Telekanallarımıza üzrxahlıq

Telekanallarımıza üzrxahlıq
10 avqust 2012
# 08:00
Uzun müddətdir ki, teletənqidi məqalələr yazmadığmdan Azərbaycan telekanallarını izləmirəm və yalnız pultun düyməsini dəyişəndə onlara ötəri nəzər salmaqla kifayətlənirəm.

Amma türk, xüsusən rus kanallarını izləyəndə milli televiziyamızı sərt tənqid etməklə nə qədər haqsız olduğumu anlayıram. Hətta vəziyyət məni o qədər mütəəssir edir ki, az qalıram tənqidlərə görə üzr istəyəm.

Qeyd edim ki, türk və rus kanallarının əsasən şou və tok-şoularını nəzərdə tuturam. Söhbət barmaqla sayılacaq normal teleproqramlardan, zövqlü şoulardan getmir.

Türk kanallarıni bir kənara qoyuram. Çünki ümumən türklərin ruslara intellekt və kreatvilik baxımdan uduzması qənaəti hakim olduğundan ikincilərdən yazacam.

Başqa keyfiyyətləri ilə yanaşı dünyanın ən çox kitab oxuyan milləti kimi də xarakterizə edilən, zəngin ədəbi və mədəni irsə malik, intellektual rus xalqının əyləncəli “Peres” kanalı var.

Kanalda “Qolıe i smeşnıe” proqramı konsepsiyasına uyğun olaraq qadınların qəfildən küçədə soyunması və kişilərin cinsiyyət orqanlarının hansısa süni vasitələrlə böyüdülməsinə adamların reakisyası üzərində qurulur.

Proqramın yaradıcıları beyinlə yox, yalnız qurşaqdan aşağı hissələri ilə düşündüyündən düşük, anti-komik, bir birini təkrarlayan səhnələr ortaya çıxır.

Kanadanın məşhur “Just for Laighs: Gags” yumoristik projesində də uğursuz ideyalar var. Amma “Peres” kanalında bu projenin analoji versiyasında insanlara fiziki və maddi mənada ziyan vurulur, heyvani “zarafatlar” edilir, ya istirahət edənlərin üzünə tort çırpırlar, ya da şlanqla sulayırlar və s.

Sosial-məişət xarakterli tok-şoularında ciddi problemlər bayağılaşdırılır, şoulaşdırır, bir dəstə qadın və kişi üzlərində ciddi və ağıllı ifadə ilə məsləhətlər verir, guya insanların problemini çözür.

Bəzi realiti şouların qurama olduğu isə dərhal nəzərə çarpır.

Və bütün bunlardan sonra bizim televizyalardan nə gözləyəsən?

Bir neçə ay öncə elektron ünvanıma “Ay ev yiyəsi”nin aparıcısı Lalə Əlimuxtarova əsəbi intonasiyada məktub yazmışdı:
“Sizə yazan Lalədir, sadəcə sizə demək istəyirəm ki, ayıb olsun sizə. Belə sözünüz varsa, mənə zəng edin”.

Nüfuzlu universitetlərdə oxuyan, politoligiya kimi ciddi sahə üzrə magistraturanı bitirən Kseniya Sobçak efirdə özünü necə aparmağı bilmirsə, ağlına gələni danışırsa, adi bilgidən- dünyada tənqid institutlarının mövcudluğundan, televiziya, kino, teatr tənqidinin və ümumiyyətlə art tənqidin xüsusi sahə olduğundan xəbərsiz aparıcımızı necə qınaya bilərəm?

Ağıllı adamlardan biri deyirdi ki, indi televizorları söndürmək zamanıdır. Haqlıdır. Belə başa düşdüm ki, ümumiyyətlə, televiziyanın kreativliyi tükənib. Teleformatın sərhədləri bir yerə qədərdir. O sərhədləri keçəndə ortaya acıncaqlı, insanı eybəcərləşdirən mənzərə çıxır.

Zavallı Qriqoriy Yakovloviç Perelman elə ona görə telekanallara çıxmaqdan imtina edirdi:” Mən zooparkdakı heyvanlar kimi ekranlarda görünmək istəmirəm”.
# 3648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #