Ətirlərin məftunedici ecazı - Sevinc Qəmbərli

Ətirlərin məftunedici ecazı - Sevinc Qəmbərli
2 fevral 2025
# 11:23

Kulis.az Sevinc Qəmbərlinin "Ətirlərin məftunedici ecazı, "Parfümer" və Jan-Batist Qrenuy" yazısını təqdim edir.

- Günün ən çox sevdiyiniz hissəsi hansıdır?

- Qəhvə içdiyim və ətir vurduğum anlar..

Həmişə istədiyim, can atdığım, vaxt yaratmağa çalışdığım, eyni zamanda obyektiv və subyektiv səbəblərdən sonraya saxladığım bir anlayış var həyatımda: dil biliklərimi daha da inkişaf etdirmək kimi. İbtidai təhsilin ilk illərini rus bölməsində oxuduğum üçün bu dil ilə bir problemimiz yoxdur, türk dili kanallar vasitəsilə “evlərimizin əziz qonağı” (Tofiq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili”kitabından) olduğu üçün, həm təhsil və tədqiqat sahəm ilə əlaqədar olaraq yaranan yaxın ünsiyyət nəticəsində doğmalaşmışıq. Artıq məndə xroniki bir hala çevrilmiş və daima inkişaf etdirməyi istədiyim dil isə ingilis dilidir. Pandemiya dövründə dinlədiyim onlayn dərslər zamanı müəllimim mənə bu sualı verəndə əvvəlcə duruxdum bir qədər, çünki indiyədək heç bu barədə düşünməmişdim. Sonra isə şəkərsiz və köpüklü türk qəhvəsi ilə dolu olan iki porsluq böyük fincanımın qarşısında hiss etdiyim xoş anları və bəzən sərhəd saxlamadan ətirlərdən istifadə zamanı necə kələfin ucunu qaçırdığımı, həddi aşdığımı və bunun verdiyi zövqü xatırladım.

Danışa bilmək, yaxşı danışa bilmək hər fərd üçün çox önəmli bir faktordur. Deyərsiniz ki, kiçik yaşlarından başlayaraq çoxluq danışır də elə, amma baxaq görək necə danışır axı? Səlis, rəvan, axıcı bir nitq qabiliyyəti nə qədər insanda var ki? Hələ rabitəli, aydın, zəngin, təmiz bir nitq barədə demirəm, istər şifahi, istərsə də yazılı formada olsun. Yaşamaq uğrunda mübarizədən doğan bir tələbatın arxasınca kor-koranə gedərək xarici dilləri öyrənmək üçün böyük bir səy göstəririk. Bəs bizim öz dilimiz? Kimdən soruşsan ki, “ingilis dilini hansı səviyyədə bilirsən?” deyə, rahat şəkildə “A2, B1, C1 və s.”, yaxud “zəif, orta, əla” deyə bilər.

Bəs Azərbaycan dilini bilmə səviyyəniz necədir, dostlar?! Söz ehtiyatınız nə dərəcədə zəngindir, yaxud bunun üçün nə etmisiniz heç? Geyiminiz təmiz olsun istəyirsiniz, təbii olaraq, ləkəli olmasın, qırış olmasın, çirkli olmasın. Bəs nitq, bəsnitqin təmizliyini qorumaq ehtiyacınıheçmi hiss etmirsiniz?!

“Dil insanı qəfəsindən çıxarıb dünyasını rahatlıqla dəyişə bilər, sizi fərqli, xəyal belə etmədiyiniz yerlərə aparar. Amma unutmayın ki, tək bir dil öyrənmək əsla bəs etmir, ən azı iki-üç dil bilməlisiniz” (İlbər Ortaylı, “Bir ömür necə yaşanır?” kitabından). Bir neçə dil bilmək, başqa-başqa dillərdə düşünə bilmək, bu dillərin ədəbiyyatını, elmini orijinaldan oxumaq o qədər gözəl bir haldır ki. Bir dil bilən və ən azı iki dil bilən insanların hər bir şeyə yanaşması da fərqli olur, eyni bir problemə, hadisəyə bu insanlar tamam başqa cür, çox fərqli bucaqlardan baxırlar, bu artıq isbat olunub. Yeni bir dil öyrənmək qədər beyni heç bir şey böyütmür və ayıq saxlamır faktı da həmçinin. Amma necə deyərlər, “əvvəlcə evin içi, sonra çölü”. Birinci sıradakı yer ana dilinindir, bunu unutmayaq, gözəl öyrənək, gözəl ifa edək bu möhtəşəm əsəri (Ferdinand de Sössür), sahib çıxaq ona hər birimiz öz simamızda. Cünki:

“Ana dilim, səndədir, xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış,

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış” (Bəxtiyar Vahabzadə).

2024-cü il dahi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi, 2025-ci şeirlərindəki dərin fəlsəfəsi ilə ürəkləri fəth edən Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyidir. Əbədiyaşar, bizim milli dəyərlərimiz olan böyük Azərbaycan oğullarını hər zaman böyük sevgi və dərin hörmət ilə anırıq.

“Parfümer” romanını seçmək, oxumaq səbəblərimdən biri də o idi ki, adını Yer planetindən olmayan birindən eşitmişdim. Və duyduğum qədər Göy Adamları Yerdə gəlib keçən bütün əsərlərə bələd imiş. Bir Yer adamına bir Göy Adamını anlaya bilmək elə bu səbəbdən bu qədər çətin olmuş ola bilərmi?! Dahilər adi olmur, adi ola bilməz, düşüncələri, danışıqları, davranışları. Bir gün “dahi” dediyinizə, bir gün “dəli” deməyin, məncə.

Hər kəs Qeysə “cünun” deyərkən Leyli ona həmişə aşiq idi. İnsan elə bir varlıq, elə bir sistemdir ki, imtahanmı, hədiyyəmi dediyimiz bir ömrün sonunadək tək bircə nəfəri belə tam olaraq anlaya bilmək mümkünsüz bir şeydir. Bunu heç özün haqqında deyə bilməzsən, ən yaxının barədə, ən doğman barədə. Kimsə deyəndə ki: “Mən adam tanıyanam”, sadəcə gülümsəyirəm ürəyimdə, heç vaxt qarşılıq vermirəm və ürəyimdən keçirirəm ki, sən hələ ordasanmı?!(Güldünmü). Eyni duyğunu hansısa müəllim “Mənim dərsimdə yemək yemək olmaz, su belə içmək olmaz” deyəndə də keçirirəm, polemikaya girmirəm, çünki yolun başında, ən azı on il əvvəl mən də belə düşünürdüm. Hələ daha neçə onilliklərə də ehtiyacım var ki, bəlkə qismən cavab verə bilərəm ki, dərs nə deməkdir, müəllim kimdir, tədris prosesi necə olmalıdır?

Patrik Züskind ilədə bir qədər tanış olaq deyirəm (gülürsən).O,1949-cu ildə Almaniyada anadan olmuş, ali təhsilini və hərbi xidmətini başa vurduqdan sonra isə Parisə köçmüşdür.Züskind hekayə və romanlar müəllifi, dramaturq və ssenaristdir. Ona uğur gətirən ilk əsəri depressiv bir musiqiçiyə həsr etdiyibirpərdəli “Kontrabas” pyesi olsa da, dünya şöhrətini 50-dən çox dilə tərcümə edilmiş “Parfümer” romanı ilə qazanmışdır.Kiçik yaşlarında Patrik musiqi təhsili almış və fortepianoda çalmağı öyrənmişdir, sonralar onun hərflərdən yaratmış olduğu bütün əsərlərdə musiqinin müşayiəti hiss olunur. Deyilənə görə onun atası publisist Emmanuel Züskind ətrafda qonaqpərvərliyi ilə şöhrət qazanmışdır və mütəmadi olaraq insanları toplayıb “çay axşamları” təşkil edirdi. Bu mərasimlərdə yeniyetmə Patrik öz fortepiano bacarıqlarını nümayiş etdirməli idi. Bir çox əsərlərində onun bu dövrdə almış olduğu travma özünü açıq şəkildəgöstərir. 2006-cı ildə rejissor Tom Tıkver“Parfümer” romanını ekranlaşdırmışdır və film də əsər qədəruğurlu alınmışdır.

Müəllifin yazdığı əsərlərin həm qəhrəman, həm də antiqəhrəmanlarını birləşdirən ümumi bir cəhət var: onlar özlərini tapa bilməkdə, həmçinin həyatda özlərinə aid bir yer qazana bilməkdə və digər insanlar ilə kommunikasiya qurmaqda çətinlik çəkirlər.Artıq illərdir ki, Patrik Züskind öz istəyi ilə cəmiyyətdən təcrid olunaraq ailəsi ilə birlikdə gözlərdən uzaq bir həyat keçirir (gah Almaniya, gah Fransada), heç bir müsahibə vermir, şəklinin çəkilməsindən qaçır və həyatı, yaradıcılığı ilə bağlı heç bir faktı ictimaiyyət ilə bölüşmür: “İnsan üfunətindən yavaş-yavaş uzaqlaşdıqca başa düşürdü ki, on səkkiz il sərasər bu üfunət onun bağrını çatlatmış,nəfəs almağa qoymamışdı. İndiyə qədər düşünmüşdü ki, dünya elə belədir və ondan qaçıb gizlənmək, özünə qapanmaq, rədd olub getmək lazımdır. Ancaq onun xoşlamadığı dünya deyilmiş, insanlarmış. İndi ona elə gəlirdi ki, insanların olmadığı dünya ilə barışmağa dəyər” (“Parfümer”). Onun antiqəhrəmanı bütün iyləri unudub yenisini yarada bilmək üçün illər ilə özünü uzaq bir mağarada təcrid edir, amma sonra cəmiyyətə qayıdır və arzuladığını yaradır. Bəlkə, elə Züskind də özünü təkrarlamamaq, yazdıqlarını, yaşadıqlarını unutmaq üçün uzaqlaşıb və bir gün yenə də şedevr ola biləcək orijinal bir romanı ilə qayıdacaq...

Müsahibə verməkdən mümkün qədər imtina etdiyinə görə Patrik Züskind mənə dünyaca məşhur uşaq povesti “Meri Poppins”in müəllifi Pamela Treversi(Elen Lindon Qoff) xatırlatdı. Yaratdığı obraz qədər mistik şəxsiyyəti, seçimləri, qərarları ilə maraq doğuran Pamela Treversin həyatı barədə kadrları izlədikdə niyəsə rəqəmlər çox diqqətimi çəkdi: 1926 (əsər ilk dəfə çap olunub), 1956 (film çəkilməsi üçün müqavilə imzalanıb), 1996 (dünyasını dəyişib 96 yaşında).

Yeri gəlmişkən, deyim ki, hesab edirəm ki, çətirini açaraq qərb küləyi ilə uçub gələn, quşların, heyvanların dilini bilən və onlar ilə danışan sehrbaz, sevimli, kübar və ağıllı dayə Meri Poppins ilə tanış olmayan fərdin xəyal dünyası pannosunda (nə deməkdir?) çox önəmli bir parça çatmır. Mütləq oxuyun, çox maraqlıdır ki, uşaq kitablarını böyüyəndə daha yaxşı anlayırsan. Bütün dünya üzrə həm şifahi, həm yazılı ədəbiyyatda olan nağılları oxumağı və oxutmağı çox sevirəm, bütün həyat sanki nağıllardadır, yəni ki “nağıl” deyib keçməyək, çox-çox sualların cavabı elə onlardadır. Oxudum-oxudum, amma nağılçı olmadım, müəllim oldum, xəyalpərəst bir ziyalı oldum. Elə müəllimlik dəmənim nağılım deyilmi bəs?!

Artıq 40 ildir ki öz aktuallığını qoruyub saxlaya bilən“Parfümer” (1985) romanının baş qəhrəmanı Jan-Batist Qrenuydur. Hesab edilir ki, romanın əsasında olmuş bir hadisə: İspaniyada silsilə qətllər törədən cinayətkar Manuel Blanko Romasantın həyat hekayəsi dayanır. Qrenuyun işıqlı dünyaya göz açdığı andanetibarən ta ölümünün necə baş verməsi səhnəsinə qədər heç bir şey adi deyildir. O fərqlidir, başqa insanlar kimi deyil, hətta bəzən düşünürsən ki, o, ruhsuz, şüursuz, qəlbsiz bir heyvanmıdır, halbuki heyvanlarda bu cəhətlərin əksinin şahidi oluruq çox vaxt.

Qrenuy normal bir insan deyil, mental cəhətdən xəstədir, bir psixopatdır,eynən Raskolnikov kimi (“Cinayət və cəza”). Dostoyevskinin antiqəhrəmanı düşünürdü ki, “tarixdə yaşamış olan dahilər öz ideyalarının həyata keçməsi naminə minlərlə, milyonlarla insanların ölümünə fərman vermişlər. Solonlar, Napoleonlar özlərinin ali məqsədləri yolunda müharibələr etmiş və bu müharibələrdə saysız-hesabsız insan qurbanları verilmişdir. Heç kəsin ağlına belə gəlmir ki, bu qurbanlara görə onları ittiham etsin. Doğrudur, onların ideyaları böyükdür, məqsədləri alidir, lakin onların qurbanları da çoxdur”. Raskolnikov da Qrenuy kimi cinayəti ehtiyac ucundan və adi qarət məqsədi ilə törətməmişdir. Onun cinayətinin əsasında da ideya və bu ideyanın həlli cəhdi dayanırdı.Bu kimi düşüncələri, sağlam ağıl ilə idarə olunmayan “cəsarətləri” ilə onlar cəmiyyətdə “yaşaya bilir”, bir müddət ərzində hər şeyi ört-basdır edərək ətrafıinandıra bilirlər(Mirzə Fətəli Axundzadənin Şeyx Nəsrullahı, kimyagəri kimi).

“Həmin dövrün şəhərləri sizin, müasir insanların təsəvvür edə bilmədikləri dərəcədə üfunət saçırdı (XVIII əsr). Fransada ən böyük şəhər olduğuna görə ən dəhşətli üfunət mənbəyi də elə Parisdə idi. Parisin özündə O-Fer və Ferroni küçələri arasında Günahsızlar Qəbiristanlığı adı ilə tanınan bir yer var idi ki, buranın üfunəti lap cəhənnəm qoxuyurdu. Bax elə burda, krallığın ən üfunətli yerində... Jan-Batist Qrenuy dünyaya gəldi”.

Onun doğulma səhnəsi belə insanı dəhşətə gətirir. Qrenuyun anası sancılar başlayanda balıq piştaxtasının arxasında durub vedrədən çıxardığı balıqları təmizləməklə məşğul idi. İstəyirdi ki, bu ağrı dayansın və mənfur doğuş tezliklə arxada qalsın. O, artıq beş qarın doğmuşdu, bütün uşaqlar ya ölü, ya yarımcan doğulmuşdular. Bu uşaqlar nəfəs alıb verincə dünyadan köçür və ətrafdakı adamlar həmin uşaqları kürəklə birlikdə əl arabasına qoyub ya qəbiristanlığa tullayır, ya da çay aşağı axıdırdılar.

Bu dəfə isə gözlənildiyinin əksinə oldu, içalatla kəsilmiş balıq başlarının arasında uzanmış körpə qışqırmağa başladı. Çağırılan polis uşağı dayəyə verdi, anasını isə həbs etdilər. Qadın uşağı acından öldürməkl niyyətində olduğunu etiraf edir və bir neçə il keçdikdən sonra onu Qrev meydanında qətlə yetirirlər.

Üfunətli mühit, tükürpədici doğuş mənzərəsi, ürəksiz “ana”... Yazıçı ilk anlardan bizə doğulmadan ölməsi arzulanan, yaşaması ilə ölümə bais olan insan cildli əcaib bir varlğın gəlişi barədə ismarıc vermirmi?! Belə priyomlar, belə paralellər ədəbiyyatda çoxdur. Mirzə Cəlilin Xudayar bəyə verdiyi təsvir təsadüfi deyildir: “Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Üzü qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın canına vahimə ötürür. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana” (“Eşşəyin itməkliyi”). Ədəbiyyatda daha çox forma və məzmun baxımından səsləşmələr müşahidə edirik, lakin bunun əksini gördüyümüz obraz və anlayışlar da vardır, eynən həyatın özündə olduğu kimi (Əfsanəyə görə ilan işıldaquşu yemək istəyir, sadəcə onun işığından və parlamasından rahatsız olduğuna görə, güldünmü sən, mən də).Bunun ən bariz nümunələrindən biri taleyin Parisin Notrdam kilsəsinə məhkum etdiyi çirkin, qozbel, lakin zəngin mənəviyyatlı, böyük və gözəl ürəkli, azad ruhlu Kvazimodadır (Viktor Hüqo, “Paris Notrdam kilsəsi”).

Düşünürəm ki, əgər kimsə qadına, yaxud kişiyə bəslədiyi münasibətəsırf onun görünüşünə, yaxud hansısa kimyəvi dekorativ vasitələrdən istifadəsinə görə, etdirdiyi plastik, estetik əməliyyatlara görə rəng qatacaqsa,eləonun ömründən saçlarındakıbəyaz çığırlar ilə çıxıb getsəyaxşıdır.Türk aktrisası Ecem Erkekyaratdığı məşhur Naimə obrazının dilindən “dünyaya, insanlığa, qəliblərə” bir sual ünvanladı: “Niyə baş rollar üçün həmişə gözəllər axtarılır, gözəl olanlar seçilir?!”. Həqiqətən, düşünməyə dəyməzmi ki bu niyə belədir ki axı? Biri hündürboylu olar, biri qısaboylu, bir gözəl olar, biri çirkin, hər xanım incəbelli, yaxud boynu uzun Burlaxatun olmaz ki, ola bilməz ki. Bunun üçün həyati təhlükə daşıyan əməliyyatlara girməyə bir ehtiyac varmı ki, əgər insan özü ilə barışıq olarsa, özünü olduğu kimi qəbul edərək təqdim etməyi bacara bilərsə hər şey çox gözəl olar. Daha özünü məşhur gəlinciklərə, podiumda o tərəf bu tərəfə var-gəl edənlərə bənzətməyə də heç bir ehtiyac qalmaz.

Qrenuy əsər boyunca qoxularını əldə etmək üçün 25 nəfər gənc və gözəl xanımı çox soyuqqanlı, planlı və qəddar bir şəkildə qətlə yetirir. İlk dəfə 12 yaşı olanda insan izdihamı içərisində burnuna o ana qədər ona tanış olmayan fərqli bir qoxu dəyir: “Ətir lent kimi Sena küçəsi boyu uzanırdı, bu ətir təkrarsız olduğu qədər də zərif və incə idi. O, buna oxşayan, bununla müqayisəyə gələ bilən nəsə bir şeyi yadına salmaq istəsə də, heç bir müqayisə karına gəlmədi. Bu ətrin içində təzəlik vardı: ancaq bu təzəlik limetta və ya narıncın təzəliyi deyildi, özündən ətir saçan mirraya və ya qəhvəyi yarpaqlara, yaxud nanəyə, yaxud tozağacının şirəsindən gələn ətirə və ya küknar yarpaqlarına, may ayında səpələnən yağışa, şaxtalı küləyə, bulaq suyuna bənzəmirdi”. Onu sanki əsir götürən bu ətirin ardınca gedir və bir həyətə daxil olur. Orada 13-14 yaşlı bir qızın oturub mirabel (sarı gavalı) təmizlədiyini görür və başa düşür ki, həmin qoxunun mənbəyi odur. Qızı boğaraq öldürür və canındakı bir damcı ətri belə itirməkdən qorxaraq ciyərlərinə çəkib udur.

“Parfümer” romanı boyunca onun antiqəhrəmanının bir çox məkanlarda olduğunu izləyirik,deyilənə görə Patrik Züskind əsəri yazmazdan əvvəl eyni yol xəritəsi ilə bütün bu yerlərə səyahət etmiş, həmçinin ətriyyat istehsalatına daxil olaraq bu sahənin incəliklərini öyrənmişdir. Müəllif Qrenuyu bir çox yerlərdən keçirir, lakin sonda onu doğulduğu yerə qaytarır və qatilin hekayəsi elə başladığı yerdəcə-Günahsızlar Qəbiristanlığındabitir. Digər insanlardan fərqli olaraq lap körpəliyindən (“südə batırılmış peçenye iyi gəlmir, onu iyləyənin burnuna ancaq soyuq hava dəyir”) özünəməxsus qoxusu olmayan bu “iysiz və ətriyyat səltənətinin dahisi” ömrü boyunca dillərə düşən bir çox möhtəşəm ətirlər hazırlayır. Onun ölüm səhnəsi də dünyaya gəlməsi qədər ağlasığmazdır: “Əlində tıxacını çıxardığı kiçik şüşəsi olan mavi gödəkcəli balaca adam onların (gecə vaxtı tonqal ətrafına toplaşan quldurların) arasında yerin altından çıxmış kimi peyda oldu.Ətir şüşəsinin içindəkini üstünə tökdü və birdən-birə gözəllik saçmağa başladı. Hər kəs ondan bir parça, bir tük, qanad, onun sehrli alovunun bir qığılcımını qoparmaq istəyirdi. Göreşən kimi onun üstünə atılıb paltarlarını, saçlarını, bədəninin dərisini qopardılar, tüklərini yoldular, tikə-tikə etdilər, dırnaq və dişlərini onun bədəninə sancdılar”.

Mənim günortalar gördüyüm bir Röyam var və o deyir ki: “Sən esseni yazı kimi işləyirsən, hətta ilk yazında əvvəl elə bildim ki, bədii əsərdir. Hətta bu xüsusi istedaddır, esse yazmaq elə əslində əsər yazmaqdır. Mən həqiqətən maraqla oxuyuram, çünki orada yazıçı ürəyi var. Səmimiyyətdən kənar söz xatirinə nəsə deməyi sevmirəm, uzaqbaşı susmağı üstün tutaram. Amma yazıların çox dərindir və savadlıdır, üstəgəl dilçisən və intellektin yazıda öz sözünü deyir. Analitik mövqe ortaya qoya bilirsən və oxuyan da anlayır ki, yazan çox məlumatlıdır. O qədər məlumatı mərkəzə, əsas problemə çəkmək asan deyil. Geniş və dərin mütaliəsi olmayan biri bunu heç vaxt bacarmaz. Mən bir şeyi də deyim ki, ədəbiyyatşünaslıqda ən mükəmməl yazıları həmişə yaxşı dilçilər ortaya qoyub. Mən dilçilərin əsərə baxışına yaxşı mənada məəttəl qalıram. Burada nəsə sirr var”.

Artıq üçüncü ilə keçir ki, “dillər və ədəbiyyatların” qovşağındayam. Məxsusi olaraq ikinci qisim mənə o qədər müsbət təsir edib ki, elə gözəl bir şəkildə bəhrələndim, cəsarət tapdım bu yazıları yazmaq üçün, xeyir-dua aldım peşəkar insanlardan.

Məni Sizə rast gətirən taleyə çox minnətdaram, gözəl insanlar, yaxşı ki həyatımda varsınız. Məni daha kim saxlaya bilər ki, yazaram, çox yazaram, təki siz oxumağı istəyin. Hələ bir müdrik də deyib ki, “sizin üslubunuz uşaqlıq və yeniyetməlik keçirmədi, doğuldu, yeridi və böyüdü”. Burada gözəl bir musiqi səslənir qulaqlarımda: “Harda olsam gələrəm, təki sən səslə məni..” (Siz də eşitdinizmi bu gözəl sədaları, sonrası necə idi? Gülürəm..).

# 338 dəfə oxunub

Müəllifin son yazıları

# # #