Əsirlikdən dönən arvadının saçlarını hörən ər

Əsirlikdən dönən arvadının saçlarını hörən ər
8 oktyabr 2022
# 16:00

Kulis.az Sevda Sultanovanın "Köhnə çamadanlar" filmi haqqında yazısını təqdim edir.

Sentyabrın 29-dan CinemaPlus kinoteatrlar şəbəkəsində nümayiş olunan, Birinci Qarabağ savaşının taleyində dərin izlər saldığı qadınların hekayələrini danışan və bütün film boyu ayrı-ayrı epizodlarda İkinci Qarabağ müharibəsinin təsirlərini, final səhnələrində isə Qələbə epizodlarını əks etdirən “Köhnə çamadanlar” tammetrajlı bədii filminə (rejissor Saida Haqverdiyeva) reaksiyalar müxtəlif və maraqlıdır. Qarabağ döyüşlərinin iştirakçılarından birinin filmdən sonra “Müharibədən söz düşəndə, daha çox kişilərdən danışırıq, amma qadınların nələr yaşadığından xəbərsiz olmuşuq” və ya bir univeristet müəlliminin “Mən əslən bakılıyam, qaçqınların probleminə indiyədək həssas yanaşmamışam. Bu filmdən sonra qaçqınların nələr yaşadıqlarını gördüm və onları anlamdığıma görə üzr istəyirəm” fikri təsdiq edir ki, rejissor məqsədinə çatıb: tamaşaçıda müəyyən bir düşüncə dəyişikliyinə nail olub, onu suallarla və özüylə üz-üzə qoymağı bacarıb.

Filmin Heydər Əliyev Mərkəzində nümayişindən sonra, uzun müddət əsir qadınların problemləri ilə məşğul olan, hüquq müdafiəçisi Tamella Zeynalova rejissora yaxınlaşaraq kövrəkcəsinə: “Siz hələ əsir qadınların başına gələnləri yumşaq göstərmisiniz. Reallıqda hər şey daha dəhşətliydi” demişdi. Sonra Tamella xanım bu tükürpədici hadisəni danışmışdı: “Əsirlikdən geri qaytarılan qadınlardan biri zorakılığa məruz qalmadığını təkid edirmiş. Həkim müayinəsindən sonra məlum olub ki, erməni hərbçiləri onu dəfələrlə zorlayandan sonra uşaqlığına çirkli corablarını yerləşdiriblər...”

Saida Haqverdiyevanın “Köhnə çamadanlar”ı real qadın hekayələrinə əsaslanır. Süjet xəttinin əsasını ondan çox qadın hekayəsi təşkil edir: şəhid anası, döyüşçü qadınlar, əsir qadın, həkim qadın, erməni əsirliyində intihar edən qadın...

Qələbəyə qədər müasir Azərbaycan kinosunda Qarabağ mövzusunda çəkilən filmlərdə toxunulmayan motivlərdən biri məhz əsir qadınların hekayələri idi. Bədii və sənədli ədəbiyyatda, məqalələrdə bu haqda danışılsa da, kitablar çap olunsa da, bədii kinomuzda sözügedən mövzuya toxunulmayıb. Doğrudan da, bu, elə həssas məsələdir ki, onun bədii ekranda təsviri ağrılıdır və rejissordan psixoloji hazırlıq tələb edir. Üstəlik, torpaqların işğalı dönəmində mövzunun ekran təsviri ikiqat çətin idi. Yadıma düşmüşkən, maraqlı bir faktı deyim. Keçmiş Yuqoslaviya müharibəsi ilə bağlı çəkilən filmlərdə bosniyalı rejissorların Srebrenitsa qətliamını təsvirinə rastlamamşam. Görünür, sözügedən hadisə barədə bilərəkdən susmaq, daha çox bosniyalı rejissorların mənəvi çətinliyi ilə bağlıydı. Bir neçə il öncə faciəni “Quo Vadis, Aida?” adlı filmində göstərən, bosniyalı rejissor, Berlin Festivalının əsas mükafatçısı Yasmila Jbaniçin açıqlaması da ehtimalımı təsdiqləyir: “Nəhayət ki, biz illər sonra bu haqda hamının baxa biləcəyi və bütün emosiyaları yaşaya biləcəyi filmi çəkdik”.

Bu mənada, bizim də Xocalı qətliamını, əsir qadın və uşaqların taleyini bədii kinoya gətirməməyimiz, adlaya bilmədiyimiz mənəvi çətinliklə bağlıydı.

Qazanlıan Qələbə əsir motivini nəhayət ki, kinoya gətirməyimizə güc verdi. Təsadüfi deyil ki, filmin posterlərdindən birində ağzına qıfıl vurulmuş qadın təsviri var. Filmin qəhrəmanlarından biri, əsirlikdə zorakılığa məruz qalmış Xədicə (qəhrəmanın yaşlı dövrünü Nəsibə Eldarova ifa edir) deyir: “30 ildir ki, susurdum. Əhd eləmişdim ki, oğlum qisasımı alandan sonra danışacam”.


“Köhnə çamadanlar” doğrudan da, tamaşaçıdan psixoloji hazırlıq tələb edir. Film haqda səslənən ortaq fikirlərdən biri ekranda göstərilən hadisələrin ağırlığı, tamaşaçı üçün onun emosional baxımdan daşımağın çətinliyidir. “Film ağırdır, daha az göz yaşı, daha çox soyuqqanlılıq ola bilərdi” kimi fikirlər səslənir. Yeri gəlmişkən, bunu daha çox filmi izləməyib, treylerə baxanlar söyləyir. Filmdə qadın emosiyalarının qabarıq ifadə olunduğu yeganə səhnə əsir düşmüş uşaq və qadınların səhnəsiydi. Doğrudan da, bu həyat faktını necə təsəvvür edirsiz: körpələri qətlə yetirən, uşaqları əlindən alınan, başlarına nələrin gələcəyini təsəvvüründə belə canlandırmağa çətinlik çəkən ananın reaksiyası necə təmkinli, soyuq ola bilər?! Bundan başqa, Xədicənin gəncliyini oynayan Zülfiyyə Qurbanova o andakı hissləri ağlamaqdan çox, emosional şok keçirərək yaşayır.

Təbii ki, hər bir insanın ağrıya, faciəyə reaksiyası, davranışı individualdır. Misalçün, başqa bir epizodda gözü qarşısında körpəsi öldürülən və digər qızı şikəst edilən əsir qadının ifaçısı Ülviyyə Əliyeva ağrısını qəzəbli susqunluqla oynayır.

Filmin önəmli cəhətlərindən biri budur ki, rejissor müxtəlif xarakterli qadın obrazlarının kədərə, ağrıya reaksiyalarını fərqli verilib. Mislaçün, oğlu müharibədə şəhid olan ana (Zemfira Əbdülsəmədova) itkini göz yaşı axıtmadan, sakit qarşılayır. Faciədən ağlını itirən ana reallıqla irreallığın sərhədində dərin boşluqda hərəkət edir və ürəyi partlayaraq ölür. Xüsusən, son dövr filmlərimizdə övlad itkisini yaşayan ana eyni kədərdə, monoton, pafoslu işlənir. Saida Haqverdiyeva isə bu kontekstdə stereotipləri qıraraq fərqli ana obrazı işləyir.

Oksana Rəsulovanın ifasında canlanan həkim Məhəbbət obrazı qardaşının şəhid olması faktı qarşısında qalanda-həmkarlarının yanında qəhərini, hönkürtüsünü boğmağa məcburdur, çünki real şərtlər ona məhz bunu diktə edir. O, emosional partlayışını təklikdə yaşayır ki, bu səhnə mümkün qədər korrekt, qısa verilib.

Yeri gəlmişkən, Məhəbbət xanım hazırda özəl klinikaların birində həkim işləyir, topçu Ədalət kimi tanınan Ədalət Paşayevin bacısıdır. Ədalətin sənədli kadrları Nizami Abbasın “Batalyon” sənədli filmində yer alır.

Mənə görə, hər iki obraz - Zemfira Əbdülsəmədovanın, Oskana Rəsulovanın kinoda indiyədək ən yaxşı işləridir və yaradıcılıqlarında fərqli səviyyə yaradır.

Erməni əsərliyində olan digər personaj (Könül Qasımovanın qəhrəmanı) səssizcə körpəsini boğaraq öldürür və sonda intihar edir. Döyüşçü qadınlar (Aygün Fətullayeva, Rada Nəsibova, Zülfiyyə Nəzər Məmmədova) kədəri səssiz üsyanla yaşayırlar. Süjet xəttini birləşdirən, müharibə qadınları haqda kitab yazan Leyla obrazını Zümrüd Qasımova yetərincə təmkinli, izafi duyğulara yol vermədən, hər vəziyyətə adekvat oynayır.

Ötən yazılarımda dediyim kimi, mili kinomuz kişimərkəzçidir və kişi müəlliflərimizi əsasən həmcinslərinin problem və qayğıları maraqlandırır. “Köhnə çamadanlar”ın digər önəmli cəhəti isə, onun məhz qadın filmi, qadın dramı olmağıdır: rejissor müharibəyə qadınların gözüylə, qadınların hiss və reaksiyaları ilə baxır, əhvalata öz emosional yaşantısını ötürür. Və ilk dəfədir ki, müasir kinomuzda müharibədən əziyyət çəkən müxtəlif qadın talelərinin təsvir olunduğu ekran əsəri çəkilir. Düşünürəm ki, “Köhnə çamadanlar”da qadınların hər birinin fərqli özəlliklərlə işlənməsi rejissorun qadın olmasından, iti müşahidəsindən və şəxsi təcrübəsindən qaynaqlanır. Çünki əksər kişi rejissorlarımız təəssüf ki, qadın təbiətinin incəliklərini, dərinliklərini dərkində, duyumunda və onların ekran həllində çətinlik çəkirlər.

“Köhnə çamadanlar”ın ən güclü, təsirli səhnələrindən biri şübhəsiz ki, əsirlikdən yeni qayıtmış Xədicənin (gəncliyini Zülfiyyə Qurbanova oynayır) xəstəxanada hərbçi əri (Aqil. M. Quliyev) ilə görüşüdür. Dialoqsiz verilən bu səhnə artıq milli kinomuzun vizual baxımdan ən yaxşı səhnələrindən biri sayıla bilər. Qadın obrazları çoxluğunda ləyaqəti, təmkini, nəcibliyi təcəssüm etdirən iki parlaq kişi obrazı yaradılıb: ananın etirazlarına baxmayaraq, oğlunu müharibəyə yola salmağa razılıq verən, bütün səhnəni səssiz, ikinci planla oynayan Məmməd Səfanın ata və yuxarıda dediyim, Aqil. M.Quliyevin - əsirlikdən dönən arvadının saçlarını sevgiylə hörən ər obrazı.

Filmin digər üstün məqamı, burda aktyorlar üçün, sözdən çox, vizual oyunun önə keçdiyi materialın olmasıydı. Və bır sıra səhnələrdə rejissor aktyorlarla işdən maksimal nəticə əldə edir.


Erməni obrazlarına gəlincə... Ara-sıra əsassız fikirlər səslənir ki, erməni obrazları faktura etibarilə çirkin seçilib. Erməni zabitlərindən birini gənc, simpatik aktyorlarımızdan biri Türkay Cəfərli oynayır (Karen). Oyuq studiyasının yetirmələrindən biri, üstəlik, məşhur “Çırtdan” şounun əsas personajını oynayan, İbrahim Süleymanlı erməni uşağı obrazını yaradıb və o, əsir uşaqlarımıza ondan tələb olunan amansız rəftarı göstərməkdən imtina edir. Digər mühüm məqam odur ki, Saida Haqverdiyevanın yozumundakı erməni personajları öz qəddarlıqlarına bəraət verməyə çalışırlar, başqa cür desək, onun mənbəyini göstərirlər: Karen uşaqlıqdan ailəsində türkə düşmən mövqeyində yetişdirilib, Aşotun (Cavanşir Məhərrəmov) qəddarlığının səbəblərindən biri vaxtilə sevdiyi azərbaycanlı qızın onun sevgisini rədd etməsiydi ki, bu da real faktdır.

Erməni hərbçilərin uşaqlarımızı alçaltma səhnəsində rejissor kontrapunkt fəndindən (təsvir və səs sırasının uyumsuzluğu) istifadə edir. “Uşaqlar sevinsin həmişə” (sözləri Məmməd İsmayılın, musiqisi Vüqar Camalzadə) adlı sülhə çağıran, nikbin mahnının sədaları altında əsir uşaqların kədəri, görüntü ilə musiqinin kontrastı sayəsində vəziyyətin dramatizmini dərinləşdirir.

Sonda yazımın o məqamına – filmin ağır olması fikirlərinə qayıdıram. Saida Haqverdiyeva əsir qadınların zorlanmasını göstərməyib, haqlı olaraq, işgəncələrin təsirinə və nəticəyə fokuslanıb, zorakı səhnələrin detallı təsvirindən (görüntü rejissoru Şahmar Səfəroğlu) bilərəkdən imtina edib. Çünki kinematoqrafiyada işgəncə səhnələrinin təfərrüatlı, uzun təsviri duyğu istismarına və manipulyasiyaya gətirib çıxarır, əks halda, həmin səhnələrin verilməsi dramaturji baxımdan əsaslandırılmalı, nəticədə tamaşaçıda emosional yenilənmə, təcrübə, düşüncələrin çarpışmasını yaratmalıdır. Mislaçün, fransız rejssoru Qaspar Noenin “Dönməzlik” trillerində doqquz dəqiqəlik zorlanma səhnəsinin təsviri manipulyasiyadır və sadəcə, şok effektinə hesablanıb. Film Kannda göstəriləndə, xeyli tamaşaçı zaldan çıxmış, bəzilərinin həkim köməyinə ehtiyacı yaranmışdı. Rejissor bir planla çəkilən uzun zorlanma səhnəsini əsaslandırmır. Üstəlik, müsahibələrindən birində sinikcə deyir: “Biz Monika Beluççi (zorlanan qadını Beluççi oynayır) ilə zorlanma kadrlarına baxanda zarafatlaşdıq ki, çoxu gördüklərindən şok keçirəcək.”

Yaxud, müəllif kinosunun nüfuzlu nümayəndələrindən biri Mixail Hanekenin indiyədək məqsədini anlamadığım tək filmi “Əyləncəli oyunlar”ı tamamən sadizmin təsvirindən ibarətdir, filmin nümayişi zamanı alman rejissoru Vim Venders etirazını bildirərək zalı nümayişkaranə tərk etmişdi. İnsanı ümidsizliyə salan, məqsədsiz işgəncə səhnələrini göstərən filmləri “zəhərli filmlər” adlandırıram. Kino sənəti bütün hallarda insana yaşamaqda kömək etməlidir, katarsis yaratmalıdır. “Köhnə çamadanlar”ı mənəvi, psixoloji cəhətdən çətin film olsa da, rejissor final səhnələrinə doğru qələbə epizodları, ümidlərini heç vaxt itirməyən qadınların dərin nəfəsdərməsi ilə emosional yüngüllüyə, təmizlənməyə nail olur və beləliklə müəllif ağır səhnələrə bəraət verir. Film aşılayır ki, heç nə unudulmamalıdır və biz keçmişimizlə yaşamağa bundan sonra da güc tapacağıq.

Saida Haqverdiyevanın “Köhnə çamadanlar” debüt işi üstünlükləri və çatışmayan cəhətləri ilə bütün hallarda uğurlu işdir.

“Köhnə çamadanlar” Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyi ilə çəkilib. Eyni zamanda film “RS Prodakşn” və "OYUN" studiyasının birgə layihəsidir. Filmdə digər rolları Pərvanə Qurbanova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Rəsmiyyə Nurməmmədova, Zarina Qurbanova, Namiq Ağayev, Vüqar Hacıyev, Səmimi Fərhad, Aqil M. Quliyev, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri ifa edirlər.

Uşaq rollarının ifaçıları, Oyuq Teatr Studiyasının yetirmələri Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Firuz İbrahimov, Melisa Oskoi və digərləri rollarının öhdəsindən bacarıqla gəliblər.

Filmin quruluşçu rəssamı Əfşan Əsədova, ssenari müəllifi Sevda Sultanova, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova, Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmova, art direktoru Tahir Tahiroviçdir.

“Köhnə çamadanlar” filminin reklamının efirdə yayılmasına təmənnasız şərait yaratdığına görə “Space” telekanalının rəhbəri Müşfiq Hətəmova, müəyyən texniki dəstəyinə görə “Azərbaycanfilm”in direktoru Nazim Hüseynova təşəkkür edirəm. Eyni zamanda filmin yayımı zamanı göstərdikləri vətəndaş mövqeyinə görə CinemaPlus kinoteatrlar şəbəkəsinin əməkdaşlarına xüsusi təşəkkür düşür.

# 5133 dəfə oxunub

Müəllifin son yazıları

# # #