvəqqəti hakim, bir də prokuror seçilmişdi.

Məhkəmədən öncə səlahiyyətli komandir bir-bir hər kameraya daxil olub məhkumlara nəylə ittiham olunduqları barədə məlumat yazılan çoxsəhifəli sənəd təqdim edir. Girdiyi ilk kamera Hitlerin xələfi Hermann Görinqin kamerası olur. Görinq sənədi komandirdən alıb yerə çırpır və: “Sizin uydurmalarınızı oxumaq fikrim də yoxdu ” - deyir.

İkinci kamerada komandir Alfred Rozenberqə sənəd təqdim edir, Rozenberq sənədə göz gəzdirib qışqırır :

- Bu sənədə özünüz baxmısız heç? Sondakı imzanı görürsüz , cənab? Görürsüz? O yəhudi imzasıdı, məni yəhudi ittiham edəcək? Sizin yəhudi məhkəməniz də, siz də cəhənnəm olun!

Üçüncü kamerada Rudolf Hess sənədi alır və sakit tonla deyir:

- Məni güllələyin. Xahiş edirəm. İyrənc ittihamlarınızla ləkələnmədən öldürün. Mən dünyada sülh mələyi olaraq tarixə düşməkçün sizin axmaq şotland torpağına sülh ümidiylə gəldim, sizsə məni həbs edib, dünyada sülhü pozmaqla ittiham edirsiz? Məni güllələyin.

İngilis əsilli komandir xatirələrində sonuncu girdiyi otağın Robert Leyə (Alman Əmək Cəbhəsinin rəhbəri) aid olduğunu qeyd edir. Ley sənədə baxdıqdan sonra onun üstünə atıb və “Güllələyin bizi!” deyib. Bu hadisənin sabahı Robert Ley özünü asır və məhkəmə önünə çıxarılası 21 hərbçi qalır.

Rudolf Hess:

- Mənə alman xalqının çoxəsrlik tarixi əsasında yetirdiyi ən böyük dahi oğlunun himayəsi altında xidmət göstərmək nəsib olub. Əlimdə olsa da mən bu dövrü həyatımdan silmək istəmərəm. Mən xalqımın qarşısında bir alman övladı, bir nasional sosialist, Fürerin sadiq davamçısı kimi öz borcumu yerinə yetirdiyimə görə çox xoşbəxtəm. Heç nə üçün peşman deyiləm. Hər şeyə yenidən başlamaq şansım olsa, sonda ocaqda yandıralacağımı bilsəm də, yenə də hər şeyi etdiyim kimi təkrar edərdim. Siz insanlar nə edirsizsə edin, bir gün mən Allahın qarşısında ittiham olunduqda Onun məni bağışlayacağını bilirəm.

Rudolf Hess məhkəmənin qərarıyla ömürlük həbsə məhkum edilmiş, 1987-ci ildə intihar etmişdi.

Yoaxim Van Ribbentrop:

- Peşman deyiləm. Törətdiklərim cinayət deyildi, Vətən qarşısında borc idi. Edam... Edam... Deyəsən, xatirələrimi qələmə ala bilməyəcəm daha.

Ribbentrop edam cəzasına məhkum olunmuş və 1946-cı ildə asılan ilk hərbçi olmuşdur. Asılmadan öncə son sözləri bu olub: “Tanrı Almanyanı qorusun. Tanrım ruhuma mərhəmət edəcək. Dünyaya sülh arzulayıram"

Hermann Görinq:

- Əgər ayrı-ayrı şəxsləri, ən əvvəl biz rəhbərləri məsuliyyətə cəlb edib cəzalandırmaq istəyirlərsə, qoy elə olsun, lakin alman xalqını cəzalandırmaq olmaz. Alman xalqı təqsirkar deyil.

Hitlerin sağ əli, Hermann Görinq Nürnberqə ittiham olunan ən yüksən dərəcəli nasist zabiti idi. Məhkəmə boyunca qəhqəhələr çəkməsi, digər zabitlərdə müsbət əhval-ruhiyyə yaratması məhkəmə heyətini narahat etmiş və onun digər zabitlərlə əlaqəsinin birmənalı şəkildə qarşısını almışlar. Məhkəməyə çıxarılmadan öncə Görinq digər məhkumlarla birgə gözlədikdə yanlarında dayanan ingilis əsilli hərbçidən soruşur:

- Cənab, bir alman nə deməkdi bilirsiz?

Zabit Görinqə baxır və alçaq səslə “yox” – deyir. Görinq cavab verir:

- Bir alman möhtəşəm insan deməkdi, cənab zabit. Bəs iki alman nədi?

Zabit susur. Görinq özü cavab verir:

- İki alman vəhdət deməkdi. Bəs üç alman nədi?

- Zabit qəzəbli-qəzəbli Görinq baxır və: Nədi? – deyir. Görinq:

- Üç alman müharibə deməkdi – deyir və digər zabitlər də onunla qəhqəhə çəkir. Ardıyca deyir:

- Bir ingilis, cənab zabit, idiot deməkdi. İki ingilis iki idiot deməkdi, üç ingilis isə imperiya deməkdi. – deyir və məhkəmə zalına daxil olur.

Görinqə ölüm hökmü oxunandan sonra o sonuncu dəfə xanımıyla görüşmüş və öpüşərkən arvadının ağzından ona ötürdüyü zəhər kapsuluyla özünü öldürmüşdür.

Alfred Rozenberq. Xarici Siyasət Bürosunun Rəhbəri, Nasist Partiyasının ideoloqu:

- Bu sınaq anlarında mən ömrüm boyu sadiq qaldığım ideyadan, sosial asayiş Almaniyası idealından üz döndərə bilmərəm. Heil Hitler.

O, ölüm hökmündən sonra edam edildi.

Konstantin fon Neyrat:

- Əgər sizin hökmünüzlə müqəssir elan edilsəm, buna davam gətirməyə özümdə qüvvə taparam, həyatımı öz xalqıma qurban verməklə bu hökmün ağırlığını qəbul edərəm, çünki xalqıma xidmət bütün həyatımın mənası və məzmunu olmuşdur.

Fritz Zaukel:

- Allah mənim sevimli xalqımı və onun yolunda zəhmət çəkənlərin əməlini hifz eləsin! Mən də onların naminə yaşamışam! Allah bəşəriyyətə əmin-amanlıq bəxş eləsin!

Baldur fon Şirax:

- Mənim Fürerimin dediyi kimi Almaniyada nasional sosializm ideyası əlli və ya yüz ildən sonra dirçələcək, hökmən dirçələcək, ola bilsin ki, yeni bir din formasında, amma bu baş verəcək. Mənim şəxsi taleyim ikinci dərəcəli işdir, amma gənclər bütün xalqımızın ümididir!

# 4928 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #