Kulis.az “Keçən ilin son gecəsi” filminin təhlilini təqdim edir.
Süjet: Yeni ilin gəlişinə bir neçə saat qalır. Həmidə bayrama hazırlıq görür. Onun kiçik oğlu Tofiq dostlarını evə dəvət edib. Amma dostlarla evdə yeni ili qarşılamaq alınmır. Çünki Tofiq dostlarına anasından başqa evdə heç kəsin olmayacağına söz verib. Amma bayram gecəsi bacısı Dilarə də, qardaşı Rüstəm də evdədir. Həmidə isə bütün ailənin evdə olmasından məmnundur. Tofiq və dostları sərbəst olmaq üçün başqa sinif yoldaşının evində toplaşırlar. Rüstəm nişanlısı ilə küsdüyündən, Dilarə isə məktəb tədbirinə dəvət edilmədiyindən evdə qalırlar. Az sonra Həmidənin böyük qızı Gülarə əri və oğlu ilə gəlir. Onların gəlişindən sevinən Həmidənin sevinci uzun sürmür. Onlar başqa ziyafətə dəvət aldıqlarını deyir və azyaşlı oğullarını onun yanında qoyaraq məclisə tələsirlər. Dilarənin rəfiqəsi gələrək direktorun onu şənliyə çağırdığını deyir. Dilarə gedir və Həmidə Rüstəmlə tək qalır. O, oğluna nişanlısı ilə barışmasını təkid edir. Nişanlısı ilə barışan Rüstəm yeni ili onunla keçirmək üçün gedir. Və Həmidə yeni il axşamı tək qalır. Az sonra qapının zəngi çalınır, poçtalyon ərinin şagirdindən gələn teleqramı gətirir. Həmidə poçtalyonu süfrəyə dəvət edir. Poçtalyon övladların naxələfliyindən giley-güzar edir, Həmidə isə onunla razılaşmır. Az sonra o da gedir. Təklikdən sıxılan qadın ərini xatırlayır. Ərinin səsi yazılan kaseti dinləyərək təsəlli tapır...
Əsər (1966-67) rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-cü ildə ekranlaşdırılıb. Gülbəniz Əzimzadəni milli kinematoqrafiyamızda uğurlu rejissor həyatı olan yeganə qadın saymaq olar. Nə ilk qadın rejissorumuz Qəmər Salamzadə, nə Zeynəb Kazımova belə bir uğuru qazana bilmədilər, onların filmoqrafiyasında təəssüf ki, ancaq bir neçə bədii film var.
Yazılarımdan birində qeyd etdiyim kimi, Azərbaycan kinosunda qadın dramlarını təsvir edən filmlər, qadın kinosu anlayışı yox səviyyəsindədir. Qadın mövzusu daha çox XX əsrin əvvəllərində, 1920-30-cu illərdə prioritet idi, səbəbi də o dövrdə qadının cəmiyyətdəki mövqeyinin aktuallaşdırılması, onun hüquqlarının təbliği ilə bağlıydı.
Əslində, qadın təbiəti haqda ən yaxşı filmləri kişi rejissorlar çəkiblər. Bununla belə maraqlı, mürəkkəb, dərin qadın obrazları, qadın əhvalatları yaradan qadın rejissorlar sayca az da olsa var. Misalçün, Kira Muratova ("Uzun vidalaşma"), Ceyn Kempion ("Pianino"), Şantal Akerman ("Janna Dilman") filmləri.
Və Gülbəniz Əzimzadənin "Ötən ilin son gecəsi" iki aspektdən daha çox maraqlıdır. Birincisi, əhvalatda Həmidənin daha çox qadın kimliyinin, qadın yaşantılarının önə çıxarılması. Yeri gəlmişkən, pyes əsasında, daha öncə, 1978-ci ildə maraqlı televiziya tamaşalarına quruluş verən Ramiz Həsənoğlu teletamaşa qurub. Amma R. Həsənoğlu traktovkasında Həmidənin ana kimliyinə fokuslanır, tamaşanı psixoloji tərəfdən çox sentimental, duyğusal qatda işləyir.
Filmin əhəmiyyətli olan digər aspekti onun Yeni il bayramı ilə bağlılığıdır. Çünki milli kinomuzda belə bir əlamətdar hadisə ilə bağlı film demək olar ki, yoxdur.
"Ötən ilin son gecəsi"nin kinematoqrafik keyfiyyətləri haqda daha ətraflı az sonra danışacağıq. Əvvəlcə, Gülbəniz Əzimzadənin rejissor fəaliyyəti haqda bir neçə qeydi zəruri sayıram. 1974-cü ildə lentə alınan "Ömrün səhifələri" almanaxına daxil olan "Nəğmə dərsi" qısametrajlı filmi onun rejissor kimi ilk işidir. Rejissor, eyni zamanda, məşhur bədii mətnlərin ekranlaşdırılması ilə diqqəti çəkir: "Dantenin yubileyi", "İmtahan" (Şahmar Ələkbərovla birgə) və "Qətl günü".
Çeşidli janrlarda və temalarda işləyən Gülbəniz Əzimzadənin yaradıcılığında uşaq mövzusu da mühüm yer tutur. O, uşaqların həyatı tanıması prosesini, ətrafla ünsiyyətlərindəki ilk çətinlikləri ekrana gətirən filmlərin müəllifidir: "Təkcə adanı özünlə apara bilməzsən", "Qaladan tapılan mücrü", "Avqust gələndə".
Onun əhvalatlarında əsas konfliktoloji nöqtələr - uşaqların böyüklərlə anlaşılmazlığı, böyüklərin bəzən onların dünyasına daxil ola bilməməsi, özünə qalib gəlmək, qorxu hissini məğlub etmək cəhdləri və sairdir.
Hərçənd, bu da faktdır ki, Gülbəniz Əzimzadənin uşaq filmləri, məsələn, Əlisəttar Atakişiyevin "Sehrli xalat", "Bir qalanın sirri" və ya Şamil Mahmudbəyovun "Şərikli çörək" ekran əsərləri kimi kult statusu almadı.
Görünür, səbəblərdən biri Əzimzadənin uşaq filmlərini açıq tekstlə didaktik intonasiyada işləməsi, onlardan çox böyüklərin dünyasına, problemlərinə konsentrəsi, mövzuya doğru yanaşma tapa bilməməsindədir. Örnəyi, rejissorun 1982-ci ildə lentə aldığı "Qaladan tapılan mücrü" əsərində uşaq xarakterləri detektiv xəttin içində itir-batır. Hərçənd, bu filmlərin ideya-problematikası günümüzdə də aktuallığını itirməyib.
Gülbəniz Əzimzadə "Ötən ilin son gecəsi" lenti ilə təsdiqlədi ki, qadın kinosu anlayışını yenidən aktuallaşdıra və maraqlı qadın filmlərinin yaradıcısı ola bilərdi. Sonluq istisna olmaqla pyesin süjeti demək olar ki, olduğu kimi saxlanılıb. Lakin müəllif əsəri psixoloji qadın dramı kimi işləyib. Gülbəniz Əzimzadə daha çox Həmidənin (Elmira Şabanova) qadın kimliyinə, qadın tənhalığına vurğular edir. Misalçün, o, bir epizodda güzgünün qarşısında dayanaraq üz-gözünə əl gəzdirir, ötüb keçmiş gəncliyinə, ildən-ilə solan cazibəsinə xiffət duyur. O, artıq qadın kimi yox, sadəcə, ana kimi mövcudluğunun fərqindədir. Əhvalatın sonlarına yaxın, evdə özüylə tək qalan Həmidə əri Qəzənfərlə (Şahmar Ələkbərov) keçirdiyi günləri həsrətlə xatırlayır. Qəzənfərlə bağlı xatirələr onun üçün toxunulmazdır, eyni zamanda, ağrılıdır və bu xatirələri övladları ilə də paylaşmır. Onun səsi yazılmış kaseti tək dinləyir, uşaqlarının ona toxunmasına sərt reaksiya verir, onların özünün özəl ərazisinə daxil olmasına qadağa qoyur. Və Gülbəniz Əzimzadə qadın həssaslığı ilə işləyir, təsvirlərdə Həmidənin iç ovqatını, əhvalını izah etməkdən çox, onu tamaşaçıya hiss etdirir. Hiss etdirir ki, qadın ana kimi xoşbəxt olsa da, o, sevdiyi, anlaşdığı kişiylə bütövdür, tamdır. Əri həyatda olmasa belə, onun təkliyini bölüşə biləcəyi yeganə adam yenə də odur.
"Ötən ilin son gecəsi", eyni zamanda, kamera filmidir. Kamera filmlərində məkanın sərhədləri məhdudlaşır, əhvalat bir neçə aktyorun üzərində qurulur, dekorasiyalar, interyerin tərtibatı sadə, minimal işlənir. Dediyim məhdudiyyətlər üzündən də, kamera əhvalatını kinodilinə çevirmək, daxili tempini qurmaq, mizanlarla işləmək çətinləşir. Yaxşı nəticə almaq üçün bir qayda olaraq, aktyor oyunundakı psixologizmə, əhvalatda yüksək gərginliyə, iri planlara, dialoqların effektivliyinə aksent olunur. Bundan başqa, dar məkanda mizanlarla elə oynanılmalıdır ki, bu, həm minimal şərtlər daxilində vizual stilistika qurulmasına yardımçı olsun, həm də əhvalatın dramaturji gücünü artırsın.
"Ötən ilin son gecəsi"ndə naturada çəkilmiş bir neçə xırda epizod istisna olmaqla, hadisələr əsasən evdə baş verir. Və Əzimzadə kamera kinosunun şərtlərinə əməl edərək iri planlardan yararlanır, doğru psixoloji vurğular edir.
Personajların sayı nisbətən çox olsa da, mənalı, diskomfort hissi aşılayan pauzalar, sanki bir yadlaşma, məsafə uzaqlığı duyğusu yaradan mizanlar əhvalatın baş verdiyi məkanda bu sayı gözəgörünməz edir.
Filmdə sözdən çox təsvirlər danışır. Müəllif söz israfına, personajın daxili monoluqu ilə düşüncələrinin izahına yol vermədən, onun və digər personajların iç vəziyyətini uyğun plan və rakurslarla, dəqiq seçilmiş pauzalarla, montaj dramaturgiyası ilə açır.
Rüstəmin (Kamil Zöhrabov), Dilarənin (Ayan Mirqasımova) narahatlığı onların bədən dilindən, üz ifadələrindən, duruşundan, var-gəllərindən aydınlaşır. Ananın uşaqları ilə bağlı nigarançılığı, keçən günlərə xiffəti onun susqunluğunda, onun ikinci planında-mətbəxdə işləyərkən - yemək bişirməsində, qab-qaşığı yerləşdirməsində ifadə olunur.
Yaxud kürəkən Süleymanın (Rafiq Əliyev) Həmidə ilə münasibəti, onların bir birilə söhbətləşmək üçün söz tapmağın çətinliyində, hər ikisinin diskomfort baxışında və oturuşunda verilir.
Personajların bir-birinə tamamən açıla bilməmələrindən dolayı, passiv əsəbilik əhvalatın gərgin tempini saxlaya bilir. Mərkəzi fiqur Həmidə olsa da, ayrı-ayrı fraqmentlərdəki dolğun təsvirlərdən hər bir personajın xarakteri, bioqrafiyaları haqda informasiya alırıq: qonşu Səkinədən tutmuş, poçtalyonun kimliyinə qədər.
Ekran əsərində müəyyən mənada mətbəx dramı estetikasının əlamətləri var. Dünya kinosunda "mətbəx dramı" və ya "mətbəx realizmi" anlayışı ilk dəfə 1950-ci illər azad ingilis kinosuna münasibətdə işlənilib. Mətbəx dramı deyəndə məişətdəki detallı təsvirlər, masa ətrafında qurulan dialoq və vəziyyətlər nəzərdə tutulur. İngilis azad kinosunda bu metod personajların məişət problemlərinə, sosial və mənəvi durumuna nəzər salınması üçün vasitəydi.
Gülbəniz Əzimzadənin yozumunda mətbəx təsvirləri Həmidənin emosional dünyası, bir növ sosial izolyasiyası kontekstində verilir. Onun, sanki kölgə kimi kaseti dinləməsinin masa fonunda təsviri və ya yarıqaranlıqda, dar rakursdan çəkilmiş - sıxıntısını, tənhalığını vizuallaşdıran oturuşu filmin təsirli kadrlarındadır.
Qab-qacaq düzülmüş boş masa süjet xəttində əhəmiyyətli yer tutur. O, tez-tez kameranın diqqətindədir və onun ətrafında əsəbi replikalar səslənir, personajların bir birinə münasibətinin necəliyi üzə çıxır. Boş masa təsviri həm də məcaz olaraq hardasa bir mənəvi boşluğun olduğunu eyhamlaşdırır.
Əsas predmetlərdən biri televizordur. Televizor burda əhvalata həm dinamik temp verir, həm Həmidənin tənhalığına şərik olur. Pyes də, film də əbədi və ağrılı mövzuya toxunur: nəsillər arasında mənəvi bağın qırılması, yadlaşması. Övlad böyüdükcə onun öz maraqları yaranır, sərbəst həyata can atır, öz qayğıları başlayır və bu, həyatın zərurətidir. Film boyu felşbeklərdən istifadə olunur. Yeni il axşamı övladları ilə danışdıqca, övladlar bir-bir evi tərk etdikcə Həmidənin yaddaşında onların hər birinin uşaqlığından fraqmentlər canlanır. O anlayır ki, vaxtilə onun qayğısına ehtiyacı olan uşaqların artıq buna ehtiyacı yoxdur və bu həyat həqiqətini qəbul etməlidir.
Finalda bütün övladlar ananı tək qoymamaq üçün evə dönür, onunla birlikdə atasının ilk dəfə səs yazısını dinləyirlər. Atanın sözləri hamı üçün həyat bəyannaməsi kimi səslənir.