Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə

Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
5 avqust 2021
# 15:21

Bu gün mərhum yazıçı Rafiq Tağının doğum gündür. Yaşasaydı 71 yaşını qeyd edəcəkdi. Kulis.az yazıçının doğum günündə onun qardaşı İlqar Tağı ilə müsahibəni təqdim edir.

- Rafiq müəllimin 71 yaşı tamam olur... Nə hiss edirsiniz bu gün?

- Rafiqin cismani ölümünü mən hələ də qəbul eləmirəm. Çünki Rafiq sağlığında bizim içimizə elə girmişdi ki, biz onun varlığını addımbaşı hiss edirdik. Elə bilirdik, arxamızda bir dağ var.

- Evin böyüyü idi də?

- Bəli. Qardaş-bacılarımızın ən böyüyü o idi. Pafosdan, bəlağətdən uzaq deyim ki, bizim içimizə elə nüfuz etmişdi, indi həyatda olmasa belə ruhən onu yanımızda hiss edirik. Hamımız onu yuxuda da görürük, danışırıq da. Ancaq bütün hallarda onun yoxluğu, ardınca anamın vəfatı bizim üçün çox çətindir.

- Ananız ölənəcən onun qətlə yetirildiyini bilmədi. Gizlədiniz ondan...

- Bəli. Anama görə onu süni şəkildə yaşatmağa məcbur idik. Rafiqin başına gələnləri bilməsi anamın ölümünün tezləşdirərdi. Buna Rafiq özü də razı olmazdı. Gizlədik. Axıracan heç nə demədik.

- Artıq on ilə yaxındır həyatda yoxdur. Heç soruşmurdu ki, bu vaxtacan hardadır?

- Rafiq on il, on bir il Moskvada yaşamışdı. O vaxtlar Rafiqlə biz məktublaşırdıq. Rafiq dünyasını dəyişəndən sonra anam onu nə zaman xəbər alırdısa, biz deyirdik, Moskvadadır, məktub yazır. Son illər yoxluğunu hiss edirdi, lakin bu hissi yaxın buraxmaq istəmirdi. Beynində, düşüncəsində onun ölüm xəbərini özündən qovurdu.

- Nədən bilirdiniz ki, hiss edir?

- Anamın kədərli anları çox olurdu. Tez-tez ağlayırdı. Rafiqdən söz düşəndə biz söhbəti yayındırırdıq. Danışa bilmirdik, dilimiz gəlmirdi. O da bizdən cavab ala bilmirdi deyə hiss edirdim ki, şübhə içərisindədir. Özü Rafiqdən söz salırdı, deyirdi, ona iki qurban demişəm. Həmişə Rafiqdən söz salan, ürək dolusu danışan bizlər isə hər dəfə yayınırdıq. Bizim yayınmağımız onu şübhələndirmişdi. Di gəl, özündə cəsarət tapıb bizdən gerçəkliyi soruşmurdu. “Rafiq sağdı, yoxsa, ölüb?” sualını vermək onun üçün müşkül işə çevrilmişdi. Heç vaxt da söyləyə bilmədi. O, ümumiyyətlə bu fikri yaxına buraxmaq istəmirdi. Rafiq sağ olsaydı, elə bu məqamın özünü şedevr kimi bir hekayəyə çevirərdi. Ümid edirəm, yeni nəsil yazıçılarımızdan kimsə bu detaldan istifadə edəcək.

No description available.

- Dediyimiz kimi, on ilə yaxın vaxt keçir, lakin onu unutmurlar...

- Çünki Rafiq xatirələrdə çox yaxşı qalıb. Onun siması, təmizliyi, uşaq kimi saflığı unudulası deyil. Ruh kimi, nur topası kimi adam idi. Rafiq vəfat edəndə dostumuz Sayman Aruz deyirdi, mən Rafiqi şəhərin küçələrində görürəm. Mən dindar deyiləm, lakin ruhun yaşaması, ölməməsi məsələsi bu məqamda sanki ortaya çıxır. Rafiq özü də ölüm haqqında belə bir fikir işlətmişdi ki, ölüm yoxluq üçün arqument deyil. Yəni Rafiq də bilirdi, deyirdi, cismani yoxluq insanın bütünlüklə yox olması demək deyil.

- Sizcə ona qarşı sevginin əsl səbəbi nədir?

- Rafiq çox böyük dəyər idi. Azərbaycanın taleyində rol oynamış dəyər... Qardaşım olduğu üçün demirəm, mövhumata, bütlərin sındırılmasına qarşı döyüşdü. İnsanların aydınlanmasına görə mübarizə apardı. O, ədəbiyyatda sözünü demiş, nasir kimi yüksək pilləyə qalxmışdı. Bunu sizin kimi yazarlar, insanlar bilməmiş deyil. Ona görə də Rafiq Tağı içdən-içə hər kəsi tərpədir, “Mən Rafiqi yad etməsəm olmaz” - sözünü dedizdirir. Düzdür, bizim yaxşı yazarlarımız həmişə olub. Biz hamımız onları yad edirik. Amma Rafiq bir az fərqli idi. Onu müasir dövrün Axundovu, Mirzə Cəlili adlandıra bilərik. O, roman çəkisində olan hekayələrin müəllifidir. Rafiqin hər sözü, nümayişə, qalmaqala çevrilib, fikirlərdə cəmiyyətdə təlatüm yaradıb. Eynən Axundov, Mirzə Cəlil kimi... Bu, hər kəsin bacaracağı iş deyil.

- Həkim kimi də, insan kimi də yaxşı idi. Bu fakt da önəmlidir.

- Rafiq insan kimi də, ata kimi də, qardaş kimi də, ailə başçısı kimi də, həkim kimi də ideala çox yaxın biri idi. Onun yaxşılıqları barədə çox yazırlar, çox danışırlar. Əslində isə onun etdikləri insani normadır. Sadəcə, cəmiyyətimiz o qədər korlanıb ki, bu hərəkətlər bizə qəribə gəlir. Rafiqin etdiyi sonsuz sayda yaxşılıqlar var ki, heç kimin xəbəri yoxdur, onları bircə allah bilir.

May be an image of 4 people

- Sizi həm də Rafiq Tağı irsinin tədqiqatçısı saymaq olar. Bu on il də onun üçün çox işlər gördünüz.

- Ədəbiyyatdan uzaq adam idim, ancaq Rafiqin ölümündən sonra sanki həvəsə gəldim. Bundan sonra təkcə Rafiqi yox, başqa yazıçıları da oxumağa, müqayisələr aparmağa başladım. Rafiqin esselərini təkrar-təkrar oxudum. Qərara gəldim ki, bu irs itməməli, mütləq şəkildə çapa getməlidir. Sonra rafiqtagi.com saytını açdım. Kitablarını çap etdirdik. Bu yaxınlarda ikicildliyi çap olundu. Orada esseləri, müsahibələri və haqqında yazılan yazılar yer alıb. Kirildən latına layihəsində onun kirilcə çap olunan hekayələrini latın əlifbasına çevirib saytlara verirdik. Bu prosesi sağlığında özü başlamışdı. Son kitablarına isə Rafiqin əvvəlki kitablarında getməyən hekayələrini saldıq. Audio-kitab layihəsi çərçivəsində doqquz hekayəsi səsləndirildi. Səsləndirmələr davamlı olacaq...

- Oxucuların ona reaksiyası sizi qane edirmi?

- Feysbuk və saytlar üzərindən izləyirəm, görürəm, Rafiqin adı yad olunur, çəkilir. Ancaq insanlar hər şeyə səthi yanaşırlar. Mən hesab edirəm ki, Rafiqi ədib hesab edirlərsə, onun kitabı bütün gənc yazıçıların stolüstü kitabı olmalıdır. Çünki Rafiq Tağının hekayələrində o qədər dərinlik, fəlsəfi qatlar var ki, onu oxumayan gənclik Azərbaycan ədəbiyyatında çox şey itirər. Axundovdan bizim gənclərə qədər hamını oxumaq lazımdır. Eləcə də Rafiq Tağını. Mən gileylənmirəm, sadəcə onun bir yazıçı kimi daha çox oxunmasını istəyirəm.

- Ədəbi mühitin, yazıçı həmkarlarının ona münasibəti haqda nə deyə bilərsiniz?

- Ona saytların, ədəbi mühitin yanaşması yaxşıdır. Ancaq müşahidə edirəm ki, Rafiqin üç-beş hekayəsini oxuyublar. Halbuki beş yüzdən artıq hekayəsi var. Oxucular on hekayəsindən artığını oxumayıblar. İzləyirəm, duyuram. Əgər beş yüz hekayəsindən yüzünü oxusaydılar, onun haqqında indi danışdıqlarından on qat artıq danışardılar. Xarici ədəbiyyatı oxuyub, Rafiq Tağını oxumamaq doğru deyil.

- Övladları necədir? Rafiq Tağı arzuladığı kimi mövqe tuta bildilər?

- Rafiq arzulayırdı ki, onun övladları seçdikləri peşədən əlavə həm də ləyaqətli insan olsunlar. Sağ olsaydı, övladlarının indiki həyat tərzindən razı qalardı. Onlar həyatda və iş yerlərində özlərini nümunəvi təqdim edə bilirlər. Yeri gəlmişkən, deyim, qızı Qəmərin bu yaxınlarda toyu gözlənilir. Oğlu Asimansa bir müddət əvvəl ailə qurub. Hər ikisi ali təhsil alıb, işləyir. Qəmər atası kimi həkim olmaq istəyirdi, qismət olmadı...

- Sonda arzularınızı eşitmək istərdik.

- Birinci, istərdim qardaşımın qatili tapılsın, Əslində onun qatili bir nəfər deyil. Ölümünün sifarişçisi tapılsa belə günahkar konkret o adam da deyil. Rafiqin qatili cəhalətdir. Rafiq kimi insana başqa ölkədə qızıldan heykəl qoyulardı, milyon tirajla yazıları çıxardı, oxunardı. O, cəmiyyəti irəli aparmaq üçün yaranmış dahi şəxsiyyət idi.

İnsan ötəri varlıqdı. Kəpənək kimi dünyada qanad çalıb gedir. Gec-tez ölür. Mən o vaxt sevinərdim ki, Rafiqin kitabları oxunsun, istədiyi kimi azad cəmiyyət qurulsun. Bir sözlə idealları həyata keçsin. Onda bu dəyərli insanı öldürən cəhalətdən də qisasımızı almış sayılacağıq.

# 1411 dəfə oxunub

Oxşar xəbərlər

# # #