Sevda Sultanova
Bostondakı partlayış və həlak olan insanlar haqda xəbəri alanda ABŞ əleyhdarları kimi ürəyimdən tikan çıxmadı, “aha, sizə əcəb oldu”, “Amerikaya bu da azdır, etdiklərinizin cavabıdır” fikirləri heç ağlımdan da keçmədi.
Mən, Boston xəbərini, hər gün İsraildə, Fələstində, Suriyada, Əfqanıstanda baş verən terror aktları, münaqişələr haqda verilən məlumatlar kimi adi qarşıladım.
Daha dəqiq desəm, heç nə hiss etmədim.
Məndən çox-çox uzaqlarda, dünyanın hansısa nöqtəsində hər gün baş verən qətl hadisələri və həyatlarını itirən insanların bir neçə cümləlik quru informasiyalara, qısa süjetlərə yerləşdirilən talelərinə, bəlkə, ani təəssüf, ani ağrı hissi keçirirəm.
Amma yalnız ani və keçici hiss.
Aparıcı fərqli xəbərə keçəndə, mən kanalı dəyişəndə, internetdə başqa saytı açanda ani təəssüf hissi də dərhal yoxa çıxır, ovqatım dəyişir, yenə əvvəlki ritmimə qayıdıram. Total laqeydlik.
Yenə gündəlik qayğılarıma bulaşıram, yazıram, mətn oxuyuram, film izləyirəm, dostlarla danışıram, görüşürəm, beynim tamam fərqli şeylərlə məşğul olur.
Boston, Suriya, Əfqanıstan xəbərləri isə beynimin dibsiz uçurumuna yuvarlanıb, harasa yox olur.
Bəzən insan ölümünə bivec münasibət bəsləyən biganə, sinik insanın mənimlə eyni vücudda yaşamasından diksinrəm.
Özümü analiz etməyə çalışıram.
Hərçənd, özünü analizdən zəhləm gedir. Çünki, bu, təhlükəlidir, həm də yorucu. Konkret nəticə, cavablar almırsan, hər şey yalnız suallar doğurur. Sonsuz suallar.
Amma yenə də cəhd etmək istəyirəm.
Biz istehlakçıyıq.
Məsələn, iki dövlət başçısının görüşməsi, hardasa bir sərginin açılması, hansısa ölkədə etiraz aksiyasının keçirilməsi kimi televizordan, internetdən evimizə axan, sanki zərurətə çevrilmiş ölüm xəbərlərinin də gündəlik istehlakçısıyıq.
8 yaşlı amerikalının və ya 3 yaşlı əfqanın qətli istehlakçı üçün sadəcə xəbərdir. Üstəlik, vərdiş etdiyi xəbər. Heç bir hissin, ağrının ötürülmədiyi xəbər.
Həmin xəbərlərdə biz ölən insanların kimliyi, yaşantıları haqda məlumat almırıq, onların bitmiş həyatı xəbərlərdə yalnız quru rəqəmlərlə ölçülür: Beş və ya üç adam öldü. Vəssalam. Xəbər bitir.
Xəbərin bitməsiylə, qurbanlar da elə o anda qalır. Və istehlakçı heç nə olmamış kimi həyatına davam edir.
Sənətlə, ədəbiyyatla medianın fərqi məhz insana, hadisəyə olan münasibətindədir. Məsələn, bir roman, bir tablo və ya film reallıqda biganə qalacağımız bir insanın yaşantıları ilə bizi sarsıdır, düşündürür, təəssürat qoyur. İstər-istəməz Özümüzü personajla identifikasiya edirik.
Statistik xəbərlərlə isə insan hissi, mərhəməti ölür, bu, beyni çeviklikdən salır, mexanikləşdirir.
Sürətli, sonsuz informasiya axınında itib batırıq, düşünməyə, analizə imkan tapmırıq.
İstehlakçısı olduğumuz gündəlik ölüm xəbərlərinin anidən unudulması, laqeydlik həm də özünü müdafiədir, qorxu hissidir.
Unutmaqla, düşünməməklə faciəni özümüzdən qovuruq.
Düşünürük ki, onsuz da qayğılarımız özümüzə bəsdir, kədərimiz çox, sevincimiz azdır. Niyə hansısa uzaq ölkələrdəki faciələrlə, yad insanların ölüm xəbəri ilə yüklənməliyik, ovqatımızı daha da təlx etməliyik.
Və üstəlik, ümidsizcə düşünürsən ki, dünyanı rəzil duruma gətirən qlobal güclərin qlobal maraqları, oyunları qarşısında onsuz da gücsüzük.
... Və mən əminəm ki, bir amerikalı da eynilə mənim kimi reaksiya verir: məsələn, Amerikanın hansısa hərbi əməliyyatı nəticəsində uzaq bir ölkədə həyatını itirən dinc sakinlərin ölüm xəbərini biganəliklə dinləyəndən sonra, pivəsini qurtumlaya-qurtumlaya beysbol oyununu seyr edir.