Uşaqlarını atıb başqasıyla qaçan qadın əcəb edib!

Uşaqlarını atıb başqasıyla qaçan qadın əcəb edib!
5 yanvar 2015
# 15:00

Sevda Sultanova

İnqmar Berqmanın “Ailə həyatından səhnələr” televiziya filmi 1973-cü ildə ekranlara çıxandan sonra İsveçdə boşanmaların sayı artdı.

Nikahından narazı cütlüklər Berqmana zəng edib ondan məsləhət, bəzən də küçədə yaxınlaşıb kömək istəyirdilər. Hətta iş o yerə çatdı ki, rejissor telefonun nömrəsini dəyişməyə məcbur oldu.

Qısaca onu deyim ki, bu kamera filmi bir cütlüyün ailə həyatını danışır: kişi qadına xəyanət edir, onlar boşanır, sonra yenə bir araya gəlir, dalaşır, sevişir, bir-birini acılayır, ayrı yaşaya bilməyəcəklərini anlasalar da ailə ola bilmir və... bütün bunların sonu görünmür.

Çox güman ki, orta statistik vətəndaşımız bunu oxuyub məlum klişe fikri bəyan edər ki, nırç-nırç, görürsüz də, seriallar, televiziya, internet əxlaq pozucusudur və s.

Amma mən bu məsələyə fərqli yanaşıram. Məsələn, düşünürəm ki, əksinə, bu, yaxşıdır. Berqmanın filmi bir-birinin gününü göy əskiyə bükən ailələrə boşanmaq, həyata yenidən başlamaq, saxta, qəlibləşmiş ailə dəyərlərini qırıb qısa ömürlərində fərdi, azadlıq ideyasını önə çəkmək cəsarətini verib.

...Dünən yenə saytlarda ailəli qadının bir kişi ilə qaçması haqda xəbər oxudum. Siyəzənin Gilgilçay kəndində beş uşaq anası internetdə tanış olduğu şəxslə gedib.

Bundan əvvəl Qubadan iki uşaq anası Tamilla Baxışovanın internetdə tanış olduğu kişi ilə qaçdığı açıqlanmışdı.

Və bütün bu tanışlıqlarda vasitəçi internetdir.

Baş verən hadisələr texnologiyaya əxlaqsızlıq, ədəbsizlik dalğasının yayıcısı kimi baxan azərbaycanlıların əlinə əla fürsət və dəlil verir: internet ailələri dağıdır, milli mənəvi dəyərlərimizə zərbə vurur, ailə institutunu məhv edir və s.

Acınacaqlısı odur ki, ölkədə baş verənləri fundamental şəkildə araşdıran sosiologiya institutu demirəm, heç bir neçə peşəkar sosioloq da yoxdur. Yəni baş verənlərin nə kimi səbəbləri var? Özü də nədən mühafizəkar əyalətlərdə qadınların yuvalarını tərk etməsi intensivləşib? Niyə övladına mülkiyyətçilik dərəcəsində bağlı olan ana onları atır? Niyə, niyə, niyə?

Keçənlərdə tanışımız belə hadisə danışmışdı ki, bir əyalətdə (yenə əyalət!) imkanlı ailənin gəlini və üç uşaq anası olan gənc qadın internetlə tanış olduğu kişiylə gedib. Və ailəsinə belə deyib: “Mən öz həyatımı yaşamaq istəyirəm”.

İfadə yadıma istər-istəməz J.L.Qodarın “Öz həyatını yaşamaq” dramı düşür. Orda da Nana ailəsini tərk edir. Azad, həyatını arzu etdiyi kimi qurmaq istəyir. Amma gerçəklik, maddi çətinliklər, sosial problemlər ucbatından azadıq ona baha başa gəlir.

İndi mənə elə gəlir ki, evlərini tərk edən qadınlar Nana kimi öz həyatını yaşamaq istəyənlərdi. Onlar çox güman ki, türk seriallarında sosial müstəqillik, hüzurlu yaşam uğurunda mücadilə edən qadınlarla özlərini identikləşdirir, ayaqları üstdə durmaq, şəxsi həyatlarına, “mən”lərinə sahib olmaq, sosial asılılıq olmadan yaşamaq istəyirlər. Bu mənada düşünürəm ki, əskinə seriallar insana özünüdərk imkanı verir, hər şeydən əvvəl öz kimliyi barədə suallar doğurur.

Bölgələrimizdə qadınların çoxu 15 yaşında ərə gedir. Ərə getməkdən başqa çarəsi yoxdur çünki. Kənddə ala-yarımçıq təhsil almış, hər mənada passiv, statik cəmiyyətdə onu başqa hansı gələcək gözləyə bilər ki?! Təklif edilən vəziyyətdə yeganə perspektiv ailədir.

Beləcə qadın uşaqlığından tam ayrılmamış ərə verilir, uşaq doğur, yeknəsəq məişət, ailə qayğıları ilə yaşayır.

Seçim imkanı yox, dəyişiklik üçün Allahın köhnə kinoteatrı yox, teatr yox, təbiətdə “uikend” ənənəsi yox, restorana gedə bilməz. Bar, kafe, restoran ənənəsi heç paytaxtda formalaşmayıb, o ki, qaldı bölgələr ola. Kişilərin yenə də pis - yaxşı seçim imkanı - ən azı çayxanada oturmaq seçimi var.

Bu qadınları “qınamaq”, səbəbləri araşdırmadan “linçləmək” problemin çözümü deyil. Qınamaq demişkən, xəbər saytlarından biri beş uşaq anasının qaçması xəbərinə “rüsvayçı hadisə” sözlərini də əlavə etmişdi. Normal savadı olanlar bilir ki, xəbərdə münasibət bildirmək yolverilməzdir, jurnalistikanın qaydalarına ziddir.

Ölkədə alternativ həyat tərzləri seçimi məişət, sosial azadlığı üçün imkanlar olmayınca, sosial durum yaxşılaşmayınca, təsəvvürümüzdəki ailə klişeleri dağılmayınca, qadının, kişinin şəxsi həyatına mülkiyyətçi münasibət olduqca hələ neçə gəlin ailəsini tərk edəcək.

Bir neçə gün əvvəl keçən ilin ən yaxşı filmlərindən sayılan Riçard Linklayterin “Yeniyetməlik” filmini izlədim. Fraqmentlərlə bir ailənin taleyindən danışan əhvalatda qadın uşaqlarını düzgün tərbiyə etməyə çalışır, pis-yaxşı karyera qurur, boşanır, yenə ailə qurur, stress alır, ruh düşkünlüyünə qapılır, yaxşı günləri də az olmur. Və filmin sonunda uşaqlarını başqa şəhərə yola salanda bir anlıq yaşadığı ömrünü nəzərdən keçirir. Və özünə ekzistensial sual verir: “Bəs sonra? Sonra nə olacaq”. Amma buna rəğmən bu qadın heç olmasa seçiminin, arzularını gücü çatdığı qədər yerinə yetirdiyi, cəhd göstərdiyi üçün xoşbəxtdir.

# 1251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #