Bir yanım Zəncan, bir yanım Dərbənd – Güneydən şeirlər

Bir yanım Zəncan, bir yanım Dərbənd – Güneydən şeirlər
16 dekabr 2021
# 17:15

Kulis.az “Sözün güneyi” layihəsindən Cənubi Azərbaycanlı şair Səttar Gülməhəmmədinin şeirlərini təqdim edir.

Mələk kimi

Nə döyürsən pəncərəmi?
Vaxtsız əsən külək kimi!
Başım üstdən dərdi, qəmi
Ələyirsən ələk kimi.

Adın qızıl, özün missən,
Qaradaban, üzü pissən,
Aldadıcı bir İblissən,
Görünsən də mələk kimi.

Həqiqətə inanmazsan,
Əyri yoldan usanmazsan,
Nə qandırıb, nə qanmazsan,
Daş bağırlı ürək kimi.

Şərdir arzu-əməllərin,
Gündə eylər qan əllərin,
Xeyir verməz əməllərin,
Şirəsi yox pətək kimi.

Ömrün-günün ötsə də yaz,
Dünya mənə, deyirsən, az.
Qarnın acdır, gözün doymaz,
Bərəkətsiz ətək kimi.

Vüsal yolun bağlayan çən
Qaçar bir gün, gələr gedən.
Dönər sənin də dönərgən,
Çarxı dönmüş fələk kimi.

Səttaram, andığım günlər,
Oduna yandığım günlər,
Sənə inandığım günlər,
Dağıldı bir kələk kimi.


Azərbaycandır adım

Eşit məni ürəkdən, dinlə məni dərindən
Kimliyimə göz yumub ey qabağımdan ötən
Qismət deyə bağrımı hər səhər-axşam didən
Dağılmazdı bünövrəm, sökülməzdi bünyadım
Azərbaycandır adım


Neçə min il olar ki yummamışam göz bir an
Yol gəlirəm oğrular, əsirlər arxasından
Həyat eşqi daşıyıb damarımda qızıl qan
Yer titrədib hiddətim, od püskürüb fəryadım
Azərbaycandır adım


Zülmətdən boylanmışam Günəş kimi hər yana
Dərd əlindən qaçanlar gəlib mənə dərmana
İnsanlığın yolunda qıymamışam bir cana
Hər zadım olub adım, adım olub hər zadım
Azərbaycandır adım


Bir yanım Zəncan deyə, bir yanım Dərbənd olub
Qoynum cənnətə bənzər, dilim şəkər qənd olub
Hikmət olub hər sözüm, hər söhbətim pənd olub
Sevinc yayıb dünyaya hər arzum, hər muradım
Azərbaycandır adım

Çox görmüşəm dünyanın mələyində, divində
Dəyməmişəm xətrinə heç bir kəsin evində
Keçmişimi ara-tap, zamanlar arxivində
Tarixdir mənim sinəm, tarixdir mənim yadım
Azərbaycandır adım


Keçmişim sıralanır yaddaşımda, yadımda
Yenilməz bir qüvvə var hikmət dolu adımda
Məni yaxşı tanıyır düşmənimdə yadımda
Tufanlar qabağında əyilmədim, sınmadım
Azərbaycandır adım


Vaxt olub sinələrdə aslan kimi qızmışam
Acgöz hökmdarlara, ölüm hökmün qazmışam
Vaxt olub öz əlimlə öz rişəmi qazmışam
Eşqimə qurban gedib çox oğlum, çox övladım
Azərbaycandır adım


Həyat daim dəyişir, bunu bilir bilənlər
Gör özü nə gündədir mənə baxıb gülənlər
Ey məni qarış-qarış, tikə-tikə bölənlər
Gün gələcək eşqimə çatacaqdır imdadım
Azərbaycandır adım


Kor olum deyə mənim gözümü oyasan da
Nəsimi tək canımı baş-ayaq soyasan da
Tapdalanmış üzümü hər rəngə boyasan da
Eşqində dəyişilməz Şirinimə Fərhadım
Azərbaycandır adım

Mən alınmaz bir qala, mən yenilməz bir dağam
Böyük Babəklərimlə tarixdə üzü ağam
Oğlum Səttar demişkən, daim xəzansız bağam
Söhbətim haqq, sözüm haqq, ağzımda haqdır dadım
Azərbaycandır adım


Ürəyəm mən

Kimliyimi soruşursan,
Suya həsrət özəyəm mən.
Dərd əlindən qəm dağında
Xəzan vurmuş çiçəyəm mən.

Hər sinəyə dağılmışam,
Sanki şirin nağılmışam,
Bir vaxt igid oğulmuşam,
İndi quru bəzəyəm mən.

İntizarın düzlərində,
Yandım hicran sözlərində,
Həsrət eşqin gözlərində,
Qalan arzu, diləyəm mən.

Öz gülümü dərə-dərə,
Günahsız düşmüşəm şərə,
Zülm əlilə iki yerə,
Bölünmüş bir ürəyəm mən.

Səttaram, könlümün teli
Hər zaman oxşayıb eli.
Dosta əsən səhər yeli,
Yada çovğun küləyəm mən.

# 4926 dəfə oxunub

Müəllifin son yazıları

# # #