Aşura xatirələrim

Seymur Baycan, yazıçı-publisist

Seymur Baycan, yazıçı-publisist

8 avqust 2022
# 10:40

Mərasim rayonun üç kəndində keçirilirdi. H. Q. və D. kəndlərində. Biz D. kəndində keçirilən mərasimə gedirdik. Çünki, həmin kənddə həm də qohumlarımız yaşayırdı. Partiya üzvləri, həkimlər, müəllimlər mərasimdə iştirak etmirdilər. Mərasimə əsasən satıcılar, evdar qadınlar, xüsusən iaşə obyektlərində çalışanlar gəlirdilər. Saat 12-yə qədər hər kəs pıçıltıyla, yavaş səslə danışırdı. Televizora baxmırdılar. Musiqiyə qulaq asmırdılar. Uşaqlıq illəri qəribə bir kosmosdur. Axıra qədər yazmaq mümkün deyil. Ümumiyyətlə, uşaqlıq illərini yazmaq çox çətindir.

Biz "Dördyol"da avtobusdan düşüb kəndin içiylə piyada gedirdik. Hər evin həyət darvazasının qarşısında yaşlı bir qadın dayanıb uşaqlara şərbət verirdi. Qəribə bir mənzərə idi. Dəmir qab, dəmir stəkan, yaşlı qadın və şərbət. Biz uşaqlar az qala hər evin darvazasının qarşısında şərbət içirdik. Həmin gün kənd və adamların siması dəyişib tamam başqa forma alırdı. Yaxşı tanıdığımız yollar da dəyişirdi. Bu, izaholunmaz bir şey idi. Elə şeylər var ki, izah etmək mümkün deyil. Zəncir vurmaqdan, baş yarmaqdan söhbət belə gedə bilməzdi. Kişilər bir tərəfdə dayanıb sakit səslə söhbət edirdilər. Qadınlar isə yavaşca, lap yavaşca, sanki özləri-özlərinə layla çalırmışlar kimi sağ əllərini sinələrinə vururdular. Onların çoxunu tanıyırdım.

Vağzalda yerləşən çörək mağazasında satıcı işləyən K. xalanın sakitcə sinə vurması, yavaşca danışması mənə qəribə gəlirdi. Çünki ayrı vaxt K. xalanın səsi aləmi başına götürürdü. O, həmişə başını çörək mağazasından bayıra çıxarıb gəlib-gedənə söz atırdı. Qəhqəhə çəkirdi. Açıq-saçıq zarafatlar edirdi. Acıdil olsa da, əslində, təmizqəlbli, ürəyiaçıq bir qadın idi. Yadımdadır, bir dəfə mən nə qədər ciblərimi axtarsam da evdən verilmiş çörək pulunu tapa bilmədim. İtirmişdim. Çox pis oldum. K. xala həmin gün mənə dörd çörək verdi. Pulsuz. Havayı. Nə qədər bayağı səslənsə də, onun ürəyi düz idi...

Ayrı vaxt kəndə gedəndə səsimiz aləmi götürürdü. Qətl günü isə biz, yəni uşaqlar ümumi əhvala, atmosferə tabe olaraq çox sakit dayanırdıq. Ucadan danışmırdıq, gülmürdük. Böyüklərin davranışı biz uşaqlara da sirayət edirdi. Mən bilirdim ki, çox pis adamlar çox yaxşı, müqəddəs adamları qətlə yetirmişlər. Bilirdim ki, həmin gün gülmək, musiqi dinləmək, televizora baxmaq olmaz. Buna görə hər cür bəlaya düçar ola bilərsən. Söhbətin məğzindən sonra xəbər tutacaqdım. Əslində, nə baş verdiyini sonralar başa düşəcəkdim. Buna isə hələ çox vaxt vardı. Əsas odur ki, mən o vaxt öz uşaqlıq kədərimlə, ümumi atmosferə tabe olmağımla çox səmimi idim. Nə qədər qəribə olsa da, mən o mərasimləri xoş hisslərlə xatırlayıram. Şərbətin dadı da hələ dad yaddaşımdadır. O gözəl, ağappaq atı da çox yaxşı xatırlayıram. Ömrümdə elə gözəl at görməmişəm. Ömrümdə elə sakit at görməmişəm. Ağappaq. Uşaq diliylə desəm, saçları uzun, təmiz, hamar at. Bizə deyirdilər ki, imamın atı ağ rəngdə olubdur. Bizi xətadan-baladan uzaq olmaq üçün o sakit, gözəl atın altından keçirirdilər. Uşaqlar bütün şəraitlərdə özlərinə əyləncə tapmağı bacarırlar. Mən bütün atlardan qorxurdum, təkcə o gözəl, sakit, ağ atdan savayı. Mən o atın altından bir neçə dəfə o tərəfə, bu tərəfə keçirdim. At isə sakit dayanırdı. Heç ayağını da tərpətmirdi. O atın çox kədərli, həm də mərhəmətli bir görünüşü vardı. Elə bil doğrudan da o ağ atın sahibini öldürmüşdülər. Və sanki o ağ at doğrudan da öldürülən sahibinin yasını saxlayırdı. Sahibinin xiffətini çəkirdi.


Mərasim bitəndən sonra hamı kəndin küçələrinə dağılışırdı. Kənd sakinləri darvazalarının qarşısında dayanaraq, mərasimə başqa yerlərdən gəlmiş adamları imam ehsanı yeməyə dəvət edirdilər. Hər kəs çox səmimi görünürdü. Çünki o vaxt mərasimə getmək bir az riskli idi. Və ona görə adamların dini savadı bu günə nisbətən hədsiz dərəcədə az olsa da, inancda səmimiyyəti bu günlə müqayisədə xeyli yüksək idi. İnananın inanmayanla, inanmayanın inananla iş yox idi. Sadəcə, bəzi söhbətlər gəzə bilərdi. Bu haqda isə yazının sonunda bir-iki cümlə yazarıq. Hətta ən şiddətlə içən adamlar həmin gün başqalarına hörmət edərək, yaxud başına bir iş gələr deyə özünü saxlayırdı. Yaxud gözə görünmürdü. Yaxud dəlilik etmirdi. Mənim yaxşı yadımdadır, kənd sakinləri başqa yerdən gəlmiş adamları az qala zorla həyətlərə dartıb imam ehsanı yeməyə məcbur edirdilər. Gerçəkdən, dəvətdən imtina edəndə kənd sakinləri inciyirdilər. Yemək yeməyən çay içirdi. Günortadan sonra adamların təbii səsi yavaş-yavaş özlərinə qayıdırdı. Bununla belə, yenə də bərkdən gülən, lap ucadan danışanlar olmurdu. Adamlar, sadəcə, öz dərd-sərlərindən, problemlərindən, dünyadan köçüb getmiş yaxınlarından danışırdılar.

Biz qohumlarımızın evinə gedirdik. Hər evə baş çəkməyə məcbur idik. Hansının evinə getməsəydik, xətrinə dəyə bilərdik. Hər evdə imam ehsanı verilirdi. Biz mütləq və mütləq hər evdə bir stəkan çay içməliydik. Başqa cür ola bilməzdi. Axşama yaxın adamlar qəbiristanlığa gedib doğmalarının, yaxınlarının qəbirlərini ziyarət edirdilər. Sonra evlərə dağılışıb, sonra yenə də bir-iki nüfuzlu adamın evinə yığışırdılar. Heyvanlar kəsilirdi. Ən kasıb adamların evinə ət göndərilirdi. Hər kəs yenə də öz dərd-sərindən, problemlərindən söz açırdı. Müxtəlif əhvalatlar söyləyirdilər. Hadisələri günün ab-havasına uyğun şərh edirdilər. Yadımdadır, bir nəfər "Bulaq" restoranından çıxanda maşını aşırmışdı. Restoran balaca bir təpənin başında yerləşirdi. Adamlar deyirdilər ki, aşan, yaxud aşırılan maşının sürücüsü içkili imiş...

Səhəri gün heç nə olmamış kimi həyat öz təbii axarıyla davam edirdi. Başını çörək mağazasından bayıra çıxaran K. xalanın səsi aləmi başına götürürdü. Vəssalam.

# 11613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #