Xan Şuşinskini filarmoniyada necə ağlatdılar? – “Şuşanın dağları” mahnısı haqda bilmədiklərimiz – Yeni layihə

Xan Şuşinskini filarmoniyada necə ağlatdılar? – “Şuşanın dağları” mahnısı haqda bilmədiklərimiz – Yeni layihə
23 aprel 2021
# 17:01

Kulis.az “İllərin mahnısı” adlı yeni layihəyə başlayır. Layihədə məşhur mahnılarımızın tarixçəsi, onlar haqda maraqlı faktlar veriləcək. Layihənin ilk yazısı “Şuşanın dağları” mahnısı haqdadır.

Məşhur mahnıların qəribə taleləri olur. Elə “Şuşanın dağları” mahnısı kimi. Mahnını çox xalq mahnısı kimi qəbul etsə də onu XX əsrdə yaşamış böyük xanəndə Xan Şuşinski yazıb. Mahnı tar və kamançanın müşayiəti ilə muğam üslubunda oxunub. “Şuşanın dağları”nda təbiətin gözəlliyi qadın gözəlliyi ilə müqayisə olunur.

***

“Şuşanın dağları” Şuşa şəhəri haqda yazılan ilk mahnı kimi tarixə düşüb.

***

Xan Şuşinskinin oğlu Aslan Cavanşirov deyir ki, o vaxtlar, yəni sovet dönəmində peşəkar (diplomlu) bəstəkar olmayan şəxslərin mahnıları qeydiyyata alınmadığı üçün Xan Şuşinski “Şuşanın dağları”nı xalq mahnısı kimi qələmə verərək, müxtəlif məclislərdə ifa edirmiş.

Xanəndə mahnını 1930-cu illərin əvvəllərində bəstələmişdi. Dəqiq tarixi məlum deyil. Sözləri də Xan Şuşinskiyə məxsusdur.

***

Mahnını vala yazdırdığı vaxt mətnə baxan şəxs Xan Şuşinskiyə üzünü tutub həyəcanla deyib: “Siz "Şuşanın dağları başı dumanlı" oxuyursunuz, həm də nəqəratda "ölürəm" sözü təkrar olunur, belə olmaz”.

Xanəndə cavab verib:

“Bəs necə oxuyum, şeirdə belə yazılıb axı...”

Həmin adam eyni həyəcanla təkrarlayıb:

“Ay Xan, sizdən soruşmazlar ki, Sovet Şuşasının dağları niyə dumanlıdı? Bəs "ölürəm" nə deməkdir? Deməzlər ki, bu nə əks təbliğatdır?..”

Xan əsəbiləşib:

“Əmioğlu, dağda duman olar, çən olar də! O da ola Şuşa dağları. Bir də görürsən, Kirsin zirvəsindən qaynayan duman, budu ha ətraf dağları da, Şuşanı da bürüdü. Bir də ki, "ölürəm" sən deyən ölürəmdən deyil ey. Bu söz mahnıya bir duz, yanıqlıq gətirir, onu təravətləndirir”.

Mətnə baxan adam təzədən eyni yerə qayıdıb:

“Xan, "duman", "ölürəm" sözlərinə bir rəng-zad verərlər eyy...”

“Görürəm, rəngi özün tündləşdirirsən. Axı, o sözlərdən sən dediyin məna çıxmır.

Xan Şuşinski mahnı haqda danışarkən deyib ki, mahnıda Şuşa şəhəri gözəl qadınla müqayisə edilir, onunla eyniləşdirilir. Qadının yaylıqla örtündüyü kimi Şuşa dağları da dumanla örtünür. Xanəndə daha sonra əlavə edib: “Dağların orta hissəsi lalə çiçəkləri ilə bol olması qızın qırmızı köynəkli olmasına işarə edir, dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə edilir. Əgər bu sözlər dəyişdirilərsə, mahnının mənası da itər.

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı.
Dərdindən ölməyə çoxdur gümanlı,
Ay qız, bu nə qaş, göz, bu nə tel,
Ölürəm dərdindən, onu bil.

Bax burada Şuşa gözəl bir qıza bənzədilib. Dağlar hərdən duman-örpəyə bürünür, onun sinəsi – yamacları, al lalə, gül çiçəklərlə bəzənir. Şuşanın ətəkləri gözəlin yaşıl tumanına oxşadılıb. Şeirdə Şuşanın əlvan təbiəti bahar libaslı qəşəng bir qızla müqayisə olunub”.

***

Sovet höküməti mahnı mətnindəki “dumanlı” və “ölürəm” kəlmələrini doğru hesab etməyə bilərdi. Quruluş bu sözlərin kədəri ifadə etdiyini və sovet ab-havasına zidd olduğunu düşünəcəkdi. Xan Şuşinski Şuşanın dumanlı dağ zirvələrinin birinə işarə edib mahnıdakı dumanlı sözünün həqiqəti ifadə etdiyini demişdi. O, “dumanlı” sözünü təbiətin adi hadisəsi kimi qələmə verdiyini bildirmişdi. Məclislərin birində zarafatla demişdi ki, sovet adamı niyə ölmür, elə də yaxşı ölür ki...

Xan Şuşinskinin arqumentlərini mətnə baxan şəxs əsassız hesab etdi və dərhal mahnı mətninin dəyişdirilməsi təklifini verdi. Dedi ki, Sovetin Şuşasının başı heç vaxt dumanlı ola bilməz. Çarəsiz qalan Xan Şuşinski nəticədə mahnıdakı həmin yeri bu cür dəyişdi: “Şuşanın dağları deyil dumanlı”. Təbii ki, illər sonra mahnı öz ilkin variantına qayıtdı və “Şuşanın dağları” nə qədər müəllifi bilinsə də, çox sevildiyindən Azərbaycan xalq mahnısına çevrildi.

***

Xan Şuşinskinin mahnısında Azərbaycanın müstəqillik həsrətinə işarə vurulduğu da söylənir. Deyilənə görə, “Şuşanın dağları” mahnısında da bu mübarizənin simvolları var. Mahnıda bayraq, vətən sevgisi və müstəqillik həsrəti duyulur. Sovet dönəmində Azərbaycan bayrağının qadağan edildiyi bir dönəmdə Xan Şuşinski bayrağımızı simvolikalar ilə təsvir edirdi:

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı...

İddialara görə, burda dağların başı dumanlı deməklə, xanəndə mavi səmaya, yəni göy rəngə işarə vurur. “Qırmızı qoftalı” deməklə müəllif dağın lələlər bitən döşünə simvolika edərək bayrağımızdakı qırmızı rəngi təsvir edir, yaşıl tumanlı isə dağın yamaclarına işarə edərək Azərbaycan bayrağının simvolik təsvirini yaradırdı.

Şuşada axşamlar doğar ulduzlar,
Onlardan gözəldi gəlinlər-qızlar,
Yol üstdə dayanıb, yolunu gözlər...

Daha bir iddiaya görə, mətnin bu hissəsində müəllifin aypara və ulduza işarə edir. Klassik ədəbiyyatımızda qadınlar bir çox hallarda Aya, ulduza bənzədilir. Bu misrada ayla ulduz qovuşmaq üçün həsrət çəkir, onu yenidən səmaya qaytaracaq igidlərin yolunu gözləyir. Əslində isə mətndəki intizar başqa bir əhvalata işarəymiş. Ağdamdan Şuşaya gedəndə yeddi qat dolamanı keçdikdən sonra yolun sağ qanadında yerləşən Çanaqqala qayası varmış. Çox səfalı mənzərəsi hamını valeh edirmiş. Vaxtilə Şuşada belə bir dəb olub; yaz aylarında şuşalı bəylər öz faytonları ilə Aran Qarabağa gedərək əkin-biçinlə məşğul olanlara baş çəkərdilər. Bəylərin xanımları da bu qayanın ətrafına yığışaraq həm istirahət edər, həm də ərlərinin yolunu gözləyərdilər. Hər kəs öz ərinin faytonunu yaxşı tanıyardı. Elə ki tanış atlını görərdilər, tez xanımların biri qaraltıdan öz həyat yoldaşını tanıyar və bərkdən deyərdi:

"Ərim gəldi, ərim gəldi!"

Və sevinə-sevinə evinə dönərdi. Bu əhvalatdan sonra Çanaqqala getdikcə öz əvvəlki adını itirib “Ərimgəldi qayası” oldu.

Mətndəki “qadınların gözləməsi” hissəsi bu gerçək hekayayə dayanır.

"Şuşanın dağları" o qədər məşhurlaşdı ki, keçən əsrin ortalarından etibarən müğənnilər bu mahnıya müraciət etməyə başladılar; o dönəmin müasirləri Əbülfət Əliyevin və Yaqub Məmmədovun ifaları bunların içində xüsusi seçildi.

Xan Şuşinskidən sonra bu mahnını ilk dəfə milli opera müğənnisi Əli Mehdiyev oxuyub, bu ifa 1967-ci ildə lentə yazılmışdı. Əli Mehdiyevdən sonra qızıl fondda Xan Şuşinskinin dostu, peşəkar müğənni Vəli Məmmədovun da ifası mahnıya ayrı rəng qatdı.

Muğamatımızın sultanı

Əbülfət Əliyev — Vikipediya

PEŞƏKAR XANƏNDƏ, RƏHMƏTLİK SƏDİ MƏMMƏDOVUN NAZİM NADİROĞLUNUN ŞƏXSİ  ARXİVİNDƏN ƏLDƏ ETDİYİMİZ İFASINI İRŞAD TV -DƏ İZLƏMƏYİ UNUTMAYIN !  http://www.irshadtv.co… | Tv

Vəli Məmmədov Seyid Şuşinskinin tələbəsi olub. Bu ifa da məşhurlaşdı və 70-ci illərdə yaddaşlara həkk olundu.

1988-ci ildə “Qızıl fond”a daxil olmuş ifa Qarabağın məşhur müğənnilərindən olan Sədi Məmmədova məxsusdur. Bu ifaçı “Şuşanın dağları” mahnısına professionallıqla və sevgiylə yanaşdı.

Deyilənə görə, Filarmoniyada Ağdam günləri keçirilirdi. Onda Xan Şuşinski sağ idi. Sədi Məmmədov ilk dəfə orda “Şuşanın dağları”nı oxuyanda Xan Şuşinskinin gözündən yaş gəldiyini söyləyirlər.

90-cı illərin birinci yarısında bu mahnı ilk dəfə qadın tərəfindən oxundu. Bu, məşhur və gözəl müğənni Bəsdi Sevdiyevanın ifası idi. Mahnının ifa tarixində hələlik son ifaçısı da qadın ifaçıdır - İlahə Fəda.

Şuşanın işğalından sonra bu mahnıya müraciət edənlər çoxaldı və mahnı kədərli ovqata büründü.

Şuşanın işğaldan azad olunduğu bu günlərdə isə mahnıdakı oynaq ovqat təzədən özünə qayıtdı və bu dəfə mahnını həsrət notları ilə deyil, qələbə sevdasıyla dinlədik.

# 9978 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #