Kulis.az Seymur Baycanın “Həqiqətlərdən uzaqlaşmış yazıçılar haqqında” adlı yeni yazısını təqdim edir.
Rasim Qaraca müsahibəsində çox vacib, ağrılı bir mövzuya toxundu. Dedi ki, doxsanıncı illərdə Azərbaycanda böyük bir zəlzələ baş verib (ictimai-siyasi məzmunlu hadisələr nəzərdə tutulur) və bu zəlzələ Azərbaycan kinosunda, ədəbiyyatında görünmür.
Bu mövzu barəsində çox düşünmüşəm. Ayrı-ayrı vaxtlarda bu mövzuda yazılar da yazmışam. Amma Türkiyədə baş verən zəlzələdən sonra istər-istəməz bu mövzu ətrafında daha dərindən, daha geniş düşünməyə məcbur oldum. Niyə?
Türkiyədə baş verən zəlzələ, belə demək mümkündürsə, mənə doxsanıncı illərdə necə ağır günlərdən, sınaqlardan keçdiyimizi göstərdi. Açıq danışsaq, hər şeyi öz adıyla çağırsaq, etiraf etməli olarıq ki, Türkiyə kimi böyük bir dövlət zəlzələdən sonra iflic olmuşdu. Çətin vaxtlarda səfərbər olmağı bacaran türklər zəlzələdən sonra başlarını tamam itirmişdilər. Əgər bütün dünya (Yunanstandan tutmuş Ermənistana qədər) yığışıb Türkiyəyə kömək etməsəydi, zəlzələnin nəticələri, çox güman ki, həm maddi, həm də mənəvi tərəfdən qat-qat ağır olacaqdı.
Hörmətli və əziz gənclər, indi təsəvvür edin ki, Türkiyədə baş vermiş zəlzələdən on dəfə, bəlkə də, on beş dəfə güclü zəlzələ doxsanıncı illərdə Azərbaycanda baş verib. Yüz minlərlə insanın ev-eşiyini itirməsi, illərlə çadırlarda, zirzəmilərdə, tövlələrdə, hinlərdə, məktəblərdə, uşaq bağçalarında, vaqonlarda yaşaması heç kimə asan görünməsin. Zavod və fabriklərin fəaliyyətinin dayanmasını, kütləvi işsizliyi, öldürücü qeyri-müəyyənliyi, xalq hərəkatının biabırçı sonluğunu, yetmiş illik siyasi sistemin hər mənada çökməsini, kütləvi bədbinliyi, kütləvi depressiyanı, xəzinədə siçanların oynaşmasını və bu qəbildən olan digər vacib məsələləri də nəzərə aldıqda çox dəhşətli, olduqca ağır mənzərə yaranır. Kənardan göstərilən kiçik, epizodik yardımları çıxsaq, ölkə bu ağır, dəhşətli, amansız mənzərəylə üz-üzə dayanmışdı. Necə deyərlər, “tək, həm də silahsız”. Məni indi bir sual düşündürür: bu ağır, dəhşətli yükün altından adamlar necə çıxa biliblər, bu ağır, dəhşətli yükü adamlar çiyinlərində daşımağı necə bacarıblar?
Burda bir xanım dostumun sözləri yadıma düşür. O demişdi ki, mən indi isti-soyuq suyu olan evdə bir uşağı saxlaya bilmirəm. Mənim anam, görəsən, üç uşağı çadırda necə saxlayıb?
Əlbəttə, insan şəraitə tabedir. İnsan canlılar aləminin bir üzvüdür. Məməlilər sinfinə aiddir. Obrazlı desək, həyat eşqi, müxtəlif instinktlər insanı hər bir şəraitdə yaşamağa, nəsil artırmağa davam etməyə vadar edir. Bütün bunlara baxmayaraq, təfərrüata varmadan bir daha qeyd etməliyəm ki, xüsusən, doxsanıncı illərin ilk yarısında ölkədə vəziyyət bir çox mənalarda, həqiqətən, olduqca ağır idi.
Həmin dövrü, o ağır mənzərələri öz gözləriylə görmüş, o ağır günlərin canlı şahidləri olmuş, o ağır günləri canında, dərisində, hüceyrələrində hiss etmiş yazıçılar, rejissorlar bu gün nəylə məşğuldurlar?
Rejissorları qoyaq bir kənara. Kino pul, büdcə tələb edir və indiki şəraitdə heç də azad deyil, dövlətdən tam asılı vəziyyətdədir. Kino azad deyilsə, həmin dövrün mənzərələrini, həqiqətlərini də göstərə bilməyəcək. Bunları nəzərə alsaq, kinoda doxsanıncı illərin görünmədiyini hardasa başa düşmək, hardasa qəbul etmək olar.
Bəs doxsanıncı illərin ağır mənzərələrini görmüş yazıçılara, qələm adamlarına nə olub? Onları hansı ilan sancıb? Axı ədəbiyyat, publisistika, qələm kinoyla müqayisədə azdan-çoxdan öz azadlığını qoruyub saxlaya bilib. Axı yazıçı, publisist rejissordan fərqli olaraq öz hisslərini, düşüncələrini, xatirələrini, gördüklərini, eşitdiklərini ifadə edə bilər. Nadir istisnaları çıxsaq, doğrudan da, müasir Azərbaycan ədəbiyyatında doxsanıncı illər görünmür. Bu mənada Rasim Qaraca tamamilə haqlıdır. Onunla razılaşmamaq qeyri-mümkündür.
Doxsanıncı illərin ağır mənzərələrini görmüş yazıçılar, publisistlər bu gün nə edirlər, nə yazırlar? Biri Markesi yamsılayır, biri Kafkanı təqlid edir, biri guya öz aləmində sufiliklə məşğuldur, öz aləmində həqiqətdən girib, mərifətdən çıxır, biri öz aləmində Turan qurur, türkçülük xəstəliyinə yoluxub, birinin işi-gücü feminizmdən-zaddan danışıb xarici fondların, donorların rəğbətini qazanmaq cəhdlərindən ibarətdir, biri “filosof” olub... Xülasə, boş-boş işlərlə məşğuldurlar, həyatdan, həqiqətdən uzaq, heç kimə lazım olmayan hekayələr, romanlar yazırlar. Əslində isə, süjet-zad qurmadan, həqiqətə arxa çevirmədən oturub öz gördüklərini, eşitdiklərini sadə formada yazsalar, daha faydalı iş görərlər, daha maraqlı məhsullar yaradarlar.
Bir yerli yazıçı var. Doxsanıncı illərdə Rusiya bazarlarında alverlə məşğul olub. Bu adam götürüb protestant hərəkatı haqqında roman yazıb. A kişi, sənin protestantlarla nə işin var? Sən hara, protestantlar hara? Niyə ayağını yorğanına görə uzatmırsan? Sən otur yaz görək doxsanıncı illərdə Rusiyaya niyə getmişdin, necə getmişdin, nə ilə getmişdin, orda nə satırdın, orda alverlə məşğul olan azərbaycanlılar necə yaşayırdılar, nə yeyirdiniz, nə içirdiniz, nə geyinirdiniz, OMON, “dazbaşlar” sizi necə döyürdü, beş-üç manat qazanıb geri qayıdanda çeçenlər sizi necə soyurdu, həmin vaxtı kəndinizdə, qəsəbənizdə vəziyyət necə idi, işıq gündə neçə saat verilirdi, necə toy edirdiniz, necə ölü basdırırdınız, toyda nə yeyirdiniz, yasda nə yeyirdiniz... Bunların hamısı qiymətli mövzulardır. Bu mövzuların hamısı yazıçıya “ay insan, səni and verirəm bir olan allaha, nə olar məni yaz” deyib yalvarır. Bəs yazıçı mövzuların yalvarışlarına məhəl qoyurmu? Zərrə qədər də məhəl qoymur. Gül kimi mövzular əlinin altında ola-ola axmaq-axmaq mövzuların əlində girinc qalıb. Həm özünü yorur, həm də oxucuları.
Doxsanıncı illərin şahidi olmuş, o ağır mənzərələri öz gözləriylə görmüş yazıçılar, publisistlər axmaq-axmaq, lazımsız, yad mövzuların başını buraxıb süjet-zad qurmadan, həqiqətlərə mümkün qədər sadiq qalaraq, Avropa oxucusunun, xarici nəşriyyatların rəğbətini qazanmaq məqsədi güdmədən, müxtəlif konyunkturalara, trendlərə uymadan sadə formada öz xatirələrini yazmalıdırlar. Bu sözlər təkcə yazıçılara, publisistlərə aid deyil. Siyasətçilər, iqtisadçılar, həkimlər, müəllimlər, zabitlər, bütün peşə sahibləri, hətta çobanlar da, sürücülər də, aşpazlar da, müasir dildə desək, seks işçiləri də oturub kitab yazmalıdırlar. Bu gün yazılan iddiasız bir kitab sabah çox maraqlı və çox vacib mənbəyə çevrilə bilər.
Həyat fanidir. Doxsanıncı illərin ağır mənzərələrini görmüş adamların nəsli yavaş-yavaş kəsiləcək. Beləliklə, gələcək nəsillər “birinci əl” mənbələrindən məhrum olacaqlar. Onlar doxsanıncı illərdə nələrin baş verdiyini hiss etməkdə çətinlik çəkəcəklər. Əllərində ancaq quru statistika, rəqəmlər qalacaq. Təkcə statistikayla, rəqəmlərlə hansısa dövrü hiss etmək çətindir. Bu mövzuda Aleksey Varlamovun çox gözəl bir sözü var: “Hansısa dövrü ancaq ayrı-ayrı insanların talelərini öyrənməklə hiss etmək olar”.