Zamin Hacıdan, Şərif Ağayardan Elxan Elatlıya qədər - Düşüklüyün, səviyyəsizliyin bariz təzahürü

Zamin Hacıdan, Şərif Ağayardan Elxan Elatlıya qədər - Düşüklüyün, səviyyəsizliyin bariz təzahürü
3 mart 2024
# 15:00

Kulis.az Seymur Baycanın "Ölüvay gənclik haqqında" adlı yeni yazısını təqdim edir.

Hörmətli Mirmehdi Ağaoğlunun yazısını oxudum. Yazıda Akop Martayan türkcəsinin açıq-aşkar, kəskin təsirlərin hiss etdim. Müəllifə sərt iradlarımı bildirdim. Mirmehdi bəy bəzi iradlarımı qəbul etdi, bəzilərin qəbul etmədi. Aramızda balaca bir müzakirə oldu. Mirmehdi bəy “türkcə”nin təsirlərini nəzərdə tutaraq bildirdi ki, bu qarşısıalınmaz bir prosesdir. Əlbəttə, mən bu fikirlə qətiyyən razılaşmadım…

Bir yazıçının, qələm adamının “türkcə”nin təsirlərini nəzərdə tutaraq “bu qarşısıalınmaz prosesdir” deməyi təslimçilik, tənbəllik, məsuliyyətsizlik, axınla üzməkdir. Yazıçı dili qorumalıdır, dilin keşiyində dayanmalıdır. “Bu qarşısıalınmaz prosesdir” deyib yaxasını kənara çəkməməlidir, məsuliyyətdən qaçmamalıdır.

İndi maraqlı bir sual yaranır, yaxşı, bəs mənim dilim niyə aşınmaya məruz qalmayıb? Niyə mən azərbaycan dilində yaza bilirəm, amma hörmətli Mirmehdi bəyin dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilib? Niyə mənim dilim Akop Martayan türkcəsinin təsirinə məruz qalmır, amma Mirmehdi bəyin dili Akop Martayan türkcəsinin təsirinə məruz qalır? Məncə, Zamin Hacıdan, Şərif Ağayardan tutmuş ta Elxan Elatlıya qədər dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilmiş hər bir qələm adamı bu sualı özünə verməlidir.

Ədalət naminə onu qeyd edək ki, Mirmehdi bəy “bu qarşısıalınmaz prosesdir” hökmü verməkdə az da olsa, müəyyən qədər haqlıdır. Başa düşürəm, türk seriallarının, türk mediasının qabağında dayanmaq asan deyil. Amma bir qələm adamı, bir yazıçı dilinə belə söz gətirməməlidir. Qarşısıalınmaz proses öz yerində, gəlin razılaşaq ki, səviyyəsizlik, düşüklük də tüğyan etməkdədir. Akop Martayan türkcəsinin Azərbaycan dilini bu qədər əzməsi kiçik qardaş xəstəliyinin, özünə hörmət etməməyin, düşüklüyün, səviyyəsizliyin bariz təzahürüdür.

Məsələn, ağsaqqal bir kişi nəvəsi yaşda bir türkü görən kimi quyruğunu bulaya-bulaya “abi, geliyorum, abi gidiyorum” deyərək nəvəsi yaşda türkə yalmanır. Bu da qarşısıalınmaz prosesdir? Ağsaqqal bir kişinin nəvəsi yaşda bir türkə quyruğun bulaya-bulaya “abi geliyorum, abi gidiyorum” deməyinin adı düşüklük, səviyyəsizlik, özünə hörmət etməmək deyilsə, bəs nədir?

Məsələn, o gün görürəm bir azərbaycanlı qadın körpəsinə “türkcə” layla çalır. Ay qadın, körpəyə layla çalırsan, lap əcəb edirsən. Alqışlayırıq, təqdir edirik. Bəs sənin öz laylan yoxdur? Öz laylası olmasa, deyərəm ki, hə də, bu qadının öz laylası yoxdur, başqa yerdən, başqa ölkədən, başqa dildən layla transfer etməyə məcburdur. Axı bu qadının öz laylası var. Bəs öz laylası olduğu halda niyə körpəsinə “türkcə” layla çalır? Çünki düşükdür, səviyyəsizdir, özünə hörmət etmir, uşağına “türkcə” layla çalmaqla türklərə yaltaqlanır.

Məsələn, bir azərbaycanlı gəncin Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuması düşüklük, səviyyəsizlik, böyük qardaşa – türklərə yaltaqlanmaqdır, özünə hörmət etməməkdir. Bütün dünya bilir ki, rus ədəbiyyatı Akop Martayan türkcəsinə yaman gündə tərcümə olunub. Rus ədəbiyyatının Akop Martayan türkcəsinə yaman gündə tərcümə olunmasını bu fani dünyada bilməyən adam yoxdur. Türk tərcüməçiləri rus yazıçılarının əsərlərini ixtisar edirlər, hətta əsərlərə əlavələr edirlər, yazıçının üslubunun başına daş salırlar, yazıçının dilinin anasını ağlar günə qoyurlar.

Kim Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuyubsa, belə hesab eləsin ki, ən yaxşı halda əsərlərin məzmunu, süjeti, xülasəsi ilə tanış olub. Təkrar edirəm, ən yaxşı halda. Axı Tolstoy, Dostoyevski, Çexov, Bulqakov Azərbaycan dilinə tərcümə olunub. İnsafən də pis tərcümə olunmayıb. Ən azı türklərin tərcüməsindən min dəfə yaxşıdır. Bəs bir azərbaycan gənci niyə Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuyur? Çünki səviyyəsizdir, düşükdür, özünə hörmət etmir, türklərə yaltaqlanır.

Məsələn, bir siyasətçinin, siyasətlə maraqlanan şəxsin Rusiyada, Ukraynada baş verən hadisələri türk kanallarından, türk mənbələrindən öyrənməsi düşüklükdür, səviyyəsizlikdir. Camaat, gəlin sizə dəqiq, sadə bir resept verim. Hansısa siyasətçi danışığında, yazısında “sözümü tuturam”, “görməzdən gəlir”, “olmazsa olmaz”, “qəbullanmaq” , “alqılamaq”, “izləyici”, “sorğulamaq”, “toplum”, “anlamına gəlir”, “sonuca varılmaz”, “yaşanır”, “yaşandı” kimi sözlərdən istifadə edirsə, bilin ki, həmin adam qeyri-ciddi adamdır. Hansısa siyasətçinin danışığında, yazısında Akop Martayan türkcəsinin təsirini görəndə, hiss edəndə dəqiq bilin ki, həmin adam qeyri-ciddi mənbələrdən qidalanır, siyasətdən qandığı qrafa yoxdur, iki eşşəyin arpasını bölə bilmir…

Əslində, bu yazını və bu qəbildən olan digər yazıları mən yazmalı deyiləm. Akop Martayan türkcəsinin at oynatması, Azərbaycan dilini məhv etməsi barədə yazıları Mirmehdi Ağaoğlu, Rəşad Səfər, Vüqar Van, Orxan Həsəni, Orxan Saffari, Əli Zərbəli, Təvəkkül Boysunar (ərkim çatan şəxslərin adların sadaladım) yazmalıdır. Təəssüflər olsun ki, gənclərdə xarakter, mübarizlik, döyüşkənlik, əzm yoxdur. Gənclik yaxşı mənada dava-dalaş, mübarizə, müqavimət, razılaşmamaq, axına qarşı üzmək deməkdir. “Bu təbii prosesdir”, “bu qarşısıalınmaz prosesdir” deyib axınla üzmək, hər şeylə razılaşmaq, məsuliyyətdən qaçmaq, mübarizə aparmamaq, müqavimət göstərməmək gənc adama heç yaraşmır. Bu adamlar indidən, gənc vaxtlarında belə ölüvay, belə xaraktersizdirlərsə, bəs qocalanda nə günə düşəcəklər? Adam bunu təsəvvür etməyə belə qorxur.

# 22193 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #