Nəsibə Zeynalovanı teatrdan nə küsdürmüşdü? - Xalq artistinin son illər yaşadıqları

Nəsibə Zeynalovanı teatrdan nə küsdürmüşdü? - Xalq artistinin son illər yaşadıqları
1 sentyabr 2021
# 09:00

Kulis.az İlham Rəhimlinin Xalq Artisti Nəsibə Zeynalova haqqında yazdığı "Nəsibə gündə doğulmur" adlı yazını təqdim edir.

Cahangir Zenalov ömrünün sonuna kimi səhnədə olub. Səhnəyə son dəfə 1918-ci il martın 9-da Hacı Qara rolunda çıxıb. Bu da olub sənətkarın ailəsi ilə Ənzəliyə getməmişdən bir neçə gün əvvəl.

Cahangir Novruzovun Bakıda son rolu 2015-ci il dekabr ayının 23-də Anton Çexovun “Qu quşunun nəğməsi” əsərində Svetlovidov obrazı olub. Adanada yeri gələndə müəyyən rollar oynayır.

Nəsibə xanımın son yeni rolu “Lənət şeytana” (dramaturq Firudin Aşurov və bəstəkar Vasif Adıgözəlov) tamaşasında Polismeyster obrazı olub. 1985-ci ildən isə təzə tamaşada iştirak etməyib və ümumiyyətlə səhnəyə çıxmayıb.

Nə üçün?

Bu suala cavab kimi bir xatirəni təqdim etmək istəyirəm.

Şöbə müdiri işlədiyim “Kommunist” qəzetinin yeni il nömrəsi üçün Nəsibə xanımın təbrikini almaq lazım idi. Adətən belə təbrik mətnlərini telefonla da həll edirdik. Mətnin qəzet variantını hazırlayanda yenə telefonla zəng vurub yazdığımızı müsahibə aldığımız adama oxuyurduq. Yalnız razılıq alandan sonra qəzetə verirdik.

26 dekabr 1987-ci ildə günortaya yaxın telefonla Nəsibə xanıma zəng vurdum. Dəstəyi özü qaldırdı. Adəti üzrə bəli sözünü uzada-uzada cavab verdi:

– Bəəəli.

– Salam, Nəsibə xanım.

– Ay əleykə salam, lap beş də artıq.

– Nəsibə xanım, danışan...

– Qırışmal, tanıdım, Kəblə İlhamsan (gülür).

– Qabaqlar mənə Məşədi İlham deyirdiniz...

– Day böyümüsən, olmusan Kəbleyi (lap ürəkdən gülür).

– Necəsiniz, Nəsibə xanım?

– Sənin saqqalın ağarsın, evdə oturan aktrisa necə olar ki?..

– Evdə niyə oturursunuz, bəyəm məşqiniz, ya teatrda başqa işiniz yoxdur?

– Binamız var ki, məşqimiz də olsun? Gözün aydın (kinayə ilə), sökmək istəyirlər Tağıyev teatrını.

– Deyirlər 26-lar mədəniyyət sarayını verəcəklər sizə.

– Versinlər də... Guya sən bilmirsən ki, day teatra Nəsibə lazım deyil?..

– O nə sözdü, Nəsibə xanım? Siz səhnəmizin tacısınız...

– Tacıydım... İndi teatra tac lazım deyil... Bu boyda ənənəsi olan teatr dönüb üç badam, bir qoz göstərən konsert truppasına.

– Axı, tamaşa da hazırlanır...

– Sən “92 dəqiqə gülüş”ə tamaşa deyirsən? Ya təzə hazırlanan “Gözün aydın”ı, “Məşədi İbad”ı mənim üçün tamaşa sayırsan?

– “92 dəqiqə gülüş”ü deyə bilmərəm, ancaq Allah üçünə, o biri iki tamaşa yaxşı hazırlanıb...

– Sənin üçün yaxşıdı... O tamaşalarda yoxam. Bəyəm mənim indi Nargilə, Sənəm oynayan vaxtımdı?

– Cavanlar oynayırlar, nəyi pisdir?

– Oynasınlar də... İndi də oynamayıb nə vaxt oynayacaqlar... Onlara sözüm yoxdur. Bəs, mənə də uyğun tamaşa hazırlasınlar də. Lovğalıq olmasın, bəyəm Nəsibə gündə doğulur?..

– Nəsibə xanım, xeyli vaxtdır səhnəyə çıxmırsınız.

– Yenə başladı. Adə, bayaqdan ağzımda bir quranlıq söz danışıram... Belə bir məsəl var ey: deyirlər, ac köpəyoğlu. O da cavab verir ki, oldu yemədim? Mənə rol verən var ki, oynayım da...

– Fikir eləməyin, düzələr.

– Həri... düzələr... qum göyərib dəvənin quyruğu yerə dəyəndə...

– Nəsibə xanım, bilirsiz nə üçün zəng vurmuşam?..

– Bəs elə bildim halımı xəbər almağa zəng eləmisən... Yaxşı, utanma... zarafat edirəm. Deyərsən, bilərəm niyə zəng eləmisən...

– İstəyirəm qarşıdan gələn yeni illə bağlı arzularınızı...

– Arzum-zadım yoxdu. Yaza bilirsənsə yaz ki, Nəsibə Zeynalova soruşur: ağlamalı günə düşən bu teatrın halına yanan, bir tədbir görən tapılacaq ya yox?! Yoxsa o günü gözləyirlər ki, teatrın meyidi düşsün...

Nə yazıqlar ki, Nəsibə xanıma qarşı laqeydlik nə astanada olan təzə ildə, nə də sonrakı illərdə aradan qaldırılmadı...

Qaldırılmadı... və bu nəhəng aktrisa bir daha Musiqili Komediya Teatrının səhnəsində görünmədi...

Teatr texniki imkanları çox zəif olan 26-lar Mədəniyyət sarayında tamaşalar göstərirdi. Bu tamaşalar fonoqram musiqi ilə oynanılırdı. Ancaq repertuarda Nəsibə xanımın iştirak etdiyi bir tamaşa da yox idi...

Teatrın sökülüb yenidən tikilən binası 1998-ci il dekabr ayının 4-də Üzeyir bəyin “Məşədi İbad” operettasının tamaşası ilə açıldı. Ona qədər təkrar qoyulan tamaşaların əksəriyyətinin quruluşu zəif idi və orada Nəsibə xanımın indiki yaş dövrü üçün rol yox idi. “Baş tutmayan hiylə», “Qarğa, məndə qoz var”, “Şahlar və Bəyan”, “Taxta kral”, “Eşitmədik, bilmədik” əsərlərinin librettoları zəif idi və həmin tamaşalarda da Nəsib xanım üçün uyğun, sanballı, orijinal xarakterli rol tapmaq mümkün deyildi.

Ən təəccüblüsü və ürək göynədəni o oldu ki, binası yenidən tikilən teatr pərdələrini bayram təntənəsi ilə açanda Nəsibə Zeynalova orada yox idi...

Bəli, yox idi... çünki teatrın rəhbərliyi tərəfindən bayrama dəvət almamışdı...

Atmacanın şirinliyi

Bu qəbil yazılarımın birində göstərmişəm ki, Nəsibə xanıma telefonla zəng vuranda dedi:

– Qırışmal, tanıdım, Kəblə İlhamsan.

Onun bu cavabında mən də bildirirəm:

– Qabaqlar mənə Məşədi İlham deyirdiniz...

İstəyirəm bu ifadənin haradan yarandığını açıqlayım.

Burada əsas söhbət o ifadənin işlədilməsində deyil. Əsas məqsədim odur ki, Nəsibə xanımı səhnədə görməyən oxucular aktrisanın improvizə bacarığı, həssas sənətkar diqqəti və incə yumor ruhu barədə bir daha eşitsinlər.

Bu hadisə 1978-ci ildə olub.

Musiqili Komediya Teatrının repertuarı haqqında təhlili məqalə yazmaq fikrindəydim. Ona görə vaxtilə gördüyüm tamaşalara təkrar baxmaq istəyirdim. Bu barədə teatrın rejissoru Niyaz Şərifova da demişdim. Sonra başa düşdüm ki, burada ehtiyatsızlıq etmişəm. Artıq bir neçə tamaşaya baxmışdım və hiss edirdim ki, aktyorlar mən zalda olanda ciddi oynayırlar. Halbuki bütün teatr aləmi bilirdi ki, bu teatrda aktyorlar beş-altı tamaşadan sonra ciddi oynamır, özlərindən mətn uydururlar.

Buna görə “Qaynana”ya tamaşa başlayandan sonra gəldim. İnzibatçı Xudverdinin köməkliyi ilə ikinci yarusda solda birinci hücrədə oturdum. Elə oturdum ki, küncdəki pərdə qabağımı tutsun. Üstəlik ondan xahiş etdim ki, burada olduğumu heç kəsə deməsin. Xudaverdi ilə institutda bir vaxtda oxumuşduq, əvvəldən tanışlığımız vardı.

Xeyli keçdi. Salondakılar səhnədəki hadisələrə və təbii ki, ilk növbədə Nəsibə xanımın oyununa güclü reaksiya verirdilər. Tamaşanın şirin yeri idi. Cənnət xala (Nəsibə Zeynalova) ilə qonşu qız Sədaqət (Daqmara Səidzadə) söhbət edirlər. Bu vaxtı qapının zəngi çalınır. Sədaqət qapıya tərəf gedəndə Nəsibə xanım ucadan bu sözləri deyir:

– Açma! Birdən montyor olar. İşığın sayğacını düzəltmişəm, pul yazmır.

Sədaqət. Bəlkə gözlükdən baxım, sonra açım?

Cənnət. Yox! Keçən dəfə mən baxanda Məşədi İlham başını pərdənin dalına soxub yasin oxuyan kimi montyor da gizlənmişdi. Filan qədər pulumu tutub aldı. Dadanıb bura.

Tamaşaçılar bu epizodu da alqışladılar.

“Məşədi İlham” sözündən diksindim. Çünki bu yerdə Nəsibə xanım həmişə “Molla Mütəllib” deyirdi. Mütəllib aktrisanın həyat yoldaşının adı idi. Yaxşı kamança müəllimi idi. Nə isə... “Molla İlham” sözünü eşidəndə diksindim, amma unamadım ki, bu atmaca mənim üçündür. Fikrim aktrisanın ecazkar oyununda qalmışdı.

Pərdə endi, fasilə başlandı. Yerimdən durmaq fikrim yox idi. Fikirləşirdim ki, birdən teatrın işçilərindən kimsə məni foyedə görüb aktyorlara xəbər verər.

Heç beş dəqiqə keçməmişdi, teatrın truppa müdiri Seyfulla Əmirov hücrəyə daxil oldu. Seyfulla civə kimi qaynar adam idi. Salam verib hal-əhval tutandan sonra dedi:

– Dur gedək, Nəsibə xanım səni çağırır.

Təəccübləndim.

– Ay Seyfulla, Nəsibə xanım hardan bilir ki, burdayam?

– Mən nə bilim, özündən soruşarsan.

Birlikdə aşağı düşdük. Seyfulla girişin ağzındakı otağına döndü. Mən kulisə keçib Nəsibə xanımın qrim otağına daxil oldum. Teatrın köhnə binasında qrim otaqları darısqal idi.

Nəsibə xanım qrim güzgüsünün qabağında oturmuşdu. Məni görən kimi heç salamlaşmağa macal vermədi. Başladı şaqqanaq çəkib gülməyə. Gülə-gülə də dedi:

– Hə, nədi, xəbərsiz gəlib pərdənin dalında gizlənirsən? Elə bilirsən səni görən yoxdu?

Çaşdım.

Yox... gizlənməmişəm... Bir az gecikmişdım. Ona görə hücrədə oturdum ki, heç kəsə mane olmayım.

–Pah(istehzayla), elə sən dedin, mən də inandım. Məşədi, aldın salamımı?..

– Aldım.

Təbəssümlə ona baxırdım. Deməyə söz tapmadım.

Nəsibə xanım tutulduğumu hiss elədi. Elə bu vaxt bufetçi podnosda bir çaynik və iki armudu stəkan içəri keçdi. Nəsibə xanım mənə üz tutdu:

– Nə dim-dik durmusan, otur çay içək. Görürsən stəkanı iki dənə demişəm. Həm çay iç, həm də danış görüm nə var, nə yox...

Teatr aləmi ilə az-çox tanış olanlar bilirlər ki, tamaşaçıların səhnədə baş verənləri aydın görməsi üçün ora güclü projektorlarla işıqlandırılır. Belə olanda səhnədəki aktyorların zalı görmək imkanı son dərəcə zəif olur. Amma danışdığım xatirədən də hiss edilir ki, Nəsibə xanımda elə fəhm vardı ki, heç kəs hiss etmədən bütün salonu və hətta hücrələri (lojaları) də görürdü.

Bu görmək aktrisanın sənətkar diqqət və həssaslığının cüzi bir əlaməti idi...

Qanla keçən istedad

Abbasmirzə Şərifzadə adına Aktyor evində Nəsibə Zeynalovaya yaradıcılıq gecəsi keçirilirdi. Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov və Şəmsi Bədəlbəyli səhnənin sol qanadında əyləşmişdilər. Növbə ilə aktrisa haqqında danışırdılar və hər çıxışdan sonra Nəsibə xanımın iştirakı ilə hansısa tamaşadan parça göstərilirdi.

Söz Şəmsi Bədəlbəyliyə verildi. O, aktrisa haqqında, onun iş prinsipi, aktyorluq keyfiyyətləri barədə xoş sözlər söylədi. Sonra bildirdi ki, sizə bir xatirə danışmaq istəyirəm.

Ustad sənətkar söhbətinə belə başladı.

“1943-cü ilin may ayı idi. Musiqili Komediya Teatrında “Dərviş Məstəli şah” tamaşasını hazırlamışdıq. Mirzə Fətəlinin komediyasını olduğu kimi saxlamışdıq. Əsərin musiqi tərtibatını Şəmsəddin Fətullayev vermişdi. Quruluşçu rejissor bəndəniz idi. Dalbadal üç premyera oynamalıydıq.

Birinci tamaşaya Üzeyir bəy Hacıbəylini də dəvət etmişdik. Mən onun yanında əyləşmişdim. Tamaşa pis getmirdi. Xanpərinin Şərəbanu ilə olan səhnəsi yenicə başlamışdı. Xanpərini ifa edən aktrisa o qədər koloritli, duzlu, çevik hərəkətlərlə, məzəli danışıqla oynayırdı ki, zalda şux ovqatlı canlanma yaranmışdı. Tez-tez gözaltı Üzeyir bəyə baxırdım görüm tamaşa ona necə təsir bağışlayır. Bir anda hiss elədim ki, Üzeyir bəyin dodağı qaçdı. Fasiləyə çıxanda Nurani təbəssümlə məndən soruşdu:

– Ay Şəmsi, Xanpərini oynayan bu aktrisa kimdi, tanıya bilmədim?

– Nəsibə Zeynalovadı, gənc aktrisadı.

– Çoxdan teatrda işləyir?

– Teatr açılan gündən.

– Maşallah, nə gözəl, nə canlı oynayır. Səsi də lap musiqili səsdir, apaydın eşidilir. Sözləri çox səlist deyir. Musiqi təhsili var?

– Xeyir, məktəbli vaxtı rəqsə gedib. Sonralar Rza Təhmasibin dram dərnəyində olub. Həm də teatr məktəbini bitirib.

– İstedad gərək anadangəlmə ola.

– Bunda qandan gəlmədi, atasından keçib.

– Kimin qızıdı?

– Rəhmətlik Cahangir Zeynalovun.

–Yox əşi(heyrətlə)... Həəə... deyirəm axı. Yumorunun təbiiliyində əsl rəhmətlik atasının balasıdır. Atalar belə yerdə deyiblər də, ot kökü üstə bitər”.

Salonda gurultulu alqışlar qopdu.

Handan-hana alqışlar səngidi və Şəmsi müəllim sözünə davam etdi.

“Üzeyir əmi (Şəmsi Bədəlbəyli söhbətlərində çox vaxt Üzeyir əmi ifadəsini işlədirdi. – İ.R.) mənə dedi ki, gedək aktyorları təbrik edək. Birlikdə səhnə arxasına keçdik. İfaçıların hamısını təbrik etdi, xoş sözlər söylədi. Sonra təbəssümlə əlini Nəsibə xanımın çiyninə qoyub mənə dedi:

– Cahangir bəyin yadigarından muğayat olun, çox istedadlı qızdı. Qoruyun onu... Böyük gələcəyi var...”.

Mən bu sətirləri 17 noyabr 2015-ci ildə yazıya köçürmüşəm. Köçürə-köçürə də fikirləşirəm: Üzeyir bəyin 73 il əvvəl peyğəmbər uzaqgörənliyi ilə söylədiyi fikir dörd-beş il keçəndən sonra özünün təntənəli təsdiqini tapdı. Və bu şöhrət tacı aktrisanı heç vaxt tərk etmədi.

İtgin portret

Ağa Cahangir ölüm ayağında deyib ki, iki yaşlı Nəsibə atasız qalır. Mənim yubileyimə hədiyyə verilən yağlı boya ilə çəkilmiş portretim qızıma cehiz olsun. Qoy simam həmişə onun gözləri önündə canlansın.

Nəsibə xanımla evlərində, teatrda olan söhbətlərimizdə bir neçə dəfə həmin portret barədə soruşmuşdum, ancaq hər dəfə dodaqlarından təbəssüm əskik olmayan Nəsib xanımın çöhrəsi tutulurdu, yanaqlarında göz yaşları muncuqlanırdı. Dəsmalını gözlərinə tutub deyirdi: “vaxt gələr, bir dəfə danışaram... yadıma düşəndə kövrəlirəm...

Görüşlərimizin birində məni və daha bir neçə adamı portret məsələsindən agah elədi.

Nə vaxt, harada, necə olduğunu təqdim edirəm.

Teatrda dramaturq Əliağa Kürçaylının və bəstəkar Vasif Adıgözəlovun “Boşanaq, evlənərik” musiqili komediyasına ictimai baxış oldu. 1976-cı il, dekabr ayının 22-si idi. Baxışdan sonra müzakirə keçirildi və çox bəyənilən tamaşanın premyerası dekabrın 25-ə təyin edildi. Baxışa dəvət olunmuş qonaqlar, tamaşanın iştirakçıları dağılışandan sonra direktor Bala Qasımovun otağnda üçümüz söhbətləşib çay içirdik. Necə oldusa söhbətimiz hərlənib-fırlanıb Nəsibə xanımın atası Cahangir Zeynalovun üstünə gəldi.

Soruşdum:

– Nəsibə xanım, o dövrün qəzetlərində, Qulam Məmmədlinin yazılarında oxumuşam ki, Cahangir Zeynalova yubiley bayramında müxtəlif qiymətli hədiyyələrlə yanaşı, kətan üzərində yağlı boya ilə işlənmiş portretini də bağışlayıblar.

Dodaqlarından təbəssüm əskik olmayan Nəsib xanımın çöhrəsi tutuldu. Yanaqlarında göz yaşları muncuqlandı. Kövrək pıçıltıyla dedi:

– Hə... bağışlayıblar.

Sevincək soruşdum:

– O portreti görmək olar?

Bir xeyli susdu. Handan-hana xırıltılı səslə dedi:

– Yoxdu o şəkil, İlham...

Soruşdum:

– Niyə yoxdu? Bəs hardadı?

Bir xeyli susdu. Gözünün yaşını sildi. Çaydan bir qurtum içdi. Bala müəllim söhbəti dəyişmək istədi.

– Nəsibə xanım, çəkiliş gününü nə vaxta salaq?

O vaxtı yeni tamaşalar olanda premyeradan sonra xüsusi çəkiliş günü təyin edilirdi. Tamaşanın dekorasiyaları qurulurdu. Teatr muzeyinin fotoqrafı xüsusi işıqla bütün iştirakçıların müxtəlif pozalarda şəkillərini çəkirdi. Çəkiliş mütləq tamaşanın quruluşçu rejissorunun rəhbərliyi ilə aparılırdı.

Nəsibə xanımın baxışları harasa məlum olmayan bir nöqtəyə zillənmişdi. Elə həmin duruşunda da qayğılı-qayğılı dedi:

– Ay Balağa (direktorun əsl adı Balağa idi, ancaq çox adam ona Bala deyə müraciət edirdi), qoy İlhamın sualına cavab verim. Çəkilişin vaxtını sonra danışarıq.

Beləliklə, Nəsibə xanım başladı söhbətə.

– Rəhmətlik anam atamdan çox şey danışırdı. O vaxtı belə texnika-filan yoxuydu, yoxsa onun danışdıqlarının hamısını yazardım lentə. İmkan olanda kitab buraxardıq. Çoxu yadımdan çıxıb o xatirələrin. Amma bu portret söhbəti yadımdadı. Qoy onu danışım.

Atam əvvələr Əncuman məktəbinə yardım edirmiş. Yəni, hər ay pul verirmiş məktəbə. Onlar da dəftər-kitab alırlarmış uşaqlar üçün. Sonralar “Səfa” cəmiyyətinin həm məktəbi, həm də teatr truppası yaradılıb. Atam həmin məktəbdə dərs deyirmiş, teatr dəstəsində də aktyorluq, rejissorluq edirmiş. Kefinin duru vaxtında anama tapşırıb ki, mənim başıma bir iş gəlsə hər il “Səfa” məktəbində oxuyan kasıb şagirdlərə verdiyim 300 qızıl onluğu əsirgəməyin. Sizə lazımı qədər miras qoymuşam. Mən olmasam da bəsinizdi. Yerdə qalanının bir hissəsini verin məktəbə. O biri payını da verin Azərbaycan teatrına xərcləsinlər.

Nə bilim vallah... Elə bil kişinin ürəyinə nəsə damıbmış...

Həəə... O ki, anamnan İrandan qayıdıblar, bax onda hələ mənim iki yaşım vardı. İrandan qayıdanda gəmidə möhkəm azarlayıb. O zəhirmar tifdən tutub. Onda vəsiyyətini yenə anama eləyib. Üstəlik bunu da deyib ki, Nəsibə atasız qalır. Mənim yubileyimə hədiyyə verilən rəssam çəkən portretim qızıma cehiz olsun. Qoy simam həmişə onun gözləri önündə canlansın.

Şura hökuməti gələndə əmlakımızı müsadirə ediblər. Atamın kitabxanasını, kabinetinin əşyalarını yığıb yığışdıranda həmin şəkli də divardan çıxarıb aparıblar. Kişiyə bağışlanan qızıl saatları da götürüblər qırılmışlar.

O boyda mülkdən anamla mənə bir kiçik otaq veriblər. Anam deyirdi ki, ora qulluqçuların otağı olub...

– İlham bala, indi bildin o portret necə olub?

Ortaya ani sükut çökdü. Sükutu yenə Nəsibə xanım pozdu.

– Bura bax, siz qələm əhlinə etibar yoxdur. Sənə söylədiklərimi nə vaxtsa yazmaq istəsən, onda danışdığım kimi yaz... Amma inanmıram onu çap eləməyə qoyalar... Sözdü də, deyirəm...

...39 ildən sonra anası Hüsniyyə xanımın qızı Nəsibə xanıma, Nəsibə xanımın bizə söylədiyi bu göynərtili xatirəni qələmə alıb oxuculara təqdim edirəm...

Ürək göynədən faktdır... ancaq nə etmək olar...

Atasızlığın acısı

Tarix 1978-ci ilin oktyabr ayının 27-i idi. Günortaya yaxın olardı. Musiqili Komediya Teatrının truppa müdiri Seyfulla Əmirov mənim iş yerimə zəng vurdu. Hal-əhval tutandan sonra dedi:

– Nəsibə xanım səninlə görüşmək istəyir. Axşam tamaşası var. Bilirsən də, tamaşa saat səkkizdə başlayır. Tapşırdı ki, İlham bir-iki saat tez gəlsin, ona sözüm var.

Mən soruşdum:

– Nəsibə xanım indi haradadı? Əgər evdədisə elə indi zəng vurum.

Cavab verdi:

– Teatrda məşqdədi. Yaxşısı budur axşam gəl.

Altıda mən teatrdaydım və təbii ki, əvvəlcə Seyfullanın girəcəkdəki otağına baş çəkdim. Özünəməxsus çılğınlıqla mənə heç salamlaşmağa aman verməyib dedi:

– Nəsibə xanım ikinci mərtəbədə, direktor Bala Qasımovun otağındadı. Tapşırdı ki, İlham gələndə qalxsın yuxarı.

– Bilmirsən nə üçün çağırıb?

– Hardan bilim, mənə heç nə deməyib.

Yuxarı qalxdım. Qapını açıb icazə istədim:

– Gəlmək olar?

Otaqda Bala müəllimlə ikisi idi. Direktor yəqin “buyur” demək istəyirdi, ancaq Nəsibə xanım ona macal vermədi. Özünə məxsus yumorla, sataşmaq jestiylə, zarafat tərzində dedi:

– Buyurun, əlahəzrət, buyurun. Biz aktyorlar teatrşünasların yanında balaca adamlarıq. Onları gözləmək borcumuzdur.

Özünü elə göstərdi ki, guya yerindən qalxmaq istəyir. Nəsibə xanım tərpənincə mən ona çatdım, əyilib üzündən öpdüm.

– Yaxşı, qırışmal, bu öpüşə görə bağışladım gecikməyini.

– Gecikib eləməmişəm, düz deyilən vaxtın tamamında gəlmişəm.

– Ədə, yaxşı də, bildik, gecikməmisən. Mənim üçün burada bəzi rejissorlar kimi vay-şivən qopartma.

(Sonra öyrəndim ki, məşqdə Nəsibə xanımla rejissor “N”-lə sözləşiblər).

Bala müəllimlə də görüşdük və mən stulu çəkib Nəsibə xanımla yanaşı oturdum.

Aktrisanın söhbətlərindən məlum oldu ki, televiziyada atası Cahangir Zeynalov barədə veriliş hazırlamaq istəyirlər. Məni də bura ona görə çağırtdırıb.

Bir azdan məşhur teatr fədaisi, zəhmətkeş teatr tədqiqatçısı Qulam Məmmədli də gəldi. Məlum oldu ki, verilişin əsas qonağı kimi onu nəzərdə tutublar. Qulam müəllim teatr tarixini çox yaxşı bilirdi. Onun Azərbaycan teatrının salnaməsi kitabının 1-ci cildi (1975-ci il), Cahangir Zeynalov (həyat və yaradıcılığı haqqında sənədlər. 1968-ci il) kitabları çap olunmuşdu. Həmin kitablarda görkəmli sənətkar barədə kifayət qədər zəngin material vardı.

Nəsibə xanımla Qulam müəllim verilişin necə hazırlanacağı barədə xeyli söhbət etdilər. Mən də gənc teatrşünas nəslinin nümayəndəsi kimi həmin verilişdə beş-üç kəlmə danışmalıydım.

Arada Nəsibə xanım üzünü Qulam Məmmədliyə tutaraq həyəcanla, səsi titrəyə-titrəyə dedi:

– Ay Qulam, heç bilmirəm necə olacaq? Sən Allah çalışın veriliş kişinin adına layiq alınsın.

Qulam müəllim qara meşin sumkasından qədimi tamaşa proqramı, şəkillər çıxara-çıxara, ona baxmadan dedi:

– Heç fikir eləmə, bax gör veriliş üçün nə qədər proqram, şəkil gətirmişəm? Hamısını televiziyada göstərəcəm.

Özümü saxlaya bilməyib təəccüblə soruşdum:

– Nəsibə xanım, niyə belə rahatsız olursunuz? Bəyəm siz özünüz də orada olmayacaqsınız?

Sakitcə üzümə baxdı. Hiss elədim ki, gözləri yaşarıb. Çaşdım. Qulam müəllim öz işində idi. Nəsibə xanım bir xeyli mənə baxıb astaca dedi:

– Yox... Ora getsəm özümü saxlaya bilmərəm.. Ağlayaram... Redaktor Nahid Hacıyevə də, rejissor Kərimə də demişəm ki, məni teatrda çəksinlər... Elə yaxşı olar... Atam da bu teatrın səhnəsində çox oynayıb... Bir vaxtlar bura Tağıyev teatrı deyərdilər...

Qulam müəllim gətirdiyi arxiv materiallarını bircə-bircə göstərib hərəsi haqqında ayrıca məlumat verirdi.

Görüşümüzdən xeyli keçmişdi. Cahangir Zeynalov barədə sanballı monoqrafiya yazmaqdan söz düşdü. Qulam müəllim özünəməxsus təmkinlə dedi:

– Nəsibə, əlimdə vacib işlərim var, salnamənin ikinci cildini, bir də Hüseyn Cavid kitabını işləyirəm. Onları bitirən kimi Cahangir haqqında monoqrafiyanı başlayacam. Təzə yaxşı faktlar da tapmışam. Gərək o kişiyə layiq bir şey çıxardaq ortaya.

Nəsibə xanımın çöhrəsinə təbəssüm qondu.

– Ay Qulam, Allah səni bizə çox görməsin. Mənim də boynumda sənin haqqı-sayın çoxdu.

– Borcumdu, ay Nəsibə, borcum.

Bunları deyib, Qulam müəllim mizin üstünə səpələdiklərini yığışdıra-yığışdıra ayağa qalxdı.

– Çox oturduq, mən gedim.

Nəsibə xanım dedi:

– Ay Qulam, beş dəqiqə yanını yerə qoy, sənə bir xatirə danışacam. Lazım bilsən onu da atam barədə yazacağın həmin kitabda verərsən.

Əziz oxucular!

Nəsibə xanımın oğlu Cahangirdən də soruşmuşam, dəqiq bilirəm ki, işinin gərginliyindən və çoxluğundan Qulam müəllim aşağıda oxuyacağınız həmin xatirəni yazmağa macal tapmayıb. Həmin xatirəni eşitdiyim kimi, özü də Nəsibə xanımın dilindən verirəm.

Musiqili Komediya Teatrı 1949-cu ilin yazında tamamilə bağlandı. Hələ keçən ilin axırlarından ixtisarlar başlanmışdı. Hərə dağılmışdı bir tərəfə. Lütfəlini, İbrahim Şünasini, bir də Azər Talıbova vardı, onu göndərdilər Azdramaya. Bir neçə aktyorumuz Opera və Balet Teatrına keçdi. Kamal Kərimov, Əlihüseyn Qafarlı, yadımdan çıxıb bir də kimlər. Beş-altı nəfəri də göndərdilər Filarmoniyaya. Aliyə Terequlovanı, daha üç nəfəri və məni də verdilər İncəsənət İşləri İdarəsinin sərəncamına. Əslində elə bütün bu bölgüləri o idarə aparırdı. O vaxtı hələ Mədəniyyət Nazirliyi yoxuydu axı.

Həmin idarədə bir nəfər rəhbər işçi vardı, adını demirəm, sonralar böyük adam oldu. Ona iki-üç ay nə qədər yalvar-yaxar etdimsə məni Azdramaya göndərmədi. Ona dedim ki, axı bu teatrı yaradanlardan biri də mənim atam olub, qoyun onun çıxdığı səhnəyə mən də çıxım. Lap massovkaya götürün məni. Elə bil daşa-qayaya söz deyirdin. Vurdu qulaq ardına, eləmədi ki, eləmədi.

Birini qoyum, o birini danışım. Şura hökuməti gələndə əmlakımızla bərabər, ata mülkümüzü də müsadirə etmişdilər. Binamızın çardağında bir otaq vardı, 12-13 kvadratmetr ancaq olardı. Oranı verdilər anamnan mənə...

Müsibətli günlər idi. Bu tərəfdən də, dediyim kimi, məni vermişdilər sərəncama. Demişdilər ki, guya münasib iş olanda xəbər eləyəcəklər.

1949-cu ilin payızı idi. Bakıda bərk külək əsirdi, ara bir yağış atırdı... Şər qarışan vaxt idi, qaranlıq düşmüşdü. Kommunist (indiki (İstiqlal – İ.R.) küçəsiynən fikirli-fikirli aşağı düşürdüm. Küçədə gözə təkəmseyrək adam dəyirdi. Soyuq idi, istəyirdim evə tez çatım. Hələ dilim də gəlir, quş damına ev deyirəm... Nə isə...

Akademiyanın yanına çatar-çatmaz rəhmətlik Mirzağa Əliyevlə qarşılaşdıq. İndi öpməsin, boynumu qucaqladı, üzümdən öpüb soruşdu:

– Xoş gördük, ay qızım. Nə var, nə yox, anan necədir?

Dedim:

– Sağ olun, yaxşıyıq anamdı də... bir təhər dolanırıq.

Soruşdu:

– Bu soyuqda bayırda nə işin var?

Dedim:

– Evə gedirəm. Bəs siz hara belə? Teatr aşağı tərəfdədi axı.

Dedi:

– Bu gün tamaşam yoxdu. Filarmoniyada dövlət tədbiri var, ora çağırıblar.

Dedim:

– Lap yaxşı.

Soruşdu:

– Qızım, teatrınız bağlandı, səni hara göndərdilər? İstəyirsən gəl bizim teatra.

Qəhərləndim... Ağlamaq məni boğdu. Özümü yığışdırıb dedim:

– Mirzağa əmi, heç hara göndərmədilər... Sizin teatra da qoymadılar.

Təəccüb və heyrətlə mənə baxdı. Soruşdu:

– Bəs niyə? Nə deyib qoymadılar axı?

Dedim:

– Nə bilim... qoymadılar də... Elə bil atam Cahangir Zeynalovun bu teatrda heç bir xidməti olmayıb. İndi mən neynəyim ki, atam tacir olub. Axı hamı onu tanıyanlar yaxşı bilirlər ki, atam qazandığının yarısından çoxunu teatra, bir də “Səfa” məktəbinə xərcləyib...

Mirzağa əmi məni qucaqlayıb bağrına basdı...

Handan-hana məni buraxıb dedi:

– Allah namərd adamların üzünü qara eləsin.

Tezcənə dedim:

– Eləmir də, elə yaxşıların işini tərs-avanda salır.

Yenə sakitcə üzümə baxdı... baxdı... baxdı... Hiss elədim ki, doluxsunub. Əynindəki plaşının yaxasını açdı. Sinəsi orden-medalla doluydu. Titrək səslə dedi:

– Bunları görürsən? Heç biri mənim deyil. Hamısı rəhmətlik atanın, ustadım Cahangir Zeynalovun ana südü kimi halal payıdı... Darıxma, dünya belə getməz... Vaxt gələr atanın da qədri layiqincə bilinər. Onun gül balası Nəsibə də öz sənət zirvəsinə çatar, inşallah. Əsas odur ki, atanın arzusu reallaşdı. Rəhmətlik həmişə deyirdi ki, qızım olsa səhnəyə gətirəcəm. Qoy canımız bığlı-saqqallı “xanımlardan” qurtarsın... Özü bunu görmədi, amma səhnəmiz gördü...

Ayrıldıq...

Şükürlər olsun, indi Azərbaycanda tanınıb sevilirəm...

Amma sevincimə şərik olmağa nə atam var... nə də əmi dediyim, SSRİ Xalq artisti Mirzağa Əliyev...

Arzunun "dəfni"

8 fevral 1955-ci il.

Bakının toz göz çıxaran küləkli günlərindən biri.

Akademik Milli Dram Teatrının istirahət günü idi. Dünən İlyas Əfəndiyevin “Atayevlər ailəsində” (əsər daha çox “Atayevlər ailəsi” adı ilə təqdim olunur) tamaşası oynanılmışdı. O dövrdə belə bir dəmir qayda vardı, tamaşanın sonunda təzimə bütün iştirakçılar çıxırdılar. Hökümə Qurbanova bu tamaşada Lətafət rolunu oynayırdı.

Tamaşada Moskvadan qonaqlar vardı və onlar əsər sona çatandan sonra yaradıcı heyətlə görüşdülər. “Atayevlər ailəsində” tamaşasına quruluşu Moskvada ali təhsil almış gənc rejissor Tofiq Kazımov vermişdi. Bundan əvvəl o, “Ailə namusu” (Hüseyn Muxtarov. 30 oktyabr 1951-ci il), “Məzəli hadisə” (Karlo Qoldoni. 4 yanvar 1952-ci il), “Lənkəran xanının vəziri” (Mirzə Fətəli Axundzadə. 4 aprel 1953-cü il), “Sevilya ulduzu” (Lope de Veqa. 19 sentyabr 1953-cü il), “Vassa Jeleznova” (Maksim Qorki. 13 fevral 1954-cü il) əsərlərini tamaşaya hazırlamışdı. Həmin dövrdə teatrın bədii rəhbəri Ədil İsgəndərov idi.

Moskvalı qonaqlar Tofiq Kazımovun rejissurasını, onun forma axtarışlarını, teatr estetikasını çox təriflədilər. Görüş qurtaranda Hökümə xanım Tofiq Kazımova yaxınlaşıb onu təbrik etdi. Gülə-gülə ondan soruşdu:

– Tofiq, sözümüz sözdür?

Teatr bilicilərindən eşitdiyi xoş sözlərdən, dəyərli fikirlərdən ruhlanmış gənc rejissorun qaşları çatıldı.

– Hansı sözümüz?

Hökümə xanım ətrafı gözdən keçirdi ki, baxıb görsün onları eşidən var, ya yox. Yaxınlıqda heç kəs yox idi. Üzünü rejissora tutdu:

– Ostrovski...

Tofiq Kazımovun da dodağı qaçdı.

– Hə, bildim. Əlbəttə. Onunla danışın, nəticəsini mənə deyərsiniz. Razı olsa mən öz təklifimi rəhbərliyə verərəm.

– Elə günü sabah görüşüb nəticəsini sənə deyərəm.

– Danışdıq...

Bu o dövrlər idi ki, Musiqili Komediya Teatrı altı il idi bağlanmışdı. Nəsibə xanıma nə Milli Dram Teatrında, nə də Gənc Tamaşaçılar Teatrında iş verməmişdilər. Bunun bir neçə səbəbi vardı. Əsas səbəb isə o idi ki, bugünkü Mədəniyyət və Turizm Nazirliyi o dövrdə İncəsənət İşləri İdarəsi idi və onun rəhbərlərindən biri (adını çəkmək istəmirəm) bəhanə gətirirdi ki, Nəsibə Zeynalova “burjuy” qızıdı, gedib fəhlə işləsin. Nəsibə xanım da mənəvi sarsıntılar keçirə-keçirə, əzablar çəkə-çəkə bilet satan və başqa işlərdə çalışmaqla günləri yola verirdi. Orasın da qeyd edim ki, Nəsibə xanım bir neçə il əvvəl Hökümə Qurbanovaya Kabanixa obrazı ilə bağlı Mərziyə Davudova ilə söhbətlərini danışmışdı. Hökümə xanım da demişdi: “Sağlıq olsun... darıxma”.

Hava nə qədər küləkli olsa da, Hökümə xanım fevralın 8-də axşam saat 7 radələrində Nəsibə Zeynalovagilə gəldi.

Qapını Nəsibə xanım açdı. Mehriban-mehriban görüşdülər. Süfrə başında əyləşdilər. Çay içə-içə bir xeyli söhbətləşdilər. Nəhayət, Hökümə xanım söhbəti fırlayıb mətləb üstə gəldi.

– Ay Nəsibə, bilirsən də, üç-dörd ildi bizə təzə rejissor gəlib, Tofiq Kazımov. İstedadlı oğlandı.

– Yaxından tanımıram. Amma bilirəm ki, Səməd Mənsurun oğludur. Səmədlə atam yaxın dost olublar.

– Lap əla! Onunla söhbətimiz olub. Təklif eləmişəm ki, Aleksandr Ostrovskinin “Tufan” dramın tamaşaya hazırlasın.

– Katerinanı oynamaq istəyirsən?

Hökümə xanımın üzünə təbəssüm qondu.

– Hardan bildin?

– Hecə yəni hardan bildim? Başqa nə rolu oynayacaqsan ki? 1940-cı illərin əvvəllərində mənim müəllimim Fatma Qədri ifa edib o rolu. Əla oynayırdı, görmüşən o tamaşanı.

– Görək də necə olur... Sözümün canı var.

– De görüm.

– İstəyirəm sən də o tamaşada Kabanixanı oynayasan. Nə deyirsən?

Nəsibə xanım kövrəldi.

– Vallah nə deyim... Kimdi məni o teatra qoyan...

– Niyə qoymurlar. Tofiq dedi ki, mən Ədil müəllimlə danışaram.

– O biri rolları kim oynayacaq?

– Nə deyim, hələ tam bilmirəm. Amma onu bilirəm ki, Dikoyu Ələsgər Ələkbərova, Tixonu da Mustafa Mərdanova vermək istəyir. Kudryaşı yenə Möhsüm oynayacaq.

– Lap yaxşı... Hökümə, vallah heç bilmirəm nə deyim? İki-üç gün əvvəl rejissor Coltan Dadaşov çağırtdırmışdı məni yanına. Dedi ki, Musiqili Komediya Teatrı açmaq istəyirəm. Dövlət teatrı olmayacaq. Özü öz xərciynən dolanacaq. Lütfəliylə, Münəvvərlə, Aliyəylə, daha nə bilim kimlərlə danışıb. Hamısı razıdır. Görək necə olur.

– Olsun də, lap yaxşı. Orada da oynayarsan, bizim tetrda da. Sonrası Allah kərimdi. “Tufan” yaxşı alınsa bəlkə elə səni bizim truppaya götürdülər.

– Ay götürdülər ha... Sən kefdən danışırsan...

– Dünyanın işini bilmək olmaz.

– Tofiq məşqlərə nə vaxt başlamaq istəyir?

– Hələ bilmirəm. Dedi ki, Nəsibə xanım razılıq versə rəhbərliklə danışacaq.

– Sənin əlində ayrı işin yoxdu? Təzə nə hazırlayırsan?

– “Hacı Qənbər”in məşqləri gedir. Orada yoxam. Ələsgər Şərifov Şekspirin “Qış nağılı”nı tamaşaya qoymağa hazırlaşır. Deyib ki, Hermionanı mənə verəcək. Görək də... Hələ əmr divardan asılmayınca heç nə deyə bilmərəm. Ayrı bir işim yoxdur.

– “Qış nağılı” ağır əsərdi. “Tufan” da onun kimi. İksində də məşqə necə çatdırarsan?

– Ona baxarıq. Təki işlərimiz alınsın.

– Amin. Allah ağzından eşitsin.

...Görüşüb ayrıldılar.

İki ecazkar sənətkarın arzusu reallaşmadı...

Niyə?

Nə üçün?

Kim bu işə pəl vurdu?..

Bu söhbət barədə mən də eşitmişdim.

Amma və di gəl ki, bu işin niyə alınmadığını dəfələrlə soruşsam da, Nəsibə xanım məsələnin məğzini deməmişdi.

2001-ci il mart ayının 9-da Milli teatr günü münasibətilə Aktyor evində görüşəndə sözarası söhbəti yenə “Tufan”dan saldım.

Canı ağrısa da, gülə-gülə dedi:

– Ay saqqalı ağarmış, nə tutmusan ey bu “Tufan”ın ətəyindən, buraxmırsan. Harda məni görürsən, yapışırsan yaxamdan. Qoy oturduğum yerdə rahat oturum də.

– Maraqlıdı mənim üçün, Nəsibə xanım. Bilmək istəyirəm ki, Hökümə Qurbanova, Tofiq Kazımov kimi iki nəhəng nəyə görə bu ideyanı reallaşdıra bilməyiblər.

– Deməli səbəbi olub də.

– Axı, nədi o səbəb?

Bir anlığa fikrə getdi. Sonra dərindən köksünü ötürdü.

– İndi deyə bilərəm. Çünki Məhluqədən başqa o adamlardan bu dünyada qalanı yoxdur. Ancaq səni and verirəm inandıqlarına, nə qədər ki, mən varam bu məsələni heç harda danışma, nə də yazma. Mən o dünyaya köç edəndən sonra özün bilərsən...

Söz verdim.

Nəsibə xanım da inanıb danışdı...

...Teatrda səs yayılır ki, Tofiq Kazımov “Tufan”ı hazırlayacaq və Kabanixa roluna da Nəsibə Zeynalovanı dəvət edəcək...

“Tufan”ı repertuar planına daxil etmək məsələni teatrın bədii şurasında müzakirəyə çıxarılır. Razılığa gəlirlər. Onda Ədil İsgəndərov elan edir ki, əsəri tamaşaya Tofiq Kazımov hazırlamaq istəyir. Kabanixa roluna da Nəsibə Zeynalovanı dəvət etmək fikrindədir.

Əvvəl rejissor Ələsgər Şərifov etiraz edib. Deyib ki, bu əsəri birinci dəfə mən tamaşaya qoymuşam. İndi də özüm hazırlamaq istəyirəm. Öz teatrımızda Məhluqə Sadıqova, Sofiya Bəşirzadə, Mirvari Novruzova kimi Kabanixa var. Kənardan niyə aktrisa çağırmalıyıq ki... (Məhluqə Sadıqova Ələsgər Şərifovun həyat yoldaşı idi. – İ.R.).

Bədii şuranın üzvləri arasında ikitirəlik yaranıb. Bir qrup Tofiq Kazımovun, o biri dəstə Ələsgər Şərifovun tərəfini saxlayıb. Mübahisənin ciddi şəkil aldığını görən Ədil İsgəndərov deyib ki, bu məsləyə növbəti ilin repertuar müzakirəsində bir də baxarıq...

O baxarıq, bu baxarıq... məsələ yaddan çıxdı...

Hökümə xanımın Katerina yaşı ötdü...

Və bünövrəsini qoyanlardan biri atası Cahangir Zeynalov olan Milli Dram Teatrının səhnəsində çıxış etmək Nəsibə xanıma nəsib olmadı...

Bəxtəvərin bəxtəvərsiz günləri

Nəsibə xanımı aktrisa kimi sevən, sənətinə pərəstiş edən, şəxsiyyətinə rəğbət bəsləyən insanlar milyonlarla idi.

Sağlığında ona bəxtəvərlik verənlər də çox, lap çox idi.

Bir sənətkar kimi o, bu bəxtəvərliyi istedadının əzəməti, zəhmətinin damla-damla tər qətrələri ilə qazanmışdı.

Deməli, bəxtəvərlik onun halal payı idi.

Nəsibə xanımın gün-güzəranına, yaşayışına da bəxtəvərlik verənlər çox idi. Bu bəxtəvərliyi verənlərin bir qismi Nəsibə xanımın yaşayışına, gün-güzəranına yaxından bələd olmayanlar idi. Elə uzaqdan-uzağa, görməzə-bilməzə verirdilər bu bəxtəvərliyi.

Onlar üçün yağ-bal içində dolanan aktrisa Nəsibə Zeynalova vardı.

Onlar üçün “nəyi necə eləyim” ifadəsini heç vaxt dilə gətirməyən bəxtəvər idi Nəsibə Zeynalova.

Onlar üçün Nəsibə Zeynalovanın heç bir dərdi-səri ola bilməzdi. Olsa da hökumət o çatışmazlığı bir göz qırpımında həll edərdi.

Onlar üçün Nəsibə Zeynalova «”Məlik Məmməd” nağılındakı Simurq quşu kimi bir varlıq idi. Yəni, “qa” deyəndə əti, “qu” deyəndə suyu əlbəəl hazır olurdu.

Onlar üçün Nəsibə Zeynalova yeriyəndə ayağının altına qu quşunun tükündən pəyandaz atılırdı ki, ruhu inciməsin...

Onları qınamıram. Çünki bü qənaətdə olmaları Nəsibə Zeynalovaya, onun ecazkar sənətinə, möcüzəli səhnə və ekran rollarına məhəbbətdən irəli gəlirdi.

Amma və də gəl ki, həqiqət tamam başqa cür idi. Nəsibə xanımın adi məişət həyatında o qədər ağrılı-acılı günləri, qayğılı vaxtları olub ki...

Əvvəlki evində yuxarı qonşusu suyu açıq qoyub və Nəsibə xanımın bütün otaqları batıb. Hətta döşəmənin parketi yerindən oynadığına görə aktrisa ona ilişib yıxılıb və ayağını sındırıb. Üç-dörd ay mənzili pis gündə olub. Nə rayon, nə də Bakı şəhər sovetlərinin əlaqədar idarələri Nəsibə xanımın harayına çataraq səmərəli tədbir görməyib...

Dramaturq Əhməd Orucoğlu (Orucəli) və rejissor Məhərrəm Bədirzadə 1970-ci illərin sonlarında və 1980-ci illərdə Azərbaycan televiziyasında Yeni il, Novruz şənlikləri, yumor verilişləri, “Səhər görüşləri” üçün səhnəciklər hazırlayanda mütləq Nəsibə Zeynalovanı dəvət edərdilər. Nəsibə xanımın vaxt darlığı olanda, telestudiyaya gələ bilməyəndə onlar teatra, ya da aktrisanın mənzilinə gedər, məşqləri orada edərdilər. Hətta yeri gələndə elə orada da bəzi çəkilişlər aparardılar.

Əhməd Orucoğlunun mənə danışdığı bir olayı oxuculara çatdırmaq istəyirəm.

“Yeni il üçün yumorlu səhnəcik yazmışdım. Mən də, rejissor Məhərrəm də qadın obrazını ifa etmək üçün Nəsibə xanımı nəzərdə tutmuşduq. Günortadan bir az keçmiş Məhərrəmnən Musiqili Komediya Teatrına getdik. Nəsibə xanımla qirim otağında görüşdük. Məşqdən çaxmışdı. Yır-yığış edib evə getməyə hazırlaşırdı. Biznən gülə-gülə görüşdü. Birdən qaş-qabağını turşudub soruşdu:

– Ay qırışmallar, yenə nə lo xəbərnən gəlmisiniz?

Zarafat, sataşmaq onun şakəri idi. Xüsusən də ərki olan adamlara. Məni gülmək tutdu. Məhərrəm dedi:

– Ay Nəsibə xanım, biz heç lo xəbər gətirənə oxşayırıq?

– Yooox, ətövbə... Sizin nə vaxtsa mənə xeyir xəbər gətirdiyiniz olub bəyəm?

Gülüşdük. Bir az ordan-burdan danışıb gəlişimizin məqsədini söylədik.

Nəsibə xanım dedi:

– Əcəb eləmisiniz. Yaman yorulmuşam, həm də yaxşıca acmışam. Gedəyin bizə, Əhmədin yazdığını bir yerdə oxuyarıq.

Məhərrəm dilləndi:

– Nəsibə xanım, biz mətni verək sizə, evdə özünüz rahatca oxuyarsınız. Sabah neçədə desəniz səng vurub məşqin vaxtını təyin edərik.

Nəsibə xanım qaş-qabağını turşutdu:

– Nə bilirsən bəyənəcəm? Bu Əhməd Biqəmin yazdığı bəlkə heç xoşuma gəlməyəcək?

Bilirəm, gələcək, – dedi Məhərrəm. – Siz həmişə onun yazdıqlarını...

Nəsib xanım Məhərrəmin sözünü kəsdi.

– Adə, mənə nağıl açma. Obed vaxtıdı. Nə sən, nə də bu Əhməd bəlkə heç indiyənə kimi ərzuman kiftəsi yeməmisiniz. Dünən axşamnan bişirmişəm. Söhbətimizin qalanını evdə eləyərik.

Razılaşdıq. Söhbət edə-edə gəlib çatdıq Nəsibə xanımgilin həyətinə. “Aynur” məişət evinin həyətində olurdu. Teatrdan ora ayaqla 10-15 dəqiqəlik yoldu.

Nəsibə xanım öz bloklarının yanından keçib qonşu bloka yaxınlaşdı. Məhərrəmin üzünə baxdım. O, belə işlərdə diribaşdı. Soruşdu:

– Nəsibə xanım, bəyəm sizin blok bu deyil?

Əli ilə onların blokunu göstərdi. Nəsibə xanımın sifəti tam ciddi görkəm aldı.

– Maskirovka lazımdı... Bizi güdürlər...

Məhərrəmlə əvvəl ətrafa göz gəsdirdik. Bir kimsə gözə dəymirdi. Təəccüblə bir-birimizin üzünə baxdıq. Onun bu sözlərindən heç nə anlamadıq. Zarafatdırsa... belə zarafat olmur. Yox əgər, nə icə başqa məsələdirsə, onda axırını gözləyək.

Keçdik qonşu bloka. Düyməni sıxıb lifti çağırdı. Mindik. Nəsibə xanım “10” düyməsini basdı. İlham, yəqin bilirsən, də, həmin bina 10 mərtəbəlidir. Düz qalxdıq 10-cu mərtəbəyə. Liftdən çıxdıq. Nəsibə xanım sola burulub çirkli pilləkənlərlə çardağa tərəf qalxdı. Biz də dinməz-söyləməz onun ardınca. Çardağın sınıq-salxaq qapısına çatanda dayandı. Əl çantasını açıb bir xeyli qurdaladı. Çantadan bir kibrit çıxarıb yandırdı və amiranə səslə dedi:

– Ardımca, irəli!

Toza-torpağa bata-bata, damın çardağına dəyməməsi üçün başımızı əyə-əyə getməyə başladıq. Bu qısa yol boyu bir neçə dəfə dayanmalı olduq. Çünki kibrit çöpü yanıb qurtardığı üçün Nəsibə xanım hər dəfə təzəsini çıxartmalı olurdu. Buna görə qaranlıqda istər-istəməz dayanırdıq. Gəlib başqa bir sınıq-salxaq qapıya çatdıq. Bu qapı həm sınıq-salxaq idi, həm də bir tərəfi həngəmadan çıxıb sallana qalmışdı. Bu yöndəmsiz qapıdan çıxıb pilləkənlərlə aşağı düşdük. Nəsibə xanımgilin mənzilinə çatdıq. Üst-başımız toza, hörümçək toruna batmışdı.

Mən özümü saxlaya bilmədim:

– Ay Nəsibə xanım bu nə zülm idi bizə verdiniz?

Nəsibə xanım qapını aça-aça dedi:

– Zülmə düşən düşmənin olsun. Allah Bakliftin rəhbərlərini zülmə salsın. Bir aya yaxındır liftimiz işləmir. Qalxanda da, enəndə belə zülm çəkirəm. Onuncu mərtəbəyə mən yaşda adam necə qalxım? Vay o gündən ki, qonşu blokun da lifti xarab ola. Onda gərək yır-yığış eləyib köçüm teatra. Bir də liftlər düzələndə qayıdım.

Məhərrəm üstünü çırpa-çırpa deyindi:

– Əşi zəng vurun Bakliftə, gəlib bir günə düzəltsinlər də. Siz boyda aktrisa bu nə zülmdü ey çəkirsiniz?

Məhərrəmə tərəf çöndü:

– Rəhmətliyin oğlu, sən elə bilirsən Bakliftdəki erməni köpək oğlu Nəsibə Zeynalova tanıyır? Day nə qədər zəng vurarlar? Elə “zavtra”, “zavtra” deyə-deyə qalıblar.

Açarı qıfıldan çıxardı. İtələyib qapını açdı.

– Əşi, buna da şükür, axırı gəlib çatdıq ki. Keçin içəri... Xoş gəlmisiniz. Şükür ki, elə mən də zülm çəkə-çəkə həm salamat, həm də xoş gəlmişəm...

Əhməd bir anlıq susub başını bulaya-bulaya dedi:

– Nəsibə xanımın belə günləri də olub, ay İlham...”.

Sevginin ünvanı

Mart ayının 10-u...

Milli Azərbaycan peşəkar teatrının təşəkkül günü.

Milli teatr günü kimi hər il bayram edilir.

Amma və di gəl ki, teatrın doğuluş günü olanda 1873-cü il idi...

10 mart...

Milli səhnəmizin klassiki, qüdrətli aktrisa Nəsibə Cahangir qızı Zeynalova əbədiyyət dünyasına qovuşdu.

Amma və di gəl ki, onda 2004-cü il idi...

Musiqili Komediya Teatrına yön alan küçələrdə əsl insan axını vardı.

Bu teatra həmişə gülər üzlə gələn tamaşaçıların yerişlərində ağırlıq, sifətlərində kədər, gözlərində qəm, yanaqlarında yaş tumurcuqları vardı.

Əllərdəki güllər də sanki üşüyüb onu gətirənlərin qoyunlarına sığınmışdılar. Güllər də ağlayırdılar...

Tamaşalar oynayanda səhnəyə sığmayan Nəsibə xanımın cənazəsi səhnənin ortasında hündür dayağın üstünə qoyulmuş tabutun içindəydi.

Yuxarıdan gülümsər üzlü portreti asılmışdı.

Cənazə tabutu dövrələmə gül-çiçəyə bürünmüşdü.

Gül yağışı səngimirdi. Bu da onların leysanıydı, hey yağırdı...

Səhnə elə bil bum-buzuydu.

Bu gün küsmüşdü səhnə.

Onun sadiq yarının, sevgilisinin, xiridarının, dostunun, əzizinin 70, 75, 80, 85 illik yubileyləri keçirilmədi bu səhnədə...

Amma və di gəl ki, yubiley bayramlarına gözləri yolda qalan səhnə indi onun cənazəsi ilə vidalaşırdı...

Bu teatr binasının yerində başqa bir teatr vardı. 1883-cü ildə tikilmişdi. Ona el arasında Tağıyev teatrı, yaxud Şəhər teatrı deyirdilər. Akademik Milli Daram Teatrı 1922 – 1960-cı illərdə bu binada fəaliyyət göstərib. Əvvəllər müxtəlif binalarda çalışan Musiqili Komediya Teatrı 1962-1963-cü il teatr mövsümündə bura köçüb.

Nəsibə xanımın atası, milli səhnəmizin vüqarı Cahangir Zeynalov 35 il bu səhnədə çıxış edib...

Nəsibə xanım özü 50 illik yaradıcılığının 25 ilində bu binanın səhnəsini fəth edib...

Amma və di gəl ki, Tağıyev teatrı sökülüb (niyə söküldüyü də müəmmalıdı) yerində yenisi tikiləndə, nə də bir neçə il sonra o bina tamamilə yenidən qurulub açılış bayramı ediləndə Nəsibə xanım təntənəyə dəvət almadı.

Bəlkə də ağızucu dəvət almışdı... bilmirəm...

Onu bilirəm ki, Nəsibə xanım təntənədə iştirak etmirdi.

Halbuki yeni binanın açılış lentini kəsməyə, ilk xeyir-duasını verməyə daha çox onun mənəvi haqqı vardı...

Bu işə cavabdehlərdən cavab soruşdum... onlardan səs çıxmadı... Səndən soruşuram:

– Niyə Nəsibə xanım məhrum edildi bu haqdan, İlahi?..

***

1986-cı ildən sonra Nəsibə xanım qədimi binanın səhnəsində görünmədi.

Teatr onda az qala ölüm ayağındaydı, sanki can verirdi. Bir az sonra 26-lar Mədəniyyət sarayına köçdü.

Amma və di gəl ki, rəhbərliyin yadına Nəsibə xanım düşmədi ki, düşmədi...

Nəsibə xanıma hal-əhval tutmaq üçün zəng vuranda səsi, gülüşü şaq-şaq şaqqıldayan aktrisanın cümlələri titrəyirdi...

Qəm yağırdı o səsdən...

Bir dəfə soruşurdum: “Necəsiniz, Nəsibə xanım?”.

“Səhnəsiz Nəsibə necə olar?”, deyə, sualıma sualla cavab verirdi...

Yeni tikilən, yenidən qurulan teatrın səhnəsinə çıxmadı Nəsibə xanım...

Heç o səhnəni görmədi də Nəsibə xanım...

Nəsibə xanım doğma səhnəsini yeni gəlinlik libasında görə bilərdi...

Görməyə imkan vermədilər... ya da laqeyd oldular səhnəmizin möcüzəli xanımına...

...İndi səhnədəydi.

Səhnə onu bağrına basmışdı...

Amma və di gəl ki, o, səhnəni görmürdü...

Səhnə sevimli sənətkar övladını nə qədər əzizləyib sinəsinə sıxsa da... qanadlı məlakəyə çevrilən Nəsibə xanım uçmalıydı... uçub, ata-ana intizarının vüsalına əbədi qovuşmalıydı...

...Tamaşaçı salonu doludu.

Oturanlar qədər də ayaq üstə duranlar var.

Foye insan qazanında qayır-qayır qaynayır.

Pilləkanlarda, aşağı dəhlizdə iynə atsan yerə düşməz.

Teatrın qarşısında da nə qədər adam var...

Bu gün teatrda “Vida” adlı tamaşadı.

Amma və di gəl ki, bu tamaşada nə səhnə danışır... nə də tamaşaçılar...

Sükutu pozan hıcqırıqlardı... bir də matəm musiqisi...

Səhnə Nəsibə xanımı buraxmır...

Axı bu səhnə heç vaxt Nəsibə Cahangir qızı Zeynalova adlı övladını nə alqışsız qarşılamayıb, nə də alqışsız yola salmayıb...

Adamlar mat-mat bir-birinin üzünə baxırlar...

Səhnə fədaisinin birinci cərgədə əyləşən sənətkar oğlu, rejissor və aktyor Cahangir Novruzov ayağa qalxır.

Sükut…

Səsindən həzin yanğı, kövrək qəm, əbədi həsrət süzülə-süzülə deyir:

Anam... Nəsibə xanım... (qəhər onu boğur) bütün tamaşalarda səhnəyə tamaşaçı alqışları ilə gəlib, rolunu oynayıb... alqışlarla da səhnədən çıxıb... Gəlin onu alqışlarla da əbədiyyət səhnəsinə yola salaq...

Ani hıçqırıq xoru salonu bürüyür...

Sükut...

Cahangir anasının cənazəsinə baxıb əl çalır...

Məlaykəyə çevrilən Nəsibə xanım tabutda çiyinlərə qonur...

Alqışlar matəm simfoniyasına çevrilib salonu titrədir...

Hələ bu teatr belə alqış gurultusu görməmişdi...

Səngiməyən bu alqış simfoniyası foyeyə, oradan küçəyə keçir...

...Alqışlar Fəxri xiyabanda məzar üstündəki qalaq-qalaq gül-çiçəyə bürünüb qaldı orada...

Bizə qalan Nəsibə həsrətimiz, Nəsibə göynərtimiz, Nəsibə nisgilimiz... bir də Nəsibə sevgimiz oldu...

Nəsibə Zeynalova sevgisinin alqışları isə heç zaman, heç yerdə səngimir.

Bəli, səngimir!

Çünki onun ünvanı Nəsibə xanıma əbədi ehtiram göstərən ürəklərdir...

Sənətə sevgiylə, sənətkara ülvi məhəbbətlə döyünən ürəklər...

# 4100 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #