Osmanlıları sevməmiş deyiləm. Madam ki, “böyük qardaşımızdırlar” kiçiklik eləyib, susmağımız lazımdı. Amma...
Qıcıq oluram onlara hərdən. İllah da, öz filmlərində, TV-lərində bir azərbaycanlı obrazını təqdim etdikləri zaman. İronik bir yanaşma görməmiş deyiləm. Amma abi, bir yere kadar, her şeyin bir haddi var ya...
“Yahşi cazibe” adlı bir serialları var. Vallah, dəqiq deyə bilməyəcəm indi. Ya ATV-dən yayımlanır, ya Kanal D-dən. Xüsusən azərbaycanlı qadın obrazı məni qıcıqlandırdı.
Hardansa, necəsə bir azərbaycanlı qız, özü də “qız başlı qız” ya... gəlib düşüb Türkiyəyə. Nə anası var, nə babası, nə Türkiyədə bir qohumu, subay, yarımnişanlı bir oğlanın evində yaşayır. Dəqiq statusu da bəlli deyil ki, bu namuslu qız (70-ci illər türk kinosunun içindən çıxıb elə bil, Cüneyt Arkının, Kadir İnanırın köylü sevgililərinə oxşayır) kişinin nəsi oluyor? Kişi məmləkətdən gələn ata-anasına yalandan “karımdı” deyə təqdim elədiyi Cazibəni yarımnişanlısına xadiməsi kimi təqdim eləyib.
Cazibə də nə Cazibə... Ağır oturan, batman gələn, işli-güclü, əlindən gül tökülən, türk börəyini türk arvadlarından yaxşı bişirən, qapalı geyinən, ayrıca dilli-dilavər, hazırcavab azəri qızıdır. Savadı yox, təhsili yox, müasir türk qadınları kimi fransızca, ingiliscə çırtlada bilmir. Heç olmasa, arada-bərədə rusca da qırıldatmır.
Evində qaldığı kişinin yarımnişanlısı isə, işgüzar, modern, Avropa dəyərlərinə uyan, fransızca çırtlayan, itli-mitli, işgüzar türk qızıdır. Mətbəxə girməz, girsə də, yarıtmaz, Cazibəyə də doqquz mərtəbədən baxır.
Hələ bu Yahşi Cazibənin dilini demirəm. O qız nə dilində danışır, bir Allah bilir. Elə götürək bu Yahşi sözünü, əvvəl elə bilirdim Vahşi Cazibədir, sonra dedilər ki, yox, diqqətlə oxu, Yahşi Cazibədir, dedim, “Yahşi” nə deməkdir, dedilər ki, guya yaxşı deməkdir. Ha-ha-ha...
Bu günlərdə gözüm sataşıb, görəm “Eti cicibəbənin” qutusunun üstünə guya Azərbaycanca yazıblar: “Məmullarımızın heç birinin tərkibində donuz piyi və qarışıqları yoxdur”. O boyda Türkiyədə Azərbaycanca yaxşı bilən bir nəfər tapmayıblar ki, “məmullarımızın” yerinə “məmulatlarımızın” yazmağı tövsiyə eləsin, sadəcə, əhəmiyyət verməyiblər.
“Çox gözəl hərəkətlər bunlar”da (Kanal D, istirahət günləri, bizim vaxtla axşam saat 10-da) da tez-tez müxtəlif axmaq, Şabana bənzər azəri obrazlarına rast gəlirik. Hamısı da savadsız, Türkiyəyə beş-on manat qazanc dalınca gəlmişlər.
“Kurtlar vadisi” serialında eşitdiyim bu söz qulağımda sırğa olub: “ərəbdən arvadını, türkdən canını, azəridən malını qoru”. Belə baxanda gəlişigözəl sözdür. Amma böyük qardaş kiçik qardaşa belə də qıyarmı?
Bu yaxınlarda Masazırda oğurluq hadisəsi oldu. Türk ər-arvad işlədikləri mağazanın sahibindən nə az, nə çox iyirmi min manat oğurlayıb qaçdı. O zaman “Kurtlar vadisi”nin o acı kəlamı yadıma düşdü. Düşməzmi ya?
Bəlkə də tənqid eləyirlər ki, biz tənqiddən nəticə çıxaraq?
O da ola bilər. Gəlin, hər şeyi yaxşıya yozaq, türklər demişkən, belə kötümsər olmayaq. Nə də olsa, böyük qardaşımızdırlar. Belə olmasaydı, gücənərdim vallahi...
Kusura bakma, abi...
7 sentyabr 2011
13:59
3034 dəfə oxunub