Yazıçı repressiya illərində daxili işlər nazirinin arvadını necə yoldan çıxarmışdı? - İlginc fakt

Yazıçı repressiya illərində daxili işlər nazirinin arvadını necə yoldan çıxarmışdı? - İlginc fakt
20 aprel 2020
# 08:57

Kulis.az jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun "Şoloxov SSRİ-nin “baş çekisti”nin arvadını necə yoldan çıxarmışdı?" adlı yazısını təqdim edir.

Məşhur sovet yazıçısı Mixail Şoloxovun qəribə və enişli-yoxuşlu həyat yolu barədə çox yazılıb. Stalin repressiyalarının tüğyan etdiyi 1938-ci ildə bu repressiyaların başında dayanan SSRİ Xalq Daxili İşlər komissarı – “NKVD” naziri Nikolay Yejovun arvadı ilə eşq macərası yaşaması da bu enişli-yoxuşlu yolun bir mərhələsidir...

Amma hansı mərhələsi...

Bütün sovet adamlarının “NKVD” adından tük saldığı bir dövrdə Şoloxov bu addımı atmağa necə cəsarət edib?
N.Yejovun qəbul etdiyi sərt qərarlara görə “jeleznıy narkom” (“dəmir narkom”) adı aldığını yəqin ki, M.Şoloxov hamıdan yaxşı bilirdi.

Xalq daxili işlər komissarı vəzifəsinə 1936-cı ilin oktyabrında təyin edilən Yejov az qala bütün sovet adamlarını nəzarətdə saxlayan bir aparatın başında dayanırdı. Sonralar hesablanıb ki, o, 1937-ci ilin yanvarından 1938-ci ilin avqustuna qədər İosif Stalinə həbs və əməliyyatlar barədə 15 min xüsusi məruzə təqdim edib. V.Molotovdan sonra Stalinin otağına ən çox girib-çıxan nazir olub.

Şoloxov Stalinə bu qədər yaxın olan bir nazirin xanımının “saqqızını” necə oğurlayıb?
Sovet tarixinin belə səhifələri barədə vaxtilə nəinki yazmaq, hətta danışmaq da qadağan olunub. Belə məsələlər barədə rəsmi sənədlər və müxtəlif yazışmalar isə “məxfi” adlanan müdhiş bir söz altında arxivlərə verilib.
Sonralar bu arxivlər açılıb, amma heç də hamısı yox...

Gallery

Sovet kommunistlərinin ən etibarlı saxlanc yeri – dəfələrlə adı dəyişdirilən partiya arxivi indi Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi adlanır. Və bu arxivdə saxlanılan sənədlərin bir hissəsi hələ də qapalı sayılır.

Stalinin ölümündən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq bu arxivdəki “Stalin fondu” yalnız bu yaxınlarda açılıb, o da hamısı yox... Bu günün özündə də Stalinin adı ilə bağlı olan bir çox sənədlər “məxfi”liyini qorumaqdadır. Amma ictimaiyyət üçün açıq elan edilən sənədlər də kifayət qədər maraqlı və cəlbedicidir.

Məsələn, 30-cu illər repressiyası barədə araşdırma aparan tədqiqatçı “Yevgeniya Yejovanın əri ilə münasibətləri barədə İ.Stalinə müraciəti” adlı sənədə necə biganə qala bilər?

Uzun illər bu mötəbər arxivdə “göz bəbəyi” kimi qorunan belə sənədlərə rast gələndə adama elə gəlir ki, o vaxt hətta ailə münaqişələrini də şəxsən “millətlər atası” özü həll edirmiş. Belə olmasaydı “NKVD” kimi nüfuzlu bir dövlət qurumuna başçılıq edən nazirin arvadı niyə Stalinə müraciət etməli idi?

Əsas sual budur və cavabı da məktubun elə ilk cümlələrindən birində əks olunub: “...Dünən Nikolay İvanoviç (Yejov nəzərdə tutulur- M.H) mənə dedi ki, biz ayrılmalıyıq. Müxtəlif tanışlarla mənim görüşlərim barədə çoxsaylı suallarından belə başa düşdüm ki, onun qəfil qərarı sırf şəxsi səbəblərlə, daha doğrusu, onun mənə qarşı soyuqluğu və ya başqa qadına məhəbbətilə bağlı deyil. Mən hiss elədim ki, bu, hansısa siyasi amillərlə, mənə qarşı şübhələrlə bağlı qərardır”.
Yekaterina Yejova 1938-ci il sentyabrın 19-da Stalinə ünvanlanmış məktubunda daha sonra yazır: “Mən həmişə ərimə mübariz yoldaş və dost olmağa çalışmışam. Mənə elə gəlir ki, elə əvvəllər də belə olmuşam, çünki yaşadığım bütün dövrlərdə həmişə onu ürəyimin dərinliklərində başa düşmüşəm və onun ideyalara sədaqətini, sadəliyini, yoldaş Stalin, şəxsən Sizə hədsiz məhəbbətini qiymətləndirmişəm. Mən işləmişəm və bu, mənə mənəvi rahatlıq verib və mənim şüurumu daha da möhkəmləndirib ki, yoldaşla, dostla çiyin-çiyinə addımlayıram, o heç vaxt mənə görə qızarmaz”.

Amma qızarıb...

Özü də şəxsən Stalinin yanında... Axı Stalin hər şeydən xəbərdar idi...

Gallery

Daha sonra “Narkom” xanımı ömrü boyu özünü siyasi cəhətdən gözdən salan hərəkətə yol vermədiyini bildirərək yazır: “Heç bir günahım yoxdur, ölkə qarşısında, bolşevik partiyası qarşısında və yoldaş Stalin, Sizin qarşınızda mənim vicdanım təmizdir”.

Fikir verdinizmi, onun vicdanı ölkə, partiya və Stalin qarşısında təmizdir. Bəs əri Nikolay Yejov qarçısında?
Təbii ki, yox.

Çünki Yevgeniya Solomonovna Xayutina-Yejova o vaxt “SSSR na stroyke” adlı jurnalın redaktoru vəzifəsində işləyib. Eyni zamanda məşhur ədəbiyyat və sənət adamlarının sevimli əyləncə yerinə çevrilən salon işlədib. Bu salonda ədəbi və musiqili tədbirlər keçirilib və Yevgeniya Yejova da sənət adamları ilə əyləncəli vaxt keçirməkdən çəkinməyib. Bu əyləncələr isə bəzən həddini aşıb...

Yevgeniya sovet yazıçısı İsaak Babellə, Arktikada tədqiqatları ilə tanınan O. Şmidtlə bu salonda tanış olub, onlarla eşq macərası yaşayıb. Amma M.Şoloxovla bu məkanda tanış olmayıb...

Gallery

Tanınmış sovet yazıçısı ilə macərası başqa vaxtda və başqa məkanda baş tutub...

Və ən dəhşətlisi isə budur ki, bütün bunlardan Stalinin xəbəri olub. Görünür, “millətlər atası”nın hamıdan və hər şeydən xəbərdar olduğunu bildiyi üçün Stalinə məktubda əri qarşısında vicadanının təmiz olduğunu dilə gətirə bilməyib...

“Müdrik rəhbər”ə yalan danışmamaq üçün...

Həqiqətən də hələ bu məktubdan bir neçə ay əvvəl Stalin Yejova arvadınının SSRİ Dövlət Bankının indi həbsdə olan sədr müavini Qriqori Arkusla əlaqələrini xatırladaraq, ondan ayrılmasını məsləhət görüb. Ayrılın demiyib, sadəcə məsləhət görüb ha...

Onda Yejovun arvadının Şoloxovla şəxsi tanışlığı yox idi. Tanınmış yazıçını Yevgeniya ilə əri – Yejov özü tanış edəcəkdi...

1938-ci ilin fevralında M.Şoloxov yaşadığı əyalətdə “çekist”lərin haqsız əməllərindən şikayət üçün Moskvaya gəlir. Təbii olaraq N.Yejovla görüşür və şikayətini çatdırır. “Narkom” da Stalinin sevimlisi olan yazıçı ilə tanışlıqdan razı qalaraq, problemi yoluna qoyur və axşam onu öz evinə qonaq aparır.

Bundan sonra həmin ilin avqustunda M.Şoloxov yenidən Moskvaya gəlir və nahar fasiləsi zamanı yazıçı dostu A.Fadeyevlə birlikdə Yevgeniyanın iş yerinə gəlir və iki yazıçı birlikdə onu özləri ilə nahara dəvət edirlər. Nahar üçün M.Şoloxovun qaldığı “Nasional” otelinə gəlirlər və söhbət çox uzandığından Yevgeniya evə gec getməli olur. Birinci görüşdə...

Növbəti gün M.Şoloxov Yevgeniyanı yenidən nahara dəvət edir, amma bu dəfə Fadeyevsiz...

Yenə də “Nasional” oteli, amma bu dəfə təkcə naharla kifayətlənmirlər. Yazıçı onu qaldığı otel nömrəsinə aparır...

Onda təbii ki, “Nasional” kimi otel “NKVD”-nin nəzarətində idi və ora girib çıxanlar qeydə alınırdı. Şoloxovla Yejovun arvadının otel restoranında ilk dəfə nahar etdiyini görən “otel stenoqarfçısı” Şoloxovun qonağı barədə çalışdığı komissarlığa məlumat verir. “NKVD”-nin məxfi-siyasi şöbəsinin rəisi bu məlumatı alan kimi “stenoqarfçı” qadına nəzarəti davam etdirmək barədə tapşırıq verir.

Növbəti gün onlar nahar edib otel nömrəsinə qalxandan sonra bütün proseslər incəliyinə qədər, özü də vicdanla protokolaşdırlır. Axı söhbət “dəmir narkom”un ailə üzvündən gedir...

Nəinki onların danışdıqları, hətta hərəkətləri də dəqiqliklə qeydə alınır: “koridorda öpüşdülər”, “vanna otağına keçdilər”, “yataq otağında işıqları söndürdülər” və s.

Gallery

Yejov səhəri gün işə gələndə böyük yazıçının “Narkom” arvadı ilə görüşünün stenoqramı stolun üstünə qoyulur...
Axşam evə kifayət qədər sərxoş vəziyyətdə gələn (deyilənə görə möhkəm araq həvəskarı olub) Yejov arvadından “sən dünən Şoloxovla olmusan?” deyə sual edir. Arvad əvvəl mənfi cavab verir, bunun böhtan olduğunu dilə gətirir. Amma xalq daxili işlər komissarı sübutunu – “stenoqram”ı stolun üstünə atır: “Götür, oxu”!

Oxuyur və... həyacanlanmağa başlayır. Yejov isə onu döyməyə... Yevgeniyanın daha çox döyülməsinin qarşısını hadisənin şahidi olan rəfiqəsi zorla ala bilir.

Amma növbəti gün Yevgeniya elə həmin rəfiqəsinə ərinin sonradan sakitləşdiyini və gecə “stenoqramı” cırıb atdığını bildirir...

Necə deyərlər, Yejov arvadını bağışlayır...

Amma Stalin bağışlamır. Görünür, bu söhbət ona da çatır və bir neçə gün sonra bu dəfə Yejova arvadından boşanmaq barədə məsləhət yox, tapşırıq verir...

“Dəmir narkom” elə həmin gün – sentyabrın 18-də fikrini arvadına bildirir və Yevgeniya Yejova Stalinə məhz bundan sonra, sentyabrın 19-da məktub yazır.

Məktub bu sözlərlə bitirdi: “Sizə atam kimi müraciət edirəm, çox sevdiyim və hazırda xəstəxanada yatan qoca anamın canına and içirəm ki, heç bir günahım yoxdur. Sizə yalvarıram, şəxsən araşdırın. Siz insanlarda yanılmazsınız. Siz insanlıq və ədalət carçısısınız. Siz günahsız adamların ölümünə yol verməzsiniz. Məktuba görə bağışlayın. Necə çətin vəziyyətdə olduğumu çatdıra bilmirəm”.

Stalin məktubu oxuyur və... heç bir dərkənar yazmır... Məktub elə beləcə də arxivə göndərilir...

Kommunistlərin Moskvadakı ən böyük siyasi sənədlər arxivində Y.Yejovanın Stalinə bu hadisələrdən sonra yazdığı ikinci məktubu da saxlanılır. Orda da günahsız olduğu barədə, demək olar ki, eyni şeyləri təkrar edir. Amma, görünür, artıq onda Yevgenya Stalinin onun vaxtilə SSRİ Dövlət Bankının indi həbsdə olan sədr müavini Q. Arkusla sevgi macərasından xəbərdar olduğunu bilib. Ona görə də bu məsələyə də aydınlıq gətirməyə çalışıb ki, “dahi rəhbər”in ürəyində, necə deyərlər, xal qalmasın: “...mənim Arkusların evində keçən həyatıma gəlincə, bu, 1927-ci ildə olub. Xatırlayıram ki, mənim sözümü təsdiqləyəcək bir neçə adam var. Onlar təsdiqləyə bilər ki, mən onların evində cəmi həftə yarım yaşamışam, sonra pansiona köçmüşəm. Əgər onlar mənim xoşuma gəlsəydi, onlardan çıxıb getməzdim”.

Stalinin ürəyini bu məktub da soyutmur.

Amma “dəmir narkom” yumşalır...

Yejov psixolji gərginlik yaşayan arvadını Krım sanatoriyalarından birinə müalicəyə göndərir. Yekaterina ordan ərinə etiraf məktubları yazır və Yejov 1938-ci ilin oktyabrında onu Moskvaya qaytarıb əsəb xəstəlikləri üzrə ixtisaslaşdırılmış sanatoriyaya yerləşdirir.

Təxminən bir ay sonra, 1938-ci il noyabrın 21-də onun müalicə həkimi növbəti müayinə üçün Yejovanın otağına girərkən artıq keçindiyinin şahidi olur. Meyitin anatomik analizi göstərir ki, atdığı dərmanların təsiri ilə zəhərlənib.

Bu hadisədən üç gün sonra Stalin Yejovu tutduğu vəzifədən çıxarır və həmin vəzifəyə Lavrenti Beriyanı təyin edir. Repressiya dalğasına yeni güc vermək üçün...

Yejovun özünün həbsi barədə əmri isə Beriya 1939-cu ilin aprelində imzalayır. Ona əksinqilabi terror, casusluq və s. kimi ənənəvi ittihamlar irəli sürülür.

Yejov irəli sürülən bütün ittihamları rədd edir, təkcə... “kişibazlıq” maddəsindən başqa. Sovet qanunları homoseksual oreantasiyanı qadağan edirdi...

Yejov məhkəmədə yalnız bu ittiham üzrə günahkar olduğunu və bütün “homoseksual əlaqələrini” etiraf edir, öz “tərəf-müqabillərinin” hamısının adını çəkir və onların hamısı həbs edilir, güllələnir.

Homoseksualist “dəmir narkom” özü isə 1940-cı ilin fevralında güllə qabağında dayanmalı olur. Etdiyi və etmədiyi günahlara görə...

# 29728 dəfə oxunub

Oxşar xəbərlər

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
#
#
# # #