Sinif yoldaşı ilə 11 il sonra evləndi, sevgisini dərman qutularına yazdı, xanımı yasında onun paltarını geyindi – Aprel şəhidimizin film kimi həyatı

Sinif yoldaşı ilə 11 il sonra evləndi, sevgisini dərman qutularına yazdı, xanımı yasında onun paltarını geyindi – Aprel şəhidimizin film kimi həyatı
2 aprel 2021
# 12:01

Bu gün aprel döyüşlərinin beşinci ildönümüdür. Kulis.az bu aprel döyüşlərində şəhid olan mayor Ürfan Vəlizadə haqqında maraqlı məlumatları təqdim edir.

Ürfan Üzeyir oğlu Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Ürfan burada beş il təhsil alıb. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib, sonra vətənə qayıdır. 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirərək, ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib, bu sahədə çalışıb.

***

Orta məktəbin 10-cu sinfində oxuyarkən Ürfan sinif yoldaşı Könülə vurulur. Ancaq utancaqlığından bu sevgini Könülə bildirə bilmir. Könül xanım müsahibələrinin birində xatırlayır:
“Məktəb vaxtı bizim aramızda heç bir münasibət olmayıb. O qədər utancaq qız idim ki, üzümə kimsə baxanda az qalırdım partanın altında gizlənəm. Əvvəllər Türkmənistanda yaşayırdıq. Ordan Bakıya köçəndə on beş yaşım vardı. Ürfangilin sinfinə onuncu sinifdən gəldim. Məktəbin son iki ilini birlikdə oxuduq. Hətta bir dəfə Ürfan imtahan vaxtı riyaziyyat imtahanında cavab vərəqini səssizcə mənim qarşıma qoymuşdu ki, mən də köçürüm. “Son zəng”imizdə Ürfan gəlib mənimlə rəqs etmək istəyəndə onu acıladım, rəqs etmədim. Amma sona qədər mənim yanımda əyləşdi, heç yerə getmədi”.

Məktəbi bitirəndən sonra onlar ayrı düşürlər. Ürfan Türkiyəyə oxumağa gedir. Könül isə sənədlərini Tibb Universitetinə versə də, qəbul ola bilməyib, kəsilir. Sonrakı illərdə o, Pedaqoji universitetə daxil olur. İki sinif yoldaşı bir neçə il sonra təsadüfən yolda rastlaşırlar. Amma hər ikisi sükutla bir-birinin yanından ötüb keçir. Universitetin sonuncu kursunda onlar yenidən təsadüfən rastlaşırlar və elə həmin görüş də onları birləşdirir. Ürfan Könüllə nişanlanır.

***

Nişanlı olduqları dövrdə Ürfan bəyin anası qəfil xəstələnib, dünyasını dəyişir. Bu itki ona ağır təsir edir. İllər keçsə belə həmişə həmin itkini xatırlayıb təəssüflənir, anasını müalicə etdirə bilmədiyi üçün əzab çəkir. Evlənmələrinə iki ay qalmış isə Könül xanım şəkər xəstəsi olduğunu öyrənir. O, Ürfan bəyə ayrılmalarını təklif edir. Ürfan isə deyir, mən ya səninlə ailə quracam, ya da heç kimlə.

2006-cı ildə onların toyu olur. Amma Ürfan heç kimə xanımının şəkər xəstəsi olduğunu bildirmir. Ailə qurandan sonra Könülə bir neçə dəfə universitetdən işləmək təklifi gəlsə də, Ürfan razı olmur. Bir dəfə isə qəti şəkildə ona deyir, Könül, hələ mən ölməmişəm. Mən öləndən sonra işləyərsən.

***

Gənc pilotun işi rayonda olduğundan həyat yoldaşı da onunla birlikdə rayona gedib, orda yaşamaq istəyir. Amma Ürfan razı olmur. O, ailəsinə görə iş yerini dəyişir və nisbətən yaxın yerdə işləməyə başlayır. Onların Zəhra və Betül adlı iki qız övladı doğulur.

Qızların hər ikisi mart ayında anadan olmuşdular. Ürfan sanki nəsə hiss edirmiş kimi aprel döyüşlərindən əvvəl xanımına təklif edir ki, onların ad günlərini eyni gündə qeyd etsin. Ad günü şənliyində ona söz veriləndə deyir:
“Mənim iki yox, üç qızım var. Üçüncü qızım da Könüldür”.
Həmin gün şənlikdən qayıdıb evə gələndə, Ürfan sanki tezliklə həmişəlik gedəcəyini hiss edərək xanımının üzünə baxıb, soruşur: “Könül, mənə düzünü de, sən mənimlə xoşbəxtsənmi?”

***

Aprelin 2-də müharibə bölgəsinə uçuş təşkil olunan zaman Ürfanın illərlə yetişdirdiyi, dərs keçdiyi tələbələr irəli can atıb, uçuşa qalxmağa hazırlaşırlar. O isə qəti şəkildə bildirir:
“Nə qədər ki, mən burdayam, bir gənc pilot havaya qalxmayacaq.”

Ürfan Vəlizadə hərbçi olsa da, həm də kövrək insan olub. Kiminsə şəhid olduğunu eşidən zaman ağlamaqdan özünü saxlaya bilmirmiş.

***

O, həm rus, həm də türk dilində təhsil alsa da, təpədən-dırnağa azərbaycanlı olub. Həftənin altı günü işləyir, ancaq bazar günləri istirahət edir. Bazar günü səhər tezdən oyanan kimi isə Barış Mançonun, Tacir Şahmalıoğlunun mahnılarına qulaq asırmış. Tacirin “Bayatı-Şiraz” mahnısına qulaq asanda onun dodaqları səyriyir, kövrəlirmiş. Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”, Səməd Vurğunun “Azərbaycan” şeirlərini çox sevib.

***

Tez-tez kirayə yaşadığı evinə gəlib yenidən iş yerinə qayıdan pilot aprel döyüşlərindən bir müddət əvvəl evə gəldiyi vaxtlarda çox dalğın və kefsiz görünür. Könül qadın marağı və intuisiyası ilə bu kefsizliyi xəbər alanda pilot söhbəti dəyişir, şən görünməyə çalışır. Heç nə demir. Bir gün isə Könülə deyir ki, gedək, satışda olan evlərə baxaq, ipoteka ilə bir ev götürək.

Ürfanın qazancının böyük hissəsi Könülün dərmanlarına gedirmiş. Həyat yoldaşı bunu ürəyinə salmasın deyə o, aldığı dərman qutularının üzərində səliqə ilə dərmanların istifadə saatlarını və “bir tanesin”, “çok güzelsin”, “aşkımsın” kimi sözlərini yazır.

***

Ürfan Vəlizadə evinə sonuncu dəfə martın 30-da gəlir. Qızlarını bağrına basır, həyat yoldaşı ilə görüşür. Gərgin və həyəcanlı olan pilot gələcəklə, ailəsi ilə bağlı bütün arzularını, ümidlərini də özü ilə götürüb, evindən çıxır. Həmişə qayıtmaq ümidi ilə işə yollanan mayor, bu dəfə isə ailəsinə heç nə bildirmədən döyüşə yollanır.

***

Könül xanım müsahibələrinin birində deyir:
“Martın 30-da Ürfan gözlənilmədən zəng vurub, evə gələcəyini xəbər verdi. Mən də tez kartof qızartdım. Həm də kartof qızartmasını çox sevirdi. Amma evə çatan kimi dedi, tez çantamı yığ, gedirəm. Həmin çanta ilə işə gedəndə Ürfan bir həftə, on gün evə gəlməzdi. Ona görə də həyəcanlandım. Özü-özümə düşündüm ki, yenə də gedir, mən necə gözləyəcəm bu bir həftəni. Mənim xətrimə dəyməmək üçün yeməyini tez yedi, qızlarını dizinin üstündə əyləşdirib, öpdü, qucaqladı, qoxuladı. Sonra hardasa iki, üç dəqiqə donub qaldı, gözləri yol çəkdi. Onun bu hərəkətindən ürəyim əsdi, qorxuya düşdüm. Dedim, Ürfan niyə belə edirsən, nəsə olub? Gülümsədi, dedi, qorxma, ay dəli. Mənimlə də görüşüb qapıdan çıxanda dedim, Ürfan unutma ki, hara getsən, biz üçümüz hər zaman səninləyik. Bizi unutma. Dedi, narahat olma Könül, qayıdacam. Amma gördüm ki gözləri doldu, qəhərlənib üzünü çevirib getdi. Onun ardınca su atanda su qabı əlimdən yerə düşdü. Xoflandım...

***

Könül həyat yoldaşı ilə sonuncu dəfə aprelin 2-də səhər vaxtı danışır. Mayor onu arxayın səslə sakitləşdirir, qorxulu heç nə olmadığını, dərslərdə və təlimlərdə iştirak etdiyini deyib, həmin günü qayıdacağını da bildirir. Həmin gün ad günü şənliyindən qayıdan Könül evə gəlib televizoru açmaq istəyəndə, qardaşı qoymur, təklif edir ki, insulin vursun, sonra televizoru yandırsın. O, iynəsini vurandan sonra qonşuları onlara gəlir, sonra telefon zəng çalır və qohumları ona həyat yoldaşının şəhid olmasını xəbər verirlər. Ertəsi gün Könül Ürfan üçün qurulan mağara Ürfanın paltarlarını, krossovkalarını geyinib gedir. Hamı elə bilir ki, o, ağlını itirib. Amma Könül sonralar deyir ki, mən özüm onun paltarlarını geyinmişdim ki, Ürfan sağdırsa, məni hiss edib qayıtsın.

37 yaşlı mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə idarə etdikləri Mİ-24 helikopterinin vurulması nəticəsində 2016-cı il aprelin 2-də şəhid olurlar.

***


Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif olunub.

***

Şəhid olandan sonra Ürfan tez-tez Könülün yuxusuna girir. Ağlama, mən gələcəm deyir. Bir dəfə isə yuxuda görür ki, evlərindəki saatın arxasında məktub var. O, məktubu götürüb oxumaq istəyəndə Ürfan deyir ki, məktubu oxuma, qoy yerinə. Nə zaman mənə olan ümidini itirsən, onda oxuyarsan.

# 16077 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #