Seymur Baycan: Ayrılıq rahatlıq gətirir

Seymur Baycan: Ayrılıq rahatlıq gətirir
12 may 2014
# 16:46

Kulis.Az Seymur Baycanın "Ayrılıq rahatlıq gətirir" yazısını təqdim edir.

Mən qəlbimdə sənin üçün bəslədiyim ən qiymətli sözü söyləmək həsrətiylə yanıram, amma eləmirəm, qorxuram ki, gülərsən.

Mən qəlbimdə sənin üçün bəslədiyim ən qiymətli sözü söyləmək həsrətiylə yanıram, amma eləmirəm, qorxuram ki, inanmazsan.

R. Taqor

Vurulmaqla, kimisə bəyənməklə, kimdənsə xoşu gəlməklə sevmək arasında çox böyük məsafə var. Bizim həyat tərzimiz, adət-ənənələrimiz, mentalitetimiz hisslərimizi dəqiq müəyyən etməyə maneçilik törədir. Biz öz hisslərimizi dəqiq müəyyən edə bilmirik. Aldanırıq. Nəticədə az müddətdən sonra yanıldığımızı, bədbəxt olduğumuzu başa düşürük. Geriyə isə artıq yol yoxdur. Sən artıq bu həyatı yaşamağa məcbursan.

Boşanmaq? Boşanmaq üçün toya çağırdığın beş yüz adamın hamısına, qonşulara, iş yoldaşlarına, bütöv bir tayfaya niyə boşanmağın haqqında hesabat verməlisən. Sən bir adamla ailə qurmursan, bütöv bir tayfanın xoşuna gəlməlisən. Boşananda da bütöv bir tayfadan boşanmalısan.

Yaxşı qrup yoldaşı, yaxşı dost, yaxşı qonşu o demək deyil ki, mütləq yaxşı ər, yaxşı arvad olacaq. Bizim ölkədə adamlar bir-birlərini tanımadan ailə qururlar. Daha doğrusu, onlar çox vaxt ailə qurmurlar, şüursuz canlılar kimi cütləşirlər.

Bizim dırnaqarası sevgililəri müxtəlif məkanlarda çox müşahidə etmişəm. Onlar rahat deyillər. Çox gərgin olurlar. Restoranda hesab çox gələ bilər. Kimsə söyüş söyər. Dava düşər. Oğlan özünü olduğundan imkanlı, qız özünü olduğundan mərifətli göstərir. Yolu avtobusla getməlidirlər, amma taksidə gedirlər. Üstəlik onların mənsub olduqları ailələr də böyük artistlik nümayiş etdirirlər. Toydan az sonra isə əsl real vəziyyət ortaya çıxır. Bir neçə dəfə səfərə çıxmayan cütlüklər necə bir-birini tanıya bilər? Çətindi.

Ümumiyyətlə imkan düşmüşkən bir müşahidəmi bölüşmək istəyirəm. Piyada yeriməkdən xoşu gəlməyən, “bu kafedə oturmayaq, başqa yerdə oturaq” deyən, hər şeyə bir qulp qoymağı həyat fəlsəfəsinə çevirmiş, parıltıya, təmtərağa həris, dada yox, restoranın adına üstünlük verən, təbiəti sevməyən, təbiəti duymayan, təbiətdən həzz almayan adamlardan uzaq olmaq lazımdı.

İnsan hər şeydən əvvəl sadə olmalıdı. Çünki heç kim həyatın sərt dönüşlərindən sığortalanmayıb. Bu gün imkan var, sabah olmaya bilər və təmtərağa, parıltıya üstünlük verən adamın həyatın sərt dönüşlərindən sonra sənə qarşı münasibətinin dəyişəcəyi şəksizdir. İstərdim ki, gənc dostlarım bu söhbəti yaxşı yadda saxlasınlar. Nə qədər banal səslənsə də bilməliyik, insanın xarici görünüşünə yox, daxili dünyasına üstünlük vermək gərəkdir.

Çox vaxt təəssüflər olsun ki, biz kişilər özümüzə həyat yoldaşı yox, kəniz axtarırıq. Qadın var baxırsan ki, elə bil ay parçasıdı, amma ağzın açıb danışanda adam həyata, bəşəriyyətə nifrət edir. Xarici gözəllikdən çox qısa müddətdən sonra bezmək, hətta iyrənmək olar, daxili gözəllikdən isə doymaq mümkün deyil. Yəqin ki, bir çoxları bu cümlələri oxuyanda düşünəcəklər, müəllif özü subaydı, amma camaata məsləhət verir. Özünə umac ova bilmir, başqasına əriştə kəsir. Olsun. Yumurtanın dadına münasibət bildirmək üçün bəyəm mən mütləq toyuq olub yumurtalamalıyam? Məşhur bir təmsildə deyildiyi kimi: gözü çıxan qardaşlarımdan öyrəndim.

Gördüklərim bəsimdi...

Bəlkə də vurulub sevdiyini, sevildiyini zənn edən adamlar xoşbəxt yaşaya bilərlər. Lakin kənar müdaxilələr, xüsusən böyüklərin, valideynlərin mənfi təsiri onların xoşbəxt yaşamasına, bir-birlərini tanımasına, bir-birlərini başa düşməsinə mane olur. Bizim valideynlərimiz, bizim ağsaqqallar və ağbirçəklərimiz sözün həqiqi mənasında bizim düşmənlərimizdi. Hamısı bekarçılıqdandı. Bekarçılıq onları başqalarının həyatına burun soxmağa məcbur edir.

Baxırsan ki, qoca arvaddır, bir ayağı o dünyadadı, xalq dilində desəm qulağının dibindən torpaq iyi gəlir. Axirət dünyasını düşünüb yaxşılıq etmək, yaddaşlarda yaxşı insan kimi qalmaq əvəzinə yalnız pislik etməklə, düşmənçilik, konflikt toxumları səpməklə məşğul olur. Hər işə qarışır. Gedib başın soxur ki, görüm qız nə cehiz gətirib, nə gətirməyib. Əşi, sənin nə borcuna, nə gətirib, nə gətirməyib. Bu gün, sabah öləcəksən, niyə gedib bir yaxşı işin qulpundan yapışmırsan? Niyə fikirləşmirsən ki, o dünyada inkir-minkirə nə cavab verəcəksən.

Adam yaşlandıqca müdrikləşməlidi. O dünyanı fikirləşərək əməllərini saf-çürük etməlidi. Əslində belə olmalıdı. Bizimkilər yaşlandıqca ağıllarını itirirlər. Adamları mehriban olmağa bir-birinə dayaq olmağa səsləmək əvəzinə söz aparıb, söz gətirilər. Adamları bir-birinə düşmən edirlər və buna nail olduqda canları dincəlir. Sanki böyük bir iş görüblər.

Ona görə ki, məşğuliyyətləri yoxdur. Bekarçılıqdan darıxırlar. İstəyirlər ki, hamı onlardan qorxsun. Hamı onlardan çəkinsin. Hamı onlarla hesablaşsın. Hətta uşaq doğanda da uşağın nə cinsdə olacağını onlar müəyyən etsinlər. Nəvələrini şahmata, rəsm dərnəyinə aparmaq, onlara kitab oxumaq əvəzinə uşağı öz atalarının, öz analarının düşməninə çevirirlər. Savadsızdırlar, müdrik deyillər, həyatdan xəbərsizdirlər. Tərəkəmə, qoyun-quzu, göysatan, gülsatan təfəkkürü onları ağsaqqal və ağbirçək statusundan bərk yapışmağa vadar edir. Alternativləri yoxdu.

Əsgərlikdə olanlar yaxşı bilirlər. Əvvəldə əziyyət çəkmiş adamlar sonradan qəddar adama çevrilirlər. Başlayırlar özündən sonra gələnlərə əziyyət verməyə. Bizim ağbirçəklər düşünürlər ki, mən bu zülmü çəkmişəmsə gəlinim də çəkməlidi. Halbuki, həyatda zülm görmüş adam çalışmalıdı ki, başqaları bu zülmü çəkməsin. Əsl müdriklik, əsl böyüklük budu.

Bizim gənc ailələrin yaxşı yaşamasına mane olan ən böyük problemlərdən biri birgəyaşayışdı. Nə qədər səliqəli, nə qədər mərifətli ailə olsa da adamlar bir yerdə yaşayanda mütləq problemlər ortaya çıxır. Havayı deyil, biz bir ölkədən başqa ölkəyə gedəndə (əlbəttə turist kimi yox) qarşımıza nə qədər problem çıxırsa bir adam da öz ailəsini tərk edib başqa ailəyə gedəndə hədsiz dərəcədə problemlərlə qarşılaşır. Anlayış yox, rəhm yox, səmimiyyət yox...

Bəs nə etməli? Heç nə, dözməli. Reallıqla barışmalı. Axı, gənc ailə yaşlıların arasında necə rahatlıq tapsın? Bəlkə biri seks zamanı qışqırmaq istəyir? Bəlkə hamamdan çıxıb gecə paltarında zadda gəzmək istəyir? Nə bilim, bəlkə fantaziyalarını işə salıb həyatlarına rəng qatmaq istəyir?

Ananın öz oğlunu halal arvadına qısqandığı ölkədə gənc ər-arvad siçan kimi civildəşərək, səslərin udaraq sevişməyə məhkumdurlar. Hələ bir-birlərindən bezmədikləri zamanda adamlar sevişərkən səslərini udmaq məcburiyyətindəykən axı necə xoşbəxt ola bilərlər? Bu ki, xalis bədbəxtlikdi.

Əvvəllər lap biabırçılıq olub. Evin ortasından pərdə çəkirmişlər. Ata pərdənin bir tərəfində, oğul da pərdənin o biri tərəfində arvadını qucaqlayırmış. “Aramızda pərdə var” sözü bu proses nəticəsində yaranıb. Bir sözlə, külfətin içində əməlli-başlı orgiya gedirmiş.

Qayıdaq yazının əvvəlindəki söhbətə. Vurulmaq və sevmək arasındakı məsafəyə. Sevmək və sevilmək çox az adama, yüz mindən beş yüzmindən bir adama nəsib olan bir lütfdür. Adamlara elə gəlir ki, onları sevirlər. Əslində onlar sevmirlər. Vurulurlar, bəyənirlər, xoşları gəlir. Yüz minlərlə, milyonlarla insan sevmədən və sevilmədən bu dünyadan köçüb gedir.

Ümumiyyətlə azad seks olmayan ölkədə qadın-kişi dostluğundan, sevgidən zaddan danışmaq bir az gülməli söhbətdir. Bunu gərək birbaşa yazının əvvəlində yazaydım.

# 11221 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #