Aqil Abbasın yalanı, iki Ağdam və Məzahirin anası

Aqil Abbasın yalanı, iki Ağdam və Məzahirin anası
23 iyul 2020
# 08:49

Kulis.az Ağdamın işğal günündə gənc yazar Ruslan Dost Əlinin “Aqil Abbasın yalanı, iki Ağdam və Məzahir” yazısını təqdim edir.

Qədir Rüstəmov Türkiyə xəstəxanalarından birində komada olanda, Aqil Abbas Qədirin qulağına deyir, ay Qədir, Ağdamı almışıq ey, dur, gedək. Qədir Rüstəmovun əlləri tərpənir, amma xəbərin doğru olmadığını hiss eləyir, nədi, ayılmağa gücü çatmır.

Azərbaycan xalqı olaraq xeyli özümüzə xas xüsusiyyətlərimiz var. İnsanları ya ad günlərində yada salırıq – zəng edib, mesaj yazıb təbrik edirik, ya öləndən sonra xatırlayırıq, haqqında “yaxşı kişiydi”, “yaxşı adamıdı” ifadələrini işlədirik, ya da işimiz düşəndən-düşənə axtarıb tapırıq, deyirik, bəs, ay kişi, biz qohumuq, dədələrimiz bir evli kimi olub, günorta yeməyini bizdə yeyəndə, axşamı sizdə yeyiblər. Qalan günlərdə isə heç adamlar yadımıza da düşmür. Yaranan bu biganəlik, laqeydlik tendensiyası son illərin “əməyi” deyil, köklü-köməclidir. Heç olmasa, qırx-əlli illik tarixi var. Yəni artıq irsi məsələdir. Onillərlə formalaşan və özünün kulminasiya nöqtəsinə çatan psixologiyamızdı. Düzdü, bunu da çox vaxt zəmanənin, dövrün üstünə yıxmağa çalışırlar, olsun.

Eynilə işğal altında olan torpaqlarımızı da ancaq işğal günlərində xatırlamağın, yalnız həmin günlər kütləvi şəkildə məqalələr yazmağın, verilişlər hazırlamağın tərəfdarı deyiləm. Bu işlər sistemli şəkildə aparılmalıdır. Bir də ki, indi yazmaq və danışmaq da kifayət eləmir, axı. Amma neyləyək ki, bizim də əlimizdən azdan-çoxdan, pisdən-yaxşıdan bunlardan başqa heç nə gəlmir. Hələ əlimiz öz yaxamızdan və qələmdən başqa heç nəyə və heç kimə çatmır və mən də bu xalqın nümayəndəsi olduğuma görə, vəziyyət çox da dəyişmir...

Bizim kənd Ağdama çox yaxındı. Arada cəmi bir neçə kilometr məsafə var. Cəbhə xəttində atəşkəs pozulanda, elə bilirdik, qulağımızın dibində atırlar. Bu səs həmişə bizə maraqlı və qorxulu gəlirdi.

Atam Rusiyadan babat pulla gəlmişdi və kənddə yaxşı ev-eşik tikdirmək niyyətindəydi. Materialı yavaş-yavaş alıb gətirməyə başlayırlar. Qohum-əqrəba, kəndin ağsaqqalları deyir, ay bala, bu evi niyə tikdirirsən? Müharibə gedir. Puluna heyfin gəlsin, zülmlə qazanmısan. Buna biz tərəfdə əsnəmək, evin bünövrəsinin üstünə danışmaq deyirlər. Əl-qərəz, bir gün kəndə hay düşür ki, bəs, ay-haray, ermənilər gəlir. Bəziləri əl-ayağa düşür, şələsini-küləsini yığır və “start” vəziyyətində gözləyir. Atam oturur Rusiyadan gətirdiyi “Vaz- 21011” markalı maşına, dayımla birgə gedirlər “Dördyol”a. Ki, görək, bu erməni köpəyuşağı gəlir, yoxsa yox. Buradan bir yol Bərdəyə, bir yol Ağdama, bir yol Tərtərə, bir yol da Quzanlıya gedir. Bizim kəndimiz Quzanlı yolunun üstündədir. İndi Ağdam istiqamətinə gedən yol bağlıdır, qarşıda post var. Nə isə, dayımgil gediblər, görüblər bir inli-cinli yoxdu.

Televizorda, demək olar, hər gün Qarabağda gedən döyüşlərdə çəkilmiş kadrları göstərirdilər. İki kadr dəqiq yadımdadır: Çingiz Mustafayevin ağlamağı və bir də vertolyota minməyə tələsən camaatın içində bir qadının qışqıra-qışqıra “Ay Məzahir, hardasan?” deməyi.

İki körpə uşağın əllərindən tutan bu arvadın Məzahiri çağırmağına gülürdüm həmişə. Sonralar o kadra bir də baxa bilmədim. Elə bil, utanırdım o arvaddan. Xəcalət çəkirdim. Açığı, ovaxtkı hərəkətimə görə, elə indi də xəcalət çəkirəm.

Qonşu kəndlərdən birində hərbi hissə var. Tez-tez bizim kəndin içindən içi əsgərlə dolu üstü çadırlı hərbi maşınlar keçirdi. Hərdən məktəbdən çıxanda o maşınları görürdük və arxasınca nəfəsimiz yetincə yüyürürdük. Bir dəfə də kəndimizdən onlarla tank keçdi. Qonşu kəndə gedirdi. Evimizin pəncərələri silkələnirdi. Ancaq bu, bizim üçün xeyli maraqlı və əyləncəli idi. Qaçıb, tanklara daha yaxından baxmaq istəyirdik.

Biz ilk dəfə silahları o çadırlı maşınlarda çömbələn əsgərlərin əllərində, tankları da evimizin pəncərələri silkələnəndə gördük. Bu hadisədən sonra kənddə danışırdılar ki, yaxınlarda müharibə başlayacaq. Hərə bir söz deyirdi. Bir də, deyirdilər, elə şey olsa, bizim kəndi köçürəcəklər.

O dövrdə dünyaya gəldiyimizə görəydi, ya nəyə görəydi, bilmirəm, nədənsə, ən çox sevdiyimiz oyun “atışma” oyunu idi. Taxtadan özümüzə müxtəlif ölçülü və “tipli” silah düzəldib, bütün günü səpələnirdik küçələrə. Torpağın üstündə sürünürdük, arxlara uzanırdıq, özümüzü yoncalıqlara, şax-şəvəlliyə, kolların arxasına verirdik, suya, palçığa batırdıq. Üzümüz, dirsəyimiz, dizimiz sıyrıq-sıyrıq olurdu. Nə var-nə var, “düşmən” bizi görməsin, “döyüşdə” qalib gələk.

Ağlımız kəsməsə də, bəlkə də, uduzduğumuzu qeyri-şüurlu şəkildə hiss eləyirdik və bu dəfə düşmən gözündə gördüyümüz qonşu küçənin uşaqlarına qalib gəlmək istəyirdik. Görünür, doğulduğumuz dövr uşaqlıq həyatımıza sirayət eləmişdi.

Böyüdük və uşaq vaxtı taxta avtomatla “atdıqlarımızı” səngərdə silaha sarılan – çiyin-çiyinə əsl düşmənə qarşı mübarizə aparan və döyüşən gördük.

Bu gün həmin uşaqların 25-26 yaşı var. Onlar işğal olunmuş torpaqlarımızla həmyaşıddırlar. Həm də bu yaş, elə əsl vuruşmaq yaşıdı. Onların içində Qarabağ sevgisi və intiqam hissi var. Onların təkcə özləri yox, sözləri də - yazıb-yaratdıqları əsərlər də qarabağlıdır. Onların yetişdirdiyi və yetişdirəcəyi nəslin isə ittihamlarına cavab vermək çətin olacaq, çox çətin.

Hələ ki, gec deyil...

Keçən il o qaçaqaçda atamın kənddə tikdirdiyi evi satmaq istəyirdik. Bu haqda uzun-uzadı danışmış və razılığa gəlmişdik. Alıcı yox idi deyə, elə sataq-sataq deyirdik, elə bilirdik, onsuz da heç vaxt alan olmayacaq. Bir gün evdən zəng gəldi. Mən onda Qazaxıstanda idim. Atam dedi: “Rusu, evi alan var, neyniyək? Atanın canı haqqı, sən nə desən, onu eliyəcəm.” Tutuldum. “Fikirləş, mənə bir söz de. Camaat gözdüyür.” – dedi.

Gecə yata bilmədim. Səhərə qədər düşünüb-daşındım, çək-çevir elədim. Elə bil, nəsə pis bir hadisə baş vermişdi. Nə baş verdiyini kəsdirmək çətin idi, anlamırdım. Özümə gələ bilmirdim. O deyirlər ey, elə bil, adamın ölüsü ölüb, bax ondan. Axır, evə zəng elədim, doluxsuna-doluxsun, “evi satmayın” dedim. “Gün gələr, biz o evi satıb, Ağdamda – Qarabağda özümüzə qəşəng bir ev tikərik.” – amma bu cümləni ürəyimdə demişdim...

Ağdamın işğal günüydü. Amma biz 2011-ci ildə Ağdamı bir də itirdik. – Bir Ağdamı da itirdik...

Qədir Rüstəmovu deyirəm!

İkinci bizi qoyub gedib, birincini biz qoyub gəlmişik.

İkinci səsini qoyub gedib, birincidən canımızdan başqa heç nə gətirməmişik.

Bəlkə də o vaxt Aqil Abbasın dediyi xəbər doğru olsaydı, Qədir Rüstəmov ayılardı, kim bilir.

Onda bir Ağdamımızı geri almış olardıq, o biri Ağdamımızı da itirməzdik.

Allah birinci Ağdamımızı geri qaytarmağı bizə nəsib eləsin.

İndi tez-tez içimdən qışqıra-qışqıra “Ay Məzahir, hardasan?” deməyim gəlir...

# 8609 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #