İfrazat üçün çamadan

İfrazat üçün çamadan
24 avqust 2013
# 07:30

Kulis.Az Viktor Pelevinin “Frankfurter Allgemeine Zeitung” jurnalı üçün yazdığı “Dünyanın kodu” məqaləsini təqdim edir.

Oskar Uayld deyir ki, insanın yarısı onun hal-hazırda olduğundan, qalan yarısı isə vaxtilə olmaq istədiyindən ibarətdir. Əgər bu, doğrudan da, belədirsə, onda 60-70-ci illərin sovet uşaqlarının hamısı yarı-kosmonavt sayıla bilərdi. Mən bunu dəqiq bilirəm, çünki özüm də yeddi-səkkiz yaşımda həmin yarı-kosmonavtlardan biri idim. Qəribə olsa da, mən dərk edirdim ki, bu, böyüdükcə keçib gedəcək bir uşaq arzusudur. Amma buna baxmayaraq, öz-özümə deyirdim: “Bilirəm, hamı kosmonavt olmaq istəyir. Lakin mən hamı kimi deyiləm! Mən, həqiqətən də, kosmonavt olmaq istəyirəm! Əgər başqalarının bu həvəsi keçəcəksə, onlar özləri bilsin! Mənsə heç vaxt bu istəkdən əl çəkən deyiləm!”

Məncə, kosmosa uçmağı arzulayan yaşıdlarımın bir çoxu özünüdərkin bu dərinliklərinə dalırdılar. Bəziləri hətta andlarına sadiq qaldılar, bir neçə kosmonavtımız, həqiqətən də, vardı. Hər halda, həmin dövrdə hamımızın bir ayağı kosmosda idi. Kosmos hər yerdəydi. Məktəb dərsliklərində, evlərin divarlarında, Moskva metrolarındakı mozaik təsvirlərdə: şlem-akvariumun içindəki fındıqburun bir kosmonavt simvolik bir şey edirdi, ya Marsın torpağına balaca yaşıl bitki əkir, ya da sputniki ulduzlara tərəf uzadırdı. Hər yerdə, hər zaman olması onu hər şeyin daimi müşahidəçisinə, “üçüncü” tərəfə, lap iməclik zamanı çiynində şalban daşıyan Leninin təsviri kimi mütləq bir varlığa çevirmişdi. Böyüklər isə onu, görünür, öz qaçılmaz içki yoldaşı kimi görürdülər, ancaq içki şüşəsini almasa da, özü də çox içməyən bir içki yoldaşı kimi. Bəlkə də, “alkaşlar”ın şüşə öz ilk dairəsini dolaşmamış ənənəvi olaraq yerə atdığı o bir neçə damla araq məhz elə ona həsr olunur.

Beşmərtəbəli “xruşovka”ların pəncərələri altında sputniklərin modelləri vardı. Tarixləri gündəlik qoparılan təqvimlərdə bir kosmik gəmi digərini əvəz edirdi. Kosmik axın illüziyası sovet həyatına, belə demək mümkünsə, gələcəyə yol açır və yaşadığımız zibil dolu həyat qoxusunun burnumuza vurmasına imkan vermirdi. Ətrafımızdakı dünya insanların Günəş şəhəri tikilənədək yaşadıqları müvəqqəti çadır düşərgəsinə bənzəyirdi. Bu düşərgənin, az qala, əbədi olaraq mövcud olmasını isə biz kosmik illüziyalarımızın ən yüksək anlarında qətiyyən xatırlamırdıq: həmin vaxt televizordan Baykonurdan havaya qalxan raketləri göstərirdilər. Həmin vaxt evlərin damındakı kosmonavtlar dirilirdilər. Skafandrlı, kapüşonlu, ağızlarının dibindəki mikrofonlu kosmonavtlar Qazaxıstanın tünd göy rəngli səmasına istiqamət almış, hazır vəziyyətdə dayanmış ağ fallosa tərəf getməzdən əvvəl tamaşaçılara son kərə əl edirdilər.

Kosmonavt ekipirovkasının bir aksesuarı isə mənə xüsusilə sirli görünürdü. Onların əlində günəşdə öz polad və titan üzlükləri ilə parlayan kiçikölçülü çamadanları olurdu. Mənə çox maraqlı idi ki, görəsən, onların içindəki nədir? Bəlkə, ulduz xəritələri? Kodlar cədvəli? Gizli silah? Yoxsa fövqəladə hallar üçün nəzərdə tutulmuş oksigen ehtiyatı? Mən uzun müddət bu haqda böyüklərdən soruşmağa risk etmirdim, təcrübəm sübut etmişdi ki, onların verdiyi izahatdan sonra dünya daha maraqsız görünür. Amma, nəhayət ki, dözməyib bu sualı verdikdə aldığım cavab məni şoka saldı. “Çamadan?” – televizorun önündə oturanlardan biri təkrar etdi. “İfrazat üçündür də! Görürsənmi, skafandra şlanq vasitəsilə birləşib. Kosmonavtlar da adamdır axı”.

İfrazatın xaric olunması üçün belə bir sistemin mövcudluğunun vacibliyi danılmazdır. Lakin öz ifrazatını əlində gəzdirən kosmonavt düşüncəsi mənim üçün o qədər ağlasığmaz idi ki, mənim ulduzlu dünyam elə həmin andaca çat verdi. Həmin vaxtdan etibarən raketinə tərəf gedən bir kosmonavt gördükdə gözlərim ancaq o çamadanı izləyirdi. Yəqin, bu ona görə idi ki, həmin çamadandan təkcə kosmonavtlar deyil, elə bütün sovet adamları daşıyırdılar. (İnqilaba qədərki Rusiyada deyirdilər ki, hərə öz xaçını daşımalıdır, ola bilsin, həmin çamadan o metaforaya ateistik bir yanaşmaydı.)

Bundan əlavə, sovet kosmonavtikasının kökləri düz QULAQa gedib çıxırdı, orda isə çamadanı hər zaman yanında olan baş konstruktor Korolyov oturmuşdu. Sovet adamının kosmosa apardığı simvollar (sünbüllü gerblər, ulduzlar və s.) saxta idi, bu isə tamamilə doğru, bütün dəhşətli həqiqəti göstərən simvol idi: kosmik gəmiləri ilk yaratmış və onunla kosmosa uçmuş sovet adamı uzaq dünyalara çamadandan – tiraniya və səfalətdən xəbər verən ifrazatdan başqa bir şey təqdim edə bilmirdi. Mən dünyanı daha yaxşı tanıdıqca həmin çamadan böyüyürdü və kosmonavta onu daşımaq daha çətin başa gəlirdi.

Ona görə də sovet şattlı “Buran” səmaya qalxarkən onun içində insan olmamağı məni təəccübləndirmədi. Həmin vaxta çamadan elə ölçülərə gəlib çıxmışdı ki, şattlda insan üçün yer qalmamışdı. Çox sonralar, artıq Yeltsinin dövründə aydın oldu ki, bu universal simvol başqa bir formada, dərin freydsayağı inkarnasiya səviyyəsində, bank seyfindəki çamadan şəklində mövcuddur. Rusların bir qismi öz inkarnasiyasını İsveçrə banklarında saxlaya bilsinlər deyə, başqa bir inkarnasiyanı, deyək ki, soyuq Vladivostokda yerləşən evlərinin pillələri donmuş pilləkəni ilə üzüyuxarı sürükləyən başqa rusların mövcudluğu şərtdir, bütün bunlar sanki enerji qorunması qanununun varlığıdır. Çamadanın biri nə qədər böyük olsa, digərinə daha rahat girə bilir.

Nəhayət, mən anladım ki, televiziyanın bizi buna inandırmaq istəməsinə baxmayaraq, Rusiyada nə kommunist var, nə demokrat, nə milliyyətçi, nə liberal, nə sağçı, nə də solçu. Olan ancaq bu çamadandır – Rusiyada baş verən bütün dramların əsas və görünməz rekviziti. Bu, “Kursk”un məhv olmazdan öncə qarşılaşdığı sirli obyekt idi. Hal-hazırda o, “Mir” stansiyasını öz orbitindən atır. Kim bilir, bəlkə də, bu, prezidentlərdən bir-birinə miras olaraq keçən o çamadandır, generallar isə bizi onun içində nüvə silahının açarının yerləşdiyinə əmin etməyə davam edirlər.

Bir dəfə, mən də, çamadan da hələ balaca olanda, sovet uşaq ensiklopediyasında qəribə bir şəkil gördüm: qara fonda ağ rəngli əyri xətlər. Təsvirin altındakı yazıya görə, söhbət “SSRİ”, “Lenin” və “Mir” adlarının ossilloqrafik kodlaşmasından gedirdi. Biz, həmin dövrün gələcək kosmonavtları, çoxdan böyümüşük. SSRİ artıq illərdir ki, mövcud deyil. Leninin heykəlləri postamentlərdən yığışdırılıb və əridilib. “Mir” də öz orbitindən düşür, onunla birlikdə isə bizim doğulduğumuz dünya da. Və yalnız həmin o üç söz-siqnal hələ də kainata çoxdan sönmüş bir ulduzun şüalarıtək uçmağa davam edir, həmin ulduz isə daha mövcud olmamağına baxmayaraq, hələ də səmada görünür, lakin bu görüntü arxasında boşluq və xoşbəxt təsadüflərdən başqa heç bir şey yoxdur.

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

# # #