Efirdə müğənni barışdırma rəzilliyi

Efirdə müğənni barışdırma rəzilliyi
5 dekabr 2014
# 12:33

Azərbaycan televiziyası tarixində müğənnilər arasındakı şəxsi konflikti ilk dəfə efirə gətirən AzTV olub. 1995-ci il “Gecəyarı” proqramında...

Sevil Nuriyevanın aparıcılığı ilə münasibətləri nahamar olan Flora Kərimova və İlhamə Quliyeva qarşı-qarşıya gəldi. Proqram rezonans doğurdu.

Veriliş ilk dəfə idi ki, məşhur adamların şəxsi münasibətlərini geniş auditoriya önünə çıxarmaqla televiziya klişelerini, standartlarını qırdı.

Standartların qırılması əlbəttə ki, həmişə yaxşıdır.

Yenilikdir, yeni nəfəsdir.

Amma müğənnilərin şəxsi münaqişəsinin televiziyaya çıxarılması bizə baha başa gəldi. Və ən pisi ümumilikdə televiziyanın sonrakı inkişafına ciddi maneə törətdi.

1995-ci ildən bu günə kimi telekanallarda müğənnilərin dalaşması, bir-birinə təhqiramiz ifadələr ünvanlanması milli teleməkan üçün vaz keçilməz telenormadır.

Telekanallar da öz növbəsində reytinqə görə müğənniləri dalaşdırdır, söydürür. Arada yorulub əldən düşəndə başqa motivli tamaşaya əl atdılar: Müğənniləri milyonların qarşısında canlı efirdə barışdırmaq...

Bu tip barışın, yanılmıramsa, geniş miqyasda əsasını “Space” in “Gecə kanalı” proqramında Nərgiz Cəlilova qoymuşdu.

O, Aygün Kazımovanı, Zülfiyyə Xanbabayevanı, Faiq Ağayevi, Samir Bağırovu bir yerə yığıb barışdırmağa cəhd elədi.

Aparıcı, müğənnilərin ilk dəfə səhnəyə çıxdığı 1988-ci il “Bakı payızı” müsabiqəsi xatirələrini paylaşaraq onları yumşaltmağa çalışdı. Sonda hamı bir-birinə əl verdi. Təkcə bir nəfər bu əlsıxma mərasiminə qatılmadı - Faiq Ağayev. O, qatılmadığını ona ab-havanın saxta gəlməsi ilə əsaslandırdı. N.Cəlilova canlı efirdə pərt oldu, doluxsundu və proqram fiaskoya uğradı.

Sonra N.Cəlilovanın barış ideyasını Kamran Həsənli o zaman özünün “Space” kanalındakı şousunda davam etdirdi, dedi ki, bəs bütün məktəblər, idarələr ancaq bu proqramı müzakirə edir, narahat olurlar və s.

Əgər Somalidən bir adam proqramları izləsə, heç şübhəsiz özünü Alisa kimi möcüzələr ölkəsində hiss edər. Düşünər ki, nə ideal, qayğısız cəmiyyətdir, intihar problemləri yox, sosial problemləri yox, torpaq problemləri yox. Tək dərdləri müğənnilərin sülh, əmin-amanlıq şəraitində yaşamaq üçün var-qüvvələri ilə çalışmalarıdır.

Dünən də “Xəzər” kanalında aparıcı Zaur Kamal “5/5” verilişində Zöhrə Abdullayeva ilə

Mətanət Əsədovanı barışdırırdı.

Teymur Əmrah studiyaya zəng vurub, İlhamə Quliyeva intonasiyasında - ağbirçək, ağsaqqal məsləhəti verərək onları barışığa çağırdı: “Zöhrə Mətanətin anası yaşındadır, Mətanət də Zöhrənin qızı yerində. Barışın”.

Zaur da 9 milyonun onları izlədiyini deyərək israrla barışığa dəvət elədi.

Uzun sözü qısası, yazını yazmaqda məqsədim nədir?

Bu tip proqramlar hazırlayan televiziya adamlarına bir neçə sual ünvanlamaq istəyirəm:

- Cəmiyyətin inkişafında xüsusi rol olmayan bu təbəqənin sənətə dəxli olmayan, şəxsi mübahisələrini həşirlə, ölkənin olum-ölüm dilemması kimi təqdim etməkdə məqsəd nədir?

- Əgər bu, şoudursa, konsepsiyası nədən ibarətdir, hansı şou standartlarına uyğundur?

- Yox, əgər şou deyilsə, ciddidirsə, onda barış mərasimlərinin ictimai funksionallığı nədədir?

- İnsanlar üçün hansı sosial əhəmiyyəti daşıyır?

- Və tamaşaçıya nə kimi mühüm informasiya verir?

Rəzillikdir, vallah...

# 1455 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #