"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi
21 noyabr 2025
# 17:30

21 noyabr alman ədəbiyyatının tanınmış şair və dramaturqu Heynrix von Kleistin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı haqqında materialı təqdim edir.

Alman romantizminin ən mürəkkəb və parlaq simalarından biri olan Heynrix Vilhelm von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurtda dünyaya gəlib.

Şair, hekayə və novella müəllifi kimi tanınan Kleist öz pyeslərində daxili mübarizəni, psixoloji gərginliyi və faciəvi taleni mərkəzə çəkərək alman ədəbiyyatında unikal bir iz qoyub.

Kleistin həyatı özü kimi ziddiyyətli idi: gənc yaşlarında Prussiya ordusunda xidmət etdi, daha sonra hüquq və fəlsəfə təhsili aldı, Berlin, Paris və İsveçrə arasında dəyişən həyat ritmi onun həm dünyagörüşünü, həm də yaradıcılığını formalaşdırdı.

İsveçrədə dostlarına oxuduğu ilk faciə əsəri - “Şroffenşteyn ailəsi” onun dramaturq kimi yetişdiyi dövrün başlanğıcı sayılır.

Almaniyaya döndükdən sonra Höte və Şiller kimi nəhənglərlə görüşsə də, taleyin sərtliyi onu heç vaxt tərk etmədi; 1807-ci ildə fransız əsgərləri tərəfindən “casus” adı ilə həbs edilməsi Kleistin psixoloji vəziyyətini daha da ağırlaşdırdı.

Azadlığa çıxandan sonra “Föbus” qəzetini nəşr etdi və yaradıcılığında ən gərgin dövrə qədəm qoydu.

Berlin həyatının son illəri həm məhsuldar, həm də iztirablı idi. Burada “Berliner Abendblätter” qəzetini nəşr edərkən ölümcül xəstəliyə tutulan musiqiçi Henriette Vogel ilə tanış oldu.

1811-ci ildə xəstəliyinin ağırlaşdığını öyrənən Vogel ondan yardım istəyəndə Kleist ona birlikdə həyatdan ayrılmağı təklif etdi. 21 noyabr 1811-ci ildə Kleiner Vannsee sahilində baş verən bu birgə intihar, yazıçının taleyinə son nöqtəni qoydu. Onun məktubundakı “Bu planetdə mənə heç bir yardım əli uzanmadı” cümləsi daxili tənhalığının ən kəskin ifadəsi kimi yaddaşlarda qaldı.

Kleistin yaradıcılığı romantik idealın gerçəkliklə toqquşduğu məqamların poetik səhnəsidir. O, alman dramaturgiyasının ən önəmli adlarından biri sayılır və bunu onun ardıcıl şəkildə dünya ədəbiyyatına təsir edən əsərləri də sübut edir.

Yazıçının ən tanınmış əsərləri arasında faciəvi məzmunu ilə seçilən “Şroffenşteyn ailəsi”, məhəbbət və təbiət qüvvələrinin fövqündə qurulan “Çilidə zəlzələ”, klassik motivləri özünəməxsus tərzdə yorumladığı “Amptryon”, alman komediyasının incilərindən sayılan “Qırıq test”, Hötenin “səhnələşdirilməsi mümkünsüzdür” dediyi “Pentesileya”, güclü qadın obrazı ilə seçilən “Die Marquise von O”, həm milli ruhu, həm də döyüş psixologiyasını əks etdirən “Hermansçlaxt”, sarsıdıcı dramatizmi ilə məşhur “Homburq şahzadəsi”, tarixi-dramatik tonu ilə “Balaca Katerina”, hüquq və ədalət məsələsini kəskin işıqlandıran “Maykl Koxlaas” və onun son dövrünün diqqətçəkən novellaları olan “Duel” və “Küçə uşağı” var.

Stefan Sveyq “Özləri ilə döyüşənlər” kitabında Kleistə həsr etdiyi fəsildə onun içindəki bitməz gərginliyi və ruh savaşını təsvir edərək yazıçının nə qədər mürəkkəb bir şəxsiyyət olduğunu daha da aydın göstərir.

Kleist bütün həyatını ideal və xəyal olunan bir xoşbəxtliyi tapmağa çalışmaqla keçirdi və bu axtarış onun çox əsərində öz əksini tapıb.

O, Şimali Almaniyanın indiyə qədər yetişdirdiyi ən mühüm romantik dövr dramaturqlarından biri hesab edilir.

Kleist Alman ədəbiyyatında xüsusi yerə malikdir. Onun intiharı isə 2015-ci il istehsalı “Fou d'amour” filmində ekranlaşdırılıb.

# 143 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər