O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi

O, sinifdə ayaqqabılarını niyə çıxarmışdı? - Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi
18 sentyabr 2024
# 17:00

Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyovun anadan olmasının 139-cu ildönümü tamam olur.
Kulis.az bu münasibətlə onun həyat və yardıcılığı haqqında maraqlı faktları təqdim edir.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdu. Atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdi. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Ailədə üç qardaş, iki bacı olublar.

Gallery

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə yoldaşına baş çəkməyə gedir. Yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də Üzeyir Ağcabədidə dünyaya gəlir. Bir aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

***

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alır. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi idi. Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra - 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyir.

Gallery

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir, lakin maddi ehtiyac üzündən Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur qalır.

***

Gələcək həyat yoldaşı Məleykə xanımla Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olub. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra -1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il Bakıda kirayədə yaşayırlar. 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir.

Gallery

İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün sənətini dəyişib, konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömür sürüblər. Ancaq onların övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.

***

Ü.Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq olub. Onlar həm də eyni ildə, eyni gündə anadan olublar.

Gallery

Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləboran ediblər.
Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Hadisələr başlayanda Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır: "Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm"
Ancaq Nərimanov "Siz bizə gələcəkdə lazımsız" deyir, - və Üzeyirlə Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppasını İrana yola salır. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir.

Gallery

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında çəkilir. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

***

Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dediyinə görə, bəstəkar şəkər xəstəliyini bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəl törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Gallery

Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.

***

Bildiyiniz kimi, Üzeyir bəyin övladı yox idi. O, bütün tələbələrini öz doğma övladı hesab edirdi. Şahidi olanlar dəfələrlə danışıb və yazıblar ki, Üzeyir bəyin qapısı tələbələrin üzünə həmişə açıq idi. O, Bakıdakı evinin qapısını heç vaxt arxadan bağlamırdı. Tələbələr çox rahat şəkildə onlara gedir, yemək yeyir, şəxsi problemlərini dilə gətirirdilər.

Dahi bəstəkarın tələblərinə sevgisini ifadə edən əhvalatlardan birində deyilir ki, yaxşı oxuyan bir tələbəsi yazı taxtasına dərs danışmağa çıxanda ayaqqabısı köhnə olduğu üçün utanır, Üzeyir bəy öz ayaqqabısını çıxarıb tələbəsinə verir və başqa bir tələbəni ayaqqabı dalınca evə yollayır. Tələbə bəstəkarın həyat yoldaşı Məleykə xanımdan ayaqqabı alıb qayıdınca auditoriyada, tələblərin qarşısında ayaqyalın oturur.

Üzeyir bəy əsərlərinə də övladları kimi yanaşırdı. O, "Arşın mal alan" bədii filmindən narazı qalmışdı: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin Üzeyir Hacıbəyovu “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.

***

Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk peşəkar bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub. Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

***

Üzeyir Hacıbəyov 1948-ci il 23 noyabrda vəfat edib. Ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.

# 2322 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #