Bu romanın qəhrəmanı olsaydınız, nə edərdiniz? - Təbrizdən yazırlar...

Bu romanın qəhrəmanı olsaydınız, nə edərdiniz? - Təbrizdən yazırlar...
16 noyabr 2020
# 12:06

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli yazar Nadir Əzhərinin “"Su sərgisi" romanı: Çoxsaylı mənalar və oxucunun seçimi” yazısını təqdim edir.

Neçə roman oxumusunuz ki, mənasını hər oxucu öz rəyinə görə (az, ya çox) fərqli başa düşə bilər? Mütləq bir məna qazanmaq stereotipini qırmaq Sərdar Aminin “Su sərgisi” romanındakı diqqətəlayiq yaradıcılığıdır.

“Su sərgisi” romanı oxucuya qəhrəmanlar və hekayənin nəticəsi barədə müxtəlif mühakimələr yürüdə biləcəyi elementlər təqdim edir.

Romanlarının düşündüklərindən fərqli olaraq qəbul edildiyini görəndə əsəbi olan bir çox romançı var. Halbuki bu həmişə pis bir şey deyil. Əksər hallarda bu üstünlükdür; (Müəllifin hekayə izah etmə zəifliklərindən qaynaqlanmadığı təqdirdə.)

“Su sərgisi” romanının müəllifi romanında təqdim olunan mənaları oxucuların çoxsaylı şərhlərinə məruz qaldığından qorxmamaqla yanaşı, hekayə boyu təfsirlərin çoxluğunu gücləndirir. Sonda romandakı əsas konsepsiyalardan hansının doğru və ya səhv olduğunu seçmək oxucunun ixtiyarındadır.

Bu romanı bitirdikdə bir saat ərzində hadisələri haqqında düşünürdüm.

Qarışıq deyildim, amma romanın nəticəsini özüm üçün bir neçə cəhətdən müəyyənləşdirə biləcəyimi gördüm.

Kimin hansı vəzifədə olacağını müəyyənləşdirmək istədim. Bu romanda bəhs olunan bəzi anlayışları rədd etmək və ya qəbul etmək üçün hər tərəfdən bir səbəb tapa bildiyimi gördüm və bu çox maraqlıdır.

Gəlin daha yaxından baxaq. Mən bu yazıda daha çox bu romanın əsas motivlərinə diqqət yetirəcəyəm.

Romanın başlanğıcından Sərdar Aminin film və obrazlarla maraqlanan bir düşüncə tərzi olduğunu anladım. Hekayə, romanın əsas personajının kabuslarından biri ilə başlayır. (Romandakı yuxu və kabusları yerində ayrıca araşdıracağam.)

Kitabın əvvəlində baş qəhrəmanın beyin xərçənginə tutulduğunu öyrənirik.

Bacısı, valideynləri xərçəngini ondan gizlədiblər, amma özü öyrənir. Bu zaman “Facebook”da tanımadığı bir qızın intihar mesajını oxuyur və onu tapıb xilas etməyə çalışır...

Burada dayanmalı və qeyd etməliyik:

(Motiv A - ölüm)

Su sərgisinin ilk motivi "Ölüm"dür. Çağdaş insanın özünün və başqalarının ölümünün öhdəsindən necə gəldiyini izah edir.

Bu motiv hekayənin sonuna qədər oxucunu müşayiət edir.

İndiki tənqidin əvəzinə “Su sərgisi” romanı üçün morfoloji bir tənqid yazsaydım, şübhəsiz ki, “təməl gərəktirən” “Ölüm” mövzusu olardı.

Ölüm motivi bütün romanı üç istiqamətdə doldurur:

1. Müəyyən ölümlə qarşılaşdıqda insan reaksiyası. (Hekayənin qəhrəmanı və onun beyin xərçəngi)

2. Başqa bir insan ölümünə insan reaksiyası (Sona adlı bir qızın intihar ehtimalı)

3. Başqasının ölümünə səbəb olduğunu hiss etdikdə insanın vicdanı ilə qarşıdurması. (Baş qəhrəmanın istəmədən etdiyi laqeydlik üzündən Suriyaya gedərkən onunla birlikdə səyahət edən direktor avtomobil qəzasında həlak olur və qəhrəman uzun müddət vicdan əzabı çəkir, çünki heç kim həqiqəti bilmir.)

Romandakı ölüm motivi fəlsəfi bir ölçü alır və çağdaş insanın ölüm və həyat mövzusu ilə qarşıdurmasına çatır.

Bir oxucu olaraq özünüzü bir neçə yerdə kitabın qəhrəmanı yerinə qoyursunuz və özünüzə sual verəcəksiniz ki, bu romanın qəhrəmanı olsaydım, belə vəziyyətdə nə edərdim?

Hər bir oxucunun bu suala cavabı fərqli ola bilər. Ona görə deyirəm ki, “Su sərgisi” oxucularına üstün məna seçmək hüququ verir və heç olmasa əsas kontekstində oxucuya məhdud bir məna qoymur.

Əlbətdə ki, romanın qəhrəmanı öz seçimlərini edir, lakin müəllifin ziddiyyətli vəziyyətlər yaratma qüvvəsi bizi daim qəhrəmandan əvvəl digər variantları düşünməyə və əsərlərini düşüncə tərzimizə görə yaxşı və ya pis hesab etməyə vadar edir.

Hekayə izah etmə texnikası baxımından, bu romanın ən güclü tərəfi romanın sürətidir. Roman çoxlu həyəcanı səhnələrə malikdir və bununla hekayə xətti irəliləyir.

Sərdar Amin bunun üçün bu yazı texnikasından istifadə edir: Sinematik obrazlara meyl göstərən illüstrasiya. (bacarıqlarından biri romanın sinematik səhnələrində süni olmamaq üçün, məsələn, birinin bir filmin qəhrəmanları kimi bir iş gördüyünə işarə etməsidir.)

Bu roman müəllifinin ən sevdiyi sinematik texnikalardan biri də montajdır (Montage).

Sərdar Amin bəzən adi, bəzən də çox maraqlı təzadlara əsaslanan konseptual illüstrasiyalar yerləşdirərək romanı sürətləndirir. Eyni zamanda əsas sözlərini bu istiqamətdə ifadə edir.

Yazar neçə iki qarşıdurmanı (İkili kontrastı - ikili seçimləri) bir araya gətirir. Bilirik ki, insan zehni ətrafı ikili qarşılıqlı təsir yolu ilə tanıyır. Ağ, qara kimi şeylər. Yaxşı və pis, çirkin və gözəl. Sərdar Amin ağılın bu təbii funksiyasını çağdaş insan anlayışlarına daxil edir.

“Su sərgisi” romanının əsas və ya maraqlı təzadlarından bəziləri:

a) Beyin xərçənginə düçar olduğunu və öləcəyini yeni bilən bir gənc, bu gerçəyi təzə anladıqda, qəfildən və eyni zamanda tanımadığı bir qızın həyatını xilas etməyə çalışır.

b) Anası fahişə olan gözəl bir qızın qəribə zehni kompleksləri:

“…amma mən oğlanların heç biriylə o məqsədlə yatmadım.

– Hansı məqsədlə?

– Mən nə şəhvət duyduğum, nə də yaraşıqlı saydığım oğlanlarla yatdım. Sonralar o da oldu, amma ilk vaxtlar heç kəsin yaxın buraxmadığı yazıq oğlanlarla yatırdım. İlk yatdığım oğlan bilirsən kim idi? İnanmazsan. Rəfiqəmin lağ etdiyi rayon uşağı...”

c) Romanın qəhrəmanı özü ilə qarşılaşır. İstəmədən direktorunun ölümünə bais olduğunu hamıdan gizlənir və buna görə uzun müddət vicdan əzabı çəkir.

İndi başqa bir məsələyə etiraz etmək istəyirəm.

1- Kitabda deyilən bəzi xəyallar (röyalar - kabuslar) yaxşi ifadə olunsa da, ümumiyyətlə, bir oxucu kimi düşüncəmdə quruluşlu bir görüntü yaratmadı. Diqqət yetirin, hər birinin deyil, bütün kabusların perspektivindən bəhs edirəm. (Kabusların hər biri hekayə mətnində yozula bilər).

Ziqmund Freydin insan yuxularının mexanizmini izah edənlərdən biri olduğunu bilirik. Müəllif xəyalları (yuxuları - kabusları) təsvir edərkən qəsdən və ya istəmədən bu Freyd izahatlarından birini istifadə edir və bu, “Su sərgisi”ndə ifadə olunan kabuslar və xəyallarla əlaqəli güclü məqamlardan biridir.

Freydin yuxu nəzəriyyələrində "yerdəyişmə" adlı bir mövzuya rast gəlirik. Məsələn, bir röyada paltarımızı başqa bir bədəndə görürük. Eyni Freyd yuxu mexanizmi bu kitabdakı röyalardan heç olmasa birində istifadə olunur. Bir qadının Suriya müharibələrindən bəhs etdiyi bir səhnədə, buna diqqət yetirin:

“Oğlumun 8 yaşı var. Doğulandan bığı görünürdü, son vaxtlar tükləri bir az da qaralmışdı. Bu çox gözəl hissdir. Mənim doğduğum uşaq kişiləşirdi. Oğlumu bığlı kişi kimi düşünəndə ürəyim elə döyünürdü ki… Bilirsiz, sonra nə oldu?

Küçəmizə düşən bomba qəlpələndi, evimiz dağıldı. Oğlumun üst dodağı yarıldı…”

Kitabda bəhs edilən başqa bir kabus ola biləcək bir səhnədə eyni yara başqasının bədənində yenidən görülür:

“Oğlan çaşqın-çaşqın üzümə baxdı:

– nə Suriya, nə ərəb? Qubadasan! Quba tatlarındanam, ərəb nə gəzir burda? Deyəsən, gün dəyib sənə... Əlimdə bircə sübut qalmışdı, o da oğlanın yenicə tərləyən bığ yerindəki dərin çapıq. Diqqətlə çapığa baxdım. Qanı qurumayıb, təzə çapıqdı.

Özümü ələ aldım:

– Dodağına nə olub?

– Vurdular.

– Kim?”

Mən həmişə ədəbi tənqidi elə yazmağı xoşlamışam ki, yazıçı və ya şair məndən yox, özündən öyrənsin.

Burada da Sərdar Aminə deyirəm, romanda olan bütün kabuslar və xəyallar birbilə zərif bir əlaqə qurması üçün bu üsula bənzər bir şey (və mütləq eyni deyil) yerinə yetirməyiniz nə yaxşı olardı!

2- Digər etirazım beyin xərçənginin yan təsirlərinin daha az ifadə edilməsidir. Müəllif bu xəstəliyin təsirlərini qəhrəmanda üç dəfəyə qədər göstərir və düşünürəm ki, bu kifayət deyil.

Bu xəstəliyin fəsadlarını internetdə axtardım və düşünürəm ki, Sərdar Amin romanda bu ağırlaşmaları daha çox göstərməli idi.

Simvollara yetişdik.

Burada müəllifin bu kitabda istifadə etdiyi simvollardan və təsvir etdiyi yuxu və röyalardan bəhs etmək daha yaxşıdır.

Bu simvollardan bəziləri romanın atmosferinin dərinləşməsinə və ağırlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

Sonanı və özünü istiləşdirmək üçün şəxsiyyət vəsiqəsini və əlində olan Tolstoyun “Sergi ata” kitabını yandırmaq kimi.

Başqa bir simvol, qocaya gedən yolda çaydan 7 dəfə keçməkdir.

Heç olmasa yeddi rəqəmin fərqli mədəniyyətlərdə şərhi olan bir rəqəm olduğunu bilirik.

Yeddi rəqəminin saylar arasında xüsusi bir üstünlüyü var və dünyanın müxtəlif tayfaları, xüsusən də şərq tayfaları tərəfindən nəzərə alınıb və mükəmməl bir nizamın və mükəmməl bir dövrün simvoludur və hətta bu sayının ruh və maddənin mükəmməlliyinə işarə etdiyi deyilir. Qəhrəmanının xəyallar və kabuslarında, hekayəni gücləndirən fərqli simvollara da baxmaq olar.

(Motiv B - Təbiət)

Roman qəhrəmanın gördüyü kabusla başlayır.

Romanın qəhrəmanı tərəfindən tutulan muzdlu etiraf edir:

“Vallah, bildiyim budur ki, o qidalar təkcə sizin kimi iki-üç nəfərə tərs təsir edəcəkdi. Özü də ikiqat bəsləyəcəkdi sizi. Buralarda yaşayanların hər şeyini götür-qoy eləyiblər; orqanizmlərindən tutmuş, genlərinə, mənəviyyatlarına qədər. Bəlkə də cəfəng söhbətlərdi, ancaq mən bildiyimi danışdım sənə. Burax məni, qurban olum, burax. Burada yaşayanların hamısına həmin qidalar eyni cür təsir edir, onların istədikləri kimi. Onlar düşündü ki, buralara xas olmayan sizin kimi bir-iki nəfər gedişata təsir eləyə bilməz, 20-30 ilə onsuz da ölüb itəcəksiz, ona görə işlərini bitmiş sayıb getdilər. Sən də eləmədin tənbəllik, gəlib oldun belə bir adam. Susmursan. Həmin adamların xidmətiylə hər gün ikiqat güclənib onların əleyhinə çıxırsan. Barı yemə onları, get təbii şeylər ye də. Sən düşmənlərinin südüylə bəslənirsən, zəhər verirlər, sənə çatanda bala dönür. Ona görə, nə qədər ki, gec deyil aradan götürmək istəyirdilər səni”.

Bu roman digər məsələlərin ətrafında, təbiət və sudan və xüsusən də yediyimiz qidalardan bəhs edir. Ətraf mühitin çirklənməsi bu romandakı vacib məsələlərdən biridir.

Romanın başqa bir səhnəsində turistləri cəlb etmək üçün otlaqların məhv olması ilə qarşılaşırıq.

Baş qəhrəmanın bacısı ondan xəstəlikləri müalicə edə biləcəyi iddia edilən yaşlı bir adamı görmək üçün ucqar bir yerə getməsini xahiş edir.

Romanın davamında və roman qəhrəmanının şəfalı qoca ilə söhbətləri zamanı insanın düzgün bir qidalanmağa qayıtması və təbiətlə düzgün davranması zərurəti haqqında maraqlı şeylər söylənilir.

Qəhrəmanın bir çox xəyalları və kabusları bu səyahət zamanı baş verir - yaşlı adamla birlikdə olduğu müddətdə.

Həyat və ölüm anlayışı və çağdaş insanın təbiətdən uzaqlığı ilə bağlı bir çox söhbət bu günlərdə baş verir.

Bu söhbətlərdə ayrıca bəzi fərqli mistik və fəlsəfi baxışların izlərini görmək olar.

Şəfa verən qocanın təklif etdiyi yollar (təbiətlə düzgün davranmaq), çağımızın əksər insanları tərəfindən qəbul olunmasa da, ən azı bir çox çirkləndiricinin qulaqlarına həyəcan təbili çalar.

(Motiv C - Çağdaş dünyanın bəzi problemləri)

Müəllif bu romanda müasir insanların üç əsas probleminə də toxunur (ətraf mühitin çirklənməsi məsələsi istisna olmaqla)

1- Modernitənin bütün üstünlükləri ilə yanaşı yan təsirləri.

2- Hər şeyin ən yaxşısına və ən yaxşısına çatmaq üçün insanların tutulduğu xəsislik və doymamazlıq.

3- Orta Şərq problemlərinin bir hissəsi

Hər hansı bir oxucu modernitə təsirlərinin pislənməsi ilə razılaşa bilər və ya əksinə. Əlbətdə ki, Sərdar Amin heç bir halda anti-modernist deyil. Bundan əlavə, romanın sonunda romanda oxuduqlarınızın müəllifin şəxsi fikri olub olmadığını deyə bilməyəcəyiniz bir vəziyyətlə qarşılaşırsınız!

Şəxsi fikrim budur ki, modernizmi bütünündə yaxşı və ya pis bilmək səhvdir. Modernizm, xüsusilə Orta Şərqdə bölmələr şəklində qiymətləndirilməlidir. Sosial və şəxsi həyatımızda hər şeyin ən kiçik faydalarını və zərərlərini dərk etmək vacibdir.

Romanın sonu

Ölüm motivi romanın sonunda tamamilə fəlsəfi bir məna kəsb edir və qoca şəfaçı bu barədə deyir:

“… ancaq çıxış yoluna oxşayan bir işıq var, hansı ki, o işıq hər insanın içində eyni parıltıda deyil, kimlərinsə qəlbində çoxdan tozuna bələnib, qaranlığa qovuşub, kimlərdəsə, öləziyib. O közü işıqlı saxlamaq üçün daim üfürmək lazımdır, üfürməsən öz külünə bələnib öləziyəcək, sönəcək. Bu işıq iddialarımızın, nəfsimizin səbəbini bizə anladır. Bizi bir ömür yaşamağa sövq edən, sonda heçnə yaşamamış kimi hiss etdirən həmin iddialar... Ömrü arzulamaqla, gələcəyimizi düşünməklə keçiririk. Can atdığımız “daha yaxşı”nın əslində daha yaxşı olmadığını görəndə və daha yaxşının hələ irəlidə olduğunu düşünəndə, onu qovmağa başlayırıq. “Daha yaxşı”nın üfüqləri bilinməsə də, insanın məşhur finişi - Ölümü burnunun dibindədir”. Biz hara qaçırıq?...”

Romanın sonunda qəhrəman qoca şəfaverici tərəfindən sağaldıldığını düşünür və Sonaya qayıtmaq niyyətindədir.

Qoca şəfaverici ona xüsusi bir şəkildə çaya atmaq üçün bir məktub verir.

Baş qəhrəman həmin məktubu oxumamalıdır…

Hekayə haqqında hər şeyi başa düşdüyünüzü düşündüyünüz zaman, qəfildən hekayənin sonunda yazıçı yazma perspektivini dəyişdirir.

Üçüncü şəxs nöqteyi-nəzərindən müəllif məhdud hər şeyi bilənin nöqteyi-nəzərinə keçir.

Müəllifin bu qəfil hərəkəti əvvəlki bütün fərziyyələrimizi şübhə altına alır və buna görə də hər hansı bir oxucu bu romanı öz fikrinə görə şərh edə bilər.

Bu roman postmodernistdir, yoxsa modernist?

Fikrimcə, su sərgisi fəsillərə-hissə modernist bir romandır, lakin roman olaraq postmodernizmə böyük meyl göstərir. Müəllifin yazı tipi və ifaçılıq növü, xüsusən romanın sonunda bunu sübut edir.

# 6851 dəfə oxunub

Müəllifin son yazıları

# # #