Keçmiş mafiozla müsahibə

Keçmiş mafiozla müsahibə
13 mart 2013
# 08:00

Louis Ferrante mafiyanın içində olan şəxsdir. 12 yaşında ilk cinayətini törədib, 20 yaşında ayda 30 min dollar qazanıb. Kulis.Az onunla müsahibəni təqdim edir.

- Necə ailədə böyümüsünüz?

- İki uşaqlı, kasıb bir ailənin oğlu idim. Anam katibə, atam da avtomobil qəzalarından sonra maşınları çəkən fotoqraf idi. Heç vaxt yaxşı pul qazana bilmirdi. Portağal şirəsi də bizim üçün bahalı şey idi. Evə nadir hallarda alınırdı.

- Oğru dünyasına necə girdiniz?

- 12 yaşımda dostlarımla əyləncə xətrinə maşın oğurlamağa başladım. Məhəlləmizdən biri bizə öyrətmişdi maşın oğurlamağı. Heç bir dəqiqə çəkmirdi. 16 yaşımda məktəbə oğurladığım maşınlarla gedirdim. Sonra maşınların hissələrini oğurlayıb satmağa başladıq.

- Komandanızı necə yaratdınız?

- Məhəlləmizdə çoxu maşın oğurluğuna görə həbsə girib-çıxmışdı. 20 yaşımda aralarında özümdən 20 yaş böyük kişilər olmaqla 12 nəfərlik bir komanda yığmışdım. Onlara siyahı verirdim, bir gecəyə 3-4 maşın oğurlayırdıq. Arada polis hissələrini oğurladığımız maşınları gəlib çəkirdi. Yanlarında dayanıb gülərdik, çünki bizim elədiyimizi heç cür sübut edə bilmirdilər. Beləcə yaxşı pul qazandım. Sonra işi böyütdük və yük maşınlarının oğurluğuna başladıq. Ayda təxminən 30 min dollar qazanırdıq.

“Mafiya yeraltı dövlətdir”

- İtaliya mafiyası ilə necə tanış oldunuz?

- Hardasa bir dükan açmaq istəyəndə necə ki, dövlət gəlib sizi sorğu-sual edirsə, mafiya da yeraltı dünyanın dövlətidir. Nyu-Yorkda beş mafiya ailəsi var: Bonanno, Kolombo, Qambino, Cenovis ve Lukkeze. Əgər ailədə kiməsə qohumluğunuz çatırsa və işə uyğun gəlirsinizsə, üzv kimi qəbul edilirsiniz. Mənim kimilər, yəni ailəyə qohumluğu çatmayanlar ancaq yaxşı reputasiya ilə qəbul olunurlar.

- “Yaxşı reputasiya” necə əldə olunur?

- Heç kimin qabağında sözünü geri götürməməlisən. Etdiyin oğurluqlardan yaxşı pul qazanmalısan və ən vacibi ağzını “qıfıllamalısan”. Bir çox ailələrlə işləyirdim, axırda onlardan birini seçmək məcburiyyətində qaldım. Qambinonu seçdim. Səhər durandan axşam yatana qədər cinayət haqda düşünürdüm.

“Dünyanın sahibi kimiyəm”

- Ailədə işlər necə olur?

- Qazandığım pulun onda birini ailədən tanıdığım birinə verirdim. O da yuxarılara – “Don”a çatdırırdı. “Don”un böyük qardaşı ilə çox yaxın idik. İndi 80 yaşı olar. Ata kimi olub mənə.

- Adi gününüz necə keçirdi?

- Gecə 3-də yatır, səhər durub kluba gedirdim. Kart oynayardıq, kimsə pul gətirib-aparırdı. Bir dəfə “Victoria’s Secret”ə aid olduğunu düşündüyüm yük maşınını qaçırtmışdım. Açanda içindən nənəmin ölçüsündə alt paltarları çıxdı! Bir-birimizlə xəbərləşmək üçün çox vasitələrimiz vardı. Biz oğurluq edəndə sənədləri qaydasında, sürücülük vəsiqəsi olan bir dostumuz maşınını “səhvən” polis maşınına vururdu. Onları ləngidirdi. Həmin vaxtda biz daha bir maşın oğurlayıb oradan uzaqlaşırdıq.

- Çox həyəcanlı günlər olub ki...

- Özü də necə! Belə həyəcanı heç yerdə tapmazsan. Qaçandan sonra özünü qalib kimi hiss edirsən. Hər şeyə nail olmağın çətin olduğu dünyada nəyisə heç nə ödəmədən qazanmaq möhtəşəm hissdir. Özümü çox ağıllı sayır, “İşə gedən bu axmaqlara bax” deyirdim.

- Başqa nələr düşünürdünüz?

- FTB (Federal Təhqiqat Bürosu –red.) Amerika tarixindəki ən böyük oğurluqları mənim elədiyimdən şübhələnirlər. İndi bunu deməyə utanıram, amma o vaxt qürur duyurdum. Özümü dünyanın sahibi kimi hiss edirdim. Pul, hörmət, qadınlar...

- Pulları nəyə xərcləyirdiniz?

- Tez gələn pul tez də xərclənir. 25 yaşımda həbsə girəndə fərqli yerlərdə gizlətdiyim yüz minlərlə dollarım, “Mersedes”, “BMW”, “Corvette”dən ibarət salonum, bahalı saatlarım, qızıllarım vardı. Dükan açmaq istəyənlərə rahatlıqla: “50 min dollar lazımdır? Al sənə 75 verim”, - deyirdim.

- Bəs ailəniz nə deyirdi işinizə?

- Dünyanın ən böyük mafiya rəhbərləri ilə oturub-dursam da, ailəmlə qalırdım. Balaca bir otağım vardı. Anam evə bahalı maşınlarda gəldiyimi görəndə, əlbəttə nədənsə şübhələnmişdi. “Nə işlə məşğulsan sən?”, - soruşanda: “Dostumdan borc götürmüşəm”, -deyirdim. Rolex saatlarımı da saxta kimi təqdim edirdim. Atam da eşitmişdi nələrsə, özünü bilməzliyə vururdu.

- Elədiyiniz işin pis iş olduğunu düşünmürdünüz?

- Hər şey yavaş-yavaş olur. Əvvəl əyləncə üçün oğurlayırdıq. Sonra pul qazanmağa başladıq. İllərlə içimdəki vicdanı görməzlikdən gəldim. Sonra peşman oldum, vicdanımı qaytardım. Amma onda həbsxana divarları ilə üzbəüz idim.

“Heç vaxt heç kimi satmamışam”

- Həbsə necə düşdünüz?

- Bu cür şeylərdə işi həmişə satqınlar korlayır. Biri məndən qorxduğu üçün satqınlıq elədi. 25 yaşında tutuldum, ömürlük həbs istədilər.

- Amma siz onu “satmaq” əvəzinə həbsi seçdiniz, eləmi?

- Klanın bir üzvü həbsə girəndə ya hər şeyi satır, ya da bundan qürur duyur. Mən həbsdə olanda: “Burda olsam da, hələ də ailənin bir üzvüyəm və ailə üçün ölmək də şərəfdir”, - fikrindəydim. Qrupdan da dostlarım vardı həbsdə, birlikdə kart oynayırdıq, “köhnələr”lə söhbət edirdik. Həbsxanadan qıraqda pulum və adamlarım olduğu üçün işi davam elətdirirdim.

- Bəs necə oldu ki, dəyişdiniz?

- Təşkilata inamımı itirdim. Həmişə “biz fərqliyik” deyə düşünürdüm, amma bir gün başa düşdüm ki, bizim həyat həyat deyil. Kitablar oxumağa başladım. Həyatım dəyişdi. Səkkiz il sonra bəraət alıb çıxdım.

- Həbsdən sonra nə etdiniz?

- 33 yaşında çıxdım həbsxanadan. Sıfırdan başladım hər şeyə. Normal işdə işləməyin nə olduğunu bilmirdim. 35-36 yaşda normal vətəndaş ola bildim.

- Mafiya qərarınızı necə qarşıladı?

- Heç nə etmədilər. Əmin idilər ki, susacam. Satqınlıq heç vaxt etmərəm. Oğurladığım bütün pulları onlara verdim. Neçə dəfə qayıtmağı təklif etdilər, qayıtmadım. Oxuyub başqa adam olacağıma inanmırdılar, sonra qəbul elədilər.

- Mafiyadan kimləsə görüşürdünüz?

- Əlimdə Qambino ailəsindən 300 adamın adı olan siyahı vardı. Həbsxanadan o şərtlə çıxmışdım ki, bu adamların heç biri ilə görüşməyəcəm. Yoxsa yenə qayıdacaqdım ora. Bu da asan deyildi! Məsələn, siyahıda adı olmayan biri ilə rastlaşdım, məni yeməyə dəvət elədi. Getdim ki, əməlli-başlı iclasdır, dərhal qaçdım.

- Mafiya dünyası hələ də filmlərdə gördüyümüz kimidir?

- Əvvəlcə onların varlığına şübhə edənlərə demək istərdim ki, onlar həqiqətən var. Arada Manhettendə küçədə rastlaşırıq, görüşürəm. Amma 1990-cı illərdəki kimi güclü deyillər. Dövlət ailələrə çox müdaxilə edir. Hə bir də onlar həmişə kostyumda gəzmirlər, ancaq toy, ya da yaslarda elə geyinirlər. Hamı kimi cinsdə, adi köynəklərdə olurlar.

- Mafiya kinoları sizin gözünüzdə yəqin daha fərqlidir...

- “Qudfellas” bizim məhəllədə qalırdı. Robert de Nironun oynadığı obrazın əsl adı Cimmi Börk idi. Oğlu ilə yaxın idik. Film (“Goodfellas” filmindən söhbət gedir – red) çıxanda mafiya ilə birlikdə baxmışdıq. Həbsxanada hər bazar “Sopranos”a baxırdılar. Artıq oğru dünyası ilə bağlı filmlərə baxmaq istəmirəm.

“Mafiyanın qanuni biznesmenə məsləhətləri” kitabından:

- Sözünə əməl et. Qanuni biznesmenlər sözlərini müqavilələrlə təsdiq edirlər. Bizdə əl sıxışmaq kifayət edir.

- “Boss”u heç vaxt başqasının yanında pisləmə.

- Çox özündən razı olma. Məsləhətləri qulaqardı elədiyin dəqiqədən etibarən məhv olarsan.

Mənbə: “Hürriyet” qəzeti

# 4442 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #