Akif Əli: "Şuşaya gecə-gündüz çalışan, mədəni rəhbərlik lazımdır" - Müsahibə

Akif Əli: "Şuşaya gecə-gündüz çalışan, mədəni rəhbərlik lazımdır" - Müsahibə
19 noyabr 2020
# 09:03

Kulis.az Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli ilə müsahibəninin davamını təqdim edir. Müsahibənin birinci hissəsi ilə buradan tanış ola bilərsiz.

- Akif müəllim, Şuşa həm də ədəbiyyatın vətənidir... Vaqifdən Mir Möhsün Nəvvaba, Haqverdiyevə, Tağı Şahbaziyə, Akif Əliyə, Qismət Rüstəmovacan...

– İmzamın o cür görkəmli ədiblər cərgəsinə salmağınız mənim xidmətimdən daha çox, Sizin qəlbinizin lütfüdür, təşəkkür edirəm. Həqiqətən Şuşa ilə bağlı ədiblərin siyahısı çox genişdir. Bu siyahını davam etdirib ora Xurşud Banu Natəvan, Q.B.Zakir, N.B.Vəzirov, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli kimi şəxsiyyətləri daxil etsək belə, yenə də ədəbi portretlər silsiləsi tam olmayacaq. Biz uşaqlıq və gənclik illərində bu ədiblərin qiymətli əsərlərini mütaliə edətək böyümüşük. Görkəmli ziyalı Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı dəyərli bir kitabı var. Qarabağda gedən müharibələrin səbəblərini, tarixi köklərini və erməniləri dəstəkləyən güclərin Qafqaz siyasətinin mahiyyətini öyrənmək üçün əvəzsiz mənbədir. Həmin əsərdən bəlli olur ki, ermənilər hələ yüz il bundan qabaq da eynən indiki kimi vəhşiliklər törətmiş, üstümüzə çirkablar və güllələr yağdırmışlar. O zamanlar da nə qədər şəhidlərimiz olub, qız-gəlinlər təhqir edilib, meyidlərin başı kəsilib, gözləri çıxarılıb, qadınların qarnı yarılıb, körpələr süngüyə keçirilib, evlərə od vurulub, mal-dövlətimiz talanıb. Eynən indiki kimi. Ancaq təəssüf ki, aradan keçən müddətdə biz hər şeyi unutmuşuq. Erməni isə olduğu kimi qalıb. Tanrı da, tarix də dönə-dönə düşmənin iç üzünü bizə göstərib pis niyyətini, murdar xislətini anlatsa da, manqurtlar bizə yenə də “dostluq, qardaşlıq” nəğmələri oxudub... Biz indi erməni vəhşiliyini görüb dəhşətə gəldiyimiz halda, Nəvvabın kitabları kimi dəyərli mənbələri vaxtında öyrənsəydik, bütün bu əzazilliyin xəstə ermənilər üçün adi həyat tərzi, mütəmadi şəkildə həyata keçirdikləri fəaliyyət olduğunu bilərdik... Bilərdik ki, erməni elə ermənidir! Elə bir toxumdur ki, nə bəladan bezməz, nə barışıq sevməz, nə də dinc yaşamaq istəməz! Bilərdik ki, bu erməni ilə o erməni eynidir: prezidenti də, deputatı da, hərbiçisi də, diplomatı da, kəndlisi də, şəhərlisi də, kişisi də, qadını da, ağı da, qarası da… Bu mövzuda, həmçinin Şuşa hadisələri barədə mən 90-cı illərdə mətbuatda, xüsusən başçılıq etdiyim “Vətən səsi” qəzetində xeyli siyasi, publisistik məqalələr dərc etdirmişəm. Onların əksərini sonradan kitablarıma da daxil etdim. Ancaq vaxtım və gücüm çatsa, bu müharibənin gedişi, zəfər günləri, xüsusən Şuşanın işğaldan azad edilməsi barədə bədii əsər işləmək istərdim.

Ötənlərdə şəhərin işğal faciəsindən bəhs edən “Dumanlı dağlar” adlı kino-pritça qələmə almışdım. 2008-ci ildə istedadlı gənc kinorejissor M.Nəsimi həmin əsəri ekranlaşdırmaq arzusu ilə Mədəniyyət nazirliyinin Kino idarəsinin film müsabiqəsinə təqdim etdi. Ssenari pritça janrında düşünüldüyü üçün filmdə cərəyan edən hadisələr və personajlar əsasən rəmzi xarakter daşıyır. Ssenaridə Qarabağ müharibəsi bir ailənin faciəli taleyi timsalında simvolizə edilir.. Əsərin baş qəhrəmanı - Azərbaycanlı qızı Azadə öz namusunu, ailəsinin, doğma ocağının, yurd-yuvasının şərəfini yağılardan qorumaq üçün müqəddəs mübarizəyə - Azadlıq uğrunda mübarizəyə qalxır. Digər personaj - “Ermənistanı” təmsil edən hərbçi Armenin xarakteri isə təcavüzə meyllilik, saxtakarlıq, lovğalıq kimi cizgilərdə görünür. Məhz belə qeyri-mədəni davranışlar neçə günahsız insana faciə, göz yaşı, iztirab gətirib... Əsərin ideyası bundan ibarətdir ki, iradəsi güclü olan ən zərif insan belə bədheybət düşmənə qalib gələ bilər... Təəssüf ki, o vaxt Kino idarəsi həmin filmin çəkilməsini istəmədi və maliyyələşdirmədi. Hətta müsabiqənin yekununda guya “Qarabağ müharibəsi” nominasiyası üzrə müsabiqəyə ssenari “təqdim olunmadığı” barədə qızıl-qırmızı yalan danışdılar. Bu qədər saxtakarlıq! Səbəbi anlaşılmadı: kimi dedi Kino idarəsinin o vaxtkı rəhbərliyi çəkiləcək hər filmə ayırdığı puldan öz “dilənçi payını” istəyirdi, hökumətin sözçüsündən isə bu “payı” istəməyə cəsarətləri çatmadığı üçün ssenarini kənara qoydular... Kimi bilir, mənim əsərimdə manqurtlara xoş gələ biləcək süni “xalqlar dostluğu”, “erməni ilə barışıq” və barışığa hazırlıq üçün “xalq diplomatiyası” ideyaları yox idi, ona görə... Hər nə isə, ya zəlzələdən, ya vəlvələdən, sürətlə çəkilişlərə hazırlanan film vəsait olmadığı üçün çəkilmədi. Halbuki məhz Qarabağ mövzusunda çox filmlərin çəkilib xarici ekranlarda yayılması həqiqətlərimizin dünyaya tez çatdırılması üçün vacibdir . Dərdimizi özümüz deyib özümüz eşitməklə iş aşmaz. Düşmənimiz məhz ekran-efir vasitəsi ilə öz saxtakarlıqlarını dünyaya geniş yaya bilir.

- Şuşa həm də şeirin, nəsrin obrazıdır. Bəlkə haqqında ən çox yazılan şəhərimizdir.

- Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Ay qız, bu nə qaş-göz, bu nə tel?
Ölərəm dərdindən, onu bil...

Görün Xan əmi Şuşanın nə gözəl poetik obrazını yaradıb... Doğru deyirsiniz ki, Şuşaya zaman-zaman dərin məzmunlu, mənalı təsvirlər ithaf olunub. İstedadı bir ümman qədər geniş, bitib-tükənməyən Üzeyir bəyin əsərlərində Şuşanın şən, çal-çağırlı, duzlu-məzəli, xoş bayram ab-havası var. Yusif Vəzir Çəmənzəminli “Qan içində” romanında şəhərin gərgin günlərinin obrazını yaradıb. “Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir keyfiyyəti-Qarabağ” - deyən Qasım Bəy Zakirin satirik şeirləri çarizm üsul-idarəsinin Qafqazdakı çapoulçuluq siyasətini ifşa edən dəyərli nümunələrdir... Bu günlərdə hardasa maraqlı bənzətmə oxudum ki, zəfər günlərində “Prezident İlham Əliyev 11-ci “Qarabağnamə”ni yazdı”... Bəli. Qarabağ mövzusu Azərbaycan üçün əbədi mövzulardandır. İstər ictimai-siyasi anlamda, istər mədəni həyatda. Gələcəkdə də bu mövzuda müxtəlif janrlarda müxtəlif əsərlər yaranacq. Düşünürəm, mövzuya gəncləri daha çox cəlb etmək, onların yaradıcı potensialından səmərəli istifadə etmək, ayrıca dövlət proqramı ilə Qarabağ həqiqətlərini dünyaya anlatmaq üçün şərait yaratmaq lazımdır. Ölkədə istedadlı ziyalılar, qələm adamları bəs qədərdir. Onların önü açılmalıdır. Həyata, hadisələrə, problemlərə yeni kreativ baxış gəlməlidir. Kiçik bir misal: Şuşa qalasının fəthi ilə düşmənin pərən-pərən düşərək məhv olmasını istedadlı yazıçı dostumuz Əlabbas Bağırov cəmi bir cümlə ilə necə də mənalı və orijinal obrazda ifadə etmişdi: “ŞUŞA — ilanın gördüyü ULDUZ!”

- Ordumuz öz işini ləyaqətlə gördü, indi söz bizimdir. Şuşanı necə görmək istərdiniz?

- Hə, Ordumuz çox böyük tarixi iş gördü. Şuşanın işğaldan azad edilməsi uğrunda savaş bütün dünyanı heyran qoydu. Xarici mətbuat yazdı ki: “...Belə döyüş, belə vətən, dövlət sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan ordusu dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs dərmədən onlar Şuşaya qalxdılar... Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, hərbi sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhər aldılar...” Bax, belə pələng oğullar var Azərbaycanda! Bizim əsgər qoltuq altından bizə dil uzadan, guya “öz müqəddəratını təyin edib” Azərbaycandan "müstəqillik" tələb edən zağar erməniləri qabağına qatıb iti qovan kimi qovdu! İndi sosial şəbəkələri “Erməni Teatrının” komediya tamaşaları bəzəyir: çığırtı-bağırtı, ağlaşma, inilti, sızıltı baş alıb gedir... Bizim xalq isə çal-çağır içində deyib-gülür... Çünki əsas gülən – axırda güləndir! ATƏT-in “sülhyaratma” qrupunun və məzəli görünüşlü Ancey Kasprşikin “sərrast nəzarəti” altında 30 il Qarabağı söküb-dağıdan, qondarma “dövlətin” ətrafına çəpər çəkib qala quran, səngər qazan, beton manelələr düzən, lağımlar atan, yüz tonlarla silah-sursatı daşıyıb gətirən erməni Azərbaycan Ordusunun qarşısında heç 30 gün də davam gətirə bilmədi. Diz çökdü! Yalvardı! Ağalarını köməyə çağırdı! Çünki bu peşənin idimi budur: o, nifrətdən yoğrulub, dikələn kimi hikkədən qaynayır, coşur, sonra dərsini alıb da dincəlir… Sonra yenə bir də qalxır… və batır... Ta qədim hökmdarlar dövründən bəri bu belədir. Zaman-zaman qaynayıb, coşub, həddini aşıb, sonra böyük hökmdarlardan dərsini alıb, dincəlib… Bunun o yan-bu yanı yoxdur, hamısı bir “yan”dır! İndi də onlara Azərbaycan Prezidenti dərs verdi. Şuşada yallı gedən təlxək paşinyanları Qala dərəsində son dəfə “cəhənnəm yallısı” oynamağa göndərdi...

O ki qaldı Şuşanı necə görmək istəyimə, bunu ifadə etmək asan deyil. Əlbəttə, hamı kimi mən də murdar tapdağından qurtulmuş Şuşamızı abad, gözəl, səfalı yaylaq yeri, kurort şəhəri, turizm məkanı kimi dinc, xoşbəxt, çal-çağırlı görmək istəyirəm. Şuşanın gəzməli görməli yerləri, tarixi-memarlıq abidələri çoxdur. Turizm Şuşanın təbiətdən boyuna biçilmiş taledir... Bu baxımdan yadıma dünya nümunələrindən İvuar (İvoire - tərcüməsi “Fildişi” deməkdir. Red.) adlı şəhərcik düşür. İvuar Cenevrə ilə Fransanın qovuşduğu nöqtədə, Cenevrə gölünün sahilində balaca bir ərazidir. Ora sanki yer üzündə bir cənət guşəsidir. Təsəvvür edin ideal sakitliyə, ideal təmizliyə, ideal səliqə-sahmana, ideal qayda-qanuna, insani davranışlara malik bu al-əlvan şəhərcikdə balaca-balaca yaraşıqlı evlərin divarları, küçələrin kənarları gül-çiçəklə örtülüdür. Damlarda, balkonlarda, pəncərələrdə sarmaşıqlar göz oxşayır. Yaşıllıqlar içində bizim İçəri şəhər sayağı daş döşənmiş küçələr, qədimi bir-iki mərtəbəli daş evlər, müxtəlif abidələr, heykəllər, maraqlı tikililər... Hər yanda suvenir köşkləri, kiçik ticarət butikləri, hotellər, restoranlar turistlə doludur... Bura gəzməyə, istirahət eləməyə, ləziz təamlardan dadıb həyatın dadını çıxartmağa gələnlərin sayı-hesabı yoxdur. Hər yarım saatdanbir bura gəmilərlə turist daşınır... Bir sözlə, Şuşamızı o cür cənnət-məkana, gözəl mədəniyyət mərkəzinə çevirə bilsək, xarici turistlər özləri axışacaq. Bu, əhalinin güzəranı üçün də sərfəlidir.

- Şübhəsiz, Şuşanı tezliklə dünyanın mədəniyyət mərkəzinə çevirməliyik. Bunun üçün ilk növbədə nələr etmək lazımdır?

- 30 ildə erməni vəhşiləri bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar. Biz bütün şəhərləri, kəndləri, abidələri bərpa etməliyik. Qarabağ bölgəsinə həyat qayıtmalıdır. Erməni saxtakarları o yerlərdə Azərbaycan xalqının tarixi-mədəni irsini silmək məqsədilə hər şeyi saxtalaşdırıblar, onlar bərpa olunmalıdır. Doğma dədə-baba torpağımızdan işğalçının izi təmizlənməlidir. Şəxsən məndən olsa müqəddəs Qarabağ torpağında bir dənə də yeni erməni tikilisi qoymazdım qala. Onları süpürüb yerində nəfsi saf ustalarımızın, memarlarımızın əlləri ilə bünövrəsi halal qoyulan təzə evlər tikərdim. Deməyin ki, bu - mistikadır. Tanrı bu dünyanı yoxdan var edəndə də onu sözlə, ruhi-mənəvi dəyərlə, nizamlı-düzənli səlis məntiqli ideyalar üzərində qurub. Sözlə ifadə olunan ideyaların isə reallaşmaq enerjisi var. Baxın, Ali Baş Komandanın “Şuşa bizimdir!” sözləri milyonları necə hərəkətə gətirdi, yer-yerdən oynadı bir anda! Əhali qayıtdıqca Şuşanın yeni Baş Planı əsasında yeni binaların tikiləcəyi, küçələr, parklar, bağlar, istirahət guşələri salınacağı, mədəniyyət saraylarının, kino və teatr binalarının, restoran və əyləncə mərkəzlərinin yaradılacağı, yollar, kanatlar çəkiləcəyi şübhəsizdir. Erməninin xislətinə bələd olduğumuz üçün bilirik ki, şəhərdə hər daşın, kolun dibində, hər evin, abidənin divarında saxta iz qoymamış deyil. O dağların, meşələrin, şəhərin içində, həndəvərində nə ki murdar erməni izi var, onları və bütün Qarabağ ərazisini basdırdıqları minalar kimi çıxarıb təmizləmək vacibdir. Azərbaycan tarixinə və mədəniyyətinə aid nələr mövcuddursa hamısı reabilitasiya və restavrasiya olunmalıdır. Qədim dövrə aid oğurlanmış, dağıdılmış, gizlədilmiş eksponatlar qaytarılmalı, Şuşanın görkəmli dövlət adamlarına, elm, mədəniyyət xadimlərinə abidələr ucaldılmalıdır… Bir sözlə, görülməli iş çoxdur; biz iki yüz illik səhvlərimizi düzəltməli, bir daha təkrarlanmasına bəhanə qoymamalıyıq... Fantaziyamıza güc versək, Şuşanın, külli-Qarabağın necə olacağını təsvir və xəyal etməklə bitib-tükənməz. Ancaq bir mühüm məsələyə ciddi fikir verilməlidir. Bu ərazidə min illərlə mövcud olan və sonradan erməniləşdirilən xristian abidələrini, kilsə və monastrları tarixi mənbələr əsasında mütəxəssislər tərəfindən bərpa edib əvvəlki ilkin görkəminə qaytarmaq, bu dini dəyərlərin ermənilərə deyil, qədim Azərbaycan xalqının soykökündə var olmuş Albanlara məxsusluğunu sübut etməliyik. Utanıb-çəkinmək lazım deyil ki, ilk dövrlərdə biz də xristian olmuşuq və sonradan ərəblərin qılıncı ilə müsəlmanlıq yayılıb. Bu həqiqəti dünyaya anlatmaq vacibdir. Çünki ermənilər bütün dünya güclərinin dəstəyinə məhz bu saxtakarlıqları hesabına nail olublar. Təsadüfi deyil ki, müharibəni ilk günündən onlar cidd-cəhdlə münaqişəni dini amil üzərinə yönəltmək istəyirdilər. Guya “qədim-mədəni erməni xalqı” ilk xristian abidələrini “vəhşi müsəlmanlardan” qorumaq üçün özlərini fəda edirlər... Halbuki o abidələrin bizim olduğunu, onları bizim babaların tikdiyini, biz qoruduğumuzu sübut etsək situasuyanı dəyişə bilərik. Qarabağ iddiasının birdəfəlik həlli üçün bu həqiqətin dünyaya çatdırılması mütləqdir.

Nəhayət, ilk növbədə nələri etmək lazımdır deyəndə, düşünürəm, döyüşdən çıxmış Şuşanın yaralarını sağaltmaq, ora qayıdan sakinlərə qeyrətlə xidmət göstərmək, şəhəri qurub-yaratmaq üçün vacib şərtlərdən biri də - şəhərə yatmadan, yuxulamadan, yoruldum demədən gecə-gündüz çalışan, işgüzar, zövqlü rəhbərliyin təyin edilməsidir. Bu isə artıq müstəsna olaraq Prezidentin səlahiyyətinə aid məsələ olduğu üçün biz müsahibəmizə son verək. Çünki müharibə dövründə bütün fəaliyyəti, davranışı, çıxışları isə göstərdi ki, Prezident Şuşanı heç də bizdən az istəmir!

- Akif bəy, ətraflı müsahibəyə görə təşəkkür.

- Əslən mən Sizə diqqətinizə görə təşəkkür edirəm, sağ olun.

# 4354 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #