Muzeydə bilet satan Osmanlı şahzadəsi

Muzeydə bilet satan Osmanlı şahzadəsi
29 oktyabr 2013
# 08:30

Orhan Pamukun “Əşyaların məsumiyyəti” kitabından

Roman və muzeyin ideyası ilk dəfə 1982-ci ildə bir ailə toplantısında Şahzadə Ali Vasıb Əfəndi ilə tanış olarkən ağlıma gəldi. Osmanlı padişahı V Muradın kiçik nəvəsi olan şahzadənin, səltənət sürsəydi, Osmanlı xanədanı Türkiyədə və iqtidarda olsaydı, bu şəxsin o illərdə taxtda olması lazım idi. Amma Osmanlı dövlətinin süqutu və 1923-cü ildə Türkiyə Cumhuriyyətinin qurulmasından sonra Türkiyəyə qayıtmağa yenicə icazə ala bilmiş səksən yaşlı şahzadənin dərdi nə taxt idi, nə də siyasi iqtidar.

Əcdadlarının altı yüz il idarə etdiyi və ancaq xarici pasportla gələ bildiyi Türkiyədə o sadəcə daimi qalmaq istəyirdi. İskəndəriyyədə yaşayıb, yay istirahətini Portuqaliyada keçirən şahzadə Avropanın, eləcə də Orta Şərqin taxtını və iqtidarını itirmiş təqaüdçü kral və şahzadələri ilə gün keçirib vaxt öldürürmüş (Mənə İran şahı Rza Pəhləvinin ilk həyat yoldaşı olmuş Fevziyədən nə üçün ayrıldığını danışmışdı – O.P.).

Onun ölümündən sonra oğlu Osman Osmanoğlu tərəfindən hazırlanıb “Bir şahzadənin xatiratı”, “Vətən və Mənfada gördüklərim və eşitdiklərim” adı ilə 2004-cü ildə çap edilən xatirələrindən də məlum olduğu kimi, şahzadənin həyatda ən ağır dərdi pulsuzluq olmuşdur. Şahzadə dolana bilmək üçün uzun illər İskəndəriyyənin Antoniadis saray və muzeyinin əvvəl bilet nəzarətçiliyi, sonra da müdirliyi vəzifəsini yerinə yetirmişdi. O, “Sarayın idarəsi, təmizliyi və əşyalarının mühafizəsinə məsul idim” deyə qürurla yazır xatirələrində. “Gümüşlər, kristallar, mebellər və sairə şeylər öhdəmdə idi.”

Ailə süfrəsində maraqlı suallarım haqqında, səksən yaşlı Şahzadə, Kral Faruqun kleptoman olduğunu da demişdi: Kral Faruq Antoniadis saray və muzeyini ziyarət edərkən, çox bəyəndiyi antik bir tabağı kimsəyə heç nə demədən vitrini açıb özüylə götürərək Qahirəyə, öz sarayına aparmışdı. Başqa suallarım haqqında şahzadə Osmanlı Dövləti dağılıb xanədan İstanbulu tərk etməmişdən əvvəl İhlamur qəsrində yaşadığını, Qalatasaray litseyindən sonra – Atatürkün də oxuduğu – Hərbiyyədəki hərbi məktəbə davam etdiyini danışmışdı. Bütün bu yerlərdə ondan qırx-əlli il sonra mən uşaqlığımı keçirməyə başlayacaqdım. Gözümün önündə yanıq-sökük saraylar, mülklər, uşaqlığımı keçirdiyim Nişantaşının köhnə küçələri və riyaziyyat dərsi alan bir şahzadə canlanırdı.

Şahzadə əlli illik bir sürgündən sonra Türkiyəyə əsaslı şəkildə geri dönmək və pul qazanmaq dərdlərinə çözüm olacaq bir iş axtardığını, amma nə yazıq ki, kimsədən yardım görmədiyini şikayətlə danışırdı. Kimsənin ona yardım etməməsinin əsas səbəbinin layik Türkiyə Cumhuriyyətinin xüsusi xidmət orqanlarının son Osmanlı padşahı ola biləcək bu adamın siyasi bir simvol olmasını əngəlləmək olduğunu anlayırdıq. İxtiyar şahzadənin belə bir niyyəti olmadığını bildiyimiz üçün ailə süfrəsindəkilərdən biri, Ali Vasıb Əfəndinin uşaqlığında vaxtının çox hissəsini keçirdiyi İhlamur qəsrində muzey rəhbəri olaraq bəlkə iş tapa biləcəyini söylədi. Həm bir muzeyə çevrilmiş İhlamur qəsrindəki həyatı, həm də muzey-saray idarəçiliyini çox yaxşı bildiyi üçün bu iş onun dərdlərinə mükəmməl bir çözüm ola bilməzmiydi?

Bu tövsiyəylə birlikdə şahzadə daxil olmaqla süfrədə oturan hamımız bir anlıq Ali Vasıb Əfəndinin uşaqlığında dincəldiyi, dərs hazırladığı otaqları ziyarətçilərə necə gəzdirə biləcəyini, heç bir yumor duyğusuna qapılmadan, ciddiyyətlə xəyalımıza gətirdik. Daha sonra bu xəyalları yeni formalar tapmaq istəyən gənc bir romançının iştahıyla özüm inkişaf etdirdiyimi də xatırlayıram:

“Bax, əfəndim,” deyəcəkdi Şahzadə, hər zamankı aşırı nəzakətli tərziylə, “bura yetmiş il öncə mənim yavərimlə birlikdə oturub riyaziyyat dərsini çalışdığımız otaqdır!” və rəhbərlik etdiyi əlibiletli muzey qələbəliyindən ayrılacaq, muzey ziyarətçisinin ayaq basa biləcəyi yer ilə sərgilənən əşyalar arasındakı əski tərzdə olan qırmızı məxmər kordonlu (eynən muzeyimizin dam arasındakı kimi) düyü ayaqlıqlı sərhəd cizgisini keçərək uşaqlıq və gəncliyində oturduğu masaya oturacaq, o zaman eyni qələmlər, cədvəl, silgi və kitablarla necə çalışırmışsa, təqlid edəcək və oturduğu yerdən muzeysevərlərə “Dəyərli ziyarətçilər, bax burada riyaziyyat dərsiylə belə çalışırdım əfəndim,” deyə səslənəcəkdi. Eynən baş qəhrəmanım Kamal (“Məsumiyyət muzeyi” romanının baş qəhrəmanı – S.R.) kimi insanın rəhbəri olduğu bir muzeyin eyni zamanda bir əşyası olmasının zövqlərini, ya da insanın yaşamış olduğu bir həyatı, illər sonra, bütün əşyalarıyla, bir muzeydə başqalarına anlatmasının həyəcanını ilk dəfə belə hiss etdim. Bir roman və muzey olaraq Məsumiyyət Muzeyinin ilk nüvəsi budur! Başdan bəri muzeyi və romanı birlikdə düşündüm.

# 4663 dəfə oxunub

Müəllifin son yazıları

# # #