Bugünlərdə qarşıma Yazıçılar Birliyinin Kann festivalına ünvanladığı bir bəyanatı çıxdı. Bəyanatda erməni rejissorun işğal olunmuş ərazimizdə - Qarabağda çəkdiyi filmin Kann festivalının proqramına salınmasına etiraz olunur.
Başqa şərtlərdə Yazıçılar Birliyinin bəyanatını normal, səmimi qəbul edərdim, ancaq məsələnin kökü bu qədər bəsit deyil. Yəni Kann kinofestivalına gedən yol, Azərbaycanda istehsal olunan filmlərin indiyədək nüfuzlu festivallara düşməməsinin və Qarabağ mövzusunun keyfiyyətli şəkildə filmlərdə təsvir olunmamasının əsas səbəbkarı və günahkarı özümüzük.
Bura bəyanatı imzalayan Yazıçılar Birliyini də aid edirəm. Çünki dövlətin ayırdığı vəsaitlərdən maliyyələşən qurumların, idarələrin onlara ayrılmış büdcə ilə əhəmiyyətli, faydalılıq əmsalının yüksək olduğu iş görməməsini, istedaddan çox şəxsi münasibətlərə üstünlük verilməsini, mənfəətpərəstliyini nəzərdə tuturam.
Dəfələrlə qeyd etmişəm yenə də yazıram. Çünki yazmaq vacibdir. Kann da daxil olmaqla digər nüfuzlu kinofestivallara gedən yolda maneə olan əsas səbəblərdən biri “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməməsidir. Proqramda deyilir ki, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalı məqsədi ilə Eurimages Dəstək Fonduna üzvlüyün təmin edilməsi proqramın əsas vəzifələrindən biri sayılır. Nazirliyin kino şöbəsinin müdiri Cahangir Məmmədova sual verirəm:
Niyə biz Eurimages-ə üzv olmamışıq?
Nədən Ermənistan 2016-cı ildə üzvlüyünü təmin edib, amma 2020-ci ildə Azərbaycan hələ də üzv deyil?
Xatırladım ki, Ermənistanın Kanna gedən filmi məhz Eurimagesin dəstəyi ilə çəkilib. Bu təşkilatın üstünlüyü odur ki, maliyyə dəstəyi verməklə yanaşı birgə istehsal olunan film nüfuzlu festivallarda nümayiş olunur, onun mükafatlara layiq görülməsi təmin edilir.
Fonda üzv olmağın əsas tələblərindən biri budur ki, üzv olmaq istəyən ölkənin yerli kinoistehsalı, texniki-bazası inkişaf etməli, funksional kinoprokatı olmalıdır. Sadaladığım məsələlərlə bağlı C.Məmmədov kino şöbəsinin rəhbəri kimi hansı işləri görüb?
Kino şöbəsinin rəhbərliyinə digər sualım budur:
Niyə proqramda nəzərdə tutulan kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, özəl kino istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi mexanizmi həyata keçirilməyib?
Niyə Ermənistanda illərlədir, “Qızıl ərik” Beynəlxalq film festivalı keçirilir, amma Azərbaycanda tammetrajlı bədii filmlərin festivalı yoxdur?
Axı, kinonun inkişafını şərtləndirən amillərdən biri məhz beynəlxalq festivallardır.
İstərdim ki, uzun illərdir dövlət qulluğunda işləyən, mühüm vəzifəni tutan Cahangir Məmmədov bunlarla bağlı ictimaiyyətə hesabat versin.
Onu da desin ki, niyə bu qədər keyfiyyətsiz filmlər çəkilib?
Ssenarilər hansı prinsiplərlə seçilib?
Yadıma düşmüşkən, Samir Kərimoğlunun 2014-cü ildə ekranlaşdırdığı “Mən evə qayıdıram” adlı abstrakt filmi var. Bu filmə baxanda söhbətin nədən getdiyini anlamaq olmur. Annotasiyanı oxuyursan, anlamırsan, süjeti oxuyursan anlamırsan. Görünən budur ki, film boyu səbəbsiz yerə bir neçə adam ora-bura gedir. Təklif edirəm ki, bu film Kino Evində nümayiş olunsun, C.Məmmədov moderator olsun və bizə filmin nədən danışdığını kadrbakadr izah etsin.
Yeri gəlmişkən, nazirlik yarıtmaz fəaliyyətini gizlətmək üçün standart bir mətnini mediada yayımlayır. Misal üçün, “Azərbaycan filmləri beynəlxalq kino festivallarında dəfələrlə iştirak edib və mükafat qazanıb. Mədəniyyət Nazirliyi həmin filmlərin siyahısını da açıqlayıb: “Nabat”, “Sonuncu”, “Axınla aşağı”, “Nar bağı”, “Çölçü”, “Kuklalar”, “40-cı qapı”, “Ev”, “Üçüncü günün adamı”, “İçəri Şəhər”
Sonucu dəfə bu standart mətni report.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov açıqlayıb. Maraqlıdır, İ.Hümbətovun, ümumiyyətlə, kinonun nə olduğu haqda məlumatı var? Və bu filmlərə özü baxıbmı?
O, bilirmi ki, məsələn, “Üçüncü günün adamı” Qarabağ mövzusuna həqarətdir?
Nazirliyin adı çəkilən filmlərindən yalnız üç-dördü sənət meyarlarına cavab verir. Bəs bu illər ərzinə çəkilən onlarla keyfiyyətsiz filmləri kimin ayağına yazaq?