Hüseyn Mehdiyevin nüfuzsuz gildiyası

Hüseyn Mehdiyevin nüfuzsuz gildiyası
23 iyun 2022
# 20:21

Vaxt azlığı səbəbindən kinodakı problemlərdən davamlı yaza və Rejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev kimi aktuallığını itirmiş adamlara diqqət ayıra bilmirəm. Amma H.Mehdiyevin son davranışları diktə və xahiş edir: “Sevda, məni tənqid elə, tənqid elə. Tənqid elə ki, aktuallaşım”. Və İncildə deyildiyi kimi, qan töküldü...


Təxminən bir ay əvvəl İTV-in “Sabaha saxlamayaq” verilişində animasiya mövzusundakı müzakirələrdə rejissor Mehdiyev də işitrak edirdi. Mən problemlərdən danışdıqca Mehdiyev “gəlin, problemdən danışmayaq, Kino Agentliyi yaranan kimi kino inkişaf edəcək” deyib Runun (o həm də Rüfət Həsənovdur) yarıtmaz siyasətini ört basdır edirdi. Verilişdə bir balaca toqquşmamız olsa da, içimdəki Medeyanı dərinlərə gömərək, mərhəmətli Məryəmi dirçəldərək, ona rəhm elədim, yaşına sayğıdan dolayı sonadək sərt olmadım. Səhvimi indi düzəltməyə çalışacam.


Mehdiyev illərlə kinodakı min cürə problemi görüb və susub. Rəhbəri olduğu gildiyanın vəzifələrindən biri rejissorların hüquqlarını qorumaq olsa da, əməkdaşlıq elədiyi “Azərbaycanfilm” kinostudiyası tərəfindən rejissorların yaradıcı və maliyyə hüquqları müxtəlif səviyyələrdə uzun illər pozulub və Mehdiyev susub. Runun dövründən bugünədək bir tammetrajlı bədii film ortaya çıxmayıb, kinoya ayrılan pulların hesabatı verilmir və Mehdiyev susur.


1990 cı illərdə Mehdiyevin rəhbərliyində olduğu “Azərkinovideo” İstehsalat Birliyi kinoteatrlarn əksərinin satılıb özəlləşdirilməsində rol oynayıb. Amma indi Mehdiyev özünü kinounun təşəbbüskarı kimi göstərir.

Gildiya son on ildə bir əhəmiyyətli layihə ortaya qoymayıb. Yeganə fəaliyyəti, “Azərbaycanfilm” kinostudiyasının əmlakı hesab olunan, xüsusən, sovet dövrünün filmlərinin telekanallarda nümayişi zamanı kanallar tərəfindən ödənilən müəyyən məbləği müəlliflər arasında bölmək və həmin məbləğdən özünə müəyyən bir qismini götürməkdən ibarətdir. Özəl prodakşnlar gildiya ilə müqavilə bağlamayıb, birbaşa telekanllarla razılığa gəlirlərsə, deməli, Mehdiyevin gildiyası mahiyyətcə, nüfuzsuz qurumdur. Və əgər sabah “Azərbaycanfilm” kinostudiyası Mehdiyevlə müqaviləni pozsa, gildiya faktiki heç bir işə yaramayacaq.

Mehdiyev deyir ki, Kino İttifaqlarını ləğv etmək lazımdır. Bir neçə mənbənin dediyinə görə, Şəfiqə Məmmədovanın indi rəhbərlik etdiyi Kino İttifaq vaxtilə elə Mehdiyevin kabinetində yaranıb. Mehdiyevin məntiqini orjinal şərh edənə Tarkovskinin “Həkk olunmuş zaman” kitabını və Zloy Kofedən ləzzətli qəhvə hədiyyə edəcəm. Burda hələ ki, şərh bölümünü açmıram. Email adresimə ([email protected]) yaza bilərsiz.


Yadıma düşmüşkən, Şəfiqə Məmmədovanın tabeliyində olan Oskar komitəsi Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filminin Oskara göndərməkdən imtina edəndə də Mehdiyev susub. Halbuki Gildiyanın vikipediya səhifəsində yazılır: ”Kinorejissorlar Gildiyası, audiovizual sahədə gənc müəlliflərə diqqətin artırılması, əsərlərinin baxışını və müzakirəsini keçirməsi, onları həvəsləndirmək və milli kinematoqrafın müasir inkişaf perspektivlərinə cəlb etməyi vacib hesab edir. Bu məqsədlə kinoteatrlarda mütamadi olaraq Gənc müəlliflərin əsərlərinin ictimai baxışı keçirilir, müzakirələr aparılır”. Son cümləyə diqqət çəkək. Mehdiyevin qurumu bir gənc müəllifin filmlərinin ictimai baxışını keçirməyib və keçirmir. Onun bəyənmədiyi Kinematoqrafçılar İttifaqı müntəzəm olaraq yerli və xarici müəlliflərin film baxışlarını və müzakirəsini keçirir. Gələn həftə də Kənan Musayevin “Zaman adlə qatar” bədii filminin nümayişini edəcəyik. Dəvətlisiz.
p.s. Darıxma, Ru, sənə də növbə çatar))

Qeyd: Yazı Sevda Sultanovanın Teleqram səhifəsindən götürülüb.

# 2995 dəfə oxunub

Müəllifin son yazıları

# # #