Azərbaycanın televiziya və radio kanallarının vətən qarşısında iki mühüm, danılmaz “xidməti” var: Birincisi, əllərindən gələni ediblər ki, adam janrından asılı olmayaraq hər cür musiqiyə nifrət eləsin.
Nəticədə musiqi insan beynini passivləşdirən, onu düşündürməkdən məhrum edərək duyğuların əsirinə çevirən manipulyasiya vasitəsinə çevrilib.
İkinci xidmətləri odur ki, Azərbaycan dilinə eybəcər intonasiyalar, rənglər gətiriblər.
...Ara-sıra bizim radio kanallarını dinləyirəm.
Yuxarıdakı səbəblərdən musiqi ilə çox aram olmadığı üçün Azərbaycan Dövlət Radiosunun müxtəlif mövzularda verilişlərini, radiotamaşalarına qulaq asıram.
Özəl radioların isə proqramlarını ümumiyyətlə, dinləməyə hövsələm çatmır. Aparıcıların bir qismi rus, bir qismi ingilis aksenti ilə danışır. Müəyyən bir qisim də var ki, onların ümumiyyətlə, hansı dilin vurğuları ilə danışdığını müəyyənləşdirməyə çətinlik çəkirəm.
Fransız rejissoru Klod Faraldonun “Temrok” adlı filmi var. Filmdə personajlar anlaşılmaz dildə danışır, sanki vızıldayır, mızıldayır. Həmin qisim aparıcıları da o personajlara bənzədirəm.
Xəbər oxuyanda, müsahibə alanda vergül, vurğu, pauza gözlənilmir, sözlər düzgün tələffüz olunmur.
Adamı fikir alır ki, bu aparıcılar nə cür məktəbdə təhsil alıblar, hansı aparıcılıq kursunu keçiblər ki, təqdimatlarındakı dil bu qədər bərbaddır.
İstər televiziya, istər radio aparıcılarının ciddi problemlərindən biri danışarkən özünəməxsus intonasiyalarının olmamasıdır. Yəqin ki, onların çoxu heç fərqində deyil ki, həm dilin, həm də hər insanın öz intonasiyası var.
Ona görə də eyni tərzdə, eyni intonasiyada danışan aparıcının birini digəri ilə dəyişəndə onlar arasındakı fərq hiss olunmayacaq.
İndividual intonasiya isə o vaxt yarana bilər ki, sən dilinin incəliklərini, xırdalıqlarını biləsən, onun ruhunu hiss edəsən.
Mən Mirşahinin pərəstişkarı deyiləm. Amma teleməkanda Mişahinin fərqli intonasiyası olan nadir müəlliflərdəndir.
Bura artıq uzun illərdir, telekanallarda görünməyən Qulu Məhərrəmli, Xəyal Tağıyev, Mehriban Ələkbərzadə və başqaları da aiddir.
...Söhbət radiolardan düşmüşkən, sağlam Azərbaycan dilinin saxlandığı tək məkan hələ ki, Azərbaycan radiosudur.
Srağagün dövlət radiosunda bir veriliş dinlədim. Müəllifi Dilşad Tahirqızı idi. Müğənni İlhamə Yusifqızı ilə artıq uzun illərdir, televiziyada, radioda eşitməyə adət etmədiyim savadlı, yaradıcı söhbət elədi.
Ümumiyyətlə, dövlət radiosunda maraqlı ədəbi-bədii, sənət verilişləri var. Elə Kulislə əməkdaşlıq edən Günel Natiqin müəllifi olduğu “Söz naxışı”, “Qərib axşamları”nın hansı radiolarda alternativi var?
Fərqli proqramlar, danışıq tərzi gətirən ilk alternativ radio ANS ÇM-dir. Hərçənd, onun fərqli danışıq tərzi sonradan yaranan özəl radiolar üçün qaydaya çevrildi. Bu gün isə artıq effektsiz, dilimizi şikəst edən, monotonlaşmış tərzdir.
...Yadıma bir əhvalat düşdü. İntellektual, savadlı tanışım uzun illər öncə telekanallardan birinin elan etdiyi aparıcı müsabiqəsinə gedib. Efirində gün uzunu şou, meyxana verilişləri yayımlanan kanal rəhbəri tanışıma sual verib ki, Virciniya Vulf kimdi?
O da cavab verib ki, Vulf kimdir? Meyxanaçıdır? Mən ancaq müğənniləri, meyxanaçıları tanıyıram.
Fikirləşirsən ki, konsepsiyası şoudan, əyləncədən ibarət kanal rəhbəri meyxana ilə Vulf arasında bağlantı qura bilirsə, o zaman televiziya və radioların absurd mövcud durumu da təbiidir.