Əkrəm Əylisli “Kulis”dən nə xahiş etdi?

Əkrəm Əylisli “Kulis”dən nə xahiş etdi?
6 dekabr 2019
# 12:01

Bu gün Əkrəm Əylislinin doğum günüdür. 82 yaşı tamam olur. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun haqqında ictimaiyyətə o qədər də məlum olmayan bir neçə fakt və əhvalatı oxucuların diqqətinə çatdırır.

O, şəksiz Azərbaycanın ən böyük yazıçılarından biridir. Əkrəm Əylisli nəsrimizə yeni bir dil qazandırdı və özündən sonrakı bütün yazıçılara bu və ya digər şəkildə təsir etdi. Onun nəsrinin sehrinə düşməyən yazıçı, şair, hətta oxucu tapmaq çətindir.

***

Əkrəm müəllim həm də çox maraqlı məclis adamıdır. Onunla saatlarla, sutkalarla otursan, yenə də doymazsan. “Əylisdən Əylisəcən” kimi bənzərsiz faktlarla zəngin xatirə kitabı yazsa da söhbətlərindən hiss olunur ki, indən belə on-on beş belə kitab yaza bilər.

***

Özünün ən çox sevdiyi hekayəsi “Ceviz gölgəsinin nağılı”dır. Burada söhbət kəndin gözəl bir ceviz ağacının kəsilməsindən və bu hadisənin kəndin, insanların taleyinə mistik təsirindən gedir.

***

Azərbaycan ədəbiyyatının şedevrlərindən olan “Kür qırağının meşələri” povestini yazmaq ideyası Ağdaşda doğub. Özü də indi əməlli-başlı düşmən olduqları Fikrət Qocagilin evində. O, povestdə təsvir etdiyi çayqırağı söyüdləri orda görüb və Aranın ilıq havasından belə bir əsər yazacaq qədər təsirlənib.

***

Yaxın dost olduqları vaxt Anarın “Təhminə”sini oxuyanda ona astadan pıçıldayıb:

- Anar, bu əsəri çap eləyib özünü biabır eləmə, hayıfsan!

***

Ədəbi mühitdə cığal, heç kəslə yola getməyən adam kimi tanınır. Demək olar, bütün tanınmışlarla aşağı-yuxarı problem yaşayıb. Ya mübahisə edib, ya söz atıb. Hətta yazıçı və şəxsiyyət kimi hamının birmənalı qəbul etdiyi Sabir Əhmədli ilə bağlı da ziddiyyətli fikirləri var: “Şəxsiyyəti yaradıcılığından daha yuxarıdadır.”

Lakin onu yaxından müşahidə edəndə bu xasiyyətin cığallıq yox ədəbiyyat məcnunluğundan qaynaqlandığını görürsən. O, sözü tanrı səviyyəsində görür və sevir. Bildiyi həqiqətlərdə zərrəcə güzəştə getmir. Adını onun ağzından bir dəfə eşitmək üçün ürəyi gedən, bütün günü yanınca hərlənən, şəninə təriflər deyən qoca, cavan yazıçılar olub. Lakin... Əkrəm bildiyi həqiqətə xilaf çıxan bir kəlmə də işlətməyib.

***

Həmin “Şəxsiyyəti yaradıcılığından daha yüksəkdədir” dediyi Sabir Əhmədliyə başqa bir münasibətinə baxın. “Azərbaycan” jurnalında yeni baş redaktor təyin olunanda ozamankı xalq yazıçıları qonorar üçün palaz-palaz romanlarını jurnala göndərir və əsərlərin daha tez çap olunması üçün ordan-burdan tapşırtdırırlar. Əlacsız qalan Əkrəm Əylisli işçilərə deyir:

- Gənc yazıçılardan kimin əsəri var?

Cavab:

- Sabir Əhmədlinin romanı var...

Əkrəm:

- “Ardı var”la basın nömrəyə, bu zir-zibilin qabağını alaq. Sabir nə qədər zəif yazmış olsa belə bunlardan min dəfə yaxşıdır!

Və romana baxmamış nömrəyə qoydurur.

***

Anarla çox yaxın dost olublar. Vaxtıyla Anarın yüksək şəhər mədəniyyətinə mənsub olduğunu bildirən bu sözləri söyləmişdi: “Biz qalstuk bağlamağı Anardan öyrəndik!”

Sonralar araları dəydi. Anarın AYB sədri seçilməsi və ədəbiyyata məmur münasibəti Əkrəmlə arasını bir daha düzəlməyəcək həddə pozdu. Hətta açıq düşmənçiliyə keçdilər. Həmin ərəfələr gənc şairlərdən biri “Sahil” bağında gəzişən Əkrəm müəllimə istehza ilə demişdi:

“Bizə qalstuk bağlamağı öyrədənlər boğazımıza ilgək keçirdilər!”

***

Ramiz Rövşənlə aralarında münaqişə olduğunu hamı bilir. Bu, çox zaman müsahibələrdə atmacalar, tənqidlər şəklində özünü göstərirdi. Həyatda, demək olar, görüşmürdülər. Bir gün ziyalılar forumunda üz-üzə gəlirlər və Əkrəm Əylisli vaxtıyla şagirdi hesab etdiyi Ramiz Rövşənin yaşlı dövrdə bir balaca şöhrətpərəstlik etməsinə incə bir eyham vuraraq deyib:

- Ramiz, Əliağa Vahid populyar olar, yoxsa sən?

***

Yazıçı Seyran Səxavətin hansısa əsərini sərt tənqid edir, söz gedib Seyrana çatanda deyir: “Əkrəmin vicdanı “smen”lə işləyir”.

***

Əkrəm Əylislinin əlbəyaxa olduğu yazıçılar da olub. Bu cür əhvalatların ən məşhuru yazıçı Şahmarla baş verib. Rəhmətlik Vidadi Məmmədov Əkrəmlə çox şit zarafat edib. Əkrəm fiziki cəhətdən zəif olan Vidadini vurmaq istəyəndə Şahmar söhbətə qarışıb və Əkrəmlə tutaşıblar.
Əkrəm Əylisli özü bu əhvalatı yada salanda qımışır:

- Şahmarla dost idim, bizi Vidadi dalaşdırdı!

***

Əkrəm Əylisinin kulis.az saytından vaxtıyla etdiyi şəxsi bir xahişi burda yazmaqla onun ədəbiyyata münasibətinə bir daha ayna tutmuş olarıq:

- Xahiş edirəm, İsi Məlikzadənin hekayələrini yığdırıb, yayımlayın, qoyun yeni nəsil onu oxusun!

***

Müsahibələrinin birində ən böyük arzusunun Əylisi bir dəfə görmək olduğunu söyləmişdi.

# 10167 dəfə oxunub

Oxşar xəbərlər

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

Türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlı

12:20 19 yanvar 2026
İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər