Vaqif Mustafayev və “Space”in yaramazları

Vaqif Mustafayev və “Space”in yaramazları
18 may 2021
# 15:01

Bu yaxınlarda “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın az sonra istefa verməsi cəmiyyəti yaxşı mənada təəccübləndirdi. İstefa mədəniyyəti ənənəsinin oturuşmadığı bir cəmiyyətdə insanların heyrət hissini, əlbəttə, anlamaq olar.

Ancaq əsas odur ki, Ülviyyə Mikayılova heç olmasa televiziya sahəsində, doğrudan da, nümunə olacaq bir presedent yaratdı.

Ü.Mikayılovanın istefası üçün gətirdiyi arqumentlər (müxtəlif saytlarda yayılan məlumatlara görə, istefasının əsas səbəbi “Space”in əməkdaşları ilə bu vəzifəni icra edə bilməyəcəyi, çoxsaylı problemlər və bu səbəbdən onu maarifçi kanala çevirməyin çətinliyidir) digər daha ciddi problemləri üzə çıxardı.

Bu məqama irəlidə qayıdacağam.

Əslində, bir tərəfdən Ülviyyə Mikaylovanın Vaqif Mustafayevin zamanında normal televiziya formatından çıxmış bir telekanala təyinatı o qədər də adekvat deyildi.

Ülviyyə xanım ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. Və deyilənə görə, öz sahəsində yaxşı mütəxəssisdir.

Space" TV-yə yeni rəhbər təyin olunub - EKSKLÜZİV | Report.az

Lakin müxtəlif təcrübələr göstərir ki, əla mütəxəssis, yaxud televiziyada peşəkar, intellektual aparıcı, rejissor, redaktor və s. olmaq hələ bir teleşirkəti idarə etmək üçün yetərli keyfiyyətlər sayılmır.

Bu, hər şeydən əvvəl çevik idarəçilik, təşkilati, menecerlik məsələlərini yaxşı bilmək və nəzərdə tutulan məsələləri həyata keçirmək üçün praktiki qabiliyyət tələb edir. Üstəlik, qalaq-qalaq problemlərlə üz-üzə qalmış “Space” kimi kanal ola.

Görünür, Ülviyyə xanım bu mənada öz idarəçilik istedadını obyektiv qiymətləndirib və bu obyektivliyinə görə ona yalnız təşəkkür düşür.

Dediyim kimi, yaranmış vəziyyət ümumən telekanalların başqa bir problemini önə çıxarır:

Azərbaycanda telekanalları idarə edə biləcək, yüksək idarəçilik qabiliyyətinə malik nə qədər peşəkar var?

Ola bilsin, telekanallarda yetişmiş kadrlar var, sadəcə biz onlar haqda məlumatsızıq.

Tanıdıqlarımdan ilk yada düşən, bu sahədə zəngin təcrübəsi olan Qulu Məhərrəmli, Böyükağa Məmmədov ("Salnamə" sənədli filmlər studiyasının direktoru olub, Prezident təqaüdçüsüdür, zəngin televiziya təcrübəsi var. 1976-cı ildən uzun müddət dövlət televiziyasında işləyib, 1991-ci ildə təsis edilmiş "215 KL" eksperimental studiyasının yaradıcılarından biridir. "Space" kanalının yaradılmasında iştirak edib və telekanalda icraçı direktor kimi çalışıb), Seyfulla Mustafayev, yenə də “Space” kanalının yaradıcılarından biri, rejissor Nicat Əliyevdir.

İdarəçilik problemi eyni zamanda sanballı, xarici mütəxəssislərin cəlb ediləcəyi, praktik bir televiziya institutunu yaratmaq məsələsini aktual edir.

Vaqif Mustafayev “Space"dən getdi

Baş vermiş hadisədə diqqətimi başqa bir məqam da çəkdi. “Space” kanalının keçmiş rəhbəri Vaqif Mustafayev şirkəti necə bərbad hala salıb ki, onu yenidən abıra salıb dirçəltmək məsuliyyətini daşımaq çətinləşib.

Kulis.az-da müxtəlif vaxtlarda başqa telekanallar da daxil olmaqla “Space”-in konsepsiyası çox sərt tənqid olunub.

Publika kanalın rəhbəri, milli kinomuzda sözün həqiqi mənasında özünəxas dəsti-xətti, tərzi olan rejissor Vaqif Mustafayevdən çox şey gözləyirdi.

Ən azı gözlənilirdi ki, Mustafayev rejissor keyfiyyətini efirə də daşıya biləcək... Amma əksi baş verdi. “Space” ciddi, maarifləndirici bir kanal kimi yaradılmışdı, plankası yüksək idi, uğurlu kadr seçimi vardı, yeni, peşəkar telesimalar yetişdirməyə çalışırdı.

Özəlliklə, Vaqif Mustafayevin gəlişindən sonra telekanalın olan-qalan keyfiyyəti də itdi. Və nəticədə “Space” esteik dəyəri olmayan, əhəmiyyətli mesaj verməyən, məzmunsuz çal-çağır televiziyasına çevrildi. Başqa cür desək, “Space”in təklif etidyi verilişlər Vaqif Mustafayevin rejissorlarından biri olduğu “Bəyin oğurlanması” komediyasının zövqsüz, istedadsız versiyası şəklini aldı. Aparıcıların əksəri isə onun “Yaramaz” filminin qəhrəmanı Hətəm xarakterinə oxşamağa başladı.

Kinonun missiyası insan təbiətini, reaksiyasını ən müxtəlif vəziyyətlərdə araşdırmaq, onu özünə tanıtmaqdır. Mənim üçün maraqlı olan nədir? Kanal rəhbərliyindən gedəndən sonra Vaqif Mustafayev sərt tənqidlərə məruz qalan fəaliyyətinə kənardan baxdımı, analiz etdimi, mənəvi məsuliyyətini anladımı?

Başa düşürəm, yaxşı rejissor hələ yaxşı idarəedici, səbatlı məmur demək deyil. Hətta yaxşı rejissor yüksək mənəvi keyfiyyətlərə malik insan anlamına da gəlmir. Və istər dünya ədəbiyyatında, istər incəsənətin başqa növlərində şəxsiyyəti və yaradıcılığı ziddiyyət təşkil edən onlarla nümunə tapmaq olar.

Lakin yenə də, görəsən, öz vicdanı ilə baş-başa qalanda Vaqif Mustafayev bunları düşünürmü?

Axı, Ülviyyə Mikayılovanın presedentini o da yarada bilərdi.

Dörd-beş il əvvəl “Space”də “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğludan müsahibə almışdım. Müsahibədə aparıcı bildirmişdi ki, mən televiziya qayda-qanunlarını çox gözəl bilirəm. Qulu Məhərrəmlinin, Aydın Dadaşovun bütün kitablarını oxumuşam, amma bu kitablarda oxuduqlarımı praktikaya tətbiq etmək uşaqlarım üçün çörəkpulu qazandırmaz.

Bu müsahibəni niyə xatırladım? Bildiyim qədərilə, Vaqif Mustafayev verilişin daha çox baxılması üçün Mikayıl Güləddinoğluna tapşırıq veribmiş ki, mümkün qədər efirdə çox oynasın, yüngül hərəkətlər etsin. Görünür, Güləddinoğlunun müsahibəsində tez-tez dolanmaq üçün toyxana tipli verilişlərin zərurətini qeyd eləməsi əsassız deyildi.

Xatırlayırsınızsa, “Yaramaz” filmində də işlədiyi zavodun rəhbərliyi Hətəmi şit-şit hərəkətlərə məcbur edib məzələnir.

Necə deyərlər, bu, bir Vaqif Mustafayev üslubudur!

İndi Vaqif Mustafayev rejissor kimi yeni film çəkməyə hazırlaşır. O, “Fəryad-2”-ni ekranlaşdırmağı planlaşdırır. Xatırladım ki, Ceyhun Mirzəyevin rejissoru olduğu “Fəryad” filminin ssenarisini Vaqif Mustafayev yazıb.

İnanmaq istəyirəm ki, Vaqif Mustafayevin vətəndaş məsuliyyətinin, səmimiyyətinin deqradasiyasını bu filmdə görməyəcəyik.

# 7337 dəfə oxunub

Müəllifin son yazıları

# # #