Azərbaycan dilinin izahsız lüğəti ARAŞDIRMA

Azərbaycan dilinin izahsız lüğəti ARAŞDIRMA
22 noyabr 2014
# 09:30

Azərbaycan dilinin dörd cildlik zərli-zibalı, bərli-bəzəkli izahlı lüğəti var. Kitab yüksək poliqrafiya ilə çap olunub, buna sözüm yoxdur. Nə sözüm olacaq, bir halda bütün sözlərimiz burda toplanıb.

Mənə görə bu kitab olduqca qiymətlidir və kitab rəfinin yuxarı başına qoyulmağı haqq edib. Lüğət elm adamlarının, jurnalistlərin, yazıçıların, bir sözlə, çörəyi sözdən çıxan kəslərin istinad yeridir, kimin nə sözü olur, lüğətin üstünə qaçır. Tənbəllik eləməyib həmin bu dörd cildlik lüğəti bitdə-bitdə oxudum. Kaş ki, oxumayaydım, peşman oldum, o boyda hörmət-izzətli, ağır taxtalı kitab gözümdən düşdü. Sən demə, hər şey bərbəzəklə, dizaynla, görüntüylə bitirmiş. Sən demə, bütün sözlərimizi bir yerə yığıb, “gözəgirən” tərtibatla ört-basdır ediblər. Utanmasan oxumağa nə var?

Adamı yandıran burasıdır ki, bu kitab, sözə görə dərisi soyulan Nəsiminin adını daşıyan Dilçilik institutu tərəfindən tərtib edilib. Pis çıxmasın, mən buna tərtibatdan çox yola vermək deyərdim. Dörd cildlik lüğət üst-üstə 2920 səhifədir. Yəni yetərincə ciddi işdir, zəhmət-filan da öz yerində... Amma oxuduqca məyus olub, aldadıldığını görürsən. Necə gəldi, basməmmədi nəşr kimə lazım idi ki? Sovetlər dönəmindəki izahlı lüğət yüngülvari əlavələrlə yenidən nəşr edilib. Bəs bu vacib nəşr çapa hazırlananda tərtibatçılar hara baxırdı? İnandırım sizi, çapa məsul olan şəxslər çapdan sonra kitabın üzünü açmayıblar. Açsaydılar görərdilər ki…

Görərdilər ki, Kitab palatası adlı idarə çoxdan tarixin kitab səhifələrinə düşüb. İkinci cildin 715-cı səhifəsində belə bir izahlı cümlə var: “Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı”. Heç olmasa, “keçmiş” sözü də yoxdur.

Yenə həmin cildin 768-ci səhifəsində “Kron” sözü belə izah olunur. “KROAN (alm) Bəzi avropa ölkələrində pul vahidi, habelə həmin dəyərdə olan metal pul. Çexoslovakiya kronu”. Ay başına dönüm, indi Çexoslovakiya var? Bu qədər məsuliyyətsizlik olar? Çexoslovakiya Sosialist Federativ Respublikası 1992-ci ilə kimi mövcud olub. Bu qəbildən olan “izahlarla” davam edirik.

KOMMUNA sözünün (ikinci cild, səh 727) 3-cü izahında belə bir cümlə var: “Bakı kommunası tar. – 1918-ci ildə Bakı zəhmətkeşlərinin üsyanına rəhbərlik edən inqilabi hökumət”. Bu, artıq məsuliyyətsizliyin pik həddidir. Ağına-bozuna baxmadan sovet nəşrini “copy” etməklə biabırçı vəziyyət yaratmaq, tarixə hörmətsizlik etmək kimin günahıdır görən? 1918-ci il yaxın tarixdir və o dövrdə baş verən hadisələrdən, qırğınlardan, qətllərdən, soyqırımlarından sonra Bakı kommunasını inqilabi hökümət kimi təqdim etmək üçün Lenindən də artıq kommunist olmaq gərəkdir.

İzahlı lüğətimizin “izahları” haqqında deməyə söz tapa bilmirsən. Yerin-göyün “kompyuterləşdiyi” bir əyyamda “Kompyuter” sözü “Hesablayıcı elektron maşın” (ikinci cild, səhifə 730) cümləsiylə, yəni üçcə sözlə izah olunur. Əvəzində isə “Yengə” (dördüncü cild, səh 578) on iki sözlə və yazıçıların əsərlərindən misallar gətirməklə, üstəlik də köməkçi izahlarla birlikdə 70 sözlə izah olunur. Tərtibçilər haqqında onu deyə bilərəm ki, onlar həqiqətən də izahlı lüğətimizə əməlli-başlı “yengəlik” eləyiblər.

Üçüncü cildin 40 səhifəsində “qapaq” sözü belə izah olunur: “QAPAQ is. 1. Hər hansı bir şeyin (qabın və s.-nin) üstünü örtən hissəsi. Sandıq qapağı, Qutu qapağı. Çaynikin qapağı.” Çaynik nə vaxtdan Azərbaycan sözü olub? Bəlkə, çaydan? Yenə həmin cilddə “SAR” (sərçələr sinfindən yırtıcı quş) sözünün əlavə izahı üçün atalar sözündə, Aşıq Ələsgərlə yanaşı, Xalq şairi Hüseyn Arifin “Tutun keçidləri, kəsin yolları; Tərlan oylağında sar görünməsin” misraları verilib. Lakin müəllif kimi H.Hüseynzadə yazılıb. Şairin imzası köhnə təxəllüslə yazılıb.

Üçüncü cildin 526-cı səhifəsində “ORAKUL” sözü “Antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal” kimi izah olunub. “Orakul”un əslində əsas izahı allahlara verilən sualın cavab verildiyi və allahların özünün kəhanətini xəbər verdiyi yer, məbəd kimi olmalıdır. İkinci izahda isə həmin kəhanəti xəbər verən kahinin özünün də orakul adlandığı yazılmaldır. (Mənbə: “N.A.Kun - Qədim Yunanıstanın mifləri və əsatirləri”, Bakı Slavyan Universtetinin nəşri, 2012)

Dördüncü cildin 60-cı səhifəsində serb sözünün izahı: “SERB is. Yuqoslaviyada yaşayan cənubi slavyan xalqının adı və bu xalqa məxsus adam”. 2011-ci ildə çap olunan bu lüğətə görə hələ də dünya xəritəsində Yuqoslaviya adlı dövlət var.

Yenə həmin cildin 132-ci səhifəsində slovaklar sözü belə izah olunur: “SLOVAKLAR cəm. Çexoslovakiya Respublikasının tərkibinə daxil olan Slovakiyanın əsas əhalisini təşkil edən qərbi slavyan xalqı”.

Slovenlər də eyni səhifədə eyni cür izah olunur: “SLOVENLƏR cəm. Yuqoslaviyanın tərkibinə daxil olan Sloveniyanın əsas əhalisini təşkil edən cənubi slavyan xalqı”.

Davam etsək, 621-ci səhifədə oxuyarıq: “YUQOSLAV Yuqoslaviya əhalisinə mənsub adam”. Nə yuqoslav, nə xalq, bunlar nə yazıblar axi? İndi məgər Yuqoslaviya var ki, hələ bir onun xalqı da ola? Belə bir dövlət artıq neçə ildir ki, tarixə qovuşub, mövcud deyil, bu qədər də olmaz da! Bu hərf səhvi deyil axı, texniki yanlışlıq deyil axı, korrektə, redaktə səhvi deyil axı. Yenidən Yuqoslaviya yaratmaq serbin, xorvatın, slovenin, bosniyalının, hersoqovinalnıın, makedoniyalının müstəqilliyini “əlindən alıb” bir yerə yığmaqda məqsəd nədir? Başqa vaxt Qarabağı, Naxçıvanı qonşu ölkələrin ərazisi kimi göstərənlərə dişimizin dibindən çıxanı deyirik, amma burdan bura əsas lüğətimizdə başqalarına hörmətsizlik edirik.

Bütün bunları oxuyandan sonra izahlı lüğətimizin “izahlarına” bilmirsən güləsən, yoxsa ağlayasan.

# 4103 dəfə oxunub

Müəllifin son yazıları

# # #