Vətən müharibəsinin həkimi: "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə

Vətən müharibəsinin həkimi:  "Yaralı əsgərlərdən biri üzərində qan ləkəsi olan bayrağı mənə hədiyyə etdi..." - Müsahibə
8 noyabr 2026
# 11:48

İkinci Qarabağ müharibəsindən sonra aktiv leksik fondumuza bəzi ifadələr daxil oldu: Vətən müharibəsi, “Vətən Müharibəsi Qəhrəmanı”, Vətən müharibəsi şəhidi, Vətən müharibəsi qazisi, Vətən müharibəsi iştirakçısı və s. Bu birləşmələrin sırasına “Vətən müharibəsinin həkimi” ifadəsini də əlavə etmək yerinə düşər. Çünki onlar amansız müharibənin ağrısının ilkin nişanələri ilə birinci tanış olan və bundan çıxış yolu axtaran, öz həkim xalatının ağlığı ilə qanın qırmızılığına qalib gəlməyə çalışan şəxslərdir.

TƏBİB tabeliyində fəaliyyət göstərən Nərimanov Tibb Mərkəzinin şöbə müdiri, tanınmış cərrah Vəli Xəlilovun APA-ya müsahibəsi

DOSYE: Vəli Xəlilov 1991-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə Gürcüstan Respublikasının Tblisi şəhərində cərrah ixtisası üzrə internatura keçib. Bir neçə dəfə Türkiyədə təhsilini davam etdirib. Vətən müharibəsində müxtəlif istiqamətlərdə gedən döyüşlər zamanı yaralılara tibbi xidmət göstərib.

“Bizim əsgərlərimizin yüngül yaralanma ilə xəstəxanaya gətirilməsinin şahidi olmamışam”

– Doktor, ötən gün bir əli ilə anasından, bir əli ilə bayraqdan yapışıb bağçaya tələsən qızcığaz yolda öz-özünə ad günü mahnısı oxuyurdu. Anası gülümsəyərək ondan soruşdu ki, qızım, axı bu gün heç kimin ad günü deyil, bu mahnı hardan yadına düşdü? Qızcığazın gözləri işıldadı və dedi: “Ana, bu gün Azərbaycanın ad günüdür”. Vəli müəllim, sizi Zəfər Günü – Azərbaycanın yenidən anadan olması münasibətilə təbrik edirəm.

– Minnətdaram. Mən də sizi təbrik edirəm. “APA Media Group”a həm öz adımdan, həm kollektivimiz adından təşəkkürümü bildirirəm ki, bu Zəfər Günündə məni də yada salmısınız, həkimlərin də müharibədəki xidmətlərini qiymətləndirirsiniz.

Həkimlər soyuqqanlı olur. Müharibənin hərarəti isə daşı da əridə bilər. Amma o günlərin həyəcanını yenidən kiminsə xatirinə gətirmək çətindir. Doktor isə müharibənin ilk günləri ilə bağlı ehtiyatla verilən suala çox hazırlıqlı cavab verir:

– Həm 44 günlük Vətən müharibəsində, həm də lokal antiterror tədbirlərində həkim kimi iştirak etmişəm. Bizim həkimlərimiz, o cümlədən mən həm arxa cəbhədə, həm də ön cəbhədə fəaliyyət göstərmişik. İkinci Qarabağ müharibəsinin başlanmasını böyük sevinclə qarşıladım. İnanmıram ki, hansısa ölkədə müharibə başlayanda xalq bu qədər sevinə. Bu sevincin əsas səbəbi 30 illik həsrətə son qoymaq vaxtının gəlib çatması idi. Hamının içində bu döyüşdə özünə uyğun şəkildə iştirak etmək, özünə layiq olduğu yeri tutmaq və dövlətinə, əsgərinə əlindən gələn köməkliyi göstərmək hissi var idi. Müharibənin ilk günlərindən cəbhə bölgəsinə ezam olundum. Ezamiyyətim Naftalan, Tərtər, Ağcakənd və Murov istiqamətində gedən döyüşlərdə əsgərlərimizə tibbi yardım göstərməkdən ibarət oldu. Sonradan Hadrut, Şuşa istiqamətində gedən döyüşlərdə yaralananlara tibbi yardım göstərdik. Bayaq dediyim kimi, həm arxa, həm də ön cəbhədə müharibədə iştirak etmişik. Bu müharibənin qanlı-qadalı günlərini əsgərlərimizlə birgə keçdiyim üçün fəxr edirəm.

– Xəstəxanaya gətirilən yaralıların vəziyyəti heç də eyni olmayıb. Onların bəziləri orta, orta-ağır, yaxud kritik vəziyyətdə sizin yanınıza çatdırılıb. Ən çox hansı tip xəsarətlər müşahidə edilirdi?

– Bilirsiniz, bu, müharibədir. Müharibədə əsgərlər müxtəlif dərəcəli yaralanmalarla xəstəxanaya təxliyə edilir. Bizim əsgərlərimizin yüngül yaralanma ilə xəstəxanaya gətirilməsinin şahidi olmamışam. Onlarda o qədər vətənpərvərlik ruhu, azadlıq eşqi var idi, yüngül xəsarət alanlar tibbi xidmətdən imtina edirdilər. Təxliyə edilənlər, əsasən, orta və ağır yaralanan əsgərlərimiz idi. Biz də onlara cərrahi, neyrocərrahi, travmatoloji, anestezioloji və digər xidmətləri yüksək səviyyədə göstərirdik. Hər cür yaralı olurdu. Eləsi var idi, bizə qədər ayağını itirib, yaxud hələ itirməyib, amma ehtimal var. Qol hissələrində o qədər də itirilmə müşahidə edilmirdi. Əsasən, cərrahi yaralanmalar daha çox idi: döş qəfəsi, qarın boşluğu, kəllə-beyin travmaları... Şükür ki, biz onlara lazımi tibbi xidmət göstərə bilmişik.

“Əsgərlərimiz ölüm-qalım mübarizəsi gedən zaman belə öz ədəblərini itirmədilər”

Müharibə vaxtı ekstremal vəziyyətin içindən müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya gətirilən döyüşçülərin psixoloji vəziyyəti, gərginlik səviyyələri də müxtəlif olurdu. Altı il keçməsinə baxmayaraq bəzi müharibə iştirakçılarında həmin gərginliyin işartıları hiss edilir. Həkimlər isə bu gərginliyin ilkin nöqtəsində o döyüşçülərlə əlaqədə olub. Vəli Xəlilov söhbətin bu yerində həmin situasiyaların psixoloji tərəflərini xatırlayır:

– İnanın, elə yaralı əsgərlər var idi, Azərbaycan himnini oxuya-oxuya, bəziləri əllərində bayraq xəstəxanaya gətirilirdi. Bilirsiniz, hər bir əsgərin öz bayrağı olur. Yaralı əsgərlərimizdən biri öz qan ləkəsi üzərində olan bayrağı mənə hədiyyə etdi. O bayrağı bu günə qədər saxlayıram. Bir dəfə yaxın yoldaşlardan biri o bayrağı məndə gördü və soruşdu ki, nə əcəb o bayrağı yuduzdurmamısan? Dedim, o bizim əsgərimizin qan ləkəsidir. Mən o bayrağı necə təhvil almışamsa, o cür də saxlayıram... Yaralılar daha çox əsgər yoldaşlarına yardım etməyimizi bizdən xahiş edirdilər... Bir də bunu deyim. Bizim əsgərlərimiz heç vaxt ədəb-ərkanını itirmədilər. Həmişə ədəbli oldular. Bilirsiniz, müxtəlif nahiyələrdən yaralanmalar olurdu. O vəziyyətdə belə öz ədəblərini qoruyurdular. İstər-istəməz tibb bacıları, xanım həkimlərimiz onlara yardım edəndə görürdüm ki, çox utanırlar, çəkinirlər. Həyatda ölüm-qalım mübarizəsi gedən zaman belə öz ədəblərini itirmədilər.

– Yenidən döyüşə qayıtmaq arzusunda olan yaralılarla ünsiyyətdə konkret olaraq nə hiss edirdiniz?

– Ən ön tərəflərdə olduğumuza görə, yaralı əsgərlərimizə ilk cərrahi müdaxiləni biz edirdik. Bu cərrahi müdaxilələrdən sonra özünü toparlayan əsgərlərimizin böyük əksəriyyəti dərhal döyüşə qayıtmaq istəyirdi. Mən bunu nəyinsə xatirinə demirəm, həqiqətən, belə idi. Onların içində olan qəhrəmanlıq, dostları tək qoymamaq, döyüş yoldaşlarını tək qoymamaq, döyüşə davam etmək, hansısa məntəqənin, şəhərin alınmasında şücaiət göstərənlərin sırasında adının olmasını istəmək, Vətənə lazımi xidməti göstərmək hissi var idi deyə, geri – döyüşə qayıtmaq arzusundaydılar. Və onların bir çoxu döyüşə qayıtdı.

“Azərbaycan tibbi beş dəfə bundan böyük müharibəyə hazır idi”

“Ən çox sevdiyin şəxs kimdir?”, “Ən çox səyahət etmək istədiyin ölkə hansıdır?”, “Hansı yeməyi daha çox xoşlayırsan?” və bu kimi müqayisəli sualları kiməsə ünvanlamaq elə də çətin deyil. Amma “Müharibə vaxtı ən çətin əməliyyatınız hansı olub?” sualı ağırdır, elə müharibənin özü qədər ağır. Doktor peşəsinəxas təmkinlə fikirləşdi və nə isə kəşf edirmiş kimi bir hərbçinin adını xatırladı:

– Müharibə dövründə icra etdiyim əməliyyatlar içində ən ağırı Tovuz rayonunun İbrahimhacılı kəndindən olan Kəlbalıyev Nofəlin əməliyyatı idi. Çoxsaylı yaralanmaları var idi. Əməliyyata başladıq. Onun həyatını çox böyük mücadilədən sonra xilas etdik. Hətta iki dəfə açıq ürək masajı etdik. O dərəcə ağır yaralı idi. Səhər gördüm, təngnəfəsdir. Soruşdum ki, necəsən? Dedi, həkim, yaxşıyam. Dedim, kimləsə danışmaq istəyirsən? Dedi, yox. Axı bilirdim, yarası ağırdı, hər an hər şey ola bilər. Onun anasının telefon nömrəsini alıb danışdım. Həmin yaralını Gəncə şəhərinə təxliyə etdirdim və anasına da dedim ki, gəl, oğlunu Gəncədə gör. Bu gün də Nofəllə əlaqəm var. Hər bayramda məni təbrik edir.

– Onu yenidən həyata gətirməyə vəsilə olmusunuz.

– Doğrudan elə idi. Nə Vətən müharibəsi dövründə, nə də lokal antiterror tədbirləri zamanı elə ağır yaralı görmüşəm.

– Doktor, təhsil aldığınız vaxtdan – 1991-ci ildən əlinizdə cərrah bıçağı var. Prosesə aydın şahidlik etmisiniz. Sizcə, Azərbaycan tibbi müharibəyə hazır idi?

– Azərbaycan tibbi həm mütəxəssis, həm də təchizat baxımından bundan da beş qat ağır müharibəyə hazır idi. SSRİ dağılandan sonra azərbaycanlı həkimlərin bir qismi müxtəlif xarici ölkələrdə təhsillərini davam etdirdilər, ixtisasartırma kurslarına getdilər. Mən də iki dəfə Türkiyədə təhsilimi davam etdirmişəm. Müharibə dövründə Azərbaycanda yaşayan yerli həkimlərdən əlavə, Türkiyədə, Almaniyada və başqa ölkələrdə çalışan azərbaycanlı həkimlər kömək üçün öz vətənlərinə gəlmişdilər. Bu məqamda şəhid olan tibb işçilərini xatırlamasam, olmaz. Bizim sıralarımızda neçə-neçə tibb işçisi şəhid oldu. O şəhidlərdən biri tələbə yoldaşım Rasim Abdullayev idi. Çox mütəvaze və vətənpərvər həkim idi. Vətən yolunda da şəhid oldu. Biz əsgərlərimizin həyatı uğrunda mübarizə aparmaqla bərabər, öz həyatımızı da təhlükəyə atırdıq. Və bu, qaçılmaz idi, belə də olmalıydı.

“Hətta bir neçə dəfə işlədiyimiz xəstəxanalara raketlə zərbə endiriblər”

– 8 noyabr tarixinə qədərki dövrdə yerdəyişmələriniz nəyə əsaslanırdı?

– 8 noyabra qədərki dövrdə Tərtər, Naftalan, Ağcakənd, Murov istiqamətində, Suqovuşanda olmuşam. Yerdəyişmələrimiz tələbata uyğun olurdu. Məsələn, Ağcakənd istiqamətində daha çox yaralı olurdusa, biz mobil şəkildə paylaşılırdıq. Naftalanla Tərtərin arasında Səyyar Tibbi Korpus (STK) deyilən hərbi hospital fəaliyyət göstərirdi. Döyüş ərəfəsində iki dəfə həmin STK-da da olmuşam. Eyni zamanda Ağcakəndə yardıma getmişik. Hətta Bərdə bombardman ediləndə bizim dəstəmiz orada yaralılara yardım etməyə yollanmışıq.

Bir var ölümlə göz-gözə olasan, bir də var ölümlə göz-gözə olan şəxsi həyatda saxlayarkən sən özün onun vəziyyətinə düşəsən. Vətən müharibəsinin həkimləri həmin vəziyyətdə öz “Hippokrat andlarını” yerinə yetirməyə çalışıblar. Həmin vaxt isə inanmıram onların yadına Hippokrat düşə, onlar öz həmvətənlərini salamat saxlamağa çalışırdılar:

– Bir neçə dəfə ekstremal vəziyyətə düşdük. STK-ya yardıma gedəndə oranı top atəşinə tutdular. 30-luq top mərmiləri, təxminən, bizdən 15-20 metr aralıya düşdü. Xoşbəxtlikdən, həmin mərmilər partlamadı. Bir dəfə də Ağcakəndə gedəndə yüksəklikdən bizi “minamyot”la (minaatan – red.) atəşə tutdular. Hətta bir neçə dəfə işlədiyimiz xəstəxanalara raketlə zərbə endiriblər. Amma heç vaxt hədəfə dəyməyib. Ya yanımızdan keçib, ya mərmi partlamayıb.

– Belə bir təsnifat aparsaq, ən çox yaralı hansı istiqamətdə gedən döyüşlərdən gətirilirdi?

– Müharibənin ilk günlərindən Murov, Suqovuşan istiqamətindən yaralılar gətirilirdi. Sonrakı həftə isə daha çox yaralı Füzuli istiqamətindən təxliyə edilirdi. “Ohanyan səddi”nin yarılmasında daha intensiv döyüşlər getdiyi üçün həmin bölgədən daha çox yaralı daxil olurdu.

– Bayaq döyüşçülərin psixoloji vəziyyətləri barədə danışdıq. Bəs həkim kimi sizin özünüzdə o günlərin travmalarının, gərginliyinin nişanələri qalıbmı?

– Düşünmürəm. Mən heç bir şəhid vermədən əməliyyatları icra etmişəm. Nəinki travma almaq, həmin əməliyyatlardan zövq almışam. Çünki heç kim o əməliyyatın nəticəsində şəhid olmayıb.

“Müharibə təcrübəsi olmayan həkimlərlə müharibə təcrübəsi olanlar arasında böyük fərq var”

– Məncə, mülki həyatdakı adi əməliyyatla döyüşdən yaralı təxliyə edilən əsgərin əməliyyatı arasında fərq var. Bunu hiss edirdiniz?

– Çox böyük fərq var. Bayaq qeyd etdiyiniz kimi, ona psixoloji hazır olmaq lazımdır. Professionallıq və operativlik də önəmlidir. Vəziyyət digər xəstələr kimi olmur. Yaralıya anında lazımi müdaxilə etmək lazımdır ki, o, həyatda qalsın. Əks təqdirdə biz həmin əsgəri itirə bilərik. “Hansını daha tez əməliyyat etməlisən?” sualı da çox vacibdir. Müharibə təcrübəsi olmayan həkimlərlə müharibə təcrübəsi olanlar arasında böyük fərq var.

– Aprel döyüşlərinə yollanmışdınız?

– Yox. Amma Aprel döyüşlərində yaralanan Xüsusi Təyinatlı Qüvvələrin 60 nəfər hərbçisinə tibbi yardım göstərmişəm.

İkinci Qarabağ müharibəsindən sonra həkimlərimiz barədə eşidilən şücaətlərdən biri də döyüşçülərin bədən əzalarının itirilməməsi uğrunda aparılan mücadilə idi:

– Təbii ki, cərrahlığı bir kənara qoysaq belə, bir insan olaraq, orqanın saxlanılması tərəfdarıyam. Bu yaralanmaların elə bir spesifik xüsusiyyəti var ki, bəzən insan həyatda qalsın deyə, çox istəsən belə, məsələn, onun ayağını saxlaya bilmərsən. Buna cərrahi göstəriş olmalıdır. Bu, adi bir kəsik deyil, qəlpə yaralanmalıdır; tozun, torpağın, odun, alovun, yanmış, cırılmış yaralardır. Çalışırdıq və əksər hallarda əsgərlərin əzalarının yerində saxlanılmasına nail olurduq.

“Həkimliyi bura qədər davam etdirdim, bir silah verin”

– Danışdıqca fikirləşirəm ki, indiyə qədər hərbi həkim olmağa, rütbə almağa meyliniz olubmu? Yaxud müharibədən sonra belə bir istək yaranıbmı ki, gərək, fəaliyyətimi hərbi hospitalda davam etdirim?

– Əslində, bu barədə 20 il bundan əvvəl düşünmüşdüm. Hərbi təhsilim də var. Tibb xidməti leytenantı kimi universiteti bitirmişəm.

– O yaralıları, ağrı-acını görəndə hiddətlənərək cərrah bıçağını yerə qoyub, ələ avtomat alıb cəbhəyə yollanmaq ağlınızdan keçib?

– Belə bir fikrim olub. Yaralıları ziyarət etmək üçün iki nəfər polkovnik rütbəli komandir gəlmişdi. İncəçay istiqamətində yaralılar var idi. Onların vəziyyətləri ilə maraqlanırdılar. Dedim, komandir, silahla rəftarı bilirəm, hərbi rütbəm də var, həkimliyi bura qədər davam etdirdim, bir silah verin, yaxşı nişançıyam, gedim döyüşlərə. Dedi yox, sən bizə burda lazımsan. Mən onları çöldə yola salanda hava soyuq idi. Onlar mənim üşüdüyümü gördülər. Bu vaxt polkovniklərdən biri öz gödəkcəsini çıxarıb mənə verdi. Dedim, cənab polkovnik, o ulduzların ağırlığını mənim çiynim daşıya bilməz. Çox təkid etdi, götürmədim. Aradan iki gün keçəndən sonra bizə 20-yə yaxın qalın geyim dəsti yolladı.

– Doktor, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Tibb Universitetinin birinci-ikinci kursunda təhsil alırdınız. O dövrlərdə ağlınıza gəlirdi ki, vaxt gələcək, bu torpaqlar alınacaq və torpağı alan oğullara tibbi xidmət göstərəcəksiniz?

– Mən torpaqların işğaldan azad ediləcəyinə həmişə inanırdım. Öz yoldaşlarıma deyirdim ki, bilirsiniz o torpaqlar nə vaxt azad olunacaq? Soruşurdular, nə vaxt? Deyirdim, mən o müharibədə iştirak edəndə. Başda Ali Baş Komandan olmaq şərtilə, bizim qəhrəman oğullarımız sayəsində torpaqlar işğaldan azad olundu və mən də bunun iştirakçısı oldum. Mən torpaq azad olunanda bu prosesdə iştirak etməyin arzusunda idim.

“Xankəndidə ilk cərrahi əməliyyat etmək mənə nəsib oldu”

– Zəfərdən sonra hara ezam olundunuz?

– Əməliyyat etdiyimiz yaralılar var idi. Onların müalicəsi və təxliyəsi ilə məşğul olurduq. Noyabrın 11-i Bakıya qayıtdıq.

– Ta ki lokal antiterror tədbirlərinə qədər.

– Bəli.

Antiterror tədbirləri ilə suverenliyimiz bərpa olandan sonra bir xəbər yayıldı: “Xankəndidə ilk cərrahi əməliyyat həyata keçirilib”. Həmin cərrah Vəli Xəlilov idi. O, Azərbaycan tibb tarixinə belə düşdü:

– Antiterrordan sonrakı fəaliyyətim Xankəndidə davam edib. Xankəndidə 3 ilə yaxın – 2023-cü ilin oktyabrın 2-dən 2026-cı ilin may ayına qədər cərrahi fəaliyyətlə məşğul olmuşam. Həmçinin Xankəndidə tibbi kollektivin rəhbəri kimi fəaliyyət göstərmişəm. Xocalı, Ağdərə, Şuşa, Xocavənd və Xankəndidə yaşayan əhaliyə tibbi yardım göstərmişəm. Bəli, Xankəndidə ilk cərrahi əməliyyat etmək mənə nəsib oldu. Sonra da orada əməliyyatlar çox oldu. Erməni təxribatının qarşısını alarkən xəsarət almış polislərimizə, əsgərlərimizə cərrahi yardım göstərmişəm. Xankəndidə ilk əməliyyat isə appendisit əməliyyatı idi. Əməliyyat etdiyim polisin adı isə Atatürk idi... Bilirsiniz, Çingiz Aytmatov yazır ki, bəzi duyğuları ifadə etməyə yetəcək qədər söz də yoxdur və buna ehtiyac da yoxdur. Çox şeylər görmüşəm. Sadəcə sözün yetərli olmadığı anlar var. Onları ifadə edə bilmərəm. Gərək, o anı yaşayasan və hiss edəsən. Bir söz deyə bilərəm ki, qəhrəman ordumuzla fəxr edirəm.

# 71 dəfə oxunub

Oxşar xəbərlər

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

“Uzaq sahillərdə” filmində göstərilməyən həqiqətlər - Mehdi Hüseynzadə son gülləsini kimə saxlamışdı?

12:00 2 noyabr 2026
"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..."  - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

"İnqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında..." - "Molla Nəsrəddin"lə "Füyuzat"ı kim üz-üzə qoyurdu?

10:00 1 noyabr 2026
İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

İmtiyazlarından imtina edib döyüşə gedən komandir - Sağlığında Milli Qəhrəman adını alan Şükür Həmidov kimdir?

12:00 27 oktyabr 2026
Oğurlanmış sənət əsərlərinin izi ilə -  İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

Oğurlanmış sənət əsərlərinin izi ilə - İtaliya və Afrika ölkələri yeni əməkdaşlığa başlayır

18:40 26 oktyabr 2026
Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

Atatürkün axtardığı batmış qitə: Kritdən Muya gedən yol

15:00 19 oktyabr 2026
Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

Səmanı fəth edən pilotun son döyüşü – Zaur Nudirəliyev necə şəhid oldu?

12:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər