Nişanlısının yaylığı ilə ölümdən qurtuldu, “vətən xaini” idi Sovet İttifaqı Qəhrəmanı oldu - Fransa prezidentinin Brejnyevdən tələb etdiyi azərbaycanlı

Nişanlısının yaylığı ilə ölümdən qurtuldu, “vətən xaini” idi Sovet İttifaqı Qəhrəmanı oldu - Fransa prezidentinin Brejnyevdən tələb etdiyi azərbaycanlı
22 sentyabr 2020
# 15:02

Bu gün İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Qarabağ müharibəsi şəhidi Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası, ədəbiyyatın və kinonun qəhrəmanına çevrilmiş, Sovet İttifaqı Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.


Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub. Ailədə altı qardaş olublar. Onlardan dördü müharibədə həlak olub. Əhmədiyyə İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal" ilə təltif olunub.

***

O, 1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə ipəkçi kimi işləyir.

Gallery

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci diviziona bombardmançı təyin olunur.

***

1942-ci ilin aprel ayında Kursk ətrafında gedən gərgin döyüşlərin birində onun təyyarəsi vurulur. Ağır yaralanan Əhmədiyyə Cəbrayılov almanlara əsir düşür.

Gallery

Yaralı Əhmədiyyə almanların Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bununla da gənc Əhmədiyyənin əzablı, dözülməz əsirlik həyatı başlayır. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunur. Nəhayət, uzun sürən yolçuluqdan sonra o, 1943-cü ildə Daxau ölüm düşərgəsinə gətirilir. Daxau düşərgəsində vəziyyət çox acınacaqlı olur. Əsirlərə olmazın işgəncələr verilir. Faşistlər əsirlərə o qədər işgəncə verirlər ki, səsləri bütün düşərgəyə yayılır. Onların səsini eşitməmək üçün Əhmədiyyə ya bərkdən mahnı oxuyar, ya da şeir deyərmiş. O bunu psixoloji gərginlikdən uzaqlaşmaq üçün edirmiş.

***

Bir gün düşərgədə əsirləri qaz kamerasına salırlar. Bir müddət sonra gözətçilər əsirləri qaz kamerasından çıxardanda onlardan yalnız bir nəfərin, Əhmədiyyənin sağ qaldığını görürlər. Onu isə nişanlısının müharibəyə getmədən öncə verdiyi dəsmal xilas edir. Belə ki, Əhmədiyyə qaz kamerasına salınarkən dəsmalı ağzında saxlayır və bu onu ölümdən qurtarır. Kənd camaatı kanala tökülmüş əsir meyitləri dəfn edən zaman onun bədəninin istiliyini hiss edib basdırmırlar. Amma almanlar onu yenidən həbs edib düşərgəyə gətirirlər. Əhmədiyyə bu dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Lakin cəhd baş tutmur və nəticədə o, almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı daha ağır şəraiti olan Montoban həbs düşərgəsinə göndərilir. Burada o, vərəm xəstəliyinə tutulur.

Gallery

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün Əhmədiyyəni tabutda gizlədirlər. Almanlar onu Jannanın türkəsilli ərinə bənzədirlər. Bu yolla xilas olan Əhmədiyyə Jannanın evindəki zirzəmiyə gətirilir. Sağaldıqdan sonra Əhmədiyyə fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizanlarla ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur.

***

İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin edirlər.

***

1944-cü il 20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə apararaq işlətmələrinə mane olur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanır və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alır.

Gallery

Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

Gallery

Çox gözəl əl qabiliyyəti olan Əhmədiyyə "Bərbər" partizan ləqəbi ilə bir neçə partizanla plan quraraq bərbərxana açırlar. Özü də orada bərbər kimi çalışır, alman əsgər və zabitlərinin başını qırxır, amma eyni zamanda onları məhv edir. Partizanların işlətdikləri bərbərxanada "sehrli" adlandırdıqları xüsusi kreslolar var idi. Həmin kresloların bir düyməsi də olub. Faşistlər həmin kresloya əyləşən kimi, Əhmədiyyə düyməni basır və kreslo zirzəmiyə enir. Burada isə digər partizanlar aşağı enən faşisti öldürürlər. Bir gün faşistlər partizanların bu "tilsimli" və "ölüm qoxulu" bərbərxanasından şübhələnməyə başlayırlar. Onlar izləyib görürlər ki, bərbərxanaya daxil olan alman əsgərləri oradan geri qayıtmırlar. Və oranı mühasirəyə alırlar. Güclü atışma başlayır, bir neçə partizan həlak olur, Əhmədiyyə isə ağır yaralanır. Amma sağ qalan partizan yoldaşların köməkliyi ilə təhlükəli yerdən uzaqlaşaraq sığınacaqda gizlənməyə imkan tapır.

Gallery


1946-cı ildə Əhmədiyyə atasının xahişindən sonra qəti qərara gəlir ki, vətəninə qayıtsın. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1947-ci ildə Sürəyya xanımla ailə qurur. Əhmədiyyə Cəbrayılovun bu nikahdan üç oğlu, dörd qız övladı olub. Bir müddət sonra təqibdən yaxa qutarmaq üçün Əhmədiyyənin xanımı məcbur olub ərinə verilən təşəkkürnamələri, medalları və lazımı sənədləri bir kisəyə yığıb həyətindəki ağacın altında basdırır. İşsiz qalan Əhmədiyyə ailəsini dolandırmaqdan ötrü ovçuluqla məşğul olmağa başlayır. Hər gün ovladığı qırqovulu, dovşanı bazarda satıb əvəzində çay, qənd, yağ alıb ailəsini dolandırır. 1959-cu ilin sonlarında ona aqronom kimi işləmək üçün icazə verilir.

Gallery

Fransalı jurnalistin apardığı araşdırma nəticəsində məlum olub ki, onun Fransada fransız qadından iki oğlu da var imiş. Oğulları haqqında Əhmədiyyə ilk dəfə yalnız 1989-cu ildə böyük qızının toy günündə ona söyləyib. O, qızına yaxınlaşaraq bir qədər kədərli halda həmin gün Fransada onun qardaşının da toy günü olduğunu deyib.

***

1966-cı ilin yazında Fransa Prezidenti Şarl De Qollun SSRİ-yə səfəri nəzərdə tutulur. De Qollun səfərinə az müddət qalmış Fransa Prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olur. Teleqramda bildirilir ki, Şarl de Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də iştirak etsin. Bu haqda Brejnevə məlumat verilir. SSRİ rəhbəri həmin şəxsin dərhal tapılmasına göstəriş verir. Lakin Armed Mişel adlı şəxs tapılmır. Məsələ Brejnevi və bütün Kremli çox narahat edir. Armed Mişelin axtarışı üçün bütün Kreml məmurları bu işə cəlb olunur. Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin yerli orqanları, bütün icra strukturları Armed Mişelin axtarışına səfərbər olur. Lakin axtarışlar heç bir nəticə vermir. Təsadüfən Mərkəzi Komitədə çalışan bir makinaçı bir neçə il bundan öncə belə bir ada rast gəldiyini xatırlayır. Beləliklə həmyerlimiz tapılır və təcili Moskvaya dəvət edilir.

Gallery

Fransa prezidentinin və köhnə cəbhədaşının onu axtarması xəbərini eşidən Əhmədiyyə qulaqlarına inanmır. Oğlu həmin günləri müsahibələrinin birində belə xatırlayır: O, bir neçə saat səssizcə stula çöküb qaldı, biz ona içməsi üçün su verdik. Çox həyəcanlanmışdı. O, medal və sənədlərinin anam tərəfindən gizlədildiyini bilmirdi. O, elə bilirdi ki, hamısını KQB məhv edib. Köhnə əşyalarını görəndə atam kövrəldi. Biz onu ilk dəfə idi ki, ağlayan görürdük. Bundan sonra biz onu Moskvaya yola salmağa hazırlaşdıq. Lakin, geyinmək üçün onun təzə kostyumu yox idi. Nəhayət qonşuluqda onun üçün bir kostyum tapılır. Lakin, qonşumuz uzun boylu olduğundan onunla atamın ölçüləri uyğun gəlmir. Ancaq anam birtəhər kostyumu atamın ölçüsünə uyğunlaşdırır.

Gallery

Məlum olur ki, həmyerlimiz 3-4 il bundan öncə də Kremldə olub. Kremldə çalışan bir nəfər onun haqqında Leonid İliçə belə danışır: “O Azərbaycanda yaşayır. Çox qəribə adamdır. Müharibə vaxtı fransızların partizan dəstələrində olub, qəhrəmanlıq göstərib. Günlərin birində fransızlar ona 100 min dollar pul göndərmişdilər. Bu azərbaycanlı da bu pulları qəbul etmək istəmirdi. Mən onu təcili Kremlə çağırtdırdım. Dedim ki, səni başa düşürəm, qürurlusan, pulu götürmək istəmirsən, amma onu geri qaytarmaq da düzgün deyil. Nəhayət, onu razı saldım ki, pulları Sülh Fonduna köçürək. Razılaşdı. Daha doğrusu mən onu razı saldım. Sonra onu nahara dəvət etdim. Elə bu ərəfədə də Sülh Fondundan lazımi sənədləri gətirdilər və o bu sənədlərə imzasını atdı”.

***

Fransa prezidenti ilə görüşmək üçün Əhmədiyyə Cəbrayılov Moskvaya dəvət olunur. “Moskva” mehmanxanasında 2 otaqlı “lyuks” nömrədə yerləşdirilir. Səhər tezdən isə onu SSRİ paytaxtında o dövrdə ən iri ticarət mərkəzi sayılan “QUM”un 200-cü seksiyasına aparırlar. Bu seksiya SSRİ-nin ən yüksək vəzifəli şəxslərinə xidmət edir. Onun üçün bir neçə kostyum, köynək, qalstuk və digər paltarlar seçilir. Əhmədiyyə Cəbrayılovun Brejnevlə görüşü təşkil olunur. Leonid İliç onu doğma adamı kimi qarşılayır.

Gallery

Nəhayət, səfər günü gəlib çatır. SSRİ rəhbərləri “Vnukovo 2” hava limanında ali qonağı qarşılamaq üçün sıraya düzülürlər. Fransa Prezidenti Brejnevlə görüşdükdən sonra ətrafa göz gəzdirir və köhnə dostu “Armed Mişel”i görən kimi ona tərəf iri addımlarla irəliliyir. Əhmədiyyə Cəbrayılov da həyəcanla dostuna sarı irəlləyir və cəbhə dostları bir-birini bağrına basır. Protokol qaydalarına zidd olan bu mənzərə SSRİ rəhbərlərinin təəccübünə səbəb olur. Fransa Prezidenti SSRİ-də səfərdə olduğu müddət ərzində Əhmədiyyə Cəbrayılovla birgə nahar edir, köhnə dostlar keçmiş xatirələrdən danışırlar. Şarl de Qollun SSRİ-yə rəsmi səfərindən sonra Əhmədiyyə Cəbrayılovun üzərindən “vətən xaini” adı götürülür. Şarl de Qoll onun üçün avtomobil hədiyyə göndərir. Lakin, o, avtomobili qəbul etmir. Ona izah edirlər ki, necə olursa, olsun hədiyyə qəbul lunmalıdır. Belə olan halda Əhmədiyyə Cəbrayılov avtomobili satıb pulu kolxoza keçirəcəyini bildirir və belə də edir.

***

Əhmədiyyə Cəbrayılova 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim olunur.

Gallery

1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. Həmin mərasimdə 10 dəqiqəlik çıxış edir. 1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova “Fəxri Legion” ordeni təqdim edilir. O, 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olur. Ailə üzvlərinə son sözü isə belə olur: Sürücüdən şikayətçi olmayın, onun günahı yox idi.

Oğlu Mikayıl Cəbrayılov Qarabağ döyüşlərində həlak olur. Milli Qəhrəman adına layiq görülür.

***

Hazırda Fransadakı ən nəhəng avtomobil zavodu Əhmədiyyə Cəbrayılovun adını daşıyır.

# 18082 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #