Balaca qızı sevdi, bu məşhur nağılı yazdı

Balaca qızı sevdi, bu məşhur nağılı yazdı
29 avqust 2013
# 12:05

“Alisa Möcüzələr Diyarında” əsəri necə yarandı?

4 iyul 1862-ci ildə sonradan Luis Kerroll adı ilə məşhurlaşacaq gənc riyaziyyatçı Çarlz Dodqson dostları ilə birlikdə qayıq icarə edir və Oksforddan yola düşərək çay boyunca hərəkət edib yaxınlıqdakı Qodstou şəhərinə yollanırlar. Orada onlar sahilə çıxıb çay içəcəkdilər. Qrup Kerrollun özü, dostu Reverend Robinson Dakuort və Kerrollun yaxın dostu Harri Liddellin üç kiçik bacısından – Edit (8 yaşında), Alisa (10 yaşında) və Lorinadan (13 yaşında) ibarət idi.

Gənc xanımları əyləndirmək işi tapşırılan Dodqson özündən fantastik obrazlarla dolu və baş qəhrəmanının adı Alisa olan möcüzəvi bir dünya haqqında əhvalat uydurur. Bu hekayə Alisa Liddellin o qədər xoşuna gəlir ki, o, Dodqsondan həmin hekayəni onun üçün yazıya köçürməsini xahiş edir. Dodqson da onun xahişinə əməl edib danışdığı əhvalatın “Alisanın yerin altındakı macəraları” başlıqlı əlyazmasını ona göndərir.

Alisa Liddell, 7 yaşında, şəkil Çarlz Dodgson (Luis Kerroll) tərəfindən 1860-cı ildə çəkilmişdir.

Alisa Liddellin (sağ tərəfdə) bacıları ilə birlikdə şəkli təxminən 1859-cu ildə Luis Kerroll tərəfindən çəkilmişdir.

Tarixçi Martin Qardner 1960-cı ildə nəşr olunmuş və son dəfə 1999-cu ildə yenidən işlənərək çap olunmuş “Alisaya şərhlər” əsərində yazır:

Kerrollun həyatından balaca gözəl qızların (onların gözəl olduqları bizə gəlib çatmış fotoşəkillərindən məlumdur) uzun bir cərgəsi keçib getmişdir, lakin o qızlardan heç biri onun ilk məhəbbəti olan Alisa Liddellin yerini tuta bilməmişdir. “Səndən sonra, az qala, iyirmiyədək uşaq dostum olub, lakin onlar səndən çox fərqli idilər”. Bu sözləri Kerroll Alisa ərə getdikdən sonra ona yazmışdır.

Dilənçi qız geyimində olan Liddellin Luis Kerroll tərəfindən çəkilmiş şəkli (1858)

Əlyazma Dodqsonun kumiri olan Corc MakDonaldın əlinə keçdi, onunsa hekayənin keyfiyyətini yoxlamaq üçün əla test üsulu vardı: “O, əlyazmanı öz uşaqlarına oxudu və onlar bu hekayəni çox bəyəndilər. Bununla ürəklənən Dodqson əsəri nəşr üçün hazırlamağa başladı, əvvəlcə adını dəyişərək “Alisanın Möcüzələr Diyarında Macəraları” qoydu və bu gün çox məşhur olan Dəli Papaqçının çay dəsgahını, sonra da Çeşir pişiyi obrazını yaratdı, bunlardan əlavə, o, Alisa Liddellə göndərilmiş orijinal nüsxəni genişləndirərək əsərin həcmini iki dəfə artırdı”.

1865-ci ildə Con Tennil hekayəyə illüstrasiyalar çəkdi və əsərin ilk versiyası nəşr olundu. Qardner rəssamla yazıçının birgə işi haqqında belə bir məzəli əhvalat danışır. Tennilin illüstrasiyalarda çəkdiyi Alisa obrazı Alisa Liddellin təsviri deyildi, çünki əsl Alisanın qısa qara saçları və alnını örtən telləri vardı. Kerroll Tennilə başqa bir qızın – Meri Hilton Bedkokun fotoşəklini yollamışdı ki, rəssam model olaraq ondan istifadə etsin, lakin Tennilin bu fotoşəkildən istifadə edib-etməməsi hələ də mübahisə mövzusudur. Onun həmin şəkildən istifadə etməməsi fikri Kerrollun kitabı hər iki variantda nəşr olunduqdan sonra yazdığı məktubda təsdiqlənir:

“Cənab Tennil yeganə rəssamdır ki, əsərimə illüstrasiya çəkmiş və modeldən istifadə etməkdən qəti şəkildə imtina etmişdir, o, modeldən istifadənin mənim riyazi məsələni həll edərkən vurma cədvəlinə ehtiyac duymadığım qədər ona da gərəkli olmadığını elan etmişdi! Mən cəsarətlə deyə bilərəm ki, o səhv edirdi və məhz modelin olmaması ucbatından o, “Alisa”nı tamamilə qeyri-proporsional şəkildə – başını həddindən artıq böyük, ayaqlarını isə həddindən artıq kiçik təsvir etmişdi”.

İngiliscədən tərcümə: Svetlana Turan

# 3249 dəfə oxunub

Müəllifin son yazıları

# # #