Kulis.az Nəriman Əbdülrəhmanlının "Sergey Paracanov: Bir "əfsanə"yə illüstrasiya" yazısını təqdim edir.
1. Görüş ərəfəsi
1988-ci ilin əvvəlləridi...
Ermənistanın torpaq iddiaları yenicə açıq müstəviyə keçib, Qarabağda separatçılar günü-gündən həyasızlaşır. Bizsə hələ də “dostluq nəğməsi” oxuyuruq...
Əməkdaşlıq elədiyim, Gürcüstan KP MK-nın orqanı olan “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində də eyni əhval-ruhiyyə var, yuxarının göstərişiylə “dostluq nəğməsi” oxumaq, bu ruhda yazılar hazırlamaq tələb olunur, mənə də ədəbiyyat və incəsənət şöbəsinin əməkdaşı kimi, o vaxt “Aşıq Qərib” filmi üzərində işləyən kinorejissor Sergey Paracanovla görüşüb söhbət eləmək tapşırılır. Onun şəxsiyyəti və yaradıcılığıyla tanış olduğuma görə, boyun qaçırmağa cəhd göstərirəm, amma vəzifə borcu, üstəlik də eşitdiklərimi, oxuduqlarımı gördüklərim və duyduqlarımla müqayisə eləmək istəyi üstün gəlir. Telefon kitabından nömrəsini tapıb zəng vurur, belə asanlıqla əlaqə yaratdığıma təəccüblənə-təəccüblənə görüş barədə niyyətimi bildirir, üstəlik, dərhal razılıq verdiyinə də əməlli-başlı heyrətlənirəm.
Yaşadığı Kote Mesxi küçəsi Tbilisinin xəritəsinə düşməyib. Rustaveli prospektindən üzüyuxarı qalxan küçələrdən biriylə diklənib, neçə-neçə dar dalandan keçib, Sənan dağının lap dibindəki, boyu cəmi-cümlətanı yüz addım olan döngəyə buruluram. Sergey Paracanov bu küçədəki yeddi saylı evin ikinci mərtəbəsində yaşayır.
Qədim, eyvanlı binada mənzilini asanlıqla tapıram: yapışdırılmış kinoafişalar giriş qapısını sirk qapılarına oxşadır. Mənzilin iç görünüşüsə məni lap çaşdırır: elə bil, bugünkü sivilizasiya qapıdan içəri girməyib, necə gəldi düzülmüş, qadın səliqə-sahmanı duyulmayan ev əşyalarından yüz il əvvəlin havası gəlir. Döşəmədən-tavanınacan divarlardan əntiq çərçivələrə salınmış tablolar, cürbəcür kəsiklərdən quraşdırılmış mozaika və kollajlar asılıb.
2. “Əfsanə”ylə görüş
Ev sahibi də qədimi çarpayıda uzanıb, güllü yorğanı çənəsinəcən çəkib, yalnız ağ-qara saqqallı başı görünür. Üst paltarı səliqəsiz halda yanındakı kreslonun üstünə atılıb. Salamımı alıb sorğu dolu baxışlarıma cavab verir:
- Yoldan gəlmişəm, - deyir, - görünür, daha qocalıq əl verib.
Kim olduğumu, niyə gəldiyimi soruşmur, deyəsən, belə qəfil gəlişlərə öyrəşib, qapısı hamının, tanımadığı adamların üzünə açıqdı. Deyilənə görə, müsahibə verməyi, özü və filmləri haqqında danışmağı xoşlamır. Bir qədər əvvəl telefonla danışdığımızı xatırladanda sifətinin cizgiləri yumşalır:
- Elə indicə Bakıdan qayıtmışam, - deyir, - bilmirəm xəbəriniz var, ya yox, “Aşıq Qərib” rəvayətini ekranlaşdırıram.
- Əlbəttə, xəbərim var, - deyirəm, - məni bura gətirən də yaradıcılığınız, həm də son filminizlə bağlı söhbət eləməkdi.
Xeyli susur, mən də tələsmirəm, onu dərk eləməyə, söhbətimizə necə yön verməyi qərarlaşdırmağa çalışıram. Gözüm divarda çərçivəyə salınmış kamal attestatını alır: 1924-cü ildə anadan olub, şəhər 42 saylı rus orta məktəbini 1942-ci ildə bitirib...
Ömürlüyünün davamını özü danışır:
- Elə bu mənzildə, yanvarın 9-da doğulmuşam, atam əntiqçiydi, qədim əşyalara həvəsim ondan irsən keçib. Orta məktəbdə musiqiyə, rəssamlığa daha çox meyil göstərirdim, bitirəndən sonra da bir neçə ay oyuncaq fabrikində işlədim, payızda Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil oldum, 1943-cü ildəsə oranı atıb konservatoriyanın vokal sinfinə keçdim, həm də Zaxari Paliaşvili adına Opera Teatrı nəzdindəki rəqs kursuna getməyə başladım, müharibə qurtaran il də Moskva Konservatoriyasına dəyişildim. Orda da cəmi bir il oxuyub kinorejissor olmağı qərara aldım...
3. Birinci zəruri şərh
Sənət aləmində Sergey İosifoviç Paracanov kimi tanınmış rejissor, əslində, Sarqis Ovsepoviç Paracanyandı. Adı qoyulan babası XIX əsrin axırlarında Tiflisdə ilk rəsmi ümumxana açmış şəxs olub, oğlu Ovsepi də əntiqçi olmağa yönəldib. Ovsep Paracanyan atasından aldığı mirası zənginləşdirməkdə - nəinki Tiflisdə, hətta ətraf rayonlarda belə, gürcü və başqa xalqlara məxsus mədəni-məişət əşyalarını alıb İrəvana ötürməkdə - xüsusi bacarıq sahibi olub.
Sarqis orta məktəbdə pis oxuyub, məhəllədə də xoşagəlməz hərəkətləriylə ad çıxarıb, amma orta məktəbi bitirəndən sonra artıq dul qalmış anası Siranuş oğlunu cəbhəyə göndərilməkdən xilas eləmək, ali məktəbə salmaq üçün Ovsepin əntiq əşyalarından məharətlə faydalanıb. Nəticədə 18 yaşlı Sarqis nəinki səngərdən canını qurtarıb, hətta dəqiq elmlərdən pis qiymətlər alsa da, Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olub, sonra Tbilisi, ardınca da Moskva Konservatoriyasına keçib.
Moskvada o, artıq Sergey İosifoviç Paracanov kimi sənət aləmini fəth eləmək qərarına gəlib, 1946-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, İqor Savçenkonun emalatxanasında özünə yer eləyə bilib. Tələbəlik illərində sonralar sovet kinosunun tanınmış simalarına çevriləcək Yuri Ozerov, Marlen Xutsiyev, Aleksandr Alov, Vladimir Naumovla... birgə “Üçüncü zərbə” və “Taras Şevçenko” filmlərinin çəkilişində iştirak eləyib.
Elə “Taras Şevçenko” filminin şəkilişi zamanı – 1948-ci ilin avqustunda - da gələcək dissident xüsusi xidmət orqanlarıyla ilk dəfə tanış olub: Sergey Paracanov Gürcüstan Mədəni Əlaqələr Cəmiyyətinin sədri, “ideoloji səhvlərə yol vermiş” yazıçı Nikolay Mikavanın işiylə bağlı həbs olunub, üstəlik, homoseksual əlaqələrdə, əxlaqsız həyat tərzi sürməkdə günahlandırılıb. O, ittihamları qəbul eləyib, nəticədə Hərbi Tribunalın qərarıyla 5 il həbs cəzasına layiq görülüb. Amma müəllimi İqor Savçenko dostları Aleksandr Korneyçuk, Vanda Vasilevskaya, Natan Rıbak kimi tanınmış yazıçıların köməyi, Anastas Mikoyanın himayəsilə dekabr ayında həbsdən azad edilib, növbəti ilsə instituta bərpa olunub.
Sergey Paracanov 1951-ci ildə normal həyat yaşamağa cəhd göstərib, tatar qız Nigar Serayevayla evlənib. Amma “dinindən üz çevirmək” qızın həyatı bahasına başa gəlib, qohumları onu qətlə yetiriblər. Beləliklə, gələcək rejissor əl çəkməyə çalışdığı əvvəlki həyat tərzinə qayıtmalı olub...
4. Kiyevdə keçən illər
- 1950-ci idə dünyasını dəyişən İqor Savçenkonu Aleksandr Dovjenko əvəz elədi. 1952-ci ildə o, kurs işi kimi mənə “Andrieş” qısametrajlı filmini çəkməyi təklif elədi. Ssenarini Yemilian Bukov moldav xalq nağılının motivləri əsasında qələmə almışdı. Filmi çəkib təhvil verdim, diplomumu alıb Aleksandr Alov və Vladimir Naumovla birgə Kiyevə göndərildim. Həmin vaxt Kiyev kinostudiyasında “Maksimka” filmini çəkən Vladimir Braunun assistenti oldum. Alov və Naumovla yataqxanada eyni otaqda qalırdıq, bir il sonra da Qriqori Çuxray gəldi. “Andrieş” filminin tammetrajlı versiyasını çəkmək ideyası da o vaxt yarandı. Yakov Bazelyanla lentə aldığımız həmin filmi çox nadir hallarda yada salıram.
...Əlbəttə ki, o, tamaşaçıların da, tənqidin də diqqətini çəkməyən filminin uğursuzluğundan söz açmır. Amma o illər yaradıcılıq baxımından məhsuldar olub, Sergey Paracanov tamamilə sosializm realizminin tələblərinə cavab verən, pafos və saxta şərtiliklərlə dolu olan “Düşüncə” (1957), “Nataliya Ujviy” (1958), “Qızıl əllər” (1960) sənədli, “İlk oğlan” (1958), “Ukrayna rapsodiyası” (1961), “Daş üzərində çiçək” (1962) filmlərini çəkib.
Üstəlik, 1955-ci ildə Paracanovun diplomat qızı, 17 yaşlı Svetlana Şerbatyukla evlənməsi də sənət aləmində təəccüblə qarşılanmışdı. O, yataqxanadan qayınatasının geniş mənzilinə köçmüş, dünyaya gələn oğlunun adını Suren qoymuş, iri otağı “intellektual salon”a şevirmiş, dostlarını orda qəbul eləməyə başlamışdı. Nəticədə də ailənin dava-dalaşı son həddə çatmış, hətta rejissorun ölçüsüz-biçisiz həyat tərzi yerli DTK-nın diqqətini çəkmişdi. Beləcə, onun “xoşbəxt ailə həyatı”na 1961-ci ildə son qoyuldu, yenidən öz çevrəsinə qayıtmalı oldu.
- 1962-ci ildə Andrey Tarkovskinin “İvanın uşaqlığı” filminə tamaşa eləyəndən sonra o vaxtacan çəkdiklərimin heç bir sənət dəyəri olmadığını başa düşdüm, tamamilə başqa yolla getmək qərarına gəldim. “Unudulmuş əcdadlarımızın kölgələri”ndən sonra isə mənə on beş il film vermədilər, - o, köks ötürüb susur...
Növbəti film üçün mövzunu Sergey Paracanova rəssam dostu Qriqori Qavrilenko vermişdi: məşhur Ukrayna yazıçısı Mixail Kosyubinskinin etnik azlıq olan qusulların həyatından, ayrı-ayrı klanlara mənsub olan İvan və Mariçkanın faciəvi sevgisindən bəhs edən “Unudulmuş əcdadlarımızın kölgəsi” əsərinin motivləri əsasında çəkdiyi eyniadlı film etnoqrafik çalarları, poetik üslubu, fərqli rejissor görümü, izafi şərtiliyilə diqqəti çəkirdi. Üstəlik, Paracanov sovet kinosunun formalaşmış standartlarını dağıtmaq məqsədilə filmi rus dilinə dublyaj eləməkdən boyun qaçırmışdı.
5. İkinci zəruri şərh
Nəticədə istədiyinə çatdı, Sovet İttifaqında “ideoloji silah” axtaran Qərbin diqqətini çəkə bildi. Film 1965-ci il Mar-del-Plata, Roma, Səlanik beynəlxalq kinofestivallarında, növbəti ilsə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında mümayiş etdirildi, xüsusi prizlərə layiq görüldü. Üstəlik, həmin ərəfədə sovet rejiminin Ukrayna millətçi ziyalılarına qarşı tutduğu mövqe də Sergey Paracanovun dissidentlər siyahısındakı yerini möhkəmləndirdi, “Kiyev freskaları” adlı növbəti filmisə “müasir gerçəkliyə mistik-subyektiv baxış” ittihamıyla yarımçıq dayandırıldı. Bu səbəbdən də o, dostu Viktor Şklovskinin məsləhətini eşidib ideyasını keçmişdən bəhs eləyən mövzu vasitəsilə gerçəkləşdirmək üçün 1966-cı ildə İrəvana üz tutdu.
Sergey Paracanov mövzu kimi “erməni aşığı” (əslində, alban aşığı) Sayat Novanın həyatını seçmişdi. Onun bir çox tələbləri sovet kino istehsalının qaydalarıyla uyğun gəlmir, buna görə də istehsal müddəti uzanırdı. Nəhayət, 1967-ci ilin ortalarında çəkilişlər başladı, bir il sonra da film tamamlandı. Həmin müddətdə Paracanov “Sayat Nova qalmaqalları” və “Akop Ovnatanyan” sənədli lentlərini çəkməyə, Andrey Tarkovskinin “Andrey Rublyov” filminin qadağan olunmasına, Ukraynada keçirilən siyasi məhkəmə proseslərinə etiraz eləməyə də imkan tapmışdı.
Amma film kəskin tənqidlərə məruz qaldı, onu təbiətinə xas pornoqrafiya və mistisizmdə günahlandırdılar, çoxlu düzəlişlər aparmağa, adını dəyişməyə məcbur elədilər. Beləliklə, “Nar rəngi” adlandırılan filmin nümayişinə yalnız Ermənistan ərazisində icazə verdilər, Ümumittifaq ekranınasa yalnız Sergey Yutkevişin yeni montajından sonra buraxıldı.
1969-cu ildə Kiyevə qayıdan Sergey Paracanov avtobioqrafik “Etiraf”, “əfsanəvi erməni çarı” haqqında “Gözəl Ara”, “yenilməz erməni bahadır” barədə “Sasunlu David”... filmlərini çəkmək istəyirdi. Amma Mixail Kosyubinskinin əsəri əsasında yazdığı “İntermesso” ssenarisi istehsala buraxılsa da, SSRİ DTK-nın sədri Yuri Andropov və Ukrayna KP MK-nın birinci katibi Vladimir Şerbitskinin göstərişilə çəkilişi dayandırıldı, Hans Kristian Andersenin nağılı əsasında yazdığı “Odensedə möcüzə” ssenarisindənsə Baltikyanı respublikaların kinostudiyaları imtina elədilər, yalnız “Ermənfilm” kinostudiyası istehsala razılıq verdi...
6. 30+5 ildən sonra Tbilisidə
Amma Sergey Paracanov çəkiliş üçün İrəvana yola düşməyə macal belə tapmadı: onu 1973-cü il dekabrın 17-də həbs elədilər, homoseksual əlaqələr və əxlaqsızlıq yuvası təşkil eləməklə bağlı ittiham irəli sürdülər. 1974-cü il aprelin 25-də keçirilən məhkəmə prosesində üzünə duranlar da tapıldı. Paracanov biseksuallığını boynuna alsa da, zorlama ittihamıyla razılaşmadı, bununla belə, beş il həbsə məhkum olunub Vinnitsadakı islah koloniyasına göndərildi.
Dərhal hazır mexanizm işə düşdü, erməni diasporu dünyanın məşhur sənətçilərini hərəkətə gətirdi. Hətta Vladimir Mayakovskinin məşuqəsi, daha iki nəfərin, sonra Vasili Katanyanın arvadı olan Lilya Brik bacısı ərini – məşhur fransız kommunist-yazıçı Lui Araqonu işə qoşdu. 1977-ci ildə təltif olunduğu “Xalqlar dostluğu” ordenini almaq üçün Moskvaya gələn yazıçı Leonid Brejnevə rejissoru əfv eləmək barədə xahişini çatdırdı. Vaxtından əvvəl azad edilən, Moskva, Leninqrad, Kiyev və İrəvanda məskunlaşmağı qadağan olunan Sergey Paracanov doğulduğu Tbilisiyə qayıtmaq məcburiyyətində qaldı.
Artıq anası dünyasını dəyişmişdi, Sergey Paracanov atasından miras qalmış əntiq əşyaları satmaqla dolanırdı, üstəlik də, evini yenə cürbəcür dostlarının yığışdığı məkana çevirmişdi. Kinostudiyalarsa onun layihələrini rədd eləyirdilər, hətta “Ermənfilm” kinostudiyası belə çar Ara və Sasunlu Davidlə bağlı ssenarilərini istehsalata buraxmaqdan boyun qaçırdı. Üstəlik, qohumunu Şota Rustaveli adına Dövlət Teatr İnstitutuna qəbul etdirmək üçün rüşvət verməsi ittihamıyla 1982-ci ildə yenidən həbs olundu, yalnız adlı-sanlı sənətçilərim müraciətindən, Gürcüstan KP MK-nın birinci katibi Eduard Şevardnadze işə qarışandan sonra 9 aylıq həbsinə son verildi.
Həmin vaxt “Gürcüstanfilm” kinostudiyasında Daniel Çonkadzenin eyniadlı əsəri üzrə istehsalata buraxılan “Surami qalası haqqında əfsanə” filminin rejissoru aktyor David (Dodo) Abaşidze təyin olunsa da, rəsmi dairələri narazı salmamaq üçün Sergey Paracanov heyətə köməkçi kimi salındı. Filmin bir sıra epizodları Bakıda, İçərişəhərdə çəkildi.
- Bir çox epizodlarda Azərbaycan ruhu var, - o, xatırlayır. – Qədim İçərişəhərin küçələri, oxunan muğamlar, oynanan rəqslər, “Qarabağ bülbülləri”nin çağlayan səsi tamaşaçıları sirli, mistik aləmə çəkib aparır.
Sergey Paracanovun imzası filmin taleyinə təsir göstərdi: “Surami qalası haqqında əfsanə” lenti 1986-cı ildə Troe, Sices, Bezanson, 1987-ci ildəsə San-Paulu və Rotterdam kinofestivallarında prizlərə layiq görüldü.
Amma 1985-ci ildə çəkdiyi “Pirosmani mövzusunda arabesklər” qısametrajlı sənədli-bədii filmi Sergey Paracanovu gürcü sənətçilər və sənətsevərlərlə üz-üzə gətirdi: böyük rəssamın manekeni xatırladan obrazının yaradılması “Pirosmani obrazının təhrif olunması və milli adət-ənənələrə zidd” sayıldı...
7. Başıbəlalı “Aşıq Qərib”
Tbilisidə və İrəvanda rəngkarlıq əsərlərinin sərgisini təşkil eləyən, “Şuşanikin əzabları”, “Ararat dağının xəzinəsi” ssenarilərini ekranlaşdırmağı arzulayan Sergey Paracanov David Abaşidzeylə növbəti layihəsi kimi Mixail Lermontovun yaradıcılığına müraciət elədi.
- Uşaqlıqdan Lermontovun əsərlərilə böyümüşəm, rejissor olandan o əsərlərdən birini çəkməyi arzulamışam, - deyir. – “Ağsaçlı Qafqazın rəvayətləri” filminə onun “İblis” və “Aşıq Qərib” əsərləri daxildi.
Azərbaycan xalq yaradıcılığının nadir incisi olan “Aşıq Qərib” dastanının yad ruh, adət-ənənəylə ekranlaşdırılacağına təəssüflənə-təəssüflənə danışıram ki, “Aşıq Qərib”, hər şeydən əvvəl, Azərbaycan xalq dastanıdı, Lermontov 1837-ci ildə Gürcüstana gələndə Quba, Şəki və Şamaxıya da səfər eləyib, dastanı Şamaxı ətrafında qocalardan eşidib. Sonra ona dastanın süjetini, mifoloji köklərini nağıl eləyirəm. Paracanov təəssüflə köks ötürür:
- Hə, o dastanın ruscası əlimizdə olsaydı, film daha yaxşı alınardı. Azərbaycan xalqının eposuna toxunmamışıq, Lermontov dastanı Şərq rəvayəti kimi qələmə alıb, biz də məhəbbət haqqında pritça kimi çəkirik. “Aşıq Qərib”in ilk variantını ekranlaşdırmaq haqqında qoy öz rejissorlarınız düşünsünlər. Çəkilişlərimiz Bakı ətrafında, Qazax rayonunun Şıxlı kəndində aparılıb. Bəstəkarı da istedadlı musiqiçi olan Cavanşir Quliyevdi.
Azərbaycan kinosuyla nə qədər tanış olduğunu soruşuram.
- Elbəy Rzaquliyevlə paralel kurslarda oxumuşuq, - deyir, - yaradıcılığını qiymətləndirirəm. Tofiq Tağızdənin, Rasim Ocaqovun filmləriylə tanışam. Sizə təəccüblü gəlməsin, ən xoşuma gələn filminiz Əjdər İbrahimovun “Bir məhəlləli iki oğlan” lentidi.
- Bu filmi də başa vurdunuz. Bəs, sonra neyləmək fikrindəsiniz? – son sualımı verirəm.
- Sakitlik içində dincəlmək. Uzun illər çəkdiyim mənəvi və fiziki əzablar taqətimi tükədib. Kiyev kinostudiyasından Pavlo Zaqrebelnı və Valentin Yejovun yazdığı “İqor polku haqqında dastan” ssenarisini göndəriblər. Amma imtina elədim. Ömrümün qalan illərini sakitlik içində başa vurmaq istəyirəm, - yorğanı çənəsinəcən çəkib gözlərini yumur.
Vəssalam. Vidalaşıb çıxır, üzüaşağı enirəm...
***
P.S. Sergey Paracanov ümumşərq motivləriylə yüklənmiş, mənsub olduğu xalqın ruhu açıq-aşkar duyulan “Aşıq Qərib” filmini Bakıda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında səsləndirdi, Qarabağ hadisələrinin qızğın məqamı olsa da, böyük hörmət gördü. Film 1988-ci ildə Avropa Kino Akademiyasının mükafatını aldı, 1989-cu ildə də Beynəlxalq İstanbul kinofestivalında xüsusi priz qazandı. İstanbulda o, get-gedə qızışan Qarabağ münaqişəsi əleyhinə çıxdı, Azərbaycan və erməni xalqları arasında dostluğun vacibliyini vurğuladı, amma sonrakı hərəkətləri (“Böyük Ermənistan” xülyasına xidmət eləyən filmlər çəkməyi arzulaması) söylədiklərində səmimi olmadığını sübuta yetirdi.
Təbiətcə hiyləgər, avantüraçı, oyunbaz olan rejissor elə həmin vaxtlarda Gürcüstan mədəniyyət xadimləri heyətiylə Fransaya səfərində Parisdəki köhnə-köşkül bazarından beş franka aldığı paslı xəncəri o ölkənin mədəniyyət nazirinə Şah Abbasın ən yaxın əyanlarından biri olan ulu babasından qalmış qiymətli yadigar kimi, guya, nənəsinin məsləhətiylə Fransa xalqına və dövlətinə təqdim eləməsi, nümayəndə heyətini gülünc vəziyyətdə qoymasıyla gündəmə gəlmişdi.
Elə həmin məqamda da o, “Nar rəngi” və “Akop Ovnatanyan” filmlərinə görə Ermənistan SSR Dövlət mükafatına layiq görüldü. Az sonrasa Frunzik Mkrtçyanın dəvətilə 1969-cu ildən bəri çəkdiyi “Etiraf” filmini tamamlamaq üçün “Ermənfilm” kinostudiyasında işə başladı. Amma mübtəla olduğu xərçəng xəstəliyi artıq son mərhələsindəydi. Erməni diasporu rejissoru xilas eləmək üçün bütün yollara əl atdı, Moskvanın ən yaxşı klinikalarının birində əməliyyat etdirdi, Tbilisidəki evində rahat müalicə şəraiti yaratdı. 1989-cu ilin axırlarında Lissabon kinofestivalına getməsisə Paracanovun vəziyyətini daha da ağırlaşdırdı. 1990-cı ilin əvvəllərində Fransa prezidenti Fransua Mitteranın dəvətilə Parisə aparılsa da, artıq onu xilas eləmək mümkün olmadı. Rejissor-operator Levon Mkrtçyansa artıq 1990-cu il iyulun 20-də həyatla vidalaşan sənətçinin ölümlə mübarizəsini lentə köçürürdü.
O məqamlarda Sergey Paracanova Ermənistanın və Ukraynanın “Xalq artisti” fəxri adları verilmişdi. Vəfatından sonra isə Rusiya Kino Akademiyasının “Nika”, Ukraynanın Taras Şevçenko adına Dövlət mükafatlarına layiq görüldü, onunla bağlı xatirələr yazıldı, sənədli filmlər çəkildi...
Sovet dövrünün bir “əfsanə”si də, beləcə, tarixə qovuşdu...
P.P.S. Arabir mətbuatımızda Sergey Paracanov haqqında rəğbət dolu yazıları oxuyanda məndə belə bir təsəvvür yaranır ki, çoxları hələ də onun həyatına və yaradıcılığına yetərincə bələd deyil...
Mart 1988 – noyabr 2024