“Naməlum Axundov” tamaşasına çoxdan baxmaq istəyirdim.
Nəhayət, bir neçə həftə əvvəl Yuğ Teatrında rejissor Gümrah Ömərin quruluşunda tamaşanı izlədim.
Tamaşa şənbə günü idi. Gecikməmək üçün 10-15 dəqiqə əvvəl tez gəlmişdim. İçəri girəndə gözüm dərhal Rəşad Məcidə sataşdı. Görüşdük, hal-əhval tutduq.
Bizdən bir az aralıda əvvəl televiziya tamaşaları rejissoru olmuş, indi isə filmlər çəkən Ramiz Həsənoğlu dayanmışdı. Rəşad müəllim dedi, “Ramiz müəllimlə tanışsan? Gəl, səni tanış edim”. Birdən nəsə xatırlayıb dayandı:
- Yoxsa, onu da tənqid eləmisən?
- Hə, Axundov haqda çəkdiyi filmə görə.
Nəsə, Rəşad müəllim məni R.Həsənoğlu ilə tanış etmək fikrindən daşındı. Sonra ümumən, bu film haqda yazılan mənfi fikirləri, daha doğrusu ssenari müəllifi Anarın tənqid olunmasına tənqidi münasibətini bildirdi, razılaşmadığını, qərəz olduğunu söylədi...
Rəşad müəllimə dedim ki, “Sübhün səfiri” filminin uğursuz alınmasında Anarın günahı çox deyil. Çünki film rejissorundursa, bütün məsuliyyəti o, daşıyır. Ssenari zəif, keyfiyyətsiz ola bilər. Amma rejissor yaxşıdırsa, nə istədiyini bilirsə, o, mütləq ortaya keyfiyyətli bədii məhsul çıxaracaq.
Yəni məqalədə yazdığım kimi bu işbirliyində dominant ssenaristdir və rejissor da ssenarini olduğu kimi sadəcə lentə köçürməklə kifayətlənib. Və bir rejissor kimi individual baxışını ifadə
etməyib.
...Qayıdaq tamaşaya. Tamaşa başlandı.
“Naməlum Axundov” “Yuğ”da, ümumiyyətlə, son illər müxtəlif teatrlarda izlədiyim ən maraqlı tamaşalardan biridir: quruluşuna, Axundov tematikasına münasibətinə görə.
Azərbaycanın fikir tarixində inqilab eləmiş Axundov həmişə aktualdır. Çünki əsərlərin yazılma tarixindən bu yana cəmiyyətin düşüncəsində bir çox şeylərə münasibətdə köklü dəyişikliklər olmayıb. Və tamaşada əsərləri vasitəsi ilə günümüzə uyğun mesajlar verilir. Dinə cahil münasibət, onu dar çərçivədən anlamaq, qadın haqları, proqressivliyə qapalı olmaq - bu, tamaşanın əsas xəttidir.
Rejissor Gümrah Ömər dram, komediya, faciə elementlərini son dərəcə orqanik birləşdirib. Tamaşanın hazırlanmasında Axundovun bir neçə əsərinin - “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanın vəziri”i və “Kəmalüddövlə məktubları”nın süjetlərindən istifadə edilib. Kollaj texnikası ilə bütöv bir əsər hazırlayıb, təhkiyədə qırıqlıq yaratmadan əsərdən əsərə rəvan keçidlər qurub. Nəticədə tempo-ritmi dinamik, koloritli tamaşa alınıb.
Adama hərdən elə gəlirdi ki, bu proses hansısa mistik, gözəgörünməz ələ tabedir və janrlar dəyişdikcə bu əl, aktyorları da, tamaşaçını da fərqli ovqatdan-ovqata salır.
Tamaşanın janr eklektikliyi aktyorlara ən müxtəlif amplualarda oynamaq imkanı verir. Gülzar Qurbanovanın, Yaqut Paşazadənin, Zümrüd Bəxtiyarın çevik plastikası, sürətlə dəyişən mimikaları, xarakterləri heç şübhəsiz ki, tamaşanın əsas hərəkətverici güclərindən idi.
Diqqətimi Məmməd Səfanın oynadığı dərviş Məstəli şahı obrazına rejissorun bir balaca əl gəzdirməsi idi. Obraz təkcə fırıldaqçı, mənfəətpərəst yox, həm də seksual qayğıları olan şorgöz kişi kimi təqdim olunub.
.... Tamaşa bitir. Az sonra tamaşaçılar “Yuğ”un kiçik gözləmə zalında aktyorlarla təəssüratlarını bölüşür. “Yuğ”un bu yanını çox sevirəm: aktyorların hər tamaşadan sonra seyrçilərlə ünsiyyətdə olmasını, səmimiyyətini, fikir mübadiləsi aparmasını, tamaşaçı ilə arasında baryer qurmamasını.
... Tamaşa zamanı R. Həsənoğlu öndə oturmuşdu, səhnəni maraqla seyr edirdi.
Yadıma düşdü ki, “Sübhün səfiri”nin ən uğursuz səhnələrindən biri Axundovun əsərlərinin kollajdır. Filmdə kollaj fəndi alınmamışdı, əsərlərdən hissələr ümumi kompozisiyada artıq, qondarma element kimi görünürdü. Və qeyri-peşəkarlıqla işlənən ədəbi parçalar süni şəkildə bir-birinə yamaq edilmişdi.
...Görəsən, R.Həsənoğlu minimal büdcə hesabına keyfiyyətlə hazırlanmış “Naməlum Axundov”a baxanda, onu - böyük büdcəylə çəkilmiş, fəqət, milli kinomuza heç bir iz qoymayan “Sübhün səfiri” filmi ilə müqayisə etdimi?